Məhkəmə qərarları › İş №2(103)-3627/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3627/2023

25.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3627/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X8, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Pirallahı Rayon Məhkəməsinin 2(094)-64/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2-ə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının 272 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasında, yəni Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 56a mənzil 15 ona ev növbəsində olduğuna görə verilmişdir. Hazırda həmin mənzilin kiyaçisi odur. Cavabdehlərdən Cavabdeh1 oğlu, digər cavabdeh Sahilə Başxiyeva isə gəlinidir. Oğlu hərbidə işləyir və hərbi hissədə hərbiçilər üçün ayrılmış mənzildə ailəsi ilə birlikdə yaşayır. Hazırda cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması onun üçün problemlər yaradır və mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur. Bildirmək istəyir ki, cavadehlər evdə qeydiyyatda olsalar da hal hazırda həmin mənzildə yaşamırlar.

3. Pirallahı Rayon Məhkəməsinin 2(094)-64/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri.

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, Mülki Məcəllənin 152 və 157.8-ci maddələr maddələrinin tələblərindən də açıqaşkar görünür ki, ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzil bilavasitə onun sahibliyində olduğundan o, mülkiyyətçiyə məxsus hüquqlardan istifadə edə bilər. Bu fakt Pirallahı Rayon Məhkəməsinin 2(094)-137/2020 № li iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsində də öz əksini tapır. Lakin məhkəmə qanunvericliyin bu tələblərini nəzərə almadan onun həmin mənzilin mülkiyyətçisi olmamağını əsas gətirmiş və bu cür iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına istinad edərək iddianı rədd etməklə qeyd edilən maddələrin tələblərini pozmuşdur. Məhkəmə hazırkı işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, mülkiyyətçi hüquqlarından istifadə edərək öz sahibliyini qorumaq üçün məhkəməyə müraciət etmək üçün hüququnun olması barədə qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Bunun da nəticəsində məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv təfsir etmişdir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işdə olan sübutlara məcmu halda qiymət verməmişdir. Belə ki, məhkəmə yalnız hüquq normalarını sadalamaqla kifayətlənərək nəticəyə gəlmiş və iddianı rədd etmişdir. Məhkəmə tərəfimizdən təqdim edilmiş və işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış və sübutlara məcmu halda qiymət verməmişdir. Bunun da nəticəsində tamamilə qeyri-qanuni və əsassız qətnamə çıxarmışdır. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili F.Kərimov apellyasiya şikayətini müdafiə edərək ayrılıqda bildirdilər ki, rayon məhkəməsinin hazırkı iddia tələbini subyektiv hüququ olmamasına görə təmin etməməsi əsassız olmuşdur. Belə ki, bundan əvvəl o, başqa cavabdehlərə qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin mənzilin onun qanuni sahibliyində olması Pirallahı Rayon Məhkəməsinin 2(094)-137/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdehlər iddiaçının oğlu və gəlinidir, onlar həmin mənzildə qeydiyyatda olsalar da mənzildə yaşamırlar, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi, eyni zamanda bildirdi ki, həmin mənzil atasının adına gələcəkdə sosial kirayə müqaviləsi bağlamaq şərti ilə rəsmiləşdirilərkən, ailə tərkibi kimi o da nəzərə alınaraq iddiaçıya iki otaqlı mənzil verilmişdir. Düzdür, o, hazırda həmin mənzildə yaşamır, çünki hərbiçidir, vəzifəsi ilə əlaqədar olaraq, ailəsi ilə birlikdə məcburiyyətdən müvəqqəti hərbi hissəyə aid yataqxanada yaşayır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi, eyni zamanda bildirdi ki, o, həmin mənzildə heç vaxt yaşamayıb, yalnız qeydiyyata düşmüşdür. Hazırda da əri Cavabdeh1 işi ilə əlaqədar onunla birlikdə hərbi hissəyə aid yataqxanada yaşayır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 272 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 56 a, mərtəbə 5, 2 otaqlı 15 saylı mənzil aşağıdakı ailə tərkibi ilə İddiaçı adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlanılmaq şərti ilə rəsmiləşdirilmişdir:

1. X4 -özü; 2.X5-oğlu; 3.X6-qızı.

10. 159 saylı Mənzil-Kommunal Təsərrufatı Birliyinin 906 nömrəli 14 dekabr 2022-ci il tarixli F-2 arayışına əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2, X6, X9, X7 və X10 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

11. 159 saylı Mənzil-Kommunal Təsərrufatı Birliyinin 157 nömrəli 14 fevral 2023-cü il tarixli arayışına əsasən Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır, lakin yaşamır.

12. 159 saylı Mənzil-Kommunal Təsərrufatı Birliyinin 158 nömrəli 14 fevral 2023-cü il tarixli arayışına əsasən Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır, lakin yaşamır.

13. Azərbaycan Respublikası DİN Daxili Qoşunları N saylı hərbi hissənin N nömrəli, N fevral 2023-cü il tarixli arayışına əsasən Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu Natavan 17 ünvanında yerləşən N saylı hərbi hissənin N nömrəli zabit yataqxanasının 3 nömrəli mənzildə müvəqqəti yaşayır.

14. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X16 Birliyinin Ə 000482 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir.

15. İddiaçı X1 cavabdeh X2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iş mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin 2(094)-137/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnamədən məlum olur ki, mülki işdə olan xx.xx.2020-ci il tarixli yaşayış yerinin kirayə müqaviləsinin surətindən görünür ki, Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi X11 ilə İddiaçı arasında Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi ev 56 a, 15 nömrəli mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır. Kirayəçinin ailə üzvləri kimi Cavabdeh1 da qeyd edilmişdir (i/v 53). Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mənzil Məcəlləsi: Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 70. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Madə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 97.2. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

27. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

28. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

29. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

30. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

31. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

34. Hazırkı iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi öz mövqeyini iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Rayon məhkəməsi göstərmişdir ki, mübahisəli mənzil dövlət mülkiyyətində olmaqla, Pirallahı MKTB-nin balansındadır. Mənzil-Kommunal Təsərrufatı Birliyinin F-2 arayışından görünür ki, iddiaçının həmin mənzildə qeydiyyatda olduğu, mənzilin maliyyə hesabının iddiaçının adına olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bunlar iddiaçıya digər şəxslərin mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquq vermir.

35. İddiaçı apellyasiya şikayətində məhkəmənin həmin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, həmin mənzil bilavasitə onun sahibliyində olduğundan mülkiyyətçiyə məxsus hüquqlardan da istifadə edə bilər. Bu fakt Pirallahı Rayon Məhkəməsinin 2(094)- 137/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsində də öz əksini tapmışdır.

36. Kollegiya bununla bağlı bildirir ki, mülki iş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 272 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 56 a mənzil 15 İddiaçı adına sosial kirayə müqaviləsi bağlanılmaq şərti ilə rəsmiləşdirilmişdir.

37. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

38. Kollegiya qeyd edir ki, subyektiv hüquq hüquq münasibətlərində subyektin hüquqi imkanlarını, dövlət tərəfindən ona verilən (sərbəst) davranış ölçüsünü təmsil edir.

39. Hazırkı iş üzrə iddiaçı mənzilə mülki iş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 272 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən qanuni əsasla sahiblik edir. Həmin fakt Pirallahı Rayon Məhkəməsinin 2(094)-137/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsində də öz əksini tapmışdır.

40. Belə olan halda, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır, bu baxımdan rayon məhkəməsinin qənaəti doğru olmamışdır.

41. Bundan başqa rayon məhkəməsi iddiaçıya aid mənzilin təyinatını da düzgün müəyyən etməmişdir.

42. Belə ki, Mənzil Məcəlləsinin Madə 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri (maddə 91.1.7.).

43. İddiaçıya mənzil onun İİ qrup Qarabağ müharibəsi əlili olması ilə əlaqədar ayrılmışdır ki, Mənzil Məcəlləsinin 91.1.7-ci maddəsinə əsasən, həmin mənzil ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinə aiddir.

44. İddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu (ailə üzvü), S.Baxşiyev isə gəlinidir.

45. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 qeyd etmişdir ki, həmin mənzil atasının adına gələcəkdə sosial kirayə müqaviləsi bağlamaq şərti ilə rəsmiləşdirilərkən, ailə tərkibi kimi o da nəzərə alınaraq atasına iki otaqlı mənzil verilmişdir. Düzdür o, hazırda həmin mənzildə yaşamır, çünki hərbiçidir, vəzifəsi ilə əlaqədar olaraq, məcburiyyətdən hərbi hissəyə aid yataqxanada yaşayırlar.

46. İddiaçı X1 cavabdeh X2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iş mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin 2(094)-137/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnamədən məlum olur ki, mülki işdə olan xx.xx.2020-ci il tarixli yaşayış yerinin kirayə müqaviləsinin surətindən görünür ki, Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi X11 ilə İddiaçı arasında Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi ev 56 a, 15 nömrəli mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır. Kirayəçinin ailə üzvləri kimi Cavabdeh1 da qeyd edilmişdir (i/v 53).

47. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

48. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

49. Məcəllənin 70-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur.

50. Qanunun istinad olunan normalarından məlum olduğu kimi iddiaçının oğlu hazırkı Cavabdeh1 iddiaçının ailə üzvü olduğundan, həmin mənzil iddiaçının adına rəsmiləşdirilərkən Cavabdeh1 iddiaçının ailə üzvü kimi nəzərə alındığından, Cavabdeh1 həmin mənzilə istifadə hüququ var, onun hərbiçi olduğundan hərbi hissədə yaşaması ilə əlaqədar həmin mənzildə müvəqqəti olaraq yaşamaması Mənzil Məcəlləsinin 70-ci maddəsinə əsasən, onun sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur.

51. Bu baxımdan da iddiaçının cavabdeh E.Baxşıyevin istifadə hüququna xitam verilməsinə dair iddia tələbi əsassızdır və təmin edilə bilməz.

52. Məhkəmə kollegiyası Cavabdeh2 münasibətdə iddia tələbi üzrə qeyd edir ki, həmin mənzil Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 272 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən iddiaçıya və onun ailə tərkibinə oğlu X5 və qızı X3 ayrılmışdır. Pirallahı Rayon Məhkəməsinin 2(094)-137/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixli yaşayış yerinin kirayə müqaviləsi bağlanmış, həmin müqavilədə Cavabdeh2 adı yoxdur. Cavabdeh mübahisəli mənzilə xx.xx.2021-ci il tarixdə qeydiyyata düşmüşdür. Həmçinin Cavabdeh2 məhkəmə iclasında həmin mənzildə heç vaxt yaşamadığını, yalnız qeydiyyata düşdüyünü, əri ilə hərbi hissəyə məxsus yataqxanada yaşadığını bildirmişdir.

53. Belə olan halda məlum olur ki, Cavabdeh2 həmin mənzilə istifadə hüququ yaranmamışdır. Yaranmayan istifadə hüququna isə xitam verilə bilməz. Bu səbəbdən, cavadeh Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

55. İddiaçıya Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatına xitam verilməsi üçün müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilməlidir. Nəticə:

56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh1 münasibətdə istifadə hüququnun itirilməsi üçün əsaslar olmadığından, Cavabdeh2 münasibətdə isə istifadə hüququ olmadığından təmin edilməməlidir.

57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Pirallahı Rayon Məhkəməsinin 2(094)-64/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar