Məhkəmə qərarları › İş №2(103)-3634/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3634/2024

25.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3634/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-854/2024 nömrəli 15 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 0085767 nömrəli əmək kitabçasına görə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-nin Gəncə Filialında mütəxəssis kimi iş fəaliyyətinə başlamışdır.

2. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 719/Ş saylı əmrinə əsasən İddiaçı ASC-nin Pərakəndə Bankçılıq Departamentinin, Məsafədən Bankçılıq şöbəsinin, CRM bölməsinin böyük mütəxəssisi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin, “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İstifadə etmədiyi məzuniyyət günlərinin sayı: 12 (on iki) (2022/2023-cü il məzuniyyət dövrü hesabına 06 (altı), 2023/2024-cü il məzuniyyət dövrü hesabına 06 (altı) təqvim günü) gündür (Əmək Məcəlləsinin 144.2. maddəsinə əsasən).

3. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

4. "xxxx" ASC-nin vəzifə təlimatına əsasən vəzifələrin 15-ci maddəsi ilə ilkin təhlil edilmiş bütün kredit müraciətlərini X4 yönləndirmək, 18-ci maddəsi ilə pərakəndə məhsulları üzrə bankdaxili prosedur və təlimatlara əməl edilməsi vəzifəsini daşıması müəyyən edilmişdir.

5. "xxxx" ASC-nin 17 may 2013-cü il tarixli “İstehlak kreditlərinin verilməsi” qaydalarının 4.1-ci bəndinə görə müştərilərin krediti ödəmə qabiliyyəti göstərilən qaydada analiz olunmalıdır: müştərinin digər təşkilatlar qarşısında öhdəlikləri yoxlanmalıdır, çarpaz təhlil (CROSS CHECK - müştəri tərəfindən verilən məlumatların doğruluğunun digər mənbələrdən (ailə üzvlərindən, internetdən, iş yerlərindən) yoxlanılması) aparılmalıdır. Qaydaların 5.1-ci bəndinə görə kreditin verilmə prosedurunda ilkin müsahibə dayanır və şifahi sorğu əsasında borcalanın şəxsiyyəti, kredit istəyi, gəlir mənbəyi, kreditin təyinatı və müştərinin təklif etdiyi təminat barədə məlumatlar alınır və verilən məlumatlara əsasən kreditin ilkin şərtləri müəyyən olunur. Qaydaların 5.4cü bəndinə əsasən, borcalanın və zaminin iş yerlərinə zəng olunur, vəzifəsi, əmək haqqı öyrənilir.

6. DƏMX-nin 04 dekabr 2023-cü il tarixli, ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə” qərarına görə Cavabdeh ASC-nin İdarə heyətinin sədri X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunması qərara alınmışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərarına görə şikayət təmin edilməyərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı 04 dekabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il qərarı ilə X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 3(009)-49/2024 nömrəli qərarının ləğv edilməsi, X2 şikayətinin təmin edilməsi və X6 Xidməti Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 04 dekabr 2023-cü nömrəli qərarı ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-сü il tarixli 719/Ş nömrəli “Əmək müqaviləsinin ləğvi barədə” əmri ləğv edərək onun əvvəlki vəzifəyə bərpa edilməsini və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin Gəncə Filialında mütəxəssis kimi iş fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə daima üzərinə düşən öhdəlikləri vaxtında və artıqlaması ilə icra etmişdir. xx.xx.2023-cü il tarixdə heç bir səbəb olmadan və onun vəzifə təlimatlarına aid olmayan pozuntuya görə "xxxx" ASC-nin İdarə Heyətinin sədri F.M.Musayevin 719Ş nömrəli xx.xx.2023cü il tarixli əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə qeyd edilən maddə ilə xitam verilmənin əsası kimi isə əmək funksiyasını və ya əmlak müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. Bundan dərhal sonra o, cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət etmişdir. Qeyd edilənlərlə bərabər ona qarşı olan hüquq pozuntusunun araşdırılması məqsədilə ƏSSMN yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. xx.xx.2023cü il tarixli məktub ilə ona bildirilmişdir ki, müraciətinə əsasən tərəfindən, eyni zamanda "xxxx" ASC-nin rəhbərliyi tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat yekunlaşdıqdan sonra nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Bundan başqa o, işdən çıxarılan zaman yazdığı izahatda da bildirmişdir ki, qeyd edilən pozuntular ona aid deyil. Eyni zamanda bildirmişdir ki, işəgötürənin onu təqsirləndirdiyi faktlar onun vəzifə təlimatına aid deyildir.

11. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, ASC-nin Pərakəndə Bankçılıq Departamentinin Məsafədən bankçılıq şöbəsinin, CRM bölməsinin böyük mütəxəssisi İddiaçı öz əmək funksiyasını, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində Bankın qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Bunun nəticəsi olaraq aşkar olunmuşdur ki, İddiaçı ödəmə qabiliyyəti olmayan, heç bir gəliri olmayan müştəriləri müxtəlif məbləğlərdə kreditin verilməsi üçün banka cəlb etmişdir. X9 Departmenti tərəfindən İddiaçı barəsində aparılmış araşdırma zamanı İddiaçı əmək fəaliyyəti dövründə kobud və ardıcıl kobud səhvlərə yol verməsi, cəlb etdiyi müştəriləri vəzifə təlimatına və bankın “İstehlak kreditlərinin verilməsi” qaydalarının tələblərinə uyğun olaraq təhlil etməməsi, nəticədə həmin müştərilərə kredit verilməsinə şərait yaratması məlum olmuşdur. İddiaçı yol verdiyi pozuntulardan biri müştərilərin daxili qaydalara əsasən ilkin qiymətləndirilməsi və onların çarpaz yoxlanmasını təmin etməməsindən onların maliyyələşdirilməsinə şəraitin yaradılması olmuşdur. Belə ki, X5 təsdiq etdiyi 17 may 2013-cü il tarixli “İstehlak kreditlərinin verilməsi” qaydalarının 4.1-ci bəndinə görə müştərilərin krediti ödəmə qabiliyyəti aşağıda göstərilən qaydada analiz olunmalıdır: müştərinin digər təşkilatlar qarşısında öhdəlikləri yoxlanmalıdır, çarpaz təhlil (CROSS CHECKmüştəri tərəfindən verilən məlumatların doğruluğunun digər mənbələrdən (ailə üzvlərindən, internetdən, iş yerlərindən) yoxlanılması) aparılmalıdır. Qaydaların 4.3cü hissəsinə əsasən, çarpaz təhlil aparılmalı, yəni müştəri tərəfindən verilən məlumatların doğruluğunun digər mənbələrdən (ailə üzvlərindən, internetdən, iş yerindən və s.) yoxlanılması. Qaydaların 5.1-ci bəndinə görə kreditin verilmə prosedurunda ilkin müsahibə dayanır və şifahi sorğu əsasında borcalanın şəxsiyyəti, kredit istəyi, gəlir mənbəyi, kreditin təyinatı və müştərinin təklif etdiyi təminat barədə məlumatlar alınır və verilən məlumatlara əsasən kreditin ilkin şərtləri müəyyən olunur. Qaydaların 5.4-cü bəndinə əsasən, borcalanın və zaminin iş yerlərinə zəng olunur, vəzifəsi, əmək haqqısı öyrənilir. Bununla yanaşı İddiaçı imzaladığı Vəzifə Təlimatının 10-cu bəndinə görə direkt vasitəsilə müraciət etmiş, 14-cü bəndinə əsasən zəng vasitəsi ilə müraciət etmiş müştəriləri ilkin təhlil etməli idi. Təlimatın 15-ci bəndinə əsasən, ilkin təhlil edilmiş bütün kredit müraciətlərini X4 yönləndirməsi, 18-ci bəndə əsasən, pərakəndə məhsulları üzrə bankdaxili prosedur və təlimatlara əməl edilməsi vəzifəsini daşıyır. Bankdaxili qaydaların və vəzifə təlimatının tələblərindən də göründüyü kimi ilkin yoxlama prosesi işçinin əmək müqaviləsi üzrə konkret vəzifələrindən biri olmuşdur. İlkin yoxlamanın mahiyyəti qeyd edilən qaydalarda açıqlanır (MKR məlumatları yoxlanmalıdır (bunun üçün borcalanın razılıq ərizəsi alınmalı idi), çarpaz təhlil aparılmalı idi (hazırki halda isə müştərilər banka yalnız kredit götürərkən gəlmişdirlər), borcalan və zaminlərin iş yerləri, vəziləsi və əmək haqqıları bank hesabından çıxarış alınmaqla, bankomatdan son 6 ay hesab üzrə məlumatları əldə edilməklə, iş yerlərinə zəng edilməklə dəqiqləşdirilməlidir. Bütün bu proseslər dəqiqləşdirildikdən sonra konkret müştəriyə aid sənədlər aidiyyatı üzrə təqdim edilə bilərdi. Lakin bu proseslərin heç biri birbaşa vəzifəsi olduğu halda İddiaçı tərəfindən icra edilməmişdir. Bundan əlavə olaraq o, ilk izahatında bildirmişdir ki, bu müştəriləri ona əvvəlki bankda (Unibankda) işlədiyi zaman iş yoldaşı olmuş Əli adlı şəxs tərəfindən whatsapp vasitəsi ilə yönləndirilmişdir. İkinci izahatında isə İddiaçı Əli adlı şəxsin taksi sürücüsü olduğunu bildirərək, ayrı-ayrı tarixlərdə veridyi izahatlarında şübhəli məqamlara yol vermişdir. DND əməkdaşları Əli adlı şəxslə əlaqə saxladıqda o, taksi sürücüsü işlədiyini və müştəriləri İddiaçı yönəltdiyini etiraf etmişdir. Həmkarlar ittifaqının iclasında İddiaçı “Niyə bir şəxs tərəfindən bu qədər müştəri yönləndirilib, bu şəxslərin bir nəfər tərəfindən yönləndirilməsi zamanı heç şübhə yaranmadı ki, onların sənədləri saxta ola bilər?” sualına İddiaçı bank əməkdaşları arasında belə halların olduğunu, həmin dövrdə TuanBankda kreditlərin verilməsi dayandırıldığı üçün başqa banka müştəri göndərdiyini etiraf etmiş və Əlinin də ona məhz bu əsasla müştəri göndərdiyini bildirmişdir. Halbuki, İddiaçı bir nəfər taksi sürücusü tərəfindən ona çoxlu sayda müştəri göndərilərkən, burada hər hansı marağın və neqativ məqsədin durduğunu anlamalı idi (əgər həqiqətən də özünün heç bir marağı yoxdursa). Əks halda bir taksi sürücüsünün 15 şəxsi banka yönləndirməsinin marağı nədən ibarət ola bilər ki?! Təbii ki, Əlinin burada hansısa marağı olmuşdur. Məsələni təhlil etdikdə ya İddiaçı də bu marağa ortaq olması, yaxud da İddiaçı işini yaxşı bilməməsi (bir nəfərdən bu qədər müştəri müraciətinin qəbul edilməsi onda şübhə yaratmalı idi) ilə əlaqədardır. Bundan əlavə İddiaçı özü həmin 15 nəfərin sənədlərinin saxta olmasını bildirmişdir. Bu barədə dəqiq informasiya yoxdur, çünki həmin sənədlərin əslinin onlara təqdim edilməməsi, onların həqiqi və ya saxta olmasını müəyyən etməkdə çətinlik törədir. Digər bir məsələ bundan ibarətdir ki, DND tərəfindən araşdırıma aparıldıqdan sonra məsələ İdarə Heyətinin xx.xx.2023-cü il tarixli iclasında ətraflı müzakirə edilmiş, müzakirə zamanı E.Qulyevin təqsiri öz təsdiqini tapmışdır. Bundan sonra İH sədri tərəfindən xx.xx.2023-cü il tarixli təqdimat əsasında müəssisədaxili hamkarlar ittifaqı komitəsinə müraciət edilmişdir. Müəssisə daxili həmkarlar ittifaqının xx.xx.2023-cü il tarixli iclasında İddiaçı öz təqsrini etiraf etmiş və bunları bilərəkdən etmədiyini, eyni zamanda bu işlərin bu cür intizam tənbehinə səbəb olacağını düşünmədini bildirmişdir. Həmin iclasın videogörüntüsü İddiaçı təqsirini bir daha sübut edir. Qeyd olunan faktları Həmkarlar İttifaqının iclasında İddiaçı etiraf etmiş, törətdiyi əməllərin kobud səhv olduğunu bildirmişdir. Bundan əlavə Satış üzrə Baş direktor E.Mürsəlov tərəfindən müştərilərdən birinin İddiaçı öz yerlisi olduğunu, bir kənddə yaşadıqlarını və bu səbəbdən də onun nə işlə məşğul olması, ödəniş qabiliyyətli olub-olmamasını və s. informasiyanı asanlıqla əldə edə biləcəyi halda bunu niyə dəqiqləşdirmədiyini soruşduqda, İddiaçı yol verdiyi səhvlərdən birinin də məhz bu olduğunu etiraf etmişdir. İddiaçı digər səhvinin həqiqətən də bu səhvlərə yol verməsi və DND tərəfindən aşkar edilməyəcəyi təqdirdə prosesin davam edəcəyi olduğunu bildirmişdir. Bununla da o, yol verdiyi ciddi nöqsanları etiraf etmiş və sadəcə bu nöqsanların işdən çıxarılma üçün çox da əsas verməyəcəyini düşündüyünü bildirmişdir. İddiaçı iddia ərizəsinin 4-cü abzasında bildirmişdir ki, guya işdən çıxarıldığı zaman izahatda da bildirmişdir ki, qeyd edilən pozuntuların ona aidiyyatı yoxdur, işəgötürənin onu təqsirləndirdiyi faktlar onun vəzifə təlimatına aid deyildir. Məhkəmənin diqqətinə çatdırırlar ki, iddiaçının tələbi özündə heç bir həqiqəti əks etdirmir, əksinə iddiaçının törətdiyi əməllər vəzifə təlimatına Bankın "İstehlak kreditlərinin verilməsi" qaydalarına açıq-aşkar şəkildə ziddir. Bank İddiaçı ödəniş qabiliyəti olmadığını bilərək cəlb etdiyi ümidsiz kreditlərin bir qismi kredit müqaviləsi bağlandığı tarixdən sonrakı 1-1,5 ay ərzində sağlamlaşdırılmışdır. İddiaçı izahatlarında onun heç bir məsuliyyət həddinin olmamasına istinad edərək guya ki, ona qarşı Bank tərəfindən qərəzli mövqe sərgilənir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Bank hər bir işçisinə qarşı ədalətli pozisiya tutur. Bu prinsiplə Bank işçi heyətinin daxilində motivasiya tədbirləri həyata keçirir. Elçin də bu prinsipdən kənar qalmamışdır. Əmək müqaviləsi dövründə İddiaçı vəzifə maaşı, vəzifəsi artırılmışdır. Sual yaranır ki, Bankın iddiaçıya qarşı qərəzli mövqeyi olduğu halda, hansı məqsədlər üçün onun sosial və maddi inkişafı ilə bağlı tədbirlər görsün? Digər tərəfdən isə İddiaçı Banka aidiyyatı olmayan üçüncü şəxslə əlbir olaraq əlavə və bonuslar almaq niyyəti, daha doğrusu tamah məqsədilə heç bir gəliri, iş yeri olmayan şəxslərə kredit müqavilələrinin rəsmiləşdirilməsi üçün X5 təsdiq etdiyi 17 may 2013cü il tarixli "İstehlak kreditlərinin verilməsi" qaydalarınım 4.1-ci. 5.1-ci. 5.4-cü, Vəzifə təlimatının 10-cu, 14-cü bəndlərinin tələblərinə əməl etməmişdir, nəticə olaraq Banka külli miqdarda zərər vurmuşdur.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 mart 2024-cü il tarixli 2(004)-854/2024 nömrəli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia rədd edilmişdir.

13. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək funksiyalarını kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 2.3, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 80.1, 80.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, onunla xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış olsa da, həmin müqavilənin surəti ona verilməmişdir. Üzərində nə imza, nə də ki, möhür olmayan, rəsmi sənəd hesab edilməyən, barəsində onun məlumatı olmayan vəzifə təlimatına əsasən onun vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edən məhkəmə sübutlara hərtərəfli və tam qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

20. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.

21. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

22. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

23. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

24. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. ASC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin, “ç” bəndinə əsasən xx.xx.2023cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

34. İş materiallarında olan ASC-nin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli növbədənkənar iclasının protokolundan görünür ki, DND-nin direktoru İ.Qocayev bildirmişdir ki, 15 sayda kredit üzrə yol verilmiş cidd qayda pozuntusu Bankı maliyyə itkisi ilə üzləşdirmiş, ümumilikdə 7 kredit “Gəncə” filialında xidmət göstərən PBD-nin Məsafədən bankçılıq şöbəsinin CRM bölməsinin böyük mütəxəssisi İddiaçı tərəfindən yönləndirilmişdir. İ.Qocayev İddiaçı əvvəlki danışıqlar zamanı müştərilərin özlərinin ayrı-ayrı nömrələrdən, alternativ kanallardan müraciət etdiyini bildirdiyini, lakin daha sonra 6 vəsiqənin eyni nömrədən göndərildiyini, göndərən Əli adlı şəxsin Unibankın Əcəmi filialında işlədiyini, bir-birlərinə kredit müştəriləri ötürdüklərini söylədiyini açıqlamışdır. Daha sonra İ.Qocayev qeyd etmişdir ki, “yanımızda İddiaçı həmin şəxsə zəng etdikdə Əli dedi ki, “taksi şoferiyəm, bu kreditlərə görə hərəsindən mənə 40-50 manat pul düşür, mənə vəsiqələri atıblar, mən də sənə atmışam, kredit düşmürdü verməzdin.” İ.Qocayev Unibankdan araşdırıldığını və orda elə bir şəxsin işləmədiyinin bildirildiyini açıqlamışdır.

35. İddiaçı özü bildirmişdir ki, Əli ilə tanışlığı Unibankın Əcəmi filialında təcrübədə olduğu dövrdə başlamış, səmimi münasibətləri olmuşdur. Əli Unibankda işləmiş, hazırda taksiçi işləyir və qeyd olunan müştərilərin şəxsiyyət vəsiqələrini Əli onun iş nömrəsinin Whatsappına göndərmişdir. İddiaçı bildirmişdir ki, “Mən Əliyə demişdim ki, müştəri özü müraciət etməlidir, məlumatları öz nömrəsindən göndərməlidir.”

36. İddiaçı müştərinin özünün müraciət etməli olduğunu bilə-bilə niyə vasitəçinin göndərdiyi məlumat əsasında kredit verilməsi üçün filiala və Baş Ofisin CRM əməkdaşına yönləndirməsi barədə suala cavab olaraq səhv etdiyini bildirmişdir.

37. ASC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasının 05 saylı protokolundan görünür ki, İddiaçı Komitə üzvlərinin fikirlərinə hörmətlə yanaşdığını, əməllərini bilərəkdən etmədiyini, hər müştəriyə eyni yanaşdığını bildirmiş və KRAD tərəfindən vaxtında aşkarlanmadığı təqdirdə səhvlərinin sayının daha çox ola biləcəyini etiraf etmişdir.

38. Göründüyü kimi iddiaçı özü etiraf edərək, istinad edilən əməlləri törətdiyini qəbul etmişdir.

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

40. İddiaçı tərəfindən nöqsanlara yol verilməsi öz təsdiqini tapmışdır.

41. Kollegiya hesab edir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

42. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-854/2024 nömrəli iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar