Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3623/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyev ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-cu il tarixli, 2(005)-5393/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ "Geofizika və Geologiya İdarəsi"ndən ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan məbləğin 2524 (iki min beş yüz iyirmi dörd) manatın ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ-nin “Geofizika və Geologiya” idarəsinin 22.05.2019-cu il əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli birgə əmr qərarında göstərilmişdir ki, “Bu əmr-qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixindən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bu ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciər etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir". Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutulmuşdur. O, cavabdeh təşkilata müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. İşdən çıxma ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və onu da bildirmişdir ki, Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, bəzi idarələr isə məhkəmə araşdırmasını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə qaytarmışlar. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır. Buna görə də qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-cu il tarixli, 2(005)-5393/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsindən İddiaçı xeyrinə 2524 (iki min beş yüz iyirmi dörd) manat tutulması qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanladığı ərizəsinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçıya ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxarma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti verilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işdənçıxarma müavinəti işçiyə, yalnız onunla bağlanmış əmək müqaviləsi, həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin “c” və “ç” bəndlərinə və 74-cü maddəsinin “a” və “c” bəndinə əsasən, ləğv edildiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, ödənilir. Odur ki, işçinin işdənçıxma müavinətini almaq hüququ, onun işəgötürənlə olan əmək münasibətlərinə yuxarıda göstərilən əsaslarla xitam verildikdə yaranır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, işçi ilə işəgötürən arasında əmək müqaviləsinə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayının və ştatların ixtisarı ilə əlaqədar xitam verildikdə, ödənilən işdənçıxma müavinəti gəlir verigisindən azad olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən,əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, ARDNŞ-nin və ANQSİHİRK-nin 03.07.2012-ci il tarixli 81/14-29 ə nömrəli birgə əmr-qərarına əsasən iddiaçıya orta əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir, bu səbəbdən, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. İddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 (beş) misli məbləğindən gəlir vergisinin güya qanunsuz tutulmasının iddia etməsinin heç bir qanuni əsası yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsində birbaşa göstərilməmiş hər hansı digər ödəniş növlərinin gəlir vergisindən azad edilməsi yalnız vergidən azad olunmuş belə gəlirlərin siyahısına əlavə etmək yolu ilə mümkündür. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunverici orqan sayılan Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətlərinə aiddir. Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən,muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir, vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər gəlirlərə aiddir. Bu maddənin normasından göründüyü kimi, iddiaçıya ödənilmiş vəsait muzdlu işlə əlaqədar ödəməyə aiddir. Eyni zamanda, iddiaçıya müstəsna hal kimi orta aylıq əmək haqqının 5 misli məbləğində pul vəsaitin ödənilməsinə əsas olmuş ARDNŞ-nin və ANQSİHİRK-nin 03.07.2012-ci il tarixli 81/14-29ə nömrəli əmr-qərarının mahiyyəti işəgötürənlə razılaşma bağlayan işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarətdir. Geofizika və geologiya İdarəsi kommersiya təşkilatı olduğu üçün işdən azad olan işçilərə ödənilmiş sözügedən orta aylıq əmək haqqının beş misli məbləğləri İdarənin kommersiya fəaliyyətindən əldə olunan mənfəətdən ödənilir. 2. Eyni zamanda bildirmək istəyirik ki, Geofizika və geologiya İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş əmək müqaviləsinin ləğv edilməsi və orta aylıq əmək haqqının ödənilməsi barədə ərizədən, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdən və ərizə ilə müraciət etmiş işçi ilə fərdi qaydada bağlanmış orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı razılaşmadan göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi onun ərizəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq, işçinin öz təşəbbüsünə əsasən 22.05.2019-cu il tarixdən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi AR Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4cü hissələrini əsassız tətbiq etmişdir. Belə ki, işlə əlaqədar AR Vergi Məcəlləsinin 98.1-ci maddəsi tətbiq edilməli idi. Bununla yanaşı, məhkəmə Vergi Məcəlləsinin 102.1.4-cü maddəsini səhv təsvir etmişdir, çünki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi işçilərin sayının azaldılması və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, 69.3-cü maddə ilə müəyyən edilmiş əsasla ləğv edilmişdir. Qətnamədə qeyd olunub ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, SOCAR-ın digər müəssisəsinə qarşı qaldırılmış eyni məzmunlu məhkəmə mübahisəsi ilə bağlı verilən sorğuya 06.06.2014-cü il tarixli məktubla münasibətində də mübahisələndirilən iş üzrə vergilərin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən düzgün tutulduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin cavab məktubunda AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, orada sadalanann güzəştlər sadəcə dövlət büdcəsinin vəsaiti hesabına ayrılan və dövlət büdcəsindən ödənilən birdəfəlik müavinətlərə verilir. Məhkəmədə mübahisələndirilən iş üzrə cavabdehin hüquqi şəxs olması və maliyyə mənbəyini sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir təşkil etməsi, həmin gəlir hesabına xərclərini ödəməsi, dövlət büdcəsinin vəsaiti hesabına maliyələşməməsi nəzərə alınaraq mübahisələndirilən iş üzrə vergilərin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən düzgün tutulduğu qeyd olunmuşdur. Hesab olunur ki, birincisi məhkəmə iddia tələblərindən kənara çıxmışdır. Belə ki, AR MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin iş materiallarından məlum olur ki, iddiaçı heç də əmək müqaviləsinin ləğv olunması əsasının dəyişdirilməsi tələbini irəli sürməmişdir. Bu səbəbdən də hakim iddia tələblərindən əsassız olaraq kənara çıxmışdır. İkincisi, cavabdeh nümayəndəsi heç də əmək müqaviləsinin 70-ci maddəsinin “b” bəndi ilə müəyyən olunmuş əsas ilə ləğv edilməsi barədə izahat verməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, ARDNŞ-nin və ANQSİHİRK-nin 03.07.2012-ci il tarixli 81/14-29 ə nömrəli birgə əmr-qərarına inanaraq, yaşa görə işdən çıxmaq üçün ərizə vermişdir. Onu buna inandırmışlar ki, əmək haqqının 5 misli işdən çıxma müavinəti veriləcək, həmin məbləğdən vergi tutulmayaxcaq. Bu məsələ ilə bağlı onun iş yoldaşlarının eyni məzmunla iddiaları üzrə qüvvədə olan məhkəmə qətnamələri mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, mülki iş materiallarında olan: 25 aprel 1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 10.06.1976-cı il tarixdən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsində işə qəbul edilmiş və 22.05.2019-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxaması ilə əlaqədar onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək kitabçasında aparılmış qeyddən görünür ki, 22.05.2019-cu il tarixli, 20B00260 №-li əmrlə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi yaşa görə təqaüdə çıxması müqaviləyə xitam verilərkən təminatlar ARDNŞ-nin ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməlidir. İddiaçı haqq-hesab vərəqəsindən görünür ki, ödəniləcək məbləğ 12589,80 manat 24.11.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2019-cu ilin may ay üzrə əmək haqqı və son haqq-hesabı 12589,80 manat təşkil etmiş, yekun ödənilən məbləğ 9498,63 manat təşkil etmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 2524,63 manat təşkil etmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət etmiş və 50 manat məbləğində mediator xərci ödəmişdir. Beləliklə sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, cavabdeh təşkilatda işləmiş İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının 5 misli məbləğində 12589,80 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə, 2524,63 manat vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı və işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyində işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxarma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul müavinətinin verilməsi qərara alınmış və həmin məbləğ hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. İş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materialları ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli əbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009- cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçıların təqaüdə çıxmaları ilə əlaqədar ərizələri əsasında öz təşəbbüsləri ilə işdən azad olunmuş və onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halındandır. Göründüyü kimi, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi iləişçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iddiaçının izahatı və işin halları ilə təsdiq olunur. Kollegiya bu hissədə məhkəmənin iddia tələbindən kənara çıxması ilə bağlı dəlilini əsassız hesab edir. Kollegiya hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Bundan başqa, cavabdehin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş əmək kitabçasının və 24.11.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh təşkilatda işləmiş İddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Aparılmış araşdırmalar nəticəsində İddiaçı müavinət ödənilən zaman, həmin müavinət məbləğinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulmuş güzəşt tətbiq edilərək ödənilmiş müavinətin 3091,27 manat manat hissəsi vergi bazasına aid edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 2524 manat manatı iddiaçıya qaytarılmalıdır. Məhkəmə Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş razılaşmada da da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalı və ARDNŞ-nin və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr qərarına əsasən iddiaçıya ödənilməmiş 5 misli məbləğində müavinətin ödənilməyən hissəsi olan 2524 manat vəsait cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsindən alınaraq iddiaşıya ödənilməlidir. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-cu il tarixli, 2(005)-5393/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3623/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3623/2022
11.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver