Məhkəmə qərarları › İş №2(103)-3629/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3629/2025

28.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3629/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mənzildən çıxarılma X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1824/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzili xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra iddiaçı) adına qeydiyyata alınmışdır. Cavabdeh (bundan sonra cavabdeh) ilə iddiaçının oğlu X5 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4372/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, onların birgə nikahından doğulmuş 2 uşaq cavabdehin yanında saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mənzildən istifadə hüququ olmayan hesab edilməsini və onun mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, nikah pozulduqdan sonra cavabdeh himayəsində olan 2 azyaşlı uşaqları ilə birlikdə onun mülkiyyətində yaşayır. Ona məxsus əşyalara sahiblənərək, hüquqlarını kobud surətdə pozmuş və mülkiyyətindən istifadə etməyinə ciddi maneələr yaratmışdır. Sərbəst şəkildə mülkiyyətinə daxil ola və ona sahiblik edə, eyni zamanda istifadə edə bilmir. Cavabdeh təxminən iki ildir ki, mənzildə otaqlardan birinin qapısını qıfıllamış, ona məxsus əşyaların bir qisminə sahiblənərək, həmin otağa yığmış və onun həmin otağa girməyinə imkan vermir.

4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, o, iddiaçının razılığı ilə həmin mənzildə pasport qeydiyyatına alınmış, iddiaçı ilə birlikdə həmin mənzildə yaşamış və birgə təsərrüfatı idarə etmiş, onunla birlikdə kommunal xərclər ödəmişdir. Onun cehiz əşyaları həmin mənzildədir. O, otağın qapısını bağlamamış, iddiaçı mənzilin 1 otağını ona vermişdir. Həmin otağın da qapısının qıfılı işləmir, qapı həmişə açıq qalır. Əksinə iddiaçı 2 otağın qapısını bağlamış, onu və uşaqlarını həmin otaqlara buraxmır. İddiaçının hər hansı əmlakını mənimsəməmişdir. Əksinə iddiaçı və oğlu onun cehiz əşyalarını qaytarmır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1824/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim X6)

6. Məhkəmə öz mövqeyi iə bağlı qeyd etmişdir ki, nikahda olduğu dövrə cavabdehin həmin mənzilə istifadə hüququ yaranmışdır. Cavadeh daha sonra iddiaçının oğlu ilə boşanmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı subyektiv hüququ mövcuddur və o, məhkəmədə bu məsələ ilə bağlı iddiaçı qismində tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı cavabdehin keçmiş ailə üzvü kimi mənzil maraqlarının mövcud olması, o cümlədən cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması halları müəyyən edilməmişdir. Cavabdehin formal xarakterli qeydiyyatı iddiaçının mülkiyyət hüquqlarını, mülkiyyət hüququndan sərbəst istifadə etmək hüququnu məhdudlaşdırdığı üçün məhkəmə hesab etmişdir ki, iddia tələbi istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin, iddiaçının digər tələbi cavabdehin mübahisəli mənzildən çıxarılmasıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehin istifadə hüququna xitam verilməsi hissəsində təmin olunduğu üçün həmin hissədə də təmin olunmalıdır.

7. Məhkəmə, həmçinin, hesab etmişdir ki, dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 43-cü, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair“ xx.xx.2016-cı il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işdən göründüyü kimi mübahisəli mənzilə onu iddiaçı, yəni mülkiyyətçi gəlin gətirmiş, əmlaklarının ora gətirilməsinə kömək etmiş, habelə onu mənzilə pasport qeydiyyatına saldırmışdır. Bununla da onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi işə onların iştirakı olmadan baxmış və onun müdafiə hüququ pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh, habelə onun nümayəndəsi və vəkili Vəkil2 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və hüquqi nəticə etibarı ilə iddianın rədd edilməsi xahiş olunduğundan qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, bu sahəni tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, cavabdeh iddiaçının oğlunun arvadı olmuşdur. Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, lakin sonradan həmin nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4372/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır. Mübahisə predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh hazırda uşaqları ilə birlikdə iddiaçıya məxsus olan mənzildə yaşayır.

24. Hazırda iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququ olmayan hesab edilməsi və onun mənzildən çıxarılmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, mənzilə iddiaçının razılığı ilə gəlin köçdüyünü, bütün cehiz əşyalarının həmin mənzildə olduğunu, iddiaçı tərəfindən həmin ünvana pasport qeydiyyatına alındığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

25. Bununla belə, iddia tələbi şərti olaraq 2 hissədən ibarətdir: 1) cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi; 2) cavabdehin həmin mənzildən çıxarılması.

26. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehin mənzildən çıxarılması tələbinə hüquqi qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir və iddia tələbinin ilk hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının qeyd edilən mənzil üzərində mülkiyyət hüququ 2010-cu il tarixdə yaranmış, cavabdehlə iddiaçının oğlu arasında nikah isə bundan sonra, yəni 2011-ci il tarixdə bağlanmışdır. Bu səbəbdən mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti, o cümlədən yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli Qərarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” və “digər qohumlar” prizmasından yanaşılır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində şəxsin mülkiyyətçinin “ailə üzvü” hesab edilməsi üçün onun mülkiyyətçinin əri (arvadı), uşaqları və ya valideynləri olması və onunla birlikdə yaşaması tələb olunur. Həmin maddənin 2-ci cümləsində təsbit edilmiş “digər qohumlar” ifadəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Fəsildə də ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhdəliklərinin əsasları müəyyən edilir.

28. Bununla belə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə cavabdeh iddiaçının oğlunun arvadı olaraq onun “ailə üzvü” və “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, xeyli müddətdir yaşamasına baxmayaraq, iddiaçının mübahisəli mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Cavabdehin iddiaçının oğlunun arvadı olması da bu hüquqi vəziyyəti dəyişmiş olmur.

29. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz.

30. Bu baxımdan cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməklə çıxarılmalı, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən tərəflərin özlərinə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1824/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməklə çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar