Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3625/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışa əsas olmuş sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 07 yanvar 2022ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı idida isə rədd edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə: - İddiaçı hal-hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili Cavabdeh1 övladları ilə birlikdə tərk etməsi üçün 25.000 (iyirmi beş min) manat kompensasiya ödəməyi öz öhdəsinə götürür. - İddiaçı hal-hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili Cavabdeh1 övladları ilə birlikdə istifadə etməsi üçün 25.000 (iyirmi beş min) manat kompensasiya verənədək ona və övladlarına qarşı hər hansı iddia tələbi irəli sürməyəcəyini öz öhdəsinə götürür. - İddiaçı onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili başqa şəxsin adına 25.000 (iyirmi beş min) manat kompensasiya ödəyənədək özəlləşdirməyəcəyini öz öhdəsinə götürür. - Cavabdeh1 İddiaçı tərəfindən 25.000 (iyirmi beş min) manat kompensasiya ödəndiyi gündən 10 (on) gün ərzində ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildən özünəməxsus əşyaları və övladları ilə birlikdə heç bir tələb irəli sürmədən çıxmağı öhdəsinə götürür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda barışıq sazişinin bu şərtlərlə təsdiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından ilk iddia üzrə digər cavabdehlərlə bağlı göstərilən hallar istisna olmaqla təsdiq edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 ünvan 1, mənzil 27-dən çıxarılması və Cavabdeh1 cavabdeh İddiaçı qarşı çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Əvvəla ona görə ki, iddiadan imtina edilməsi ilə məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə tərəflər xüsusi olaraq iddialarından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyirlər. Məhkəmə də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki, qeyd olunduğu kimi, tərəflər xüsusi olaraq iddialarından imtina etmir. Mübahisə predmeti olan mənzillə bağlı aralarında olan mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. İkincisi, hər hansı şəxsin məhkəmədə iddia qaldırmaq və məhkəmə müdafiəsindən istifadə etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Tərəflərin mübahisə predmeti olan ünvanda yerləşən mənzilə dair bir-birinə qarşı bilavasitə və dolayısı yolla iddia qaldırmayacaqlarını öhdələrinə götürməsinə dair barışıq sazişinin qeyd olunan şərtləri də bu hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, bu şərtin barışıq sazişində göstərilməsinə də əsas və zərurət yoxdur. Çünki, onsuzda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina ediləcək, əgər səhvən iş icraata qəbul edilsə belə hakim iş üzrə icraata xitam verəcəkdir(MPM. m. 153.2.2, 261.0.2). Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: İddiaçı nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: - İddiaçı hal-hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili Cavabdeh1 tərk etməsi üçün 25.000 (iyirmi beş min) manat kompensasiya ödəməyi öz öhdəsinə götürür. - İddiaçı hal-hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili Cavabdeh1 istifadə etməsi üçün 25.000 (iyirmi beş min) manat kompensasiya verənədək ona qarşı hər hansı iddia tələbi irəli sürməyəcəyini öz öhdəsinə götürür. - İddiaçı onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili başqa şəxsin adına 25.000 (iyirmi beş min) manat kompensasiya ödəyənədək özəlləşdirməyəcəyini öz öhdəsinə götürür. - Cavabdeh1 İddiaçı tərəfindən 25.000 (iyirmi beş min) manat kompensasiya ödəndiyi gündən 10 (on) gün ərzində ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildən özünəməxsus əşyaları ilə birlikdə heç bir tələb irəli sürmədən çıxmağı öhdəsinə götürür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 ünvan 1, mənzil 27-dən çıxarılması və Cavabdeh1 cavabdeh İddiaçı qarşı çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və mülki iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3625/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3625/2022
12.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver