Məhkəmə qərarları › İş №2(103)-3634/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3634/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3634/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, oğlunun katibliyi, İddiaçı nümayəndəsi və Vəkil iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(008)-1351/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04-258 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmış, həmin müqaviləyə əsasən İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş və qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05570 nömrəli abonent kodu verilmişdir.

2. Abonent saldosuna əsasən Cavabdeh 2022-ci ilin iyul ayı üçün 4.070,45 manat borcu var.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3.704.4 manat məbləğində zərərin, 2.701,25 manat cari borc, 16.30 manat yeni tarifə keçidlə əlaqədar olmaqla, ümumilikdə 4.070.45 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 66,20 manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04-258 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05570 nömrəli abonent kodu verilmişdir.Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 1944 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 273.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273.60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat olmaqla, cəmi 3.704.40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin qeyd olunan aktdan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə 2.701,25 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə 16,30 manat borcu qalmaqdadır. Cavabdehin 2.351,50 manat məbləğində ödəniş həyata keçirdikədn sonra "Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 4.070,45 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1351/2023 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərəli) İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, “Azərqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı aktlardan məlum olur ki, **********05570 nömrəli abonent yazılmış cərimə sayğaca müdaxilə ilə əlaqədar olmuşdur. Məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, digər aktlar əsasında hesablanmış cərimənin tutulması ilə bağlı məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuş olduğundan iddia tələbi xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli 0268349, xx.xx.2020ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 1.328,4 manat cərimə hissəsində əsaslı olduğundan təmin edilməlidir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin 2.701,25 manat cari borcun və 16.30 manat yeni tarifə keçidlə əlaqədar yaranmış borcun tutulması hisəsi ilə bağlı mülki iş matriallarına əlavə edilmiş saldodan görünür ki, cavabdehin 2020-ci il sonu üçün 128,60 mant sərfiyyat borcu, 2021-ci ilin sonu üçün isə 453,45 manat sərfiyyat borcu 16,30 isə yeni tarif keçidi ilə əlaqədar borcu, 2022-ci uilin iyul ayının sonu üçün 144,40manat sərfiyyat borcu olduğundan iddia tələbi sərfiyyat borcuna nisbətən qismən 742,75 manat hissədə təmin edilməlisie (128.6+453.45+16.3+144.4=742.75). Lakin iddia ərizəsinin məzmumundanda görünür ki, iddiaçı qeyd edilən borc məblələrindən ümumilikdə 2.351,50 manat ödədiyindən qeyd edilmiş ödəniş cavabdehin aktlar və sərfiyyat borclarının cəmindən çıxıldığdan sonra yerdə cavabdehin borc məbləği qalmadığından iddia tələbi təmin edilə bilməz (1.328,4 manat aktlar üzrə borc + 742,75 manat sərfiyyat borcu – 2.351,5 ödəniş = 0 manat)

9. Məhkəmə həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 66.20 manat məbləğində dövlət rüsumu ödənilməsi, bundan əlavə vəkil xərci olaraq 300 manat pul vəsaitinin tutulması hissəsində hesab etmişdir ki, qanunvericiliyin tələbini və iddianın təmin edilmədiyini nəzərə alaraq 66.2 manat məbləğində dövlət rüsumunun və həmçinin 300 manat vəkil xərcininin cavabdehə aid edilməsi hissəsində də təmin edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 4.2, 4.8, 4.9-cu bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, aktların surətinin abonentə verilməməsini, abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Azərbaycan Respublikasının «Qaz təchizatı haqqında» Qanununun 6.2ci maddəsinə əsasən bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara, məhkəmə tərəfindən hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyimiz sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Belə ki, məhkəmə akt üzrə, sərfiyat üzrə və yeni tarifə keçid üzrə borcları hesablayarkən yanlışlığa yol vermişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli, e-2(008)-1351\2023-cü il tarixli qətnaməsində qeyd etmişdir ki, cavabdehə 29.İİ.2019-cu il tarixli, ******* saylı (486 manat), xx.xx.2019-cu il tarixli, ******* saylı (273,60 manat), xx.xx.2020-ci il tarixli, ******* saylı (295,20 manat), xx.xx.2020-ci il tarixli, ******* saylı (273.60 manat), xx.xx.2021-ci il tarixli, ******* saylı (216 manat) aktlar əsasında hesablanmış 1328,4 manat cərimə hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Lakin məhkəmə qətnamənin 2-ci vərəqəsinin 8-ci sətirbaşında xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən abonentə hesablanmış borcun tutulmasını əsassız hesab etmişdir. Nəyə görə əvvəlcə əsaslı olmasını, sonra isə əsassız hesab etməsini qətnamədə əsaslandırmamışdır. Bundan başqa qətnamədə qeyd edilmişdir ki, “iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı qeyd edilən borc məbləğindən ümumilikdə 2.351,50 manat ödədiyindən qeyd edilmiş ödənişin ödəniş cavabdehin aktlar və sərfiyyat borclarınını cəmindən çıxıldıqdan sonra yerdə cavabdehin borc məbləği qalmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə isə cavabdehin 4.070,40 manat məbləğində borcu yarananadək ödənilmiş 2.351,50 manat məbləğində borcu əsassız olaraq aktlar və sərfiyyat borcların cəmindən çıxmışdır. İddia ərizəsinə əsasən, cavabdeh tərəfindən 2.351,50 manat ödəniş həyata keçirildiyi vurğulanmışdır, qeyd etmək istəyir ki, 2.351,50 manat ödənişin yazılma səbəbi 1.974,80 azn-in 2018-ci ildən qalıq borc olaraq qaldığından abonentin saldosunda ödəniş hissəsində qeyd olunmuşdur. Belə ki, cavabdeh tərəfindən həyata keçirilən ödənişlərdən sonra, ödənilməli ümumi borc məbləği 4.070,45 manat təşkil edir, yəni aktlar üzrə 3.704,40 manat+faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə 349,75 manat cari borcu+ yeni tarifə keçidlə əlaqədar 16,30 manat, ümumilikdə 4.070,45 manat borcu qalmışdır. Cavbadehin abonentin saldosundan da görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixədək olan aktlar üzrə 3.704,40 manat + faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə, 349,75 manat + yeni tarifə keçidlə əlaqədar 16.30 manat birlikdə 4.070,45 manat məbləğində borcu vardır. İşə baxılarkən iddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Qeyd etmək lazımdır ki, abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəflərindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qətnamənin ləğv edərək iş üzrə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”: Bənd 1.3 və 1.4. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırki işdə iddia rədd edildiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sayğaca müdaxilə ilə bağlı tərtib edilmiş aktlara münasibətdə düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi həmin aktlarla bağlı hissədə təmin edilə bilməz.

24. Belə ki, məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda, qanunvericilik istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının üzərinə qoyur.

25. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə 1.328,4 manat cərimənin yazıldığını əsaslı hesab etsə də, cavabdehin iddiaçıya etdiyi 2.351,50 manat məbləğində ödənişlərini nəzərə alaraq iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, həmin məbləğdən cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə 1.328,4 manat cərimənin məbləği və 742.75 manat məbləğində sərfiyyat borcu çıxıldıqdan sonra cavabdehin iddiaçıya borcu qalmamışdır.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

28. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1351/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar