Məhkəmə qərarları › İş №2(103)-364/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-364/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-364/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “sənədin etibarsız hesab edilməsi, mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, habelə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “sənədin etibarsız hesab edilməsi” tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-751/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Mübahisəli mənzil Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı binanın 23-cü mənzilidir (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil).

2. İddiaçı ilə "xxxx" ASC arasında imzalanan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2011-ci il tarixli müqavilə bağlanmışdır.

3. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən verilən yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün xx.xx.2014-cü ilə, 2013-cü ilin mart ayına aid olan qəbzlərə əsasən iddiaçı tərəfindən mübahisəli mənzil üçün 40 manat əmlak vergisi ödəmişdir.

4. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilən 18 avqust 2016-cı il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən ünvan 2 ünvanı üçün 133,10 manat məbləğində əmlak vergisi ödənilmişdir.

5. 2018-ci ilə aid olan kassa mədaxil qəbzlərinə görə ki, İddiaçı tərəfindən kommunal xidmətlərə görə 50 manat ödəniş edilmişdir.

6. "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan 11 may 2018-ci il tarixli çıxarışa görə X12 öz ərizəsi əsasında MTK-ya üzv kimi qəbul edilmiş və mübahisəli mənzil ona verilmişdir. MTK tərəfindən X5 borcunun tam ödənilməsi və borcunun olmamasına dair xx.xx.2018-ci il tarixli maliyyə arayışı, həmçinin forma 2 arayışı verilmişdir. Forma 2 arayışında üçüncü şəxsin mübahisəli mənzildə yaşaması və mənzilin sahibi olması qeyd olunmuşdur. Həmin protokoldan çıxarış, forma 2 arayışı və verilmiş maliyyə arayışı əsasında mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə X5 mülkiyyətinə keçmişdir və hazırda mülkiyyətindədir.

7. İddiaçı ilə “Azəriqaz” İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AKX03442xx/xx-2021 saylı müqavilə bağlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı məhkəməyə müraciət edərək, cavabdeh MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdeh MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil MTK tərəfindən 2002-ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmişdir. Ümumi sahəsi 215,11 kvadrat metr olan həmin mənzilə görə 47,324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin pul vəsaitinin 42324 manatını ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və qəbzi də ona təqdim etmişdir. Sonradan tərəfindən xeyli məbləğdə pul vəsaiti sərf edilməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında oğlu X13, onun arvadı X8, övladları İddiaçı Fazil qızı və X9 ilə birlikdə həmin mənzilə köçmüşlər və orada yaşayırlar. Hal-hazıradək, yəni 19 il ərzində fasiləsiz olaraq həmin mənzildə ailəsi ilə bir yerdə yaşayır və bütün kommunal xərcləri ödəyir, nə MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməmişdir. Lakin 2020-ci ilin əvvəllərində həmin mənzili rəsmiləşdirmək qərarına gəldikdə, MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışın və qəbzlərin itirildiyini aşkar etdikdə oğlu Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Mənzilin sənədləri tapılmadığına görə dublikatının alınması üçün "xxxx" MTK-ya müraciət etsə də, cavabdeh mübahisəli mənzilə dair heç bir sənədin onda olmadığını bildirmişdir. Bununla da cavabdeh onların sənədlərinin itirildiyindən xəbər tutduqdan sonra mübahisəli mənzili ikinci dəfə satıb qanunsuz yolla qazanc əldə etmək qərarına gəlmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MTK tərəfindən onlara məxsus olan və qanuni əsaslarla yaşadıqları mənzil üzərində hüquqların qeydiyyatı üçün X12 adlı şəxsə (bundan sonra - üçüncü şəxs) saxta sənədlər verilmişdir. Həmin saxta sənədlərə əsasən mübahisəli mənzil üzərində üçüncü şəxs mülkiyyət hüququ əldə etmişdir. Sənədlərin saxtalaşdırıldığını həmin mənzil üzərində artıq onun hüququnu təsdiq edən kooperativ üzvlərinin ümumi iclasının protokolu və həmin mənzildə onun ailə üzvlərinin yaşadığı sübut edir. Bundan başqa, "xxxx" MTK-nın Habil Vahabova verdiyi 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin dəyərinin ödənilməsi, həm də Habil Vahabovun guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərəkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni saxtalaşdırıldığını sübut edir. Bundan başqa "xxxx" MTK tərəfindən mübahisəli mənzilin 19 il əvvəl onlara verildiyi və həmin illər ərzində ailəsinin orada yaşaması nəzərə alınmamışdır. Beləliklə, "xxxx" MTK-nın rəhbərliyi qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzili aldatma və etibardan sui-istifadə yolu ilə üçüncü şəxsə satmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulduğuna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikasında 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsindən əvvəl qüvvədə olmuş Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı MTK-dan verilmiş protokoldan çıxarışa əsasən 23 dekabr 2002-ci il tarixdə mübahisəli mənzilə köçən zaman 1982-ci ilin məcəlləsi hələ də qüvvədə idi. Beləliklə, qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinin 2 və 4-cü abzaslarına əsasən vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.

10. Cavabdeh "xxxx" MTK iddiaya etiraz ünvanlanaraq bildirilmişdir ki, üçüncü şəxs uzun müddətdir ki, mübahisəli ünvanında yerləşən mənzilin pulunu ödəmiş və 14 iyun 2018ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. O, cavabdehlər X10 va X4 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiası təmin edilmişdir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı cavabdehlərin hər hansı sübutları mövcud deyildir. Bundan əlavə, iddiaçının hazırki iddia tələbini qaldırmağa dair heç bir subyektiv hüququ yoxdur. Nə iddiaçı, nə də onun ailə üzvləri hazırki mənzilə dair MTK ilə müqavilə bağlamamışlar, mənzilə görə MTKya heç bir ödəniş etməmişlər. Onların mənzilə dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli mənzilə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2063/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdeh Azarbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X12 üçüncü şəxs qismində işə cəlb olunmaqla mübahisəli mənzilin mülkiyyət hüququnu təsdiq edən, ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri dəfələrlə mübahisəli mənzillə bağlı məhkəmələrə müraciət etsələr də, iddia tələbi iddiaçının subyektiv hüququnun olması səbəbindən rədd edilmişdir.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mübahisəli mənzildən iddiaçının çıxarılması və cavabdeh tərəfindən həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Üçüncü şəxs iddiasını onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, mübahisəli mənzilin pulunu ödəyib almışdır və 14 iyun 2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Sözügedən mənzil ona tam pay hüququ ilə məxsusdur və onun xüsusi mülkiyyətindədir. Mübahisəli mənzildən başqa şəxslər, yəni cavabdeh İddiaçı və ailəsi qanunsuz olaraq istifadə etmişdir. Həmin şəxslərlə onun arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan mənzilində qanunsuz olaraq yaşayırlar. Sonradan həmin şəxslərin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, qanunin qüvvəsini almışdır. Hal-hazırda cavabdeh İddiaçı mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh İddiaçı onun ailə üzvü deyil, qohumu deyil, onunla arasında heç bir hüquq münasibəti yaranmamış, heç bir müqavilə bağlanmamışdır. Cavabdehin bu mənzildə yaşaması və ya istifadə etməsi onun iradəsinə və mənafeyinə ziddir. Cavabdehin heç bir hüququ olmadan ona məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Mülkiyyətçi olaraq onun hüquq və mənafeləri təmin edilməli və cavabdeh mənzilindən çıxarılmalıdır. İddiaçı onun mənzilinə dair kommunal xidmətlərlə müqavilə imzalaması da qanunsuzdur. Qeyd edir ki, onun mülkiyyətçi hüquqlarının qəsdən pozulması Azərbaycan Respublikası Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən yolverilməzdir.

13. İddiaçı tərəf üçüncü şəxsin iddiasına etiraz təqdim etmiş, etiraz iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinə dəyişiklik edilənə qədər yaranmışdır. Belə ki, 23 dekabr 2003-cü il tarixli 566- İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Hesab edir ki, iddiaçı ailəsi ilə birlikdə 2002-ci ildən sonra mübahisəli mənzilə on il ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsi tətbiq edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası rədd olunmalıdır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-751/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddia rədd, üçüncü şəxsin iddiası təmin edilmişdir (hakim İ.Ə.Əliyev).

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı subyektiv hüququnun olduğunu iki dəlillə əsaslandırır. Birincisi, iddiaçı mübahisəli mənzilə dair MTK-ya pul ödədiyini, bunun məntiqi davamı olaraq ona müvafiq order, maliyyə arayışı və sair sənədlərin təqdim edildiyini, nəticədə MTK-nın həmin mənzili onun sahiblik və istifadəsinə verdiyini bildirir. Lakin işin müəyyən edilən hallarından görünür ki, həmin istinad olunan sənədlər nə iddiaçıda, nə cavabdehdə mövcuddur. Eyni zamanda itirilmə ilə bağlı Polis orqanına müraciət edilməsi isə həmin sənədləri əvəz etmir. İddiaçı müvafiq sənədləri təqdim etməmiş və həmin sənədləri itirdiyinə istinad etməklə MTK ilə onun arasında hüquqi münasibətlərin yaranmış olması faktını təsdiq etməyə çalışmışdır. İddiaçının bu cəhdi uğursuzdur və istinad olunan hallar həmin faktı təsdiq edə bilməz. İkincisi, iddiaçı təqribən 20 il müddətində mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə etdiyini bildirir və Mülki Məcəllənin qüvvədən düşmüş 179.1-ci maddəsinə əsasən mülkiyyət hüququnu əldə etdiyinə istinad edərək, hazırki tələbi irəli sürməkdə haqlı olduğunu iddia edir. Lakin həmin əldə etmə müddəti o daşınmaz əmlaklara aiddir ki, onların mülkiyyətçisi olmasın. İşin halları ilə müəyyən edilir ki, iddiaçının 2001-2002-ci ildən həmin daşınmaz əmlaka sahiblik etməsi tədqiq edilmiş sübutlarla (şahid ifadələri, kommunal ödənişlərlə bağlı qəbzlər) təsdiq olunsa da, lakin mübahisələndirilən mənzil və onun tərkib hissəsi olan yaşayış sahəsi MTK-ya məxsus olmuş, sonradan pay haqqını ödəmiş üçüncü şəxsə (ikinci iddiaçıya) verilmişdir. Məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab etmiş və iddiaçının mənzilə dair sənədlərin etibarsız hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmə üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbini isə əsaslı hesab etmiş və qənaətini onunla əsaslandırmışdır ki, əmlak iddiaçının mülkiyyətindədir, lakin cavabdeh iddiaçının etirazına baxmayaraq əmlaka faktiki sahiblik etməyə davam edir və cavabdehlərin sahibliyi qanunsuzdur. Belə ki, tərəflər arasında mənzildən istifadə ilə bağlı və ya mənzilə dair hüquqlarını təsdiq edən hər hansı müqavilə işin faktiki halları ilə müəyyən edilmir, odur ki, mülkiyyətçi həm öz əmlakını tələb etməkdə, həm də mülkiyyət hüquqlarından sərbəst şəkildə və öz mülahizəsinə uyğun istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, öz iddiasının təmin olunması və üçüncü şəxsin iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin arqumentlərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən 2002- ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmiş, 47324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qarajla əvəzləşdirməklə 42,324 manat ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və ödəniş qəbzi ona təqdim olunmuş, təqribən 2003-cü ilin ortalarından ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək orada yaşamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər MTK tərəfindən heç vaxt kooperativ üzvlərinin ümumi iclaslarının xüsusilə də X2 üzv qəbul edilmədiyini və mübahisəli mənzilin ona verilmədiyini, hətta bu barədə iclasın keçirilmədiyini və hətta iclas barədə heç bir məlumatın verilmədiyini bildirmişlər. Məhkəmə baxışı iclasında dindirilmiş digər şahid Hüseyn Hüseynovun ifadəsi ümumiyyətlə məhkəmənin qətnaməsində göstərilmədiyinə görə prosessual qanunun tələbləri hakim tərəfindən kobud surətdə pozulmuşdur. Bundan başqa "xxxx" MTK tərəfindən mübahisəli mənzilin 20 il əvvəl İddiaçı verildiyi və həmin illər ərzində ailənin orada yaşaması kooperativin sədri tərəfindən vəzifəsindən sui-istifadə edilməklə və sadəcə tamah məqsədi ilə nəzərə alınmamışdır. Hətta mənzilə dair heç bir sənədi olmasa idi belə, onun həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinən dəyişiklik edilənə qədər yaranmışdır. Bundan başqa məhkəmə MPM-in tələblərinə zidd olaraq üçüncü şəxs qismində işə özünün cəlb etdiyi, qarşılıqlı iddia vermək hüququna malik olmayan Habil Vahabovun qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir və ona baxaraq təmin etmişdir. Halbuki, MPM-in 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Beləliklə, məhkəmə məlum olmayan səbəblərdən qanunvericiliyin tələblərinə və sübutlara məhəl qoymadan ədalətsiz və əsassız qətnamə qəbul etməklə onları çox acınacaqlı bir vəziyyətə düçar etmişdir. Binəqədi Rayon Məhkəməsi məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin, MTK tərəfindən heç vaxt kooperativ üzvlərinin ümumi iclaslarının keçirilmədiyi, iddiaçı kooperativə üzv qəbul edilmədiyini və mübahisəli mənzilin ona verilmədiyini, iclas barədə heç bir elan və məlumatın verilməildiyini bildirmələrinə baxmayaraq, həmin faktları məhkəmə araşdırmadan iddiaçının mövqeyindən çıxış edərək qərəzli qətnamə çıxarmışdır. Məhkəmə Habil Vahabovun heç vaxt mübahisəli mənzildə olmaması, ona baxış keçirməməsi həmin mənzilin texniki pasportunu məhkəməyə təqdim etməməsi, mənzilin yerləşdiyi yerin harada olduğunu belə bilməməsi və mənzilin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil orderinin məhkəməyə təqdim etməməsi səbəblərini araşdırmadan, yalnız kooperativin tərtib etdiyi uydurma maliyyə arayışını əsas götürmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh MTK tərəfindən apellyasiya şikayətinə etiraz təqdim olunmuşdur və etiraz onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş qətnamələrin qəbul edildiyi iş üzrə əqdin etibarlılığı yoxlanıldığı halda, əlavə olaraq yenidən iddia qaldırmaq yolverilməzdir. Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı ilə müəyyən edilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və M.Ə.Rüstəmli)

Kassasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2254/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2602/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, həmin dövrdə nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallardır. Belə ki, MTK-nın 2003-cü ildən mübahisəli mənzili iddiaçıya təhvil verməsi, sonuncunun həmin mənzili təmir etməsi və uzun illər orada yaşamasına MTK-nın etirazının olmaması, əksinə iddiaçı və ailə üzvlərinin mənzilə, mənzilin təmirinə və mənzildə yaşamağa buraxılmasının, MTK-nın razılığı olmadan mümkün olmamasını nəzərə almamışdır. Məhkəmələr nəzərə almamışlar ki, iddiaçı öz ailəsi ilə birlikdə mübahisəli mənzildə 20 il ərzində fasiləsiz yaşamış, MTK tərəfindən bu illər ərzində iddiaçıya qarşı mənzildən çıxarılma, pul tələbi və ya bu kimi digər iddialar qaldırılmamışdır. Məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş kommunal xidmətlərlə əlaqədar iddiaçı ilə “Azəriqaz” İB və iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqavilələrin əsasında duran sənədlər, həmçinin həmin müqavilələrin bağlanması üçün MTK tərəfindən verdiyi razılıq ərizələrini sözügedən qurumlardan tələb etməmiş, bununla da tam və hərtərəfli araşdırma aparmaqdan yayınmışdır. Göründüyü kimi, iddiaçı ilə MTK arasında olan müqavilə münasibətləri işgüzar adətlərlə şərtləndirilməlidir. Lakin məhkəmələr tərəfindən bu xüsusat nəzərə alınmamışdır. Bundan başqa, işə baxan məhkəmələr tərəfindən bir sıra prosessual pozuntulara da yol verilmişdir. X14 və X13 işdə iştirak edən şəxslər deyil və onlardan iddiaçının əri və iddiaçının oğlu qismində izahatın alınaraq protokola daxil edilməsi ilə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 271.2.9-cu, qətnaməyə daxil edilməsi ilə 220.3-cü maddəsinin tələbləri pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə bu hala əhəmiyyət vermədən qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən də prosessual pozuntuya yol verilmiş, 17 fevral 2023-cü il tarixli protokolun giriş hissəsində məhkəmə tərkibi qeyri-dəqiq göstərilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər.

25. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

26. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmiş və izahatına əlavə olaraq bildirmişdir ki, tərəf mənzili 2018-ci ildə əldə edib ev ona məxsusudr. Mənzilin pulunun ödənilməsinə dair arayışı və çıxarışı var. Qarşı tərəfin evlə bağlı hər hansı müqaviləsi yoxdur. Onlar hesab edirlər ki, Ali Məhkəmənin qərarı kostitusiyaya ziddir. Mənzilin mülkiyyətçisi ola-ola mənzil başqa şəxslərə izgüzar adətlərə uyğun olaraq verilə bilməz. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin orada yaşayıb-yaşamaması bir şey dəyişdirmir. Onlar vicdanlı alıcıdırlar. Pulu verib evi alarkən ora baxış keçirib, bəyəniblər. Həmin vaxtı orada yaşayış olmayıbdır. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin tam ləğv olunmasını və iddiasının təmin edilməsini, üçüncü şəxsin iddiasının ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Kollegiya ilk növbədə qeyd ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

34. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan mənzili MTK 2003-cü ildən iddiaçıya təhvil verməsi, sonuncunun həmin mənzili təmir etməsi və uzun illər orada yaşamasına MTK-nın etirazının olmaması, əksinə iddiaçı və ailə üzvlərinin mənzilə, mənzilin təmirinə və mənzildə yaşamağa buraxılmasının, MTK-nın razılığı olmadan mümkün olmaması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İddiaçı MTK ilə aralarında müqavilə bağladığını, lakin sənədlərin itirildiyini, MTK isə iddiaçı ilə heç bir müqavilə bağlanmadığını bildirmiş və "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan 11 may 2018-ci il tarixli çıxarışla da X12 öz ərizəsi əsasında MTK-ya üzv kimi qəbul edilmiş və mübahisəli mənzil ona verilmişdir. MTK tərəfindən X5 borcunun tam ödənilməsi və borcunun olmamasına dair xx.xx.2018-ci il tarixli maliyyə arayışı, həmçinin forma 2 arayışı verilmişdir. Forma 2 arayışında üçüncü şəxsin mübahisəli mənzildə yaşaması və mənzilin sahibi olması qeyd olunmuşdur. Həmin protokoldan çıxarış, forma 2 arayışı və verilmiş maliyyə arayışı əsasında mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə X5 mülkiyyətinə keçmişdir və hazırda mülkiyyətindədir. Halbuki, işin araşdırılmış faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ümumiyyətlə həmin mənzildə yaşamamışdır.

36. İşin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşamış, uzun müddət iddiaçının sahibliyində və istifadəsində olmuş, bütün kommunal xərcləri ödəmiş, həmin dövrdə nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməmişdir.

36. Bundan əlavə mübahisəli mənzil 2003-cü ildən MTK tərəfindən iddiaçıya təhvil verilmiş, sonuncunun həmin mənzili təmir etməsi və uzun illər orada yaşamasına MTK-nın etirazı olmamışdır. Məhkəmə kollegiyası vurğulayır ki, formalaşmış praktiya istinadən iddiaçı və ailə üzvlərinin mənzilə, mənzilin təmirinə və mənzildə yaşamağa buraxılması MTK-nın razılığı olmadan mümkün olma bilməzdi. Daha dəqiq deyilsə, mənzili iddiaçıya MTK tərəfindən təhvil verilmədən, MTK-nın razılığı olmadan iddiaçının həmin mənzildə təmir işləri apararaq uzun müddət yaşaması, həmin mənzildən fasiləsiz istifadə etməsi və mənzilə fasiləsiz sahiblik etməsi, MTK-nın razılığı olmadan həmin mənzildə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması qeyri-mümkündür.

37. Eyni zamanda iddiaçının mübahisəli mənzildə yaşadığı dövr ərzində kommunal xidmətlərin göstərilməsi ilə bağlı həmin xidmətləri göstərən qurumlarla ("xxxx" ASC, “Azəriqaz” İB) müvafiq müqavilələr bağlamış, həmin qurumlar tərəfindən ona kommunal xidmətlər göstərilmiş, iddiaçı isə öz növbəsində həmin xidmətlərə görə haqq ödəmişdir. Bundan əlavə, iş materialları ilə iddiaçının mübahisəli mənzillə bağlı əmlak vergisi ödəyicisi olması da təsdiqini tapmışdır. Halbuki, bütün bunlar yalnız MTK-nın razılığı əsasında həyata keçirilə bilərdi.

38. İş materiallarında olan "xxxx" ASC-nin Binəqədi Sukanal İdarəsinin 3 fevral 2023cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı ilə müqavilə xx.xx.2011-ci ildə bağlanmışdır. Mənzilə müqavilə bağlanması sudan istifadə qaydalarına uyğun olan bütün sənədlər toplusunu təqdim etməsi əsasında həyata keçirilmişdir.

39. Həmçinin Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli arayışa görə "xxxx" MTK-nın rəhbərliyi tərəfindən 2017-ci ildən onlara təqdim olunmuş siyahı əsasında Ə.ünvan 3 ünvanda İddiaçı əmlak vergisi ödəyicisi kimi elektron sistemdə qeydiyyatdadır.

40. Təkrar apellyasiya icraatı zamanı “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanan sorğuya cavab olaraq məhkəməyə təqdim edilən 25 dekabr 2023-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən də görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında qazın alqı-satqısına dair istehlakçı kimi sonuncu ilə müqavilə bağlanmışdır.

41. Göründüyü kimi, MTK iddiaçının mübahisəli mənzildə yaşamasına nəinki etiraz etməmiş, əksinə iddiaçının ailə üzvləri ilə birgə yaşamasına razılıq verərək müvafiq şərait yaratmış, kommunal xidmət və əmlak vergisi ilə bağlı müvafiq razılıqlar da vermişdir.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 2018-ci ili də əhatə edən yaşadığı 20 ilə yaxın müddət ərzində, kommunal xərclərin davamlı olaraq ödənilməsi barədə ödəniş qəbzləri, 2021-ci il tarixdə “Azəriqaz” İB ilə bağlanmış müqavilə, bununla da iddiaçının həmin müddətdə mübahisəli mənzildə yaşamasının tam şəkildə sübuta yetirilməsi, hətta iddiaçının və ailəsinin bu günə qədər mübahisəli mənzildə yaşamaqda davam etməsi işin mübahisəsiz hallarıdır. Buna baxmayaraq MTK tərəfindən hansı əsasla X5 mübahisəli mənzildə yaşamasına dair 11 may 2018-ci il tarixli forma N 2 arayışının verilməsinin aydınlaşdırılması və mübahisəli mənzilə dair iddiaçı ilə müqavilə bağlamamasını və iddiaçının mənzilin dəyərini ödəməməsini sübut etmək yükünün MTK-nın daşımalı olması səbəbindən sonuncunun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün cəhdlər edilərək məhkəmə iclası ardıcıl olaraq üç dəfə təxirə salınmış, lakin cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, sadəcə olaraq ərizə ilə müraciət edərək göstərmişdir ki, “Qızıl Açar" MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, m.3) və ya ümumiyyətlə həmin binada hər hansı başqa mənzil İddiaçı, X4 va X1, onlarla heç bir müqavilə bağlanmamışdır, maliyyə arayışı verilməmişdir və hər hansı mənzillə bağlı İddiaçı və ya onun ailə üzvləri tərəfindən mənzilin əvəzi olaraq “Qızıl Açar" MTK-ya heç bir ödəniş olunmamışdır. İddiaçınm əri X15 rayon İcra Hakimiyyəti başçısı işləyən zaman "xxxx" MTK tərəfindən sözügedən binanın qarşısında qeyri-yaşayış sahələrinin tikintisini dayandırmış, ona gələcəkdə pulunu ödəyəcəyi şərti ilə mənzil vermələrini qeyri-qanuni yolla, vəzifəsindən sui-istifadə edərək tələb etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, m.3) mənzilə görə Hüseynov Hüseynağa, İddiaçı və ailə üzvləri heç bir ödəniş etmədən qeyri-qanuni yolla mənzilə daxil olmuşlar. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla Bakı şəhari Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, 3 nömrəli mənzil) 11 may 2018-ci il tarixdə "xxxx" MTK tərəfindən X3. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla Bakı şəhari Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, 3 nömrəli mənzil) hal-hazırda X5 mülkiyyətindədir.

43. Göründüyü kimi cavabdeh MTK tərəfindən yuxarıda qeyd edilənləri təsdiq edəcək sənədlər məhkəməyə təqdim edilməmiş və öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə belə cəhd etməmişlər.

44. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müqavilə və ya maliyyə arayışını təqdim edə bilməməsi MTK ilə aralarında razılığın olmaması anlamına gəlməməlidir, çünki iddiaçı MTK-ya məxsus mənzilə 2003-cü ildən tərəflər arasında mübahisə baş verən dövrə qədər fasiləsiz və etirazsız sahiblik etmişdir. Əşya üzərində sahibliyin olması, şəxsin əşyaya fiziki olaraq malik olması, əşyaya yaxın bir vəziyyətdə olmaqla onu təsir dairəsində saxlamasıdır. Buradan belə qənaətə gəlmək olar ki, tərəflər arasında müəyyən şərtlər və öhdəliklər mövcud olmuş, həmin öhdəliklər icra edilərək mənzil iddiaçıya MTK tərəfindən təqdim edilmişdir. Bu illər ərzində MTK-nın iddiaçıya qarşı pul tələbi irəli sürməməsi həmin mənzilin dəyərinin ödənilməsini istisna etmir.

46. Qeyd edilənlərə əsasən kollegiya vurğulayır ki, 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Qanunvericiliyin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (MM, maddə 425) Göründüyü kimi, iddiaçı ilə MTK arasında olan müqavilə münasibətləri işgüzar adətlərlə şərtləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu xüsusat nəzərə alınmamışdır. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.

47. Beləliklə, hal-hazırda mənzilin iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır və cavabdeh və üçüncü şəxs iddiaçının mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.

48. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-751/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı iddiası təmin edilməli, cavabdeh "xxxx" MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin X11 verilməsi barədə 11 may 2018-ci il tarixli protokolu, forma 2 arayışı, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı etibarsız hesab edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 133,10 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı ödənilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-751/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “cavabdeh MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbi təmin edilsin. Cavabdeh "xxxx" MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin X11 verilməsi barədə 11 may 2018-ci il tarixli protokolu, forma 2 arayışı, həmin mənzil (Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı binanın 23-cü mənzilidir (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən) üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı etibarsız hesab edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 133,10 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumları cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı ödənilsin. X12 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar