Məhkəmə qərarları › İş №2(103)-3641/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3641/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3641/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz, yəni qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərərin əvəzi olaraq 2.615 manat, təbii qazdan qanuni istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə yarandığı debitor borcunun ödənilməsi məqsədi ilə 3.273,25 manat, yeni tarifə keçidlə əlaqədar yaranmış borcun ödənilməsi məqsədi ilə 50,50 manat, hazırki iddianın məhkəməyə verilməsi məqsədilə alınmış hüquqi yardıma görə Birliyin çəkdiyi xərcin əvəzi olaraq 300 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 65 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent olan cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında iddiaçıya məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana iddiaçı Birliyin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh, onunla Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Belə ki, Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən fotoşəkillər çəkilmişdir. Qeyd olunan aktlar (cəmi 7 akt) əsasında aparılmış araşdırmalar və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərər 2.615 manat məbləğindədir. Təbii qazdan qanuni istifadə etməsinə görə isə cavabdehin iddiaçı Birliyə 3.273,25 manat məbləğində debitor borcu yaranmış, lakin cavabdeh həmin borcu ödəməkdən yayaınmışdır. Bundan başqa yeni tarifə keçidlə əlaqədar cavabdehin iddiaçı Birliyə 50,50 manat borcu yaranmışdır. Cavabdeh bu borcu da ödəməmişdir. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, hazırki iddianın məhkəməyə verilməsi məqsədilə hüquqi yardım almaq və bu zaman hüquqi yardıma görə 300 manat xərc çəkmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 65 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 1.098,25 manat, vurulmuş maddi zərərin əvəzi olaraq 540 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 36,38 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, “Qazdan istifadə Qaydalarının” və onunla iddiaçı Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilənin tələblərini kobud surətdə pozmuş, qaz sayğacından kənar təbii qazdan istifadə etmişdir. Birliyin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edərək ayrı-ayrı vaxtlarda cəmi 7 akt tərtib etsələr də, cavabdehdən iddiaçı Birliyin xeyrinə sonuncu tərtib edilmiş 1 akt – xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesablama nəticəsində müəyyən edilmiş məbləğ – 540 manat tutulmalıdır. Çünki əvvəlki 6 ədəd akt tərtib edilən zaman, Birliyin əməkdaşları aşkar etdikləri qanunsuz çəkilmiş qaz xəttini ləğv edərək bu barədə müvafiq aktlar tərtib etməli idilər. Lakin Birliyin təqdim etdiyi sənədlər arasında “qanunsuz çəkilmiş xəttin ləğv edilməsi barədə” aktlar yoxdur. Halbuki, iddiaçı Birlik həmin aktlar üzrə zərərin tutulması üçün daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçı olan cavabdehin 2 il (2017-2018 illər) ərzində qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının əlacsız qalaraq, yalnız faktın aşkar edilməsi barədə akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Buna görə də, cavabdehdən iddiaçı Birliyin xeyrinə yalnız bir akt üzrə hesablanmış borc – 540 manat tutulmalıdır. 6 akt əsasında hesablanmış borc isə cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmamalıdır. Bundan başqa, Birliyin təqdim etdiyi sənədlər əsasında müəyyən edilir ki, təbii qazdan qanuni istifadə etməsinə görə və yeni tarifə keçid ilə bağlı cavabdehin iddiaçı Birliyə debitor borcu yaranmış, lakin cavabdeh həmin borcu Birliyə ödəməmişdir. Birliyin hesablamalarına görə qanuni istifadə görə yaranmış debitor borcun 3.273,25 manat, yeni tarifə keçid ilə bağlı yaranış borcun 50,50 manat, yəni cəmi 3.323,75 manat məbləğində olduğunu bildirsə də, işdə olan sənədlərdən görünür ki, cavabdehin 2020-ci il üzrə 267,2 manat, yeni tarifə keçidlə əlaqədar 47,2 manat, 2021-ci il üzrə 831,05 manat, yeni tarifə keçidlə əlaqədar 3,3 manat, cəmi isə 1.098,25 manat məbləğində debitor borcu vardır. Buna görə də, həmin məbləğ də, cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmalıdır. Daha sonra nəzərə alınmalıdır ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Birlik tərəfindən 65 manat məbləğində dövlət rüsumu ödənilsə də, iddia qismən təmin edildiyi üçün rüsumun əvəzi olaraq cavabdehdən iddiaçı Birliyin xeyrinə 36,38 manat məbləğində pul tutulmalıdır. Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aldığı hüquqi yardıma görə vəkilə ödəmiş olduğu 300 manatın cavabdehdən Birliyin xeyrinə tutulmasını xahiş etsə də, bu xərcin onun tərəfindən çəkildiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, həmin xərc cavabdehdən Birliyin xeyrinə tutula bilməz. c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə iddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianın bir qismini əsassız olaraq təmin etməmişdir. Həmin hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. İddiaçı Birliyin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

8. İş üzrə cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

9. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının həddi barədə məlumat

10. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı Birliyin apellyasiya şikayətinin məzmunundan görünür ki, Birlik də iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

11. Bunları nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı Birlik ilə cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı olan iddiaçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qazpaylayıcısı olan Birlik tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydalarının” tələblərinə əməl etməlidir. Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus evə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə edir. Bununla bağlı müxtəlif tarixlərdə 2017-2028-ci illər ərzində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar (cəmi 7 akt) tərtib edilmişdir. Həmin aktlar əsasında ASC tərəfindən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Birliyə cəmi 2.615 manat məbləğində ziyan vurulmuşdur.

15. Yuxarıda qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edərək ayrı-ayrı vaxtlarda cəmi 7 akt tərtib etsələr də, cavabdehdən iddiaçı Birliyin xeyrinə sonuncu tərtib edilmiş 1 akt – xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında aparılmış hesablama nəticəsində müəyyən edilmiş məbləğ – 540 manat tutulmalıdır.

16. Rayon Məhkəməsinin istinad etdiyi xx.xx.2020-ci il tarixli aktdan görünür ki, təbii qazdan qanunsuz istifadə nəticəsində Birliyə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərinə daxili borunun en kəsiyindən keçən qazın maksimal saatlıq sərfi 2,5 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 540 manat məbləğdə zərər hesablanmışdır.

17. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixdən etibarən digər aktlar (cəmi 6 akt) da eyni qayda ilə tərtib edilmiş və eyni üsulla zərər hesablanmışdır.

18. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 13.). Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar (maddə 22.).

20. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (bənd 4.2.). Qaz sayğaclarının üzərində müvafiq Dövlət Xidmətinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (bənd 4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (maddə 4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (maddə 4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 4.9.).

23. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, digər 6 aktda göstərilən cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadə edilməsini təsdiq edən hər hansı sübutun, ən əsası isə “qanunsuz çəkilmiş xəttin ləğv edilməsi barədə” aktların iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halların həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyrimümkün edir. Çünki iddiaçı Birlik həmin 6 akt üzrə zərərin tutulması üçün daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi ilə bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçı olan cavabdehin illər (2016-2020) boyu qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının əlacsız qalaraq, yalnız faktın aşkar edilməsi barədə akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.

24. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, 6 akt əsasında hesablanmış borcun cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmaması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir.

25. Bundan başqa Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin edərək, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə - 3.273,25 manat və yeni tarifə keçid ilə bağlı yaranmış borcun ödənilməsi məqsədi ilə 50,5 manat, cəmi 3.323,78 manat deyil, cəmi 1.098,25 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini qət etməkdə də, haqlı olmuşdur.

26. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, cavabdehin 2020-ci il üzrə 267,2 manat, yeni tarifə keçidlə əlaqədar 47,2 manat, 2021-ci il üzrə 831,05 manat, yeni tarifə keçidlə əlaqədar 3,3 manat, cəmi isə 1.098,25 manat məbləğində debitor borcu vardır.

27. Daha sonra Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin edərkən, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Birlik tərəfindən ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun bir hissəsinin – 36,384 manatın cavabdehə, qalan hissəsini isə iddiaçı Birliyin özünə aid etməkdə haqlı olmuşdur.

28. Belə ki, MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).

29. Eyni zamanda Məhkəmə bildirir ki, Rayon Məhkəməsi iddiaçı Birliyin cavabdehdən onun xeyrinə hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzini, bu xərcin real olaraq çəkilməsinin sübuta yetməməsi əsası ilə tutmamaqda haqlı olmuşdur. Çünki qeyd edilən xərcin əvəzinin cavabdehdən tutulmasını xahiş edən Birlik, bu xərcin onun tərəfindən çəkildiyini təsdiq edə biləcək sübutları həqiqətən də Rayon Məhkəməsinə təqdim etməmişdir.

30. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Hazırki iş üzrə iddiaçı Birliyin iddia tələbi (2.615+3.273,25+50,5=) 5.938,75 manat olmuş (365 manat məhkəmə xərclərinə aid olduğundan iddia tələbinin məbləğinə aid deyil), işə baxmış Rayon Məhkəməsi isə iddianı qismən təmin edərək (1.098,25+540=) 1.638,25 manat məbləğində pulun cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmasını qət etmişdir. Belə olan halda müəyyən edilir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamənin iddiaçı Birlik tərəfindən mübahisələndirilə biləcək hissəsinin məbləği 5.000 manatdan azdır, (5.938,75-1.638,25=) 4.300,5 manatdır.

34. Buna görə də qəbul edilməlidir ki, iddiaçı Birlik hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

35. Hazırki qətnamədən cavabdeh də kassasiya şikayəti verə bilməz.

36. Belə ki, MPM-nin 403.1-ci maddəsinə görə, MPM-nin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamələrdən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

37. İşdən isə görünür ki, hazırki iş üzrə cavabdehin təmin olunmayan tələbi mövcud deyil. O, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verməmiş, Məhkəmə də, Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını, qətnamədən iddiaçı Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddianın bir qisminin təmin edilməməsi barədə hissədə yoxlamışdır.

38. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar