Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3634/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı borc pulun qaytarılması tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6355/2019 saylı iş üzrə 12 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4481,40 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 4511,40 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 3300 manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 3330 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin borclu olduğu məbləğə əlavə 30 faiz qaytarması, eləcə də qanunla müəyyən olunmuş faiz hesablanması işin mübİhisəsiz halıdır. Ona görə 1941 ABŞ dollarının manat ekvivalentində ifadə olunan 3300 manat məbləğində vəsaitin 30 faizini təşkil edən 990 manat, onların cəmi olan 4290 manatın bank uçot dərəcəsi 8 faiz əsas götürülməklə 10 ay müddət üçün hesablanmış 287,4 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin iş materiallarında olan müqaviləni surət olduğu üçün mübahisələndirdiyindən məhkəmədə həmin sənədi sübut qismində nəzərə almamaqla səhvə yol vermisdir. Bununla bağlı iş materiallarında yetərli sübutlar var. Birinci instansiya məhkəməsi qeyd olunan xüsusatlara biganə yanaşaraq qanuni və əsaslı iddianı təmin etməməklə, maddi hüquq normalarını pozmuşdur Ona görə də qətnamə iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı və iddia tələbi tam təmin edilməlidir. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilənin ona heç bir aidiyyəti yoxdur və iş materialları ilə təsdiq edilir ki, müqavilə “xxxx” MMC ilə bağlanılmış və onun hesabına həmin müqavilə üzrə pul daxil olmamış, iddiaçı bununla sübut olaraq əlaqədar касса mədaxil orderi və ya cübut qismində digər sənəd təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş sənəd müqavilənin surətidir, iddiaçının etiraf etdiyi kimi müqavilənin əsli onda yoxdur. Həmçinin, iş materiallarında olan həmin müqavilədə də iddiaçının ona 3300 manat məbləğində pulun verilməsini öhdəsinə götürdüyündən söhbət gedir, pul verməsindən yox. Beləliklə, işin göstərilən halları iddia tələbinin rədd edilməsi üçün məhkəməyə kifayət qədər əsas vermişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, işin məhkəmə baxışı zamanı məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Cavabdeh iddianın təmin olunmuş hissəsində qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayətin məzmununa uyğun izahat verərək, qətnamənin təmin olunmayan hissəsində ləğv olunmaqla iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin təmin edilməsini, Yasamal Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2(004)-6355/2019 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddiaçının apelyasiya şikayəti üzrə qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması, cavabdehin apelyasiya şikayətinə münasibətdə isə qətnamənin bütünlükdə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, İddiaçı Cavabdeh2 3300 manat borc pul vermişdir. Pulun verilməsi iş materiallarında olan Səbayıl Rayon Polis İdarəsi tərəfindən alınmış və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 aid olan izahat, şahid ifadəsi ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tərəfindən 3300 manat pul Cavabdeh2 verilmişdir. Lakin pulun faizlə verilməsi iş materialları ilə təsdiq olunmamış və iddiaçı əldən çıxmış faydanı məhkəmədə sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi 3300 manat borc pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası 3300 manat borc pulun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdeh tərəfindən verilən apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, İddiaçı Cavabdeh2 3300 manat borc pul verməsi iş materiallarında olan Səbayıl Rayon Polis İdarəsi tərəfindən alınmış Cavabdeh2 aid izahatı, tərəflərin izahatı, şahid ifadəsi ilə təsdiq olunur. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində həmin izahat inkar olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. İddiaçının apelyasiya şikayətinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi borc məbləğinin 30 faizinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsassız hesab edərkən pulun faizlə verilməsinin iş materialları ilə təsdiq olunmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla faiz məbləğinin Cavabdeh2 tələb edilməsinə münasibətdə iddia tələbinin təmin olunmaması qənaəti ilə razılaşmır və hesab edir ki, iddiaçının apelyasiya şikayəti həmin hissədə qismən təmin edilərək iddia ərizəsi bu hissədə qismən təmin olunmalı, bank uçot dərəcəsi 8 faiz əsas götürülməklə 10 ay müddət üçün 3300 manat borc məbləğinə hesablanmış 221,1 manat (aylıq 22,11 x 10 ay=221,1 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, "Mülki Məcəllənin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər". Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından müəyyən olunur ki, 13.09.2019-cu il tarixinə uçot dərəcəsi 8 faiz təşkil etmişdir. Habelə, iş materiallarında borcun ödənilməsinin hər hansı üzrlü səbəbdən gecikdirildiyi barədə sübutlar yoxdur. Tərəflər arasında pul öhdəliyinin yaranmasına əsas olmuş münasibətlər cavabdehin həmin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmasını təsdiq edir. Belə olan halda iddiaçının gecikdiriimiş müddət üçün bank uçot dərəcəsini əsas götürməklə faiz məbləğinin tutulması tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə işin araşdırılmış hallarını nəzərə alıb qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq qeyd edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçının apelyasiya şikayəti qalan hissədə, cavabdehin apelyasiya şikayəti isə tamamilə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Mocəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6355/2019 sayiı iş üzrə 12 dekabr 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh2 bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 221 (iki yüz iyirmi bir) manat 10 (on) qəpik pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3634/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3634/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver