Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3628/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1432/2022 saylı, 15.03.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə 02.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 61,95 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1432/2022 saylı, 15.03.2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Günay Axundova).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan "xxxx"QSC ilə cavabdeh arasında bağlanmış 17.10.2017 -cü il tarixli müqavilənin 4.20-cu bəndində qeyd edilmişdir ki: - «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vax+nda və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyə ndə qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış sərbəst iradə ifadəsi olan müqavilədə cavabdeh birmənalı olaraq öz üzərinə öhdəlik götürmüşdür ki, Bank icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı təqdirdə bununla bağlı hüquqi xidmət ilə bağlı xərcləri də ödəyəcəkdir. Başqa sözlə desək, cavabdehə məlum idi ki, məhkəmə qətnaməsinə əsasən tutulmalı olan məbləği könüllü surətdə ödəməyəcəyi təqdirdə, Bank borcun məcburi tutulması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məruz qalacağı xərclər də ondan tutulacaqdır və bu xərcləri ödəməyi öhdəsinə götürmüşdü. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, ilk növbədə prosessual normanın düzgün tətbiq edilməməsindən qaynaqlanmışdır. Belə ki, məhkəmə, mübahisənin həllinə formal yanaşmaqla, yalnız Mülki Prosessual Məcəllənin 107 və 121.1-ci maddəsinə istinad etməklə, cavabdehdən yalnız “məhkəmə xərcləri” kimi həmin maddələrdə nəzərdə tutulan məbləğin tutula bilməsini qeyd etmiş və belə “əsaslandırma” vermişdir ki: “Hazırkı işdə ışın hallarından müəyyən edilir kı, cavabdeh ılə iddıaçı arasında kredit müqaviləsinə dair məhkəmə mübahisəsi olmuş və yekun məhkəmə akt qəbul edilərək, icraya yönəldilmişdir. Bundan sonra qanunvericiliyin tələbinə uyğun olaraq, icra mərhələsində icra məmuru məhkəmə qətnaməsinin cavabdeh tərəfindən icra olunması üçün qanunla nəzərdə tutulmuş hərəkətləri etmişdir. Belə ki, iddiaçının iddia etdiyinin əksinə olaraq "xxxx" MMC-nin məhkəmə aktnın icrası üçün hər hansı bir səlahiyyə olmamış və borclu tərəfindən borcun təmin olunması icra mərhələsində icra məmuru tərəfindən həyata keçirilmişdir.” Həmin nəticəyə gələrkən məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia tələbinin əsasını məhkəmə aktının bilavasitə "xxxx" MMC tərəfindən icra edilməsi deyil, həmin aktın icrasının təmin edilməsi ilə bağlı tələbkarın səlahiyyətli nümayəndəsi kimi göstərdiyi hüquqi xidmətlərin əvəzinin ödənilməsi təşkil edir.
6. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
7. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış 01.03.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilənin surətinə əsasən büronun müqavilə üzrə istifadə olunan kreditlərdən yaranan borclarının alınması üçün göstəriləcəyi hüququ xidmətlərin əvəzində bank bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından cəmi 15% nisbətində hüquqi xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan «X1 Azərbaycan» QSC tərəfinfən tərtib olunmuş maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq borcun borcalan Cavabdeh tərəfindən banka ödətdirilməsini "xxxx" MMC təmin etmişdir.
9. Cavabdehə ödətdirilmiş məbləğ 413 manat, bank tərəfindən "xxxx" MMC-yə ödənilmiş xidmət haqqı məbləği isə 61,95 manat təşkil edir. Hüquqi dəyərləndirmə:
10. Yasamal rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli 2(004)-3752/2020 saylı qətnaməsi üzrə borclu Cavabdeh 393,05 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pulun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir.
11. Azərbaycan Respublikası “İcra haqqında” qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
12. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
13. Həmin qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
14. İş materiallarından görünür ki, Yasamal rayon məhkəməsinin 13.08.2020-ci il tarixli 2(004)-3752/2020 saylı qətnaməsinə əsasən cavabdehdən 413,05 manat pul iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə qətnaməsi qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilmişdir.
15. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
16. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
17. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
18. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə nəzərdən keçirərək qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir.
19. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Sadalanan xüsusatlara əsasən Kollegiya qeyd edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 394-1.3-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1432/2022 saylı, 15.03.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev