Məhkəmə qərarları › İş №2(103)-3640/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3640/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3640/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(maddi zərərin əvəzinin və borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X3 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(008)-622/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus ev təbii qazla təchiz edilmişdir. 2.İddiaçı cavabdehin müqavilə şərtlərinə əməl etməməsi nəticəsində borcu yarandığını, sayğaca müdaxilə nəticəsində dəymiş zərərlə bağlı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 777,6 manat maddi zərər, 406,18 manat debitor borc, yeni tarifə keçidlə əlaqədar 27,84 manat, 300 manat vəkil xərci və 36 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1497,62 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus ev təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00620 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə, tələbdə göstərilən məbləğdə borcu yaranmışdır. Həmin borc məbləğindən 777,6 manat akta görə hesablanmış, 406,18 manat isə sərfiyyat borcudur. Cavabdeh tərəfindən borc məbləğləri ödənilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 yanvar 2023-cü il tarixli, 2(008)-622/2023 saylı qətnaməsi (sədrlik edən-Həqiqət Mahmudova) ilə iddia qismən təmin edilərək, Cavabdeh 406,18 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc, 27,84 manat yeni tarifə keçidlə əlaqədar yaranmış borc olmaqla, cəmi 434,02 (dörd yüz otuz dörd manat, iki qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. 6.İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. 7.İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə borcu 406,18 manat, yeni tarifə keçidlə əlaqədar isə 27,84 manat təşkil edir. 8.İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, ünvan 2 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cəmi 432 manat məbləğdə zərər hesablanmışdır. 9.Məhkəmə qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən Cavabdeh abunə koduna hesablanmış ziyan məbləği İddiaçı özünə aid edilməlidir. 10.Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən – 406,18 manat təbii qazdan istifadəyə görə yaranmış borcun və yeni tarifə keçidlə əlaqədar isə 27,84 manat pulun tutulması hissəsində təmin edilməli, aktlara əsasən hesablanmış ziyanın tutulması hissəsində isə rədd olunmalıdır. 11.Məhkəmə qeyd etmişdir ki, iddia qismən təsdiq edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. 12.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı xeyrinə hüquqi yardım göstərilməsi üçün 300 manat tutulmasını tələb irəli sürməsinə baxmayaraq, həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq sübutu iş materiallarına əlavə etməmiş, məhkəmə iclasları zamanı təqdim etməmişdir. Buna görə də məkəmə hesab etmişdir ki, iddia tələbini hüquqi yardım göstərilməsi üçün çəkilmiş xərcin tutulması hissəsində təmin edilməməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 121.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.İddiaçı "Azəriqaz" İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Məhkəmə, aktların surətinin abonentə verilməməsini, abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlara –yəni, aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyimiz sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir.Yuxarıda qeyd edilən kimi iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Bildirir ki, abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və onlar tərəfindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdaafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 18.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 19.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 21.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 23.Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 24.Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 25.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 26.Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 28.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 30.Maddələr 14.2, 77.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 32.Maddə 121.1 məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Apellyasiya baxışının hədləri 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnaməniniddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın təmin olunan hissəsindən cavabdeh apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda qeyd olunana qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən Cavabdeh abunə koduna hesablanmış ziyan məbləği İddiaçı özünə aid edilməlidir. 37.Buna görə də məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, maddi zərərlə bağlı hissədə iddia tələbi mötəbər sübutlarla təsdiq edilmədiyindən qanuni və əsaslı olaraq olaraq təmin edilməmişdir. 38.X1 yuxarıda qeyd olunan tələblərini rəhbər tutaraq apellyatorun məhkəmə tərəfindən ekspertiza təyin edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində ekspertizanın təyin edilməsi ilə bağlı hər hansı bir vəsatət təqdim edilmədiyindən, iddiaçının qeyd olunan dəlili əsassız hesab edilməklə qətnamənin mübahisələndirilən hissədə ləğvinə səbəb ola bilməz. 39.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 41.Kollegiya həmçinin iddiaçının hüquqi yardım göstərilməsi üçün ödədiyini iddia etdiyi 300 manat tutulması tələbi ilə bağlı qeyd edir ki, həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, tələb həmin hissədə məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. 42.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 44.Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 45.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 46.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 47.Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 48.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(008)-622/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar