Məhkəmə qərarları › İş №2(103)-363/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-363/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-363/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh3 nümayəndəsi X3 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2019 saylı, 30 yanvar 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 iddiaçının xeyrinə 199.000 manat əsas, 29.073 manat faiz borcu və 34.281,94 manat dəbbə pulu olmaqla cəmi 262.355,49 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Xaşmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus ünvan 1i ünvanında yerləşən 0,36 ha-dan ibarət torpaq sahəsinə, Cavabdeh2 məxsus ünvan 2 kəndi ünvanında yerləşən 0,51 ha-dan ibarət torpaq sahəsinə və Cavabdeh3 məxsus Xaşmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0,12 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları (mənzildən köçürülmələri və rəsmi pasport qeydiyyatlarının ləğv edilmələri) barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6192/2018 saylı, 08.10.2018-ci il tarixli qərardadına əsasən Cavabdeh4 vəfat etdiyinə görə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiasına dair mülki iş üzrə Cavabdeh4 aid hissədə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2019 saylı, 30 yanvar 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 199.000 (yüz doxsan doqquz min) manat məbləğində əsas, 29.073,55 (iyirmi doqquz min yetmiş üç manat əlli beş qəpik) manat faiz borcu, 5.000 (beş min) manat dəbbə pulu, cəmi 233.073,55 (iki yüz otuz üç min yetmiş üç manat əlli beş qəpik) manat və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə və Cavabdeh2 məxsus ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinə yönəldilməsi, Cavabdeh3 məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 600.000 (altı yüz min) manat ikin satış qiyməti ilə, Cavabdeh2 məxsus ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsi 120.000 (bir yüz iyirmi min) manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması, həmin əmlakların açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilsin, əmlakların satışından əldə edilən məbləğin İddiaçı ASC-nin tələblərindən artıq olduqda satışdan əldə olunmuş pul vəsaitinin tələbdən artıq hissəsinin müvafiq olaraq həmin əmlakların mülkiyyətçilərinə qaytarılması, Cavabdeh3 məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən fərdi yaşayış evi hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində oranı tərk etmədiyi təqdirdə, Cavabdeh3 həmin evdən çıxarılması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi zamanı onların bazar dəyərləri düzgün hesablanmamış, nəticədə ilkin satış qiymətləri şişirdilmişdir. Bu səbəbdən, ipoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi H.Əfəndizadə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi P.Hacılı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Cavabdeh1 ilə "xxxx" ASCnin arasında bağlanmış 23 iyul 2014-cü il tarixli 1259/014 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank Cavabdeh1 12 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 199.000 (bir yüz doxsan doqquz min) manat məbləğində kredit vermişdir. İddiaçı ASC-nin 02 iyul 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcu 199.000 manat əsas, müqavilə müddəti bitən tarixə 29.073,55 manat faiz, müqavilə üzrə borcun gecikdirilməsinə görə 5 faizlə hesablanmış 29.187,84 manat cərimə borcu olmaqla, ümumilikdə 257.261,39 manat təşkil edir. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 1259/3/14 №-li ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 kəndində yerləşən 0.51 hadan ibarət torpaq sahəsini ipoteka saxlayanla borcalan arasında bağlanmış 23 iyul 2014cü il tarixli 1259/014 №-li kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 3.3-ci bəndinə əsasən ipoteka predmeti 117 000 manat, likvid dəyəri isə 102 000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh3 və borcalanlar Cavabdeh1 və X2 arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 1259/1/14 №-li ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə ipoteka saxlayanla borcalan Cavabdeh1 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli 1259/014 №li və borcalan X2 ilə bağlanmış 08 may 2013-cü il tarixli 582/013 №-li kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 3.3-ci bəndinə əsasən ipoteka predmeti 430 000 manat, likvid dəyəri isə 360 000 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduğundan, məhkəmənin 08 oktyabr 2018-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında verilmiş "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri 600 000 manat, likvid dəyəri 480 000 manat məbləğində, ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin real bazar dəyəri 120 000 manat, likvid dəyəri 96 000 manat məbləğində qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4311/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin və Cavabdeh3 məxsus ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin likvid və real bazar dəyərlərinin müəyyən edilməsi üçün əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 22 iyul 2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin 22 iyul 2021-ci il tarixə olan bazar dəyəri 636.000 və likvid dəyəri isə 490.000, Cavabdeh3 məxsus ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin 22 iyul 2021-ci il tarixə olan bazar dəyəri 123.000 və likvid dəyəri isə 100.000 müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən “ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində” yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən dəyişdirilməlidir. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi zamanı onların bazar dəyərləri düzgün hesablanmamış, nəticədə ilkin satış qiymətləri şişirdilmişdir. Bu səbəbdən, ipoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun göstərilən normasından göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında müəyyən olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4311/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin və Cavabdeh3 məxsus ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin likvid və real bazar dəyərlərinin müəyyən edilməsi üçün əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 22 iyul 2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin 22 iyul 2021-ci il tarixə olan bazar dəyəri 636.000 və likvid dəyəri isə 490.000, Cavabdeh3 məxsus ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin 22 iyul 2021-ci il tarixə olan bazar dəyəri 123.000 və likvid dəyəri isə 100.000 müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işdə olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri 600 000 manat, likvid dəyəri 480 000 manat məbləğində, ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin real bazar dəyəri 120 000 manat, likvid dəyəri 96 000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının apellyasiya şikayətinin əsasə dəlillərindən biri də ipoteka predmetlərinin bazar qiymətlərinin real olmaması ilə bağlı olmuşdur. Məhz apellyasiya şikayətinin həmin dəlilinə əsasən 10 iyun 2020-ci il tarixli qərardadla həmin ipoteka predmetlərinin bazar və likvid qiymətlərinə dair yeni mütəxəssis rəyi alınmışdır ki, həmin rəy iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilini təsdiq etməmişdir. Bu səbəbdən də hazırkı iş üzrə ipoteka predmetlərinin bazar və likvid qiyməti müəyyən olunarkən, apellyatorun maraqlarına daha uyğun olduğundan, rayon məhkəməsi tərəfindən alınmış rəy, yəni "xxxx" MMC tərəfindən verilən əsas götürüləcəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən ipoteka predmetinin likvid qiyməti müəyyən edilmədiyindən qətnamə həmin hissədə dəyişdirilməli, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə uyğun olaraq Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 480 000 manat, ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin likvid dəyəri 96 000 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən ipoteka predmetinin likvid qiyməti müəyyən edilmədiyindən qətnamə dəyişdirilməli, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 480 000 manat, ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin likvid dəyəri 96 000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2019 saylı, 30 yanvar 2019cu il tarixli qətnaməsi qismən, ipoteka predmetlərinin satış qiymətinə dair hissədə dəyişdirilsin. İpoteka predmeti olan Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 3 mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin satış - likvid dəyəri 480 000 manat, ünvan 2 kəndində yerləşən 0,51 ha torpaq sahəsinin satış - likvid dəyəri 96 000 manat məbləğində müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 600 (altı yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına Cavabdeh1 alınaraq ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar