Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3641/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun etirafı, borcun ödənilməsi, qətnamənin düzgün əsaslandırılmaması, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixdə yazdıqları əlyazısında İddiaçı 20 000 manat pul aldıqlarını və 2014-cü ilin sonuna qədər qaytaracaqlarını bildirmişlər.
2. Cavabdeh1 xx.xx.2014-cü il tarixdə yazdığı əlyazısında göstərmişdir ki, xx.xx.2014-cü il tarixdə İddiaçı götürdüyü 25 000 dollar pulu ilin sonuna qədər qaytaracaqdır.
3. İddiaçı və X1 Cavabdeh1 və Cavabdeh2 onlardan aldıqları pulu qaytarmamaları ilə bağlı şikayətləri əsasında Bakı şəhəri Nəsimi RPİ-də araşdırma aparılmış, 24 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd olunaraq İddiaçı və Natavan Abbasovaya mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.
4. Həmin araşdırma zamanı izahatı alınan X2 bildirmişdir ki, Cavabdeh1 30 il olar tanıyır. Cavabdeh1 əvvəllər dövlət işində işləmiş, Cavabdeh2 Fəxrəddin oğlunu isə Cavabdeh1 görə bir neçə il bundan əvvəl tanımışdır. Kamranın həyat yoldaşını da tanıyır. 2014-cü ilin oktyabr ayının əvvəllərində Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Cavabdeh1la rastlaşmış, söhbət əsnasında Kamran ona demişdir ki, Rusiya Federasiyasından Azərbaycan Respublikasına mal vurur, ona təcili 20 000 manat pul lazımdır, ona borc olaraq iki ay müddətinə 20 000 manat borc pul capmaqda kömək etsin. Kamrana demişdir ki, borc verməyə pulu yoxdur, lakin ona kömək edəcəkdir. Bu səbəblə xx.xx.2014-cü il tarixdə yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, 23 nömrəli binanın qarşısında Kamranla görüşüb ona 20 000 manat pulu borc olaraq vermişdir. Həmin gündən təxminən bir ay sonra Kamran onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, ona yenə 25 000 ABŞ dolları pul lazımdır, 25 000 ABŞ dolları borc pul tapmağa kömək etsin. Qərara almışdır ki, Kamrana köməklik edib ona borc pul versin. Lakin yenə də ona borc pulu başqa şəxsdən tapıb verəcəyini bildirmişdir. xx.xx.2014-cü ildə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, 23 nömrəli binanın qarşısında Kamranla görüşüb ona 25 000 ABŞ dollarını borc olaraq vermişdir. Kamran söz vermişdir ki, iki ay müddətinə borc verdiyi 20 000 manat və 25 000 ABŞ dollarını qaytaracaqdır. Lakin həmin vaxtdan iki ay keçməsinə baxmayaraq pulları qaytarmamışdır. Kamran ondan borc pul götürəndə demişdir ki, Cavabdeh2 Fəxrəddin oğlu ilə birlikdə alver edir. O da Kamrana demişdir ki, “sən məni aldadırsan, Telman adlı şəxsi yanıma gətir ki, sənə inanım". Kamran onun yanına bir nəfər kişini gətirib Cavabdeh2 Fəxrəddin oğlu olduğunu bildirmiş, lakin o, Telmanın sənədinə baxmamışdır. Telman da söz vermişdir ki, “narahat olmasın, ondan aldıqları pulu ona qaytaracaqlar”. Hətta Kamran 20 000 manat və 25 000 ABŞ dollarını ondan almağı barədə Telman və özünün adından imzalanmış formada yazılı izahat gətirib vermişdir. Beləliklə, Kamran hər dəfə ondan borc aldığı 20 000 manat və 25 000 ABŞ dollarını qaytaracağına söz versə də, indiyə qədər ona olan borcunu qaytarmamışdır. Kamranın borcu qaytarmadığını görüb məcbur olub Kamrandan polisə şikayət etmişdir.
5. Araşdırma zamanı izahatı alınan Cavabdeh1 bildirmişdir ki, X1 və İddiaçı müraciətində göstərdikləri ilə tanış olmuşdur. Natəvan Abbasovanın mərhum əri Hakim Abbasov ilə şərik olmuş, Hakim Abbasovu 2012-ci il tarixdən tanımışdır. Həmin vaxtlar Hakim Xaçmaz rayon “Kapital Bank” filialının müdiri idi. Cavabdeh2 da onun tələbə yoldaşıdır, onlar birlikdə Bakı şəhərində İqtisad Universitetində təhsil almışlar. İddiaçı 1998-ci ildən tanıyır, münasibətləri normal olmuşdur. 2014-cü ildən 2015-ci ilə qədər Cavabdeh2la şərik olaraq biznes sahəsində işləmişdir. Həmin vaxtlar Hakim Abbasov də onlarla şərik olaraq işləmişdir. Sonradan isə Hakim Abbasov bizneslərinə qoyduğu pulları geri götürmüş, lakin ara bir faizə onlara pul vermişdir. 2014-cü ilin sonlarında o, rəhmətlik Hakim Abbasov ilə telefon əlaqəsi saxlayıb təcili olaraq pul lazım olduğunu bildirmişdir. Hakim Abbasov demişdir ki, yaxın günlərdə ona köməklik edəcəkdir. Hakimlə danışdıqdan sonra Lətifə onun mobil telefonuna zəng vurub onunla danışmış, pul lazım olduğu təqdirdə faizə vermək şərti ilə köməklik edə biləcəyini demişdir. Başa düşmüşdür ki, Lətifəyə Hakim zəng vurub demişdir, çünki Lətifənin maddi vəziyyəti yaxşı deyildi, Hakim öz adı hallanmasın deyə, Lətifənin vasitəsilə ona faizə pul vermək istəyir. Ona həmin vaxt təcili pul lazım olduğu üçün Lətifədən 20 000 manat borc pul istəmişdir. Lətifə hər ay 6 faizlə ödəmək şərtilə 20 000 manat pulu 2014-cü ilin oktyabr ayında ona yaşadığı binanın qarşısında vermişdir. Həmin vaxtdan bir ay sonra 2014-cü ilin noyabr ayında Lətifədən 25 000 ABŞ dolları pulu hər ay 6 faizlə ödəmək şərtilə yaşadığı binanın qarşısında almışdır. Həmin vaxtdan sonra aldığı pulların faizini ödəmiş, 2014-cü ilin sonunda isə Lətifədən aldığı 20 000 manat və 25 000 ABŞ dolları pulu ona tam ödəmişdir. Onun Lətifəyə, həmçinin Natəvan Abbasovaya hər hansı bir borcu yoxdur. İddiaçı yalan danışır, ondan aldığı 20 000 manat və 25 000 ABŞ dolları pulu ona ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 20 000 (iyirmi min) manatın və 25 000 (iyirmi beş min) ABŞ dollarının (günün məzənnəsi ilə 42 500 manat) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onu aldadaraq etibarından sui-istifadə etmiş və iş qurmaq adı ilə ondan 20 000 (iyirmi min) manat və 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul alıb geri qaytarmamışdır. Cavabdehləri 20 ildən çoxdur tanıyır. Cavabdeh1 20 000 manatı xx.xx.2014-cü il tarixdə, 25 000 (iyirmi beş min) ABŞ dollarını isə xx.xx.2014-cü il tarixdə vermiş, 25 000 ABŞ dollarını Cavabdeh1 verərkən onun yanında digər Cavabdeh2 da olmuşdur. Hətta onların hər ikisi həmin məbləğdə pulu ondan aldıqlarına dair qəbz yazmışlar. Onlar ona söz vermişlər ki, bu pulu qısa müddətə, yəni 2014-cü ilin sonuna kimi qayataracaqlar. Dəfələrlə hər iki şəxsdən pulunu geri tələb etsə də, onlar ona hədə qorxu gələrək pullarını geri qayatarmaqdan imtina etmişlər. Kamrana pulu Memar Əcəmi metrosunun yanında, Cavadxan küçəsi 23-də verib. Lakin Kamran vədinə xilaf çıxaraq pulu mənimsəmiş, onu aldatmışdır. Cavabdehlər ondan pulu iş qurmaq adı ilə almışdılar. Dəfələrlə cavabdehlərdən pulunu geri istəsə də, onlar aldıqları pulu geri qaytarmamışlar. Onlara hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə isə, onlar nə polisdən, nə də dövlətdən qorxularının olmadığını bildirmişlər. Pulunu geri almaq üçün məcbur olub baş verən hadisə barəsində hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Faktla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılmış, polis idarəsində verdiyi izahatda Cavabdeh1 ondan həqiqətən 20 000 (iyirmi min) manat və 25 000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulu aldığını etiraf etmiş və bildirmişdir ki, guya həmin pulları geri qaytarmışdır. Lakin cavabdeh pulları geri qaytardığına dair heç bir sübut təqdim edə bilməmişdir. İş mülki xarakter daşıdığı üçün Nəsimi Rayon Polis İdarəsində 24 avqust 2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Cavabdeh1 nümayəndəsi (vəkili) məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 2014-cü ilin sonunda qaytarmaq şərti ilə xx.xx.2014-cü il tarixdə 20 000 manat, xx.xx.2014-cü il tarixdə isə 25 000 dollar borc vermiş, cavabdehin ona olan borcunu 2014-cü ilin sonunda qaytarmalı olduğunu isə indi yox, məhz 2014-cü ilin sonunda bilmişdir. Əgər həqiqətən də cavabdeh qeyd olunan borcunu ona qaytarmamış olsaydı, 7-8 il gözləməzdi və yəqin ki, bu müddət ərzində borcunu tələb etmək üçün indi olduğu kimi, həmin dövrdə də məhkəməyə müraciət edə bilərdi və buna heç kim maneçilik törətmirdi. Lakin iddiaçı Cavabdeh1 borc müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildiyi 2014-cü ilin sonundan keçən 8-9 il müddətində məhkəməyə müraciət etməmiş, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tututlmuş 3 illik iddia müddəti ərzində qeyd olunan müqavilə tələbləri üzrə iddia verməmişdir.
10. Cavabdeh2 nümayəndəsi (vəkili) məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində, məhkəmədə edilən çıxışlarında və qarşı tərəfin verdiyi suallara cavab olaraq, iddia edilən məbləği məhz Cavabdeh1 verməsini göstərmiş, pulun Cavabdeh2 verilməsini göstərməmiş və buna dair dair heç bir sübut məhkəməyə təadim etməmişdir. Bundan başqa iddiaçının cavablarından açıq-aşkar görünür ki, iddiaçı Cavabdeh1 borcu 2014-cü ilin sonunda qaytarmaq şərti ilə vermişdir. Beləliklə də, Cavabdeh1 ona olan borcunu 2014-cü ilin sonunda qaytarmalı olduğunu indi yox, məhz 2014-cü ilin sonunda bilmiş və həmin andan Cavabdeh1 qeyd olunan borcunu ona qaytarmamasını özünün hüquqlarının pozulması kimi dərk etmişdir. İddiaçı həmin andan da borcunu tələb etmək üçün məhkəməyə müraciət edə bilərdi və buna heç kim maneçilik törətmirdi. Lakin iddiaçı Cavabdeh1 borc müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildiyi 2014-cü ilin sonundan keçən 10 ilə yaxın müddət ərzində məhkəməyə müraciət etməmişdir.
11. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.
12. Birinci instansiya məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
13.1. İddiaçı və cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 20 000 manat pulun, iddiaçı və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 25 000 ABŞ dolları pulun borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli qəbzlərlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabdehlər hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. 13.2. İş materiallarında olan qəbzlərdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan aldıqları 20.000 manat pulu 2014-cü ilin sonuna qədər qaytarmağı öhdələrinə götürmüşdür. Eyni zamanda Cavabdeh1 iddiaçıdan aldığı 25.000 ABŞ dolları pulu 2014-cü ilin sonuna qədər qaytarmağı öhdəsinə götürmüşdür. İddia isə xx.xx.2023cü il tarixdə qaldırılmışdır. Belə olan halda qanunla müəyyən olunmuş iki illik iddia müddəti ötmüş, cavabdehlər bu barədə yazılı ərizə vermişdirlər. Bu hal iddianın rədd edilməsi üçün əsasdır.
14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 337.1-ci, 337.4-cü, 337.5-ci, 372.2-ci, 375.2-ci, 386.1-ci, 739.1-ci, 740.2-ci, 1091-ci, 1092ci, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına istinad etmişdir.
15. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, borc müqaviləsinin yazılı bağlandığını nəzərə almadığını, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahat
17. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi (vəkili) ərizə ünvanlayaraq Şirvan İnzibati Məhkəməsində prosesdə iştirak etməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.
18. İşin halları, iddiaçının nümayəndəsinin (vəkilinin) ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
32. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
36. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
37. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
40. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Yuxarıda qeyd olunduğu kimi məhkəmə gəldiyi nəticəni, iddiaçının cavabdehlərə borc pul verməsinə dair müqavilələrin qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız olması, bu səbəblə cavabdehlərin hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlandıqları, lakin iddiaçının iki illik iddia müddətini ötürməsi səbəbindən iddianın təmin edilməməli olması qənaəti ilə əsaslandırmışdır.
50. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, buna görə qətnaməni düzgün əsaslandırmamışdır.
51. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
52. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır.
53. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
54. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
55. İşin hallarından görünür ki, cavabdehlər xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə yazdıqları əlyazılarında iddiaçıdan pul aldıqlarını və 2014-cü ilin sonuna qədər qaytaracaqlarını bildirmişlər.
56. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin məhz borc və borcun etirafı müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehlərin iddiaya etirazlarının dəlilləri kontekstində ilk növbədə iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olub-olmadığı məsələsinə qiymət verilməlidir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz”.
58. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır və hazırki işdə iddia müddətinin axımı tərəflər arasında öhdəlik münasibətlərinin icrası müddətinin başa çatdığı 2014-cü ilin sonlarından hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə iddia müddəti 2014-cü ilin sonlarından sonra keçən 3 ilin sonunda bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir.
59. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsi bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-641/2024 saylı iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov