Məhkəmə qərarları › İş №2(103)-3638/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3638/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3638/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) işi üzrə QƏTNAMƏSİ Açar sözlər: “iş stajı faktının müəyyən olunması” hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ərizəçi və maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə,Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) “iş stajı faktının müəyyən olunması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-468/2023 saylı işi üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. Ərizəçi 1976-1993-cü illər ərzində Ağdam rayonu Qalayçılar kənd orta məktəbində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən zamanı müəyyən edilmişdir ki: - X3 məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, o, Ağdam rayonu Qalayçılar kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləmişdir. Ərizəçi 1976-cı ildən 1993-cü ilə qədər həqiqətən həmin məktəbdə fransız dili müəllimi işləmişdir. Xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir; - X10 məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, o, Ağdam rayonu Qalayçılar kənd orta məktəbində kimya və biologiya müəllimi işləmişdir. Ərizəçi 1976-cı ildən 1993-cü ilə qədər həqiqətən həmin məktəbdə fransız dili müəllimi işləmişdir. Xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir; - X1 və X5 əmək kitabçalarına əsasən onlar Ağdam rayonu Qalayçılar kənd orta məktəbində müəllim işləmişlər; - Təqdim olunmuş sənədlərə (arayış, məcburi köçkün vəsiqəsi, ali təhsil haqqında diplom, əmr, arxiv arayışı) əsasən 1955-ci il təvəllüdlü Ərizəçi Ağdam rayonundan məcburi köçkündür, fransız dili müəllimi ixtisası üzrə ali təhsil almışdır; -Ağdam rayon Təhsil Şöbəsinin 23 avqust 2021-ci il tarixli 59 saylı əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən Qalayçılar kənd orta məktəbinin müəllimi vəzifəsindən azad edilmişdir.Öncəki dövrlərdə işləməsinə dair sənədlər arxivdə tapılmamışdır;- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ərizəçiyə ünvanlanmış məktubun surətinə əsasən ərizəçinin müraciətinə baxılmış və bildirilmişdir ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində əmək fəaliyyəti dövrü məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən, onun müraciətinin təmin edilməsi mümkün deyildir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-468/2023 saylı işi üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində Fransız dili müəllimi vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülkii Prosessual Məcəllənin 305.1.1, 306.4, 308; «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 69-ci maddələrinə; Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992- ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 16, 17, 37.1-ci maddələrinə; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2, 3.2.2; «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, müəyyən edilməsi xahiş olunan fakt hüquqi əhəmiyyətli faktdır, həmin faktın müəyyən edilməsi ərizəçinin əmək pensiyası alması hüququnun əmələ gəlməsinə səbəb olmaqla yanaşı, işin faktiki halları nəzərə alındıqda həmin faktları təsdiq edən lazımi sənədlər başqa qaydada əldə edilə, yaxud bərpa oluna bilməz. Məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin Laçın rayon İmanlar kənd orta məktəbində işləməsinə dair sənədlərin məlum hadisələrlə əlaqədar olaraq ərizəçi tərəfindən əldə edilməsi, həmçinin arxiv materiallarının olmaması səbəbindən də sənədlərin bərpası mümkün deyildir. Bundan başqa maraqlı şəxsin etirazı hüquq haqqında mübahisənin olmağına əsas vermir. Buna görə də, ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılması mümkün hesab edilməlidir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi iş stajı, əmək fəaliyyəti barəsində faktları təsdiq edən müvafiq sənədləri üzrlü səbəbdən əldə etməsi mümkün deyildir və həmin faktın məhkəmədən kənar müəyyən edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır,ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların siyahısında göstərilməsə də, qanunvericilik digər hüquqi əhəmiyyəti olan faktların da məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutmuşdur və hazırki ərizənin əsaslılığı sübutetmə ilə bağlıdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin28 fevral 2023-cü il, 2(002)-468/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 1-ci, 1.3-cü və 13.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 194, 195-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına, istinadən qeyd edilmişdir ki, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Hazırki iş üzrə Ərizəçi işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrü xx.xx.1976-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrü əhatə edərək, ümumillikdə 17 il 3 ay 30 gün təşkil edir. Mübahisələndirilən dövrün qanunvericiliyin tələblərinə uyğun gəlməyərək, 25 illik sığorta stajının yarısından çox olduğu aşkardır. Lakin məhkəmə iclası zamanı bu nüansı vurğulamaqlarına, habelə tərəflərindən təqdim olunmuş etirazda qeyd etmələrinə baxmayaraq, buna münasibət bildirilməmişdir. Sədrlik edən şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Bundan sonra şahidə suallar verilə bilər. Şahidə birinci olaraq tələbi ilə onu çağırtdıran şəxs və onun nümayəndəsi, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verir. Hazırki iş üzrə ərizəçinin şahidlərinin Qarabağ hadisələri ilə bağlı olan dövrdə işləməklərinə baxmayaraq, əmək kitabçalarının mövcud olub, ərizəçinin əmək kitabçasının olmaması arasında ziddiyyətli məqamlar vardır. Bu barədə maraqlı şəxsin sualları cavabsız qalmışdır. Notarial qaydada təsdiq olunan şahid ifadələri ilə iş üzrə olan digər sübutlar arasındakı ziddiyyətli məqamların aydınlaşdırılması isə mümkün olmur. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və biləbilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Həmçinin, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalıdır. Yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki iş üzrə şifahi şahid ifadələrinin olması isə bu hüquqları məhdudlaşdırır. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və va sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1.Ən azı iki nəfər şahid olmalı: 2.Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli): 3.Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırki iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərin faktiki iştirakı və şifahi ifadələri olmadığı üçün bu barədə əlavə araşdırılma zərurəti yaranmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X11 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən izahat vermiş, ərizəçiyə 2020-ci ildə yaşa görə əmək pensiyasının təyin edildiyini,sonradan onun yeni hesablama ilə əlaqədar müraciət etdiyini, lakin 1976-1993-cü illərdə işlədiyi dövlərin əmək kitabçasında qeyd edilmədiyini və həmin dövrlərə uyğun arxivdə hər hansı sənədin aşkar edilmədiyinin müəyyən edildiyini, bununla bağlı olaraq ona imtina edildiyini qeyd etmiş, bundan əlavə birinci instansiya icraatı zamanı məhkəmə iclaslarına şahidlərinin iştirakının təmin edilmədiyini və iddaçının 1993-cü ilin dekabr ayına qədər Ağdam rayonunda işlədiyinin müəyyən edildiyini, Ağdam rayonunun isə 1993-cü ilin iyul ayında işğal edildiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi əmək kitabçasının işğal zonasında qaldığını, 1976-1993-cü ilin dekabr ayına kimi Ağdam rayonunda müəllim kimi çalışdığını, 1993cü ilin iyul ayında Ağdam rayonu işğal edilsə də, 1993-cü ilin dekabr ayına kimi məvacib verildiyini, daha sonra H.Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin 81 nömrəli müharibə nəticəsində öz iş yerini itirmiş dövlət büdcəsindən maliyyələşən səhiyyə, təhsil, mədəniyyət işçilərinə orta əmək haqqının verilməsi ilə bağlı qərarına əsasən 1994-cü ildən 2016-ci ilədək maaş aldığını, 2021-ci ildə pensiya yaşı ilə əlaqədar işdən azad edildiyini, lakin 1976-1993-cü illər ərzindəki fəaliyyətin pensiya hesablanan zaman nəzərə alınmadığından hazırkı iddia ilə məhkəməyə müraciət ediyini qeyd etmiş, şahidlərin ərizələrinin notarial qaydada təsdiqləndiyini, X8 Mingeçevir şəhərində yaşadığını və səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməsinin mümkün olmadığını, X1 isə Ağdam rayonunda yaşadığını bildirmiş və şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-18-ci bəndinə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə; Azərbaycan Respublikası DSMF Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 1-ci, 1.3-cü və 13.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 305-311, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən formal mülahizə səciyyəli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutların məcmusu və bu sübutların mötəbəliyinə şübhə doğuran əsasların təqdim edilməməsi, ərz edilən tələbin təmin edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaətinin formal əsaslarla dəyişməsi üçün əsaslar yaratmır. Belə ki, ərizəçinin yaşadığı ərazidən məcburi köçkün düşməsi onun təcrid edilmiş hazırki halda hüquqi əhəmiyyətli faktın digər vasitələrlə təsdiq edilməsi mümkünsüzlüyü nəzərə alınmalıdır. Ərizəçi ilə bir yerdə işləyən şəxslərin notarial təsdiq edilmiş müraciətləri və onların əmək kitabçalarında müvafiq qeydlərinin olması ərizəçinin izahatı ilə birgə sübut növü qismində qəbul edilməsini istisna etmir və təqdim edilən sübutların, habelə tələblə bağlı təfərrüatların şübhə altına alan hallar müəyyən edilmir və etirazın əsasını təşkil edən (ərizədəki halların əksini müəyyən edən) sübutlar təqdim edilməmişdir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1, 308, 311-ci maddələrinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

10. Beləliklə, ərizəçinin hüquqlarının məhdudlaşdırıldığını və qeyd etdiklərinin digər formada sübuta yetirmək imkanının olmadığını nəzərə alaraq, tam istisna halında onun dəlillərinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən hissədə inkar edilməsi və ya təkzib edilməsi də müəyyən olunmadığından iddianın rədd edilməsi yolverilməzdir.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X12 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-468/2023 saylı işi üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar