Məhkəmə qərarları › İş №2(103)-3629/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3629/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3629/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dair mülki iş üzrə (Açar sözlər: “nikahın etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1171/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. 1 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 053492 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X2 xx.xx.2023-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1847 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Səmədli soyadı verilmişdir.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmaqla Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru F.S.Mehdiyev tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli MŞB/9/2023-02249 nömrəli barışıq sazişinidən müəyyən olunur ki, tərəflər aşağıdakı məzmunda barışıq sazişi bağlamışlar: İddiaçı və Cavabdeh mübahisənin həlli istiqamətində xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzində 1847 nömrə ilə nikaha daxil olmuşlar. Lakin hər iki tərəf həqiqi ailə qurmaq niyyəti olmadan bu nikaha daxil olmuşlar. Tərəflər heç vaxt birgə təsərrüfat aparmamış, ər-arvad həyatı yaşamamış, faktiki nikah münasibətlərinə daxil olmamışlar. Tərəflər İddiaçı və Cavabdeh aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış 1 saylı Bakı ASAN xidmət mərkəzində 1847 nömrə ilə qeydiyyata alınmış nikahın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə razılaşmışlar.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 1847 nömrəli nikah qeydinin və nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh xx.xx.2023-cü il tarixdə 1847 nömrəli nikah qeydi ilə nikaha daxil olmuşlar. Nikahın bağlanmasında əsas motiv və məqsəd hər ikisinin gənc ailə görüntüsü yaradaraq sosial ipoteka imkanlarından istifadə etməklə özləri üçün mənzil almaq niyyəti olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi şərtlərinə görə gənc ailələrə güzəştli şərtlərlə və aşağı faizlə sosial yönümlü ipoteka kreditləri verilir. Odur ki, o və Cavabdeh perspektivdə belə sosial imkanlardan istifadə etməklə özləri üçün fərdi mənzil şəraiti yaratmaq məqsədilə formal nikaha daxil olmuş, aralarında heç bir faktiki ər-arvad münasibəti mövcud olmamış, hamı onları dost kimi tanımışdır. Hazırda onunla Cavabdeh formal da olsa rəsmi nikahda qalmaqlarına heç bir səbəb yoxdur. Bütün bunları nəzərə alınaraq, hesab edir ki, hazırda birgə yaşamamaları, formal xarakterli birgə nikahda olmaları səbəbindən xx.xx.2023-cü il tarixdə 1847 nömrəli nikah qeydi ilə qeydə alınmış nikah pozulmalıdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında hər iki tərəf iştirak edərək aralarında barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən, “tərəflər xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzində 1847 saylı nömrə ilə nikaha daxil olmuşlar. Lakin hər iki tərəf həqiqi ailə qurmaq niyyəti olmadan bu nikaha daxil olmuşdur. Tərəflər heç vaxt birgə təsərrüfat aparmamış, ər-arvad həyatı yaşamamış, faktiki nikah münasibətlərinə daxil olmamışlar. Tərəflər İddiaçı və Cavabdeh aralarında bağlanmış xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzində 1847 saylı nömrə ilə qeydiyyata alınmış nikahın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edilməsi üçün razılaşmışlar.”

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(001)- 1171/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, tərəflər arasında bağlanan barışıq sazişi, yalnız görünüş üçün bağlanmaqla uydurma əqd olaraq əhəmiyyətsiz olduğundan, tərəflərin nikaha daxil olmasını istisna edən xəstəliklərinin olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, tərəflərin faktiki nikah münasibətlərinə daxil olmamaları halı nikahın etibarsız hesab edilməsi üçün əsas olmadığından, əmlak əldə etmək niyyəti olan şəxslərin nikaha daxil olduqdan sonra deyil, nikaha qədər əmlakın əldə edilməsi ilə bağlı məsələləri həll etməli olduqları üçün iddiaçının nikahın etibarsız olmasının səbəbi kimi qeyd etdiyi versiya sübuta yetirilməməklə yanaşı inandırıcı olmadığından, iddianı etiraf edən cavabdeh isə mövcud olmayan faktı etiraf etdiyindən, beləliklə tərəflər arasında bağlanan nikahın etibarlı əqd olması araşdırma zamanı öz təsdiqini tapdığından iddia tələbi əsassızdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.3, 337.4, 340.1, 340.2-ci maddələri; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.1, 9.4, 10.1, 10.2, 11.1, 11.2, 12.0, 13.1, 13.2, 13.3, 13.4, 13.5, 13.6, 13.7, 25.1, 25.2, 26.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2024-cü il, 2(001)-1171/2024 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə cavabdehin iddia ərizəsində göstərilən faktları etraf etməsini qəbul etməkdən imtina etsə də, bu etirazın məhz işin hallarının gizlədilməsi, aldatma, zor, həddə və yanılma təsiri nəticəsində baş verməsi şübhəsini əsaslandıran heç bir sübuta və real dəlilə əsaslanmamı, sadəcə ümumi şəkildə fərdi şübhəsini ifadə etmişdir. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qərarı zənn və ehtimallara yox, məhz qanuna və sübutlara əsaslanmalıdır. Belə ki, iş üzrə materiallarda cavabdehin iddia tələbini, habelə iddianın əsaslarını təşkil edən əqdin etibarsızlığı əsaslarını müəyyən edən halları, tərəflərin formal nikaha daxil olarkən əsl məqsəd, motiv və niyyətlərini etiraf etməsini təkzib edən hər hansı bir fakt, sübut, dəlil mövcud deyil. MPM-in 106.4-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin şübhəsi anlayışı heç də məhkəmənin fərdi, əsaslandırılmamış, subyektiv mülahizələrə əsaslanan mücərrəd şübhəsini deyil, iş üzrə digər sübutlarla və faktiki hallarla təsdiq olunan əsaslı şübhəsini nəzərdə tutur. Əksinə, işin halları tərəflərin izahatları, qanuni və mediasiya haqqında qanunvericiliyə riayət olunmaqla bağlanmış barışıq sazişi, habelə tərəflərin formal nikaha daxil olarkən hərəkətləri (el adəti ilə toy edilməməsi, faktiki ailə münasibətlərində olmamaları, övlad olmaması və s.), nikahdan sonrakı hərəkətləri (ipoteka kreditinin mümkün olmamasından sonra nikahın etibarsızlığı tələbini irəli sürmələri və s.) həmin nikah qeydinin və nikahın yalançı əqd olmasını və tərəflərin bu barədə izahatlarında göstərdikləri xüsusatları təsdiq edir. Beləliklə, məhkəmə qətnaməsində əqdin yalançı və əsl niyyəti pərdələmək məqsədilə bağlanması təkzib edilsə də, hazırki nikahın məhz tərəflərin ailə qurmaq və birgə təsərrüfat aparmaq məqsədilə bağlanması, nikahın tərəflərin həqiqi iradə ifadəsi olması sübuta yetirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, nikahın həqiqətən saxta olmasını qarşı tərəf özü də təsdiq edir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ailə qurduğu xanım anadangəlmə qüsurludur. Daxili cinsiyyət üzvlərində problemler var. Bu problemləri ona da, valideynlərinə də deməyiblər. Toy olmayıb. Anası həkimdir. Anası qızın anasına xanımın sağlamlığı ilə bağlı sual verdi. Tanış olduqdan sonra o, valideynlərini ənənələrə uyğun olaraq onların evinə göndərmişdir. Bu barədə onlara heç nə demədilər. Anası bir həkim kimi qızın anasından xanımın sağlamlığı barəsində sual verib. Sual nəticəsində sağlamlığında problem olduğunu öyrənib və anası özü xanımı həkimə aparıb, müvafiq testlərdən keçirdib. Həmin vaxt qarşı tərəfdən heç kim gəlmədi. O da problemin bu dərəcədə böyük ola biləcəyini düşünməmişdi. Sağlamlıq problemi aşkar edildi. Bu problemin qurbanı olmaq istəmir. İddiaçının xəstəliyi ilə bağlı arayışı təqdim edərək nəzərə alınmasını xahiş edir. Sistemə boşanmış olaraq düşməyini istəmir. Aralarında heç münasibət olmamışdır. İddiaçını Türkiyəyə anası apardı. O da lazımi xərcləri ödəyəcəyini bildirdi. Onlar toyu təxirə saldılar. Ayın 10-nu nikah bağlandı. Ayın 17-si toyu olacaqdı. Anası isə bu məsələni ayın 15-i öyrəndi. Toyu təxirə salmalı oldular. Toy üçün lazım olan bütün tədarüklər görülmüşdü. Dəvət etdiyi şəxslərin dəvətnaməsi də paylanmışdı. Faktiki olaraq aldanılmışdır. Bu nikahın etibarsız hesab edilməsi üçün əsaslıdır.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

18. 9.1-ci maddəsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

19. 11.2-ci maddəsinə əsasən, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.

20. 12-ci maddəsinə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr,doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqligerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

21. 13.7-ci maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin vəinsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

22. 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 1*-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

23. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır.

24. 25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

25. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

26. 26-cı maddəsinə əsasən, nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

27.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

31. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 32.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı nikahın etibarsız sayılması barədə tələbini belə əsaslandırmışdır ki, onun və qarşı tərəfin nikah bağlamaq niyyəti olmamış, nikahın bağlanmasında hər ikisinin əsas motiv və məqsədi gənc ailə görüntüsü yaradaraq sosial ipoteka imkanlarından istifadə etməklə özləri üçün mənzil almaq olmuşdur. Cavabdeh də iddianı qəbul edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Birinci instansiya məhkəməsi tərəflərin istinad etdiyi barışıq sazişinin, yalnız görünüş üçün bağlanmaqla uydurma əqd olaraq əhəmiyyətsiz olduğunu, tərəflərin nikaha daxil olmasını istisna edən xəstəliklərinin olmasına dair hər hansı bir sübutun məhkəməyə təqdim olunmadığını, tərəflərin faktiki nikah münasibətlərinə daxil olmamaları halı nikahın etibarsız hesab edilməsi üçün əsas olmadığını, iddiaçının nikahın etibarsız olmasının səbəbi kimi qeyd etdiyi versiyanın inandırıcı olmadığını, iddianı etiraf edən cavabdehin isə mövcud olmayan faktı etiraf etdiyini qeyd edərək, iddianın əsassız olduğu barədə nəticəyə gəlmişdir.

36. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində qeyd olunmuş eyni məzmunlu hallara istinad etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərdən hər ikisinin ailə qurmaq niyyəti olmuş, nikah bağlandıqdan sonra iddiaçının sağlamlığında mövcud problemlər aşkar edildiyindən cavabdeh nikah münasibətlərini davam etdirməsini istəmədiyindən aralarında barışıq sazişi bağlanılmış, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

38. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçının istinad etdiyi fakitki halların nikahın saxta olması əsası ilə etibarsız hesab edilməsinə dair ailə qanunvericiliyində nəzərdə tutulan müddəaların dispozisiya şərtləri ilə uzlaşmadığı müəyyən edilir. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh tərəfin verdiyi izahatla da təsdiq olunur ki, tərəflərin nikaha daxil olmaq, ailə qurmaq kimi niyyətləri var idi, onlar bu niyyəti gerçəkləşdirmək üçün adət-ənənələrə uyğun şəkildə müvafiq hazırlıqları da aparmışlar. Aralarında nikahın bağlanması faktı dövlət qeydiyyatına alındıqdan sonra iddiaçının tibbi müayinəsi zamanı sağlamlığında qüsurların mövcudluğu halı öz təsdiqini tapmadığı təqdirdə də, tərəflər ərarvad statusunda qalmaqda davam edəcəkdilər.

39. İddianı qəbul edən cavabdehin ailə qurmaq niyyətində olsa da, aldandığına, iddiaçının sağlamlığında müvafiq qüsurların mövcudluğundan məlumatlı olduğu halda onunla ailə qurmaqdan imtina edəcəyinə istinadı ilə əlaqədar məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırda məhkəmə araşdırmasının predmeti olan mülki iş iddiaçının (arvadın) məhkəməyə müraciəti əsasında başlanılmışdır. Halbuki Ailə Məcəlləsinin 26-cı maddəsinin məzmununa görə saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad), habelə nikahın bağlanması aldatma, yanılma nəticəsində baş verdiyi halda da yalnız nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. İş materiallarından da göründüyü kimi hazırda nikahın etibarsız sayılmasını tələb edən tərəf İddiaçıdır və o, bu nikahın yalnız saxta olması səbəbi ilə məhkəmə qaydasında etibarsız hesab edilməsini xahiş edir.

40. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyır və qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

41. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1171/2024 saylı, 14 mart 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar