Məhkəmə qərarları › İş №2(103)-3640/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3640/2024

14.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3640/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maliyyə arayışının təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1060/2024 nömrəli qətnaməsindən Cavabdeh MTK-nın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış “mənzil tikintisi haqqında” xx.xx.2008-ci il tarixli 228 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Məmmədov küçəsi, 29/42-ci məhəllə, ev 5/1-də yerləşən 51 nömrəli mənzilin pay haqqı tam ödənildiyindən mənzilin dəyərinin ödənilməsi və borcun olmaması barədə maliyyə arayışının Cavabdeh MTK tərəfindən iddiaçıya verilməsi barədə qətnamə qəbul edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, iddiaçı tərəfindən həmin mənzilin dəyərinin ödənilməsi və borcunun olmaması barədə maliyyə arayışının iddiaçıya təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Bakı şəhəri, X.Məmmədov küçəsi, 29/42-ci məhəllə, ev 5/1-də yerləşən 51 nömrəli mənzilə dair İddiaçı ilə "xxxx" MTK arasında “mənzil tikintisi haqqında” xx.xx.2008-ci il tarixli 228 saylı müqavilə bağlanıb (iş v. 12). Sonradan "xxxx" MTK ləğv edilib, onun öhdəlikləri Cavabdeh MTK-ya keçib. İddiaçı həmin müqavilə üzrə öhdəliyini icra edib. Belə ki, bundan əvvəl başqa mülki işdə MTK iddia verərək müqavilə üzrə borcun ödənilməsini tələb etmiş, qətnamə ilə iddia rədd olunmuş, qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyinin qalması müəyyən edilmir (iş v. 4, 25). Göründüyü kimi, iddiaçı borclu kimi öhdəliyini icra edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə görə, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. İddiaçının tələb etdiyi maliyyə arayışı mahiyyətcə icranın tamamilə qəbul edildiyini təsdiq edən sənəd sayılır, iddiaçı öhdəliyi icra etdiyinə görə maliyyə arayışının verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1060/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar