Məhkəmə qərarları › İş №2(103)-3622/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3622/2023

02.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3622/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və.d ) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1170/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-də mühasib vəzifəsinə 662,15 manat olmaqla işə qəbul olunmuşdur. Sonradan iddiaçının əmək haqqı 898,29 manat olmuşdur (xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişi). İddiaçı tərəfindən təqdim edilmiş Bank Respublika-nın çıxarışından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 600 manat əmək haqqı (noyabr ayı üçün, xx.xx.2022-ci il tarixdə 600 manat (dekabr ayının əmək haqqı), xx.xx.2022-ci il tarixdə 593,38 manat yanvar ayının əmək haqqı), xx.xx.2022-ci il tarixdə 731,13 manat fevral ayının əmək haqqın, xx.xx.2022-ci il tarixdə 1300 manat əmək haqqı almışdır. İddiaçının mart ayının yarısı, aprel və may ayları üzrə əmək haqqını almaması işin mübahisəsiz halıdır. Cavabdeh 2022-ci ilin may ayının sonu-iyul ayının əvvəli işləri getmədiyindən icarəsində olan ofisi tərk etmişdir. İddiaçının dediyinə görə iddiaçı onun yerini bilməmiş, cavabdehiqn mövqeyinə görə MMC Birgə Consulting MMC-nin binasına köçmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək həmin tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizəsini Birgə Consulting MMC-nin icraçı direktoru X2 elektron ünvanına göndərmiş, lakin votsap yazışmalarından göründüyü kimi, həmin ərizə X3 çatmamış, və iddiaçı yenidən köməkçisnin ünvanından xx.xx.2022-cil tarixdə göndərmiş, ərizə ünvana çatmışdır. İddiaçı ilə Hüseynov Fuad arasında xx.xx.2022-ci il tarixdə votsap yazışması olmuş, iddiaçı artıq işə girdiyini bir neçə dəfə həmin yazışmalarda vurğulamış, Hüseynov Fuad bu hala təəcüblənməmişdir. Bunun səhərisi gün, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh Cəmiyyətin Direktoru Hüseynov Fuad arasında təhvil-təslim aktı imzalanmışdır. Həmin aktdan görünür ki, maliyyə-mühasibatlıq üzrə aşağıda qeyd olunan qalıqlar tam işlənilərək mühasib İddiaçı tərəfindən təhvil verilmiş, cəmiyyətin direktoru X10 tərəfindən isə təhvil alınmışdır. Eyni tarixdə Hüseynov Fuad tərəfindən «İşlərin yekunlaşdırılması və təhvil verilməsinə hazırlıq barədə» adlı İddiaçı vəzifə öhdəlikləri çərçivəsində işlərinin yekunlaşdırılması və təhvil verilməsi istiqamətində hazırlığın aparılması haqqında əmr imzalanmışdır. Həmin əmrdə qeyd olunanlar xx.xx.2022-ci il tarixlə təhvil-təslim aktı ilə təhvil verilmişdir. İddiaçının mövqeyinə görə əmr verilmiş, sonra təhvil-təslim həyata keçirilmiş, cavabdehin mövqeyinə görə təhviltəslim qüsurlu keçirildiyndən adıçəkilən əmr verilmişdir. Hazırki hal ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mövqeyi daha ağlabatandır, çünki əmrdə göstərilənlər təhvil-təslim aktı ilə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı elektron sistemdən adının çıxmadığını gördükcə Konsaltinqin icraçı direktoruna narahatçılığını votsap vasitəsilə bildirmişdir. Sonradan cavabdeh şirkət tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində iddiaçının iş vaxtı işdə olmaması barədə aktlar tərtib edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya poçt vasitəsi ilə yazılı bildiriş göndərərək xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməməyinin səbəbini bildirməyi, əks halda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Və xx.xx.2022-ci il tarixdə No-03-2022 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli No-03-2022 №-li əmrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə zidd olduğundan ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-69-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi cavabdehə həvalə edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının, ödənilməmiş əmək haqqının və İddiaçı məhkəmə qətnaməsi qanuni quvvəsini alanadək əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə mühasib vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə vəzifə dəyişikliyi edilərək baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. 2022-ci il yanvar ayından etibarən əmək haqqının verilməsində gecikmələr olmağa başlamışdır. Mart ayından etibarən əmək haqqının gecikdirilməsi davamlı olmağa başladı. İddiaçı bu barədə MMCnin müdiriyyəti ilə maraqlananda o, MMC-də işlərin qaydasında getmədiyini və bu səbəbdən əmək haqqının gecikdirildiyini bildirirdi. 2022-ci ilin aprel ayında isə satiş işçiləri və mühasib vəzifəsində işləyən köməkçini işdən azad etdilər. MMC-də sürücü, xadimə, baş mühasib və direktor vəzifəsində dörd nəfər qaldılar. 2022-ci ilin may ayının sonunda isə əmək haqqının ödənilməməsinə dözməyib işdən çıxmaq istəydiyini direktora bildirdi. O, normal qaydada işlərini Consultingə tapşırmağını bildirdi. xx.xx.2022-ci ildə işə gəldiyi zaman artıq ofislərində başqa şirkətin olduğunu gördü. Direktor isə iddiaçıya sənədləri bir otağa ayırdığını, gedib ordan seçməyini bildirdi. xx.xx.2022-ci il tarixdə iddiaçı artıq MMCnin onun əmək haqqını ödəmədiyini görüb, öz xahişi ilə xx.xx.2022-ci il tarixdən işdən azad olunmağı barədə ərizəni MMC-nin Elektron ünvan ünvanına göndərdi. Bundan sonra iddiaçıya işlərin təhvil verilməsi tapşırıldı və təvil-təslim olunduqdan sonra işdən azad olunacağı və ödənilməmiş əmək haqqlarının və son haqq hesabının ödəniləcəyi bildirildi. Bundan sonra ona kompüteri götürüb evdə təhvil-təslim sənədlərini hazırlamağı tapşırdılar. İddiaçı əmək haqqını tələb etdikcə hər növbəti günə söz verərək gecikdirirdilər. Buna istinadən isə əmək haqqı ödənilməzsə təhvil-təslim etməyəcəyini direktora dedi. xx.xx.2022-ci ildə mart ayı üçün əmək haqqı tam və aprel ayı üzrə əmək haqqının yarım aylıq hissəsi sənəd imzalatdıraraq qeyri-rəsmi iddiaçıya ödənildi. xx.xx.2022-ci ildə direktorun iştirakı və tapşırığı ilə bütün sənədləri akt üzərində Cavabdeh MMC-nin müqavilə əsasında işlərini aparan "xxxx" MMC-nin direktoru Sahib adlı şəxsə təhvil verdi. xx.xx.2022-ci il tarixdən etibarən əmək haqqının ödənilməsini tələb edəndə, onlar tərəfindən təhdid edildi. Onlar, yəni MMC-nin rəhbərliyi, əgər əmək haqqını tələb edəcəksə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edəcəklərini bildirdilər və əmək haqqını ödəməkdən yayındılar. Bununla bağlı iddiaçı Əmək Müfəttişliyinin qaynar xəttinə zəng edərək bu barədə şikayət etdi. xx.xx.2022-ci tarixdə X6 elekton poçtuna onlayn şikayət etdi. Bügünə qədər 3 dəfə olmaqla Əmək müfəttişliyinə yazılı şikayət etmişdir. Bundan sonra əmək haqqının ödənilməsini və işdən öz xahişiylə azad olunmağı barədə maraqlanmaq üçün Cavabdeh MMC-nin baş ofisinin yereləşdiyi ünvana gedəndə artıq Cavabdeh orada olmadığını, həmin ünvanda başqa bir şirkətin olduğunu gördü. O, bu barədə DƏM-ə məumat verdi, onları telefon nömrələrini də DƏM-ə təqdim etdi. DƏM-in əməkdaşları və iddiaçı dəfələrlə telefon vasitəsi ilə Cavabdeh MMC-nin yeni ünvanı barədə soruşanda onlar yeni ünvanları barədə məlumat vermirdilər. İddiaçı Cavabdeh MMC-nin rəhbərliyindən işdən azad olunmağını, adının sistemdən çıxarılmasını tələb edəndə o, ödənilməmiş əmək haqqlarından və son haqq hesabdan imtina edəcəyi halda öz xahişiylə işdən azad olunacağı barədə əmr verəcəyini bildirdi. İddiaçı bu barədə də DƏM-ə şikayət etdi. DƏM-in əməkdaşları da heç bir köməklik göstərmədilər. xx.xx.2022-ci il tarixdə iddiaçı sistemə baxanda gördü ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər. İşdən azad olunmağı barədə əmri onun təkidlərinə əsasən xx.xx.2022-ci il tarixdə əldə edə bilmişdir. İddiaçıya işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gəlinərək, təhdid edilərək öz iradəsi əleyhinə əmək haqqından imtina edilməsinə, bunun müqabilində işçinin öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsinə nail olmağa məcbur edilmiş, lakin onlar buna nail olmadıqda o, işə götürən tərəfindən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur.

4. Cavabdehin nümayəndəsi (vəkili ) Vəkil iddia ərizəsinəi etiraz vermişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2022-ci ildə işə gəlmiş və ofisdə başqa şirkətin olduğunu görmüşdür. Həmin gün təqvim üzrə həftənin bazar günü olduğundan bu inandırıcı deyil. İddiaçı tərəfindən göstərilmişdir ki, o işdən azad olunmağı barədə ərizəsini xx.xx.2022-ci il tarixdə MMC-nin Elektron ünvan ünvanına göndərmişdir. Cavabdeh müəssisənin yuxarıda qeyd edilən adda elektron ünvanı olmamışdır və həmin email ünvanın cavabdehə heç bir bağlılığı yoxdur. X12 bildirdi ki, iddiaçının işdən çıxması barədə ərizəni o, özünün şəxsi email ünvanından Məmmədrza adlı şəxsin ünvanına göndərmişdir. Hazırki işdə Məmmədrza cavabdeh deyil, belə bir şəxsin kim olduğunu bilmirlər. Həmçinin cavabdeh elə bir şəxslə işçilərin işə götürülməsi və işdən çıxması üçün kadr sənədləşmələrinin aparılmasını tapşırmamışdır. İddia ərizəsində və məhkəmədə İddiaçı izahat verərkən bildirmişdir ki, xx.xx.2022-ci ildə direktorun iştirakı və tapşırığı ilə bütün sənədləri akt üzərində Cavabdehin müqavilə əsasında işlərini aparan "Birgə Consulting” MMC-nin direktoru Sahib adlı şəxsə təhvil vermişdir. Onunla Cavabdeh arasında bir dəfə təhvil-təslim olduğunu və öz imzası ilə akta imzaladığını və heç bir çatışmazlıq və natamamlığın olmadığını bildirmişdir. Lakin tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, müəyyən natamamlıqlar olmuşdur. İddiaçı tərəfindən “işlərin yekunlaşdırılması və təhvil verilməsinə hazırlıq barədə xx.xx.2022-ci il tarixdə D-11 saylı əmr verilmişdir. Həmin əmrdə İddiaçı 15 iyun 2022-cı il tarixdə yekun hesabat hazırlayaraq tərtib etməsi qeyd edilmişdir. Əmrin məzmunu ilə iddiaçı tanış olmuş və bununla bağlı qeyd yazaraq imzası ilə təsdiq etmişdir. Lakin İddiaçı qeyd edilən əmr üzrə ona tapşırılan işləri görməmiş və yekun hesabat təqdim etməmişdir. Cavabdeh tərəfindən İddiaçıya dəfələrlə zəng olunaraq işə çıxmağı tələb edilmişdir. Lakin İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdehlə iddiaçının arasında Whatsapp proqramı üzərindən xx.xx.2022-ci il tarixdə aparılmış yazışma zamanı iddiaçı başqa yerdə işlədiyini, işə yeni girdiyini və buna görə icazə ala bilmədiyini yazaraq sənədləri təhvil verə bilmədiyini göstərmişdir. Bu yazışmadan aydın olur ki, iddiaçı başqa yerdə işlədiyi üçün öz istəyi ilə işə çıxmamışdır. Cavabdeh iyun, iyul, avqust və sentyabr aylarında “işçinin iş vaxtında iş yerində olmaması haqqında” hər ay (ümumi dörd akt olmaqla) akt tərtib edərək İddiaçının icazə almadan işə gəlmədiyini rəsmiləşdirmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə İddiaçıya poçt vasitəsi ilə yazılı bildiriş göndərərək xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməməyinin səbəbini bildirməyi, əks halda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdehlə Birgə Consulting MMC arasında xx.xx.2021-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncu cavabdeh tərəfindən bu müqavilənin müddəti ərzində sifariş verilmiş mühasibatlıq xidmətini həyata keçirməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Birgə Consulting MMC Cavabdehin yalnız maliyyə işlərini görərək ona mühasibatlıq üzrə xidmət göstərmişdir. Həmin müəssisənin cavabdehin iscisinin əmək müqviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Ona görə də işdən çıxma barədə ərizənin həmin müəsısəyə göndərilməsinin əsası yoxdur. Ümumiyyətlə işdən çıxma barədə ərizə qanunvericiliyə əsasən işəgötürənə təqdim edilməlidir.

6. Məhkəmə iclasında ifadə verən şahid X7 qeyd etmişdir ki, o, iddiaçnın köməkçisi vəzifəsində işləmişdir. Həqiqətən, şirkət işçilərin əmək haqqını yubadırdı, Gülnurun isə əmək haqqını tam verməmişdir. Onun elektron ünvanından təkrar olaraq 17 iyun tarixində ərizə Birgə Consulting MMC-nin icraçı direktoru X2 elektron ünvanına göndərmişdir. Şirkətdə işləyən hər kəs bilirdi ki, bütün məsələlərlə əlaqədar məhz Birgə Consulting MMC-yə müraciət etmək lazımdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1170/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli No-03-2022 №-li əmrinin ləğv edilməsi, iddiaçının ödənilməmiş əmək haqqının Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcələsinin 42, 68, 69, 70, 71, 72, 154-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 404.1 və 404.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı 2022-ci ilin iyun ayından etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə (cavabdehə) ərizə verməmişdir. Bu fakt məhkəmə araşdırması ilə də müəyyən edilmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki,“məhkəmə təkrarən qeyd edir ki, iddiaçı işdən çıxması barədə ərizəni lazımi qaydada təqdim etməsə də, MMC bu ərizə barədə məlumatlı olmuş, buna hər-hansı etirazını bildirməmiş və susaraq faktiki olaraq qəbul etmişdir.” İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilən zaman qoşmada olan sənədlərin içərisində işdən çıxma barədə ərizə qeyd edilməmişdir. Həmçinin iddiaçının elektron kabinetə yüklədiyi sənədlər içərisidə belə bir ərizə yoxdur. Halbuki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Göründüyü kimi, əmək qanunvericiliyi tələb edir ki, işçi işdən çıxmaq barədə ərizəni işəgötürənə təqdim etməlidir. Ərizə təqdim etdikdən sonra ən azı bir təqvim ayı işləməlidir. Hazırkı işdə işəgötürən cavabdehdir, iddiaçı tərəfindən cavabdehə əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin verilməsi barədə işdə heç bir sübut yoxdur. Lakin məhkəmə qətnamədə “MMC ərizəni susaraq faktiki olaraq qəbul etmişdir” ifadəsini qeyd etməklə özünün mülahizəsinə əsaslanıb əslində ərizənin təqdim edilməsi faktını müəyyən etmiş və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağa çalışmışdır. İddiaçı məlumat vermədən işə gəlməmiş, buna görə ona xəbərdarlıq bildirişi göndərilmiş, işə gəlməmə səbəbi barədə məlumat verməsi tələb olunsa da, iddiaçı buna cavab verməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı işə çıxmamaqla fəaliyyəti olmayan şirkətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Göründüyü kimi, məhkəmə bu maddəni də düzgün tətbiq etməmişdir. Həmin maddənin dispozisiyasına diqqət etdikdə onun iki hissədən ibarət olduğunu və həmin hissələrin və ya bağlayıcısı ilə cümlədə işləndiyini aydın şəkildə görə bilirik. Yəni bu iki hissədən biri olduğu halda işəgötürənin hüququ yaranır ki, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv etsin. Hazırkı iş materiallarından görünür ki, iddiaçı baş mühasib vəzifəsində işləyib, cavabdeh müəssisənin bütün maliyyə hesabatları və əməliyyatlarını icra etmək onun əsas vəzifəsi olmuşdur. Tərəflər arasında olan votsap yazışmasında cavabdeh işə çıxmadığına və təhvil-təslim etmədiyinə görə şirkətdə işlərin getmədiyini göstərmişdir. Bu hal məhkmənin qətnaməsində də öz təsdiqini tapmışdır. Qətnamədə qeyd edilir ki, MMC-nin qanuni təmsilçisi şirkətin işlərinin getmədiyini yazışmada özü də bildirmişdir. Məhkəmə bunu öz qətnaməsində göstərsə də, sonda iddiaçının işə çıxmamaqla şirkətdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmadığı qənaətinə gəlmişdir. Hesab edirik ki, burada məhkəmə kobud səhv edərək yalnış nəticəyə gəlmişdir. Çünki, iddiaçı baş mühasib olmuşdur, o müəssisənin maliyyə əməliyyatlarını aparan, hesabat verən məsul şəxdir. Necə ola bilərki, belə bir məsul vəzifədə olan işçinin aylarla işdə olmaması iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmasın?! Məhkəmənin belə bir mövqeyi ilə qətiyyən razılaşmaq olmaz. Hazırki işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 2022ci ilin iyun ayından əmrin verildiyi tarixədək, yəni xx.xx.2022-ci ilə kimi heç bir üzrlü səbəb olmadan işdə olmayıb. Bu həm iddia ərizəsindən, həm iddiaçının məhkəmədə verdiyi izahatından, həm də cavabdeh tərəfindən tərtib edilmiş işçinin işdə olmaması barədə aktlarla təsdiq olunur. İşin hallarından məlum olur ki, iddiaçı heç bir üzrlü səbəb olmadan 2022-ci ilin iyun ayından işdə olmamışdır. Bununla da iddiaçı bir işçi kimi əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Halbuki, Əmək Məcəlləsinin1 0-cu maddəsinin b) bəndinə əsasən işçinin əsas vəzifələrindən biri də əmək intizamına və müəssədaxili intizam qaydalarına əməl etməkdir. İddiaçı ərizədə və məhkəmədə verdiyi izahatda 31 may 2022ci ildə cavabdehə e-mail vasitəsilə işdən çıxma barədə ərizə göndərdiyini, lakin həmin ərizənin cavabdehə çatmadığını, buna görə də yenidən 17 iyun tarixində başqa şəxsin email ünvanından Birgə Konsaltinq MMC-nin işçisi M.Cəfərov adlı şəxsə göndərdiyini qeyd etmişdir. Fərz edilsə ki, həmin ərizə cavabdehə verilmişdir/çatmışdır (əslində belə hal olmayıb), yenə də iddiaçı heç bir üzrlü səbəb olmadan 17 gün işə olmamışdır. Qanunvericiliyə görə bir tam iş günü işçinin işdə olmamağı əmək vəzifəsinin kobud pozuntusudur və işəgötürənə hüquq verir ki buna görə işçini işdən çaxartsın. Nədənsə məhkəmə bu halı da nəzərə almadan kobud pozuntuya yol vermişdir. Məhkəmə qətnaməsində iddiaçının işdən çıxması barədə ərizəsinə və həmin ərizənin göndərilməsi barədə e-mail yazışmasına istinad etsədə həmin ərizə və e-mail yazışması iddia ərizəsinə əlavə edilən sənədlərin içərisində qeyd edilməmiş və eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər əlavə edilməmişdir. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin sənədlərə istinad etmişdir. İddiaçı "xxxx" mesajına MMC «sən bu şirkətin əməkdaşısan hələ, başqa yerdə işləyəbilməzsən» xəbərdarlığı edilməmişdir. Göründüyü kimi məhkəmə işdə olan sübutlardan, tərəflərin izahatlarından və irəli sürdüyü dəlillərdən kənara çıxaraq öz mülahizələrinə istinad edərək özünün qanunsuz qətnaməsini əsaslandırmağa çalışmışdır. İddiaçı tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən baxış iclasında işdən çıxma barədə ərizə, həmin ərizənin göndərilməsi barədə email yazışması və Məmmədrza Cəfərov adlı şəxsə aid sənədlər məhkəməyə təqdim edilmiş və həmin gün elektron kabinetə yüklənmişdir. Birinci instansiyası məhkəməsi qətnamə qəbul edərkən kobud səhvə yol verərək həmin sənədlərə istinad etmişdir. Hesab edirik ki, həmin sənədlər qanunvericiliyin tələbinə əsasən sübut hesab edilmədiyindən onlara istinad edilə bilməz. İddiaçı izahatında qeyd edir ki, işdən çıxma barədə ərizəni 17 iyun tarixində Birgə Konsaltinq MMC-nin işçisi M.Cəfərov adlı şəxsə göndərmişdir. Bunu məhkəmədə Məmmədova N. şahid kimi izahat verərək də təsdiq etmişdir. Buradan aydın olur ki, ərizə cavabdehə deyil, tamam başqa şəxsə, bu işə heç bir aidiyyəti olmayan şəxsə göndərilmişdir. Yəni məhkəmə sübutların aidliyi tələbinidə pozmuş, qanunvericiliyin bu tələbini qətnamə qəbul edən zaman nəzərə almamışdır. Məhkəmə qətnaməsində qeyd edir ki, “iddiaçı işdən çıxması barədə ərizəni lazımi qaydada təqdim etməsə də, MMC bu ərizə barədə məlumatlı olmuş, aralarındakı təhvil-təslim, votsap yazışması buna dəlalət etmişdir”. İş materiallarından məlumdur ki, təhvil təslim 14 iyun 2022- ci il tarixdə, votsap yazışması isə 13 iyun 2022-ci il tarixdə olmuşdur. Belə olan halda, məhkəmənin belə mülahizə yürüdərək necə belə bir qənaətə gəldiyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Belə ki, cavabdehin təqdim etdiyi dəlilləri, istinad etdiyi hüquq normaları nəzərə alınmamışdır. İddiaçının təqdim etdiyi işdən çıxma barədə ərizə, həmin ərizənin göndərilməsi barədə e-mail yazışması və Məmmədrza Cəfərov adlı şəxsə aid sənədlər sübut qismində nəzərə alınmalı olmadığı halda məhkəmə həmin sənədlərə qərəzli olduğundan istinad etmişdir. Eyni zamanda iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsinə məhkəmə tənqidi yanaşmalı olduğu halda həmin şahid ifadəsinə istinad etmişdir. Belə ki, Nabat Məmmədova öz vəziyyətinə görə iddiaçının rəfiqəsidir, eyni müəssisədə iddiaçının köməkçisi vəzifəsində işləmişdir. Onun ifadəsi iş üzrə hər hansı bir halı təsdiq edən mötəbər sübut qismində nəzərə alına bilməz. Çünki o 2022-ci ilin may ayında artıq işdən çıxmışdır. Onun ozü şəxsən İddiaçı təhvil təslim prosesinin şahidi olmamışdır. Həmin şahid yalnız 17 iyun tarixində ərizənin özünün e-mail vasitəsilə Birgə Konsaltinq MMC-nin işçisi M.Cəfərov adlı işçisinə göndərməsini təsdiq edə bilər. M.Cəfərov hazırkı işdə nə cavabdeh deyil, nə də kadr sənədləşmə işlərinin aparılması barədə cavabdeh tərəfindən səlahiyyət verilmiş şəxs deyil. İddiaçı votsap yazışmasında yazdığı «mən başqa işdə işləyirəm, icazə alıbgələbilmirəm» mesajı məhkəmə qətnaməsində göstərsədə həmin vaxt iddiaçının harada işlədiyini araşdırmamışdır. Yəni məhkəmə onun harada işlədiyini, rəsmi əmək müqaviləsi olduğu halda necə işə düzəldiyini müəyyən etmək əvəzinə, öz mülahizəsinə əsaslanaraq cavabdehə «sən bu şirkətin əməkdaşısan hələ, başqa yerdə işləyə bilməzsən» xəbərdarlığı etməməkdə günahlandırmışdır. Bu yazışması ilə iddiaçı özü bir daha təsdiq etmişdir ki, onun hərəkəti Əmək Məcəlləsinin 72 maddəsinin “a” bəndinin tərkibi yaranmış, bununla da işçi kimi əmək vəzifəsini kobud şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya poçt vasitəsi ilə yazılı bildiriş göndərərək xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməməyinin səbəbini bildirməyi, əks halda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin bildirişi iddiaçı xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Məhkəmə iddiaçıdan həmin bildirişi aldıqdan sonra nəyə görə işə getmədiyini aydınlaşdırmamışdır. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Buradan görünür ki, iddiaçı bildirişi aldıqdan sonra üç gün ərzində işə çıxa bilərdi. Nədənsə məhkəmə bu halı da aydınlaşdırmamışdır. Məhkəmə qətnamədə qeydedilir ki, iddiaçı işə çıxmamaqala fəaliyyəti olmayan şirkətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Qətnamədə cavabdehi fəaliyyəti olmayan şirkət kimi qələmə verən məhkəmə görəsən bu faktı necə müəyyən etmişdir? Bununla bağlı vergi xidmətinə heç bir sorğu verilməmişdir. Eyni zamanda iş materiallarında bunu təsdiq edən sübut yoxdur. Əksinə, həmin müəssisənin dövlət vergi xidmətinin https://www.etaxes.gov.az/ebyn/commersial Checker.jsp linki vasitəsi ilə fəaliyyətdə olmasının yoxlamaq mümkündür. Sadəcə bu cür qeyd etməkdə məhkəmənin məqsədi cavabdeh müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmadığını, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymədiyini əsaslandırmaq olmuşdur. Bununlada məhkəmə işə qərəzli baxdığını bir daha nümayiş etdirmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı ilə Hüseynov Fuad arasında xx.xx.2022-ci il tarixdə whatsapp yazışması olmuş, iddiaçı artıq işə girdiyini bir neçə dəfə həmin yazışmalarda vurğulamış, Hüseynov Fuad bu hala təəcüblənməmişdir. İddiaçının başqa yerdə işləməsinə nəyə görə cavabdeh təəcüblənməli olduğunu məhkəmə qətnaməsinədə əsaslandırmadan sadəcə öz mülahizəsini bildirməklə qərəzli olduğunu bir daha nümayiş etdirmişdir. Məhkəmə qətnamədə müəyyən etmişdir ki, işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Necə ola bilir ki, dörd ay müddətində baş mühasib işə gəlməsin və işin, istehsalın, əmək və icraintizamının normal ahəngi pozulmasın. Bel əolan halda məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hal –iddiaçının hərəkətləri nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmaması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməməsi məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehlə Birgə Consulting MMC arasında xx.xx.2021-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncu cavabdeh tərəfindən bu müqavilənin müddəti ərzində sifariş verilmiş mühasibatlıq xidmətini həyata keçirməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Birgə Consulting MMC Cavabdehin yalnız maliyyə işlərini görərək ona mühasibatlıq üzrə xidmət göstərmişdir. Həmin müəssisənin cavabdehin isçisinin əmək müqviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Ona görə də işdən çıxma barədə ərizənin həmin müəssisəyə göndərilməsinin əsası yoxdur. Ümumiyyətlə işdən çıxma barədə ərizə qanunvericiliyə əsasən işəgötürənə təqdim edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək həmin tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizəsini Birgə Consulting MMC-nin icraçı direktoru X2 elektron ünvanına göndərmiş, lakin votsap yazışmalarından göründüyü kimi, həmin ərizə X3 çatmamış, və iddiaçı yenidən köməkçisnin ünvanından xx.xx.2022-cil tarixdə göndərmişdir, ərizə ünvanaçatmışdır. Bunları öz qətnaməsində qeyd edən məhkəmə işdən çıxma barədə ərizəni cavabdehə deyil, ona maliyyə xidmətləri göstərən müəssisəyə göndərilməsinin cavabdehə necə çatmağını sübut edə bilməmişdir. Qanunvericiliyə görə, işdən çıxma barədə ərizə işə götürənə təqdim edilir. Bütün bunlardan əlavə 17 iyun tarixindək iddiaçı heç bir ərizə vermədən, başqa üzrlü səbəb olmadan işdə olmamışdır. Bu hal hazırkı iş üzrə heç kim mübahisələndirmir. İddia ərizəsində ödənilməmiş əmək haqqı 2022-ci ilin aprel ayının yarısı və may ayı tam olaraq göstərildiyi halda məhkəmə qətnaməsində mart ayının yarısı, aprel və may ayları tam olaraq göstərilmişdir. Göründüyü kimi, qətnamə işin halları ilə ziddiyət yaradır. Lakin bu hal məhkəmə tərəfindən tam olaraq aydınlaşdırılmamışdır. Ona görə də qətnamənin ödənilməmiş əmək haqqı hissəsində qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçını cavabdeh işə mütləq çıxması barədə xəbərdarlıq etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya poçt vasitəsi ilə yazılı bildiriş göndərərək xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməməyinin səbəbini bildirməyi, əks halda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin bildirişi iddiaçı xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Bunu iddiaçının özü də xx.xx.2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında təsdiq etmişdir. Bu fakt həmin iclasın audioyazısının 46-cı dəqiqə, 50-ci saniyəsində qeydə alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcələsinin

14. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir;

15. 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər;

16. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

17. 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

18. 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin mənasına görə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.

19. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər, 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

20. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur, 2-ci hissəsinə əsasən işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 2.3-cü maddəsinin mənasına görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlarla tənzimlənir.

22. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

23. 404.2-ci maddəsinə əsasən müqavilənin təfsiri zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1170/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

35. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

36. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab edir.

37. Belə ki, iddiaçı iddia tələbində: • həmin əmrin ləğv edilməsini, • Əmək Məcəlləsinin 68-69-cu maddələrinin tələblərinə əsasən (tərəflərdən birinin təşəbbüsü əsası ilə) əmək müqaviləsinə xitam verilməsini cavabdehə həvalə edilməsi, • məcburi işburaxma müddəti üçün əmək haqqının, yəni 2022-ci ilin iyun, iyul, avqust, sentyabr ayları üçün; • ödənilməmiş əmək haqqının, yəni 2022-ci ilin aprel ayının yarısı və may ayları üçün, • məhkəmə qətnaməsi qanuni quvvəsini alanadək əmək haqqının ödənilməsini istəyir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırki halda məkhəmə qətnaməsi iddia tələbinin yalnız xx.xx.2022-ci il tarixli, 03-2022 №-li əmri ləğv edilməsinin və ödənilməmiş əmək haqqının ödənilməsinin təmin edilməsi hissəsində yoxlanılır.

39. Cavabdeh apellyasiya şikayətindən iddia tələbində iddiaçı tərəfindən ödənilməmiş əmək haqqının aprel ayının yarısı və may ayları üçün tələb edilməsinə baxmayaraq məhkəmə tərəfindən mart ayının yarısı, aprel və may ayları üçün əmək haqqının tutulduğunu qeyd etsə də, məhkəmə apellyasiya şikayətinin həmin dəlilini əsassız hessab edir. Belə ki, iddiaçı 2022-ci ilin iyun ayının 1-dək işlədiyi halda (bu işin mübahisəsiz halıdır), aprel ayının yarısı və may ayının əmək haqqını almamşıdır. Birinci instansiya məhkəməsi də məhz iddianı həmin hissədə qanuni və əsaslı hesab etməklə təmin edilməsi qənaətinə gəlmişdir.

40. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin əmrin ləğv edilməsi hissəsi hissəsi ilə bağlı dəlilini də əsaslı hesab etmir. Belə ki, MMC 2022-ci ilin iyun ayından etibarən fəaliyyət göstərdiyi ofisi tərk etmiş, işçilərə bu barədə xəbər verməmiş, iddiaçı işdən çıxması barədə ərizəni lazımi qaydada təqdim etməsə də, MMC bu ərizə barədə məlumatlı olmuş, aralarındakı təhvil-təslim, whatsapp yazışması buna dəlalət etmişdir. İddiaçı "xxxx" mesajına MMC «sən bu şirkətin əməkdaşısan hələ, başqa yerdə işləyə bilməzsən» xəbərdarlığı edilməmiş, MMC-nin qanuni təmsilçisi şirkətin işlərinin getmədiyini yazışmada özü də bildirmişdir. Belə olan halda, iddiaçı işə çıxmamaqda özünü haqlı hesab etmiş, şirkət buna etiraz etməmiş, işə mütləq çıxması barədə xəbərdarlıq etməmiş və yalnız iki aydan sonra ayda bir akt tərtib etməklə, iddiaçını işdən azad etmişdir. İddiaçı işə çıxmamaqala fəaliyyəti olmayan şirkətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir.

41. Cavabdeh apellyasiya şikayətində iddiaçının email vasitəsi ilə məlumat göndərdiyi Məmmədrza Cəfərov adlı şəxsin MMC ilə hər hansı bağlılığını olmadığını qeyd etsə də, iş materiallarından görünür ki, Cavabdeh MMC ilə Birgə Consulting MMC arasında xx.xx.2021-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Consulting cavabdeh tərəfindən bu müqavilənin müddəti ərzində sifariş verilmiş mühasibatlıq xidmətini həyata keçirməyi öhdəsinə götürmüşdür. Birgə Consulting MMCnin icraçı direktoru məhz X4r. Cavabdeh MMC 2022-ci ilin may ayının sonu-iyul ayının əvvəli işləri getmədiyindən icarəsində olan ofisi tərk edərək məhz Birgə Consulting MMCnin binasına köçmüşdür. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1170/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar