Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3623/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2944 “a”, ev № 4.5-də yerləşən 151 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsi əsasında icraatı başlanılmış işə baxılan zaman cavabdehin vəkil (nümayəndəsi) Vəkil vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh hazırkı iş üzrə İddiaçı və hazırkı iş üzrə tərəf olmayan X1 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilə dair Adil Şahgəldiyev ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2020-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi, həmin mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” İddiaçı adına verilmiş “Çıxarışın” ləğv edilməsi, həmin mənzilə onun (Cavabdeh) mülkiyyət hüququnun tanıması və sair məsələlərə dair tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddianın əsassız hesab edilməsi istisna edilmədiyi kimi, əsaslı hesab edilməsi də istisna edilmir və iddianın əsaslı hesab edilərək, təmin edilməsi ehtimalı daha çoxdur. Əgər həmin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilərsə və qətnamə qanuni qüvvəyə minərsə, həmin qətnamə hazırkı işin nəticələrinə təsir göstərə bilər. Buna görə də, hazırkı iş üzrə icraat qeyd edilən 2(008)-113/2025 saylı iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Vəsatətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla vəsatətin təmin edilməsini, hazırkı iş üzrə icraatın Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-113/2025 saylı iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və hər iki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı, Sabunçu Rayon Məhkəməsinin icraatında 2(008)-113/2025 saylı işin olmasını nəzərə alaraq vəsatətlə Rayon Məhkəməsinə müraciət etmiş və işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Bundan sonra cavabdehin vəkil (nümayəndəsi) vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Rayon Məhkəməsi cavabdeh tərəfin vəsatətini müzakirə edərək, həmin vəsatəti əsaslı hesab etmiş və təmin etmişdir. Lakin Rayon Məhkəməsi iddiaçının vəsatəti müzakirə etməmiş, vəsatətin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və işlərin bir icraatda birləşdirilməsi məsələsinin müzakirə edilməsi üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandırır (maddə 254.1.4.). Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir (maddə 43.1.). Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43.2.). Göründüyü kimi, bir və ya müxtəlif məhkəmələrdə bir-biri ilə əlaqəli olan mülki işlər olduqda onlardan birinin icraatının digər iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minənədək dayandırılması və ya onların bir icraatda birləşdirilməsi prosessual cəhətdən mümkündür. Belə olan halda, hakim, hər iki prosessual hərəkətin yerinə yetirilməsinin mümkünlüyünü müzakirə etməli və daha düzgün olan prosessual hərəkətin yerinə yetirilməsini təmin edən qərardad qəbul edilməlidir. Hər iki prosessual hərəkətin yerinə yetirilməsinin mümkünlüyü iş üzrə tərəflərin verdikləri vəsatətlər əsasında həyata keçirildiyi halda Rayon Məhkəməsi hansı vəsatətin əsaslı, hansının əsassız olmasına, hansının təmin, hansının isə rədd olmasına qiymət verməli və bunu qəbul etdiyi qərardadda əks etdirməlidir. Amma iş materiallarından görünür ki, işə baxmış hakim bunu etməmişdir. Belə ki, cavabdehin vəkil (nümayəndəsi) Vəkil “iş üzrə icraatın dayandırılması barədə” vəsatətlə Rayon Məhkəməsinə müraciət etməmişdən bir neçə gün əvvəl, iddiaçı, vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, hazırkı işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-113/2025 saylı işin bir icraatda birləşdirilməsi barədə qərarda qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi iddiaçının vəsatətinə hüquqi qiymət vermədən, yalnız cavabdehin vəsatətinə hüquqi qiymət vermiş və hazırkı iş üzrə icraatı dayandırmışdır. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli iş üzrə tərəflərin verdikləri vəsatətlərin, bununla da işlərin bir icraatda birləşdirilməsi və ya hazırkı iş üzrə icraatın dayandırılması məsələsinin müzakirə edilməsi üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçı, qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilməsi ilə yanaşı həmin qərardadı qəbul etmiş hakim barəsində xüsusi qərardad qəbul edilməsini də xahiş etmişdir. Məhkəmə hesab edir ki, hakimin barəsində xüsusi qərardad qəbul edilməsi üçün əsas yoxdur. Belə ki, MPM-in 394.1-ci maddəsinin tələbinin mənasına görə, işə apellyasiya qaydasında baxan məhkəmə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. Hazırkı işin hallarından isə müəyyən edilir ki, barəsində şikayət verilmiş qərardadı qəbul etmiş hakim prosessual normanı pozsa da, bu pozuntu kobud deyil. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı verdiyi “işlərin bir icraatda birləşdirilməsi barədə” vəsatətinin, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil verdiyi “iş üzrə icraatın dayandırılması barədə” vəsatətinin, bununla da işlərin bir icraatda birləşdirilməsi və ya hazırkı iş üzrə icraatın dayandırılması məsələsinin müzakirə edilməsi üçün hazırkı iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3623/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3623/2025
05.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver