Məhkəmə qərarları › İş №2(103)-3622/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3622/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3622/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı qarşı iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarında olan əmrə əsasən Cavabdeh ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqaviləsinə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi (satıcı) kimi işə götürülmüşdür. Sonradan Cəmiyyətin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur.

2. İş materiallarında olan 16 mart 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC ilə, Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

3. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixində tərtib edilmiş borcun qarşılıqlı üzləşdirilməsi aktından görünür ki, "GN PETROL-S LTD” MMC-də çalışan X4, X2, Cavabdeh, X3 aktı tərtib etmişlər ondan ötrü ki, Cavabdeh şirkətdə işlədiyi müddətdə müştərilərdən şirkətin kassasına və müştərilərə ödənməsi üçün götürdüyü 13749 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyərək özündə saxlamışdır.

4. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru X8 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək, həmin MMC-də satış üzrə menecer vəzifəsində işləmiş Cavabdeh şirkətin əmlakını talamasını bildirmiş, prokurorluq tərəfindən müvafiq araşdırma aparılmış və nəticədə cinayət işinin başlanması rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “tam maddi məsuliyyət və borc müqaviləsi üzrə pul tələbinə dair” Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16.749 (on altı min yeddi yüz qırx doqquz) manat, iki il doqquz ay müddəti üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 16.749 x 5:100=837.49 x 3 il =2512,47 manat, 60 manat mediasiya və 88 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi (satıcı) kimi işə götürülmüşdür. 16 mart 2021-ci il tarixdə isə onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

7. Cavabdeh vəzifə öhdəliyi bazarlarda satış məntəqələrindən qəbul edilmiş sifarişlər əsasında iddiaçıya məxsus anbardan malları götürüb yerlərdə satış məntəqələrinə çatdırmaq və müqabilində ödənilmiş pul vəsaitərini şirkətin xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində pulun mütənasibliyində satış məntəqələrində vəsaitlərin ödənilməsi hissəsində əsaslı şübhələr yarandığından araşdırmalar aparılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh satış məntəqələrindən verilmiş pul vəsaitlərini mənimsəyərək, şirkətin kassasına mədaxil etməmişdir. Beləliklə, aparılmış yoxlamanın nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə borcun qarşılıqlı üzləşdirilməsi barədə aktlar tərtib edilmiş, aktlara əsasən cavabdeh müştərilərdən kassaya ödənilməsi üçün götürülmüş 13749 (on üç min yeddi yüz qırx doqquz) manat məbləğində pulu özündə saxlayaraq mənimsəmişdir. Həmçinin, o, iddiaçının etibarından istifadə edərək özünə avtomobil alması üçün şirkətdən 3000 (üç min) manat məbləğində borc götürməsi ilə bağlı xx.xx.2021-ci il tarixində onunla “Borc müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən götürülmüş borc məbləği xx.xx.2021-ci il tarixədək qaytarılmalı idi. Lakin, Cavabdeh nə mənimsədiyi 13749 manat pulu, nə də borc olaraq götürdüyü 3000 (üç min) manat pulu qaytarmadığından, onun 16.749 (on altı min yeddi yüz qırx doqquz) manat borc öhdəliyi yaranmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-3960/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı tam maddi məsuliyyət müqaviləsi və borc müqaviləsi üzrə pul tələbinə dair “tam maddi məsuliyyət müqaviləsi üzrə pul tələbi” ayrıca icraata ayrılmışdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5726/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, "GN PETROL-S LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “tam maddi məsuliyyət müqaviləsi üzrə 13749 manat pul” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 10.Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə ederək, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlandığını, əmək müqaviləsinə əsasən 16 mart 2021-ci il tarixində cavabdehlə tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını, lakin Cavabdeh işlədiyi müddət ərzində üzərinə götürdüyü öhdəliyi pozduğunu və qanuna zidd olaraq vəzifə səlahiyyətindən istifadə edərək mağazalardan götürdüyü pulları şirkətin kassasına ödəmədiyini, xx.xx.2021-ci il tarixində borcun qarşılıqlı üzləşdirilməsi barədə aktlara əsasən, cavabdehin müştərilərdən iddiaçının kassasına ödənilməsi üçün 13.749 manat götürdüyü pulu özündə saxlayaraq mənimsədiyini, bununla bağlı Polis İdarəsinə tərəflərindən müraciət edildiyini, heç bir qəbz, qaimə və müqavilədə cavabdehin Nazim 1001 şirkətinin işçisi olmasının qeyd olunmadığını deyərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz ederək, 1 ay müddətində "xxxx" MMC-də işlədiyini, əraziyə baxış üçün bir nəfər şəxsin yanında getdiyini, ümumiyyətlə heç kimdən pul almadığını, ona heç bir qaimə verilmədiyini, üzləşmə aktına imza etməsinə səbəb onu bir otağa çəkib zorla, hədələyərək imzalatdıqlarını, təhvil-təslimi öz aralarında etdiklərini, üzləşmə aktına isə şirkətin işçisi olduğu, şirkəti təmsil edən şəxs olduğunu düşündüyü və üzləmə aktını imza edən zaman aktı oxumadığını bildirmişdir. 12.31 yanvar 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh Ferhad oğlu izahatında iddia tələbini qəbul etmədiyini, heç bir mağazadan pul götürmədiyini, bununla bağlı heç bir müdiri, işçini şahid kimi gətirə bilmədiklərini, əmək müqaviləsini Nazim 1001 şirkəti ilə bağladığını, AKT imza edən zaman nə olduğunu bilmədiyini, hədələmək və güc tətbiq edilməklə ona AKT imzalatdıqlarını, heç bir qaimədə imzasının olmadığını, 3-4 ay staj müddəti kimi Mehman adlı şəxsin yanında ərazini tanımaq üçün işə çıxdığını, sonra 1 həftə də Elşən adlı şirkətin əməkdaşı ilə çıxdığını bildirmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 13.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1184/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia təmin olunmamışdır. 14.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, şirkətdə 13749 manat məbləğində mal çatışmazlığı müəyyən edilsə də, yeganə əsas kimi xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktları əsas götürməklə, yanaşı qiymətləndiriləcək heç bir sübutla öz təstiqini tapmadığından, cavabdehdən 13749 manat pulun tutulması barədə iddia tələbi öz təsdiqini tapmadığından təmin olunmamalıdır. 15.Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqdan vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı Əmək məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarının araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələri sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxarkən təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təstiq etmək səlahiyyətləri verir (maddə 206). Lakin iş materiallarından da göründüyü kimi işəgötürən tərəfindən hazırkı iddia qaldırılanadək yuxarıda istinad olunmuş qanunvericilik normalarına əməl olunmamış, bu barədə hər hansı hüquqi dəyərləndirmə aparılmamış, yalnız iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli aktlar və onlar əsasında verilmiş audit rəyi əsas götürülmüşdür. Halbuki, Əmək Məcəlləsinin 191-ci maddəsi işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi üzləşmə aktı əsasında xx.xx.2021-ci il tarixində şirkətdə faktiki məlumatlarla uçot məlumatlarının üzləşməsinin aparıldığını və 13749 manat mənimsənilmə olduğu müəyyən edilmişdir. Halbuki, qeyd olunan bu faktın mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təsdiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndirilə bilməz. Əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin Məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur. Məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən mağazalardan şirkətin kassasına ödənilməsi üçün yığılmış ümumilikdə 13749 manat pulun sonuncu tərəfindən toplanılması və özündə saxlayaraq mənimsəməsi yalnız iş materilallarında şirkətin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktlardan başqa heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Yəni, Cavabdeh mağaza sahiblərindən pulun toplanılması, pulun ona verilməsini təstiq edən hər hansı qəbz, qaimə və rəsmi mühasibatlıq sənədləri barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən hansı mağazaya hansı malların verilməsi və ona hansı qaimələr əsasında pulların ödənilməsi barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. 16.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 386.1-ci, Əmək Məcəlləsinin 191, 192, 199, 200, 206-cı və MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 18.Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, sübutları düzgün qiymətləndirməmiş və iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh "xxxx" MMC-nin deyil, İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) işçisi olmuş və elektron əmək müqaviləsi bildirişində də elə gedir. Hətta xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktı da özü imzalamışdır ki, onun məcburi otaqda imzalatdırılması mümkün deyildir, əgər belə olsaydı gedib hüquq mühafizə orqanlarına şikayət edərdi. Qaldı ki, qaimədə imzasının olmamasının səbəbi odur ki, yığılaraq mənimsənilən pullar onun satdığı malların deyil, onun 16 mart 2021-ci il tarixində cavabdehlə tam maddi məsuliyyət haqqında müqaviləsinə əsasən satılmış malların pullarının (cavabdehdən əvvəldə satılmış mallar ola bilər) mağazalardan yığılaraq özündə saxladığı, iddiaçının kassasına vermədiyi pul məbləğidir ki, bunu da özü, şirkətin direktoru, mühasibi və digər işçilərin iştirakı ilə AKT-a imza edərək təsdiq etmişdir. 19.Məhkəmə hətta özü qətnaməsində qeyd edir ki, iş materiallarından və məhkəmə araşdırmasından şirkətdə 13749 manat məbləğində mal çatışmazlığı müəyyən edilsə də, yeganə əsas kimi xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktları əsas götürməklə, yanaşı qiymətləndiriləcək heç bir sübutla öz təstiqini tapmadığından həmin AKT-ı yetərsiz hesab etmişdir. Məhkəmənin mövqeyi tam əsassızdır belə ki, məhkəmə bağlanmış AKT-ı yalnız cavabdehin satmış olduğu mallara görə yığılmış pul vəsaiti kimi qiymət vermiş və cavabdehin satmış olduğu mallara dair qaimə və hər hansı qəbz kimi sübutların olmaması üçün AKT-ı əsassız hesab etmişdir. Lakin əslində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AKT-dan açıq-aşkar görsənir ki, cavabdeh mütləq olaraq onun özünün satdığı mallara görə deyil, müştərilərdən şirkətin kassasına ödənilməsi üçün götürülmüş 13749 (on üç min yeddi yüz qırx doqquz) manat məbləğində pulu özündə saxlayaraq kassaya ödəməmiş və mənimsəmişdir. Göründüyü kimi, məhkəmə iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. 20.16 mart 2021-ci il tarixində isə iddiaçı ilə cavabdeh arasında tam maddi məsluliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh olan Cavabdeh vəzifəsi və öhdəliyi bazarlarda satış məntəqələrindən qəbul edilmiş sifarişlər əsasında iddiaçıya məxsus anbardan malları götürüb yerlərdə satış məntəqələrinə çatdırmaq və müqabilində ödənilmiş pul vasitələrini isə iddiaçının (şirkətin) xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində pulun mütənasibliyində və satış məntəqələrində pul vəsaitlərinin ödənilməsi hissəsində əsaslı şübhələr yaranmış və bununla bağlı cavabdehin də iştirakı ilə satış məntəqələrində araşdırmalar aparılmışdır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh satış məntəqələrindən iddiaçının kassasına ödənilməsi üçün verilmiş pul vəsaitlərini mənimsəmiş və verilmiş pul vəsaitlərini iddiaçının kassasına mədaxil etməmişdir. Beləliklə də cavabdehində iştirakı ilə aparılmış yoxlamanın nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə Borcun qarşılıqlı üzləşdirilməsi AKT-ı tərtib edilmiş və imzalanmışdır. Akta əsasən də müəyyən edilir ki, cavabdeh müştərilərdən iddiaçının kassasına ödənilməsi üçün götürdüyü 13.749 (on üç min yeddi yüz qırx doqquz) manat pulu özündə saxlayaraq mənimsəmişdir. 21.İş materialında olan üzləşmə aktı əsasında xx.xx.2021-ci il tarixində şirkətdə faktiki məlumatlarla uçot məlumatlarının üzləşməsinin aparıldığını və 13749 manat mənimsənilmə olduğu (ziyanın həqiqətən vurulduğu) müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AKT-dan açıq-aşkar görünür ki, cavabdeh müştərilərdən şirkətin kassasına ödənilməsi üçün götürülmüş 13749 (on üç min yeddi yüz qırx doqquz) manat məbləğində pulu özündə saxlayaraq kassaya ödəməmiş və mənimsəmişdir. Bu isə 16 mart 2021-ci il tarixli tam maddi məsluliyyət haqqında müqaviləyə ziddir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar Məhkəmə icraatı iştirakçılarının izahatları 22.İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 23.Cavabdeh isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq 24.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri

1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.

26.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri 27.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 28.Hazırkı iş üzrə iddia rədd olunduğundan və qətnaməni yalnız iddiaçı mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, həmin hallar üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir. 30.Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi tam maddi məsuliyyət müqaviləsi üzrə 13749 manat pul tələbindən ibarərdir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhz həmin tələb ayrılaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 31.İddiaçı iddia edir ki, cavabdeh satış məntəqələrindən satılan malların dəyərini nəqd şəkildə qəbul etdikdən sonra 13749 manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə ödəməyərək mənimsəmiş və bununla da iddiaçıya ziyan vurmuşdur. xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh müəssisəyə vurduğu zərərə görə məsuliyyət daşıyır. 32.İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə, xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, xx.xx.2021-ci il tarixli üzləşmə aktına, xx.xx.2021-ci il tarixli auditor rəyinə, hüquqi əsası kimi isə Əmək Məcəlləsinin 199-cu, Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 442-ci və s. maddələrinə istinad etmişdir. 33.Cavabdeh iddianı qəbul etməyərək heç kimdən pul almadığını, bununla bağlı heç bir qaiməyə imza atmadığını, üzləşmə aktını zor və hədə təsiri altında imzaladığını bildirmişdir. 34.Birinci instansiya məhkəməsi şirkətdə 13749 manat məbləğində mal çatışmazlığı olduğunu müəyyən etsə də, bu çatışmazlığın cavabdehin təqsiri üzündən yaranmasının üzləşmə aktından başqa hər hansı digər sübutla təsdiq olunmadığını nəzərə alaraq iddianı əsassız saymış və rədd etmişdir. 35.İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin iş üzrə yanlış nəticəyə gəldiyini bildirir və eyni zamanda qeyd edir ki, cavabdehin qaimədə imzasının olmamasının səbəbi odur ki, yığılaraq mənimsənilən pullar onun satdığı malların deyil, onun 16 mart 2021-ci il tarixində cavabdehlə tam maddi məsuliyyət haqqında müqaviləsinə əsasən satılmış malların pullarının (cavabdehdən əvvəl satılmış mallar ola bilər) mağazalardan yığılaraq özündə saxladığı, iddiaçının kassasına vermədiyi pul məbləğidir ki, bunu da özü, şirkətin direktoru, mühasibi və digər işçilərin iştirakı ilə AKT-a imza edərək təsdiq etmişdir. 36.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin olunmalıdır. 37.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında əmək münasibəti mövcud olmuş və hazırkı mübahisə də həmin münasibətdən yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Əmək Məcəlləsinin 191, 199-cu maddələri çıxış edir. 38.Şirkətdə 13749 manat məbləğində mal çatışmazlığı olduğu işin mübahisələndirilməyən halıdır. 39.Mübahisələndirilən hal bu çatışmazlığın cavabdehin təqsiri üzündən yaranıbyaranmadığıdır. 40.Hazırkı vəziyyətdə mübahisənin düzgün həlli bununla bağlı sübutetmə vəzifəsinin kimin üzərinə düşməsindən və tələbin hansı sübutlarla təsdiq olunmasından asılıdır. 41.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 43.İddiaçı yaranmış çatışmazlığın cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər sübut kimi xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, xx.xx.2021-ci il tarixli üzləşmə aktına, xx.xx.2021-ci il tarixli auditor rəyinə istinad edir. Məhkəmə həmin sənədlərin mötəbərliyini qəbul etməyərək qeyd edir ki, həmin sənədlər ayrılıqda ziyanın cavabdeh tərəfindən vurulmasını birbaşa təsdiq etmir, bunun üçün yanaşı digər sübutlar da olmalıdır və belə sübutlar iddiaçı tərəfindən təqdim edilməyib. Məhkəmə həmçinin qeyd etmişdir ki, mal-pul dövriyyəsi ilə bağlı qaimələrdə cavabdehin imzası olmadığından iddia tələbi sübut erilmiş sayıla bilməz. 44.Məhkəmə kollegiyası ilk nöbədə apellyasiya şikayətinin bununla bağlı dəlilini əsaslı sayaraq qeyd edir ki, məhkəmə həqiqətən də bu hissədə yanlışlığa yol vermişdir. Belə ki, iddiaçının tələbi cavabdehin bilavasitə özünün qaimələr üzrə şirkətdən götürüb müştərilərə təhvil verdiyi mallarla bağlı aparılan ödənişlərlə bağlı deyil. İddiaçının tələb etdiyi məbləğ cavabdeh tərəfindən deyil, şirkətin digər əməkdaşları tərəfindən ona qədər və ya ondan sonra artıq müştərilərə paylanmış mallara görə qəbul edilən nəqd ödənişlərin müştərilərdən qəbul edilib şirkətə ödənməməsi ilə bağlı yaranan vəsaitdir. Şirkət xx.xx.2021-ci il tarixdə cavabdehlə tam maddi məsuliyyət haqqında müqavilə bağlayaraq həmin nəqd ödəmələrlə bağlı öz məsuliyyətini sığortalamışdır. 45.İşin 94-95-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli “Borcun qarşılıqlı üzləşdirilməsi” aktında cavabdehin 13749 manat pul vəsaitini aktda adları sadalanan müştərilərdən şirkətin xəzinəsinə ödəmək üçün götürdüyü, lakin ödəməyərək özündə saxladığı qeyd edilmişdir. 46.Cavabdeh xx.xx.2021-ci il tarixli üzləşmə aktını digər əməkdaşlarla bərabər (cəmi 4 nəfər) imzalasa da, izahatlarında əvvəlcə həmin aktı oxumadan imzaladığını, sonra isə onu zorakılıq, hədə-qorxu təsiri altında imzaladığını bildirmişdir. Lakin o, həmin aktı həqiqətən də zorakılıq, hədə-qorxu təsiri altında imzaladığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Eləcə də, bununla bağlı keçən müddət ərzində hüquq mühafizə orqanlarına müraciət etməmişdir. 47.Məhkəmə kollegiyası iddiaçının izahatının göstərilən hissələrinin bir-birinə uyğun gəlmədiyini, ziddiyyət təşkil etdiyini nəzərə alaraq onun mötəbərliyini qəbul etmir. 48.Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, üzləşmə aktının cavabdeh tərəfindən zorakılıq, hədə-qorxu təsiri altında imzalandığı lazımi qaydada təsdiq olunmur, həmin akt MPM-in 88-ci maddəsi rəhbər tutulmaqla mötəbər sübut kimi qəbul edilməlidir. 49.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin üzləşmə aktını imzalaması və orada 13749 manat pul vəsaitinin cavabdeh tərəfindən şirkətin xəzinəsinə ödənilməməsinin təsdiq olunması cavabdehin iddianı etiraf etməsi kimi qiymətləndirilməlidir. 50.MPM-ə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (maddə 106.3). 51.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşısa da, o, istinad etdiyi faktları sübut edə bilməmişdir. 52.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi xx.xx.2021ci il tarixli akta istinad edir və həmin akta əsasən və ondan sonra ödənilmiş vəsaiti tələb edir. Lakin iş materiallarından (üzləşmə aktlarından) görünür ki, iddiaçının tələb etdiyi 13749 manat pul vəsaitinin 3512 manat hissəsi xx.xx.2021-ci il tarixə qədər, yəni cavabdehlə maddi məsuliyyət haqqında müqavilə bağlananadək yaranan borcdur. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, 3512 manat hissəsində iddia tələbi əsaslı sayıla bilməz və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Qalan məbləğ isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 53.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 54.Məhkəmə kollegiyası qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 55.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 56.Məhkəmə kollegiyası işin araşdırılan və müəyyən edilən hallarına əsasən bu qənaətə gəlir ki, iddiaçı mübahisələndirilən hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirsə də, cavabdeh həmin hissədə tələbə etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. 57.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 58.MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390). 59.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10 237 manat (on min iki yüz otuz yeddi) pul vəsaiti tutulub İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar