Məhkəmə qərarları › İş №2(103)-3643/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3643/2024

05.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3643/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3643/2024 (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi (anası) X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-634/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 05 iyun 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.500 manat məbləğində vurulmuş zərər, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək düşən məzuniyyət haqqı 2.000 manat və dövlət rüsumu üçün ödənilmiş 136.90 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti ilə baglı xx.xx.2021-ci ildə "xxxx" MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş Əmək Müqaviləsi müddətli bağlanmış və xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmazlıqlara yol verməmişdir. İş fəaliyyətinə başladığı bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan (iş vaxtı onun saçlarının fenlə düzləşdirməyini, iş vaxtı avtomobil vasitəsilə onun övladını evdən götürərək müəllim yanına hazırlığa aparmağını, sonra isə evə geri gətirməyini və digər şəxsi məsələlər) tapşırıqlar və göstərişlər verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq vermədiyi üçün, lakin iş fəaliyyəti ilə bağlı heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin ona yersiz etirazları ilə qarşılaşmış və xx.xx.2021-ci ildə AR ƏM-nin 70-ci maddəsinin "d" bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xəbərdarlıq olunmadan əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Bu hal ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və Əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aranızda bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən işdən azad olunmağım barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin № 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-iX049 saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, Hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 nömrəli, xx.xx.2022 tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsindən də kassasiya şikayəti versə də, Ali Məhkəmənin 2(102)-5682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X9 3 aylıq müddətə bağlanmışdır və bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün Apellyasiya Məhkəməsi tərəfindən Əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli Ekspert Rəyində tədqiqatın nəticəsi olaraq Əmək Müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. Ali Məhkəmənin sözügedən qərarı xx.xx.2022-ci ildə çıxsa da, indiyədək icra olunmumamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə "xxxx" MMCdə işə bərpa olunduğunu öyrənsə də, yenidən rəhbərlik tərəfindən işə buraxılmamış və xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh tərəfindən qətnamə və qərarların icrasına könülsüzlük nümayiş etdirildiyini gördükdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixlərdə iş yerinə gedərək mövcud vəziyyətlə maraqlanmışdır. Orada ona hədəqorxu gəlmiş, problemlər yaradacağını və burada işləməyinin mümkün olmayacağını bildirmişdirlər. Bundan sonra cavabdehin işçiləri tərəfindən əmək fəaliyyətinin həyata keçirilməsinə icazə verilmədiyini öyrənmiş və dərhal Əmək Müfəttişliyinə şikayət etmişdir. İşlə bağlı Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparıldı və yekunda cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələnməsi barədə məlumat verilmişdir. Məzuniyyət haqqı ödənilməməsi və 2 ay 11 gün gecikən əmək haqqının ödənilməməsi ilə bağlı cavabdeh qurum 2 dəfə cərimələnmişdir. Sözügedən məktub ona təqdim edilən kimi iş materiallarına əlavə ediləcəkdir. Cavabdehin xx.xx.2023cü il tarixli, 52/K-A nömrəli xitam əmrinin ləğv edilməsi və digər tələblərlə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişatında cavabdeh xx.xx.2023-cü il tarixdə onu işə bərpa etdiyi üçün iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2023cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manat cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manat "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bütün bu hadisələrdən dərs çıxarmayan cavabdeh 3-cü dəfə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə onu işdən azad etmişdir. xx.xx.2023-cü il tarixli, 92/K-A nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu dəfə də cavabdehin verdiyi əmr kobud hüquq pozuntuları ilə müşayiət edilmişdir. Sonradan Nəsimi rayon Məhkəməsinə 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməyə izah verilməsinə dair mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən ərizə daxil olmuş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-nin qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət üçün ona əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Daha sonra cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə şikayətlə müraciət olunaraq Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Ramin Xəlilov) şikayət təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün- xx.xx.2021-ci il tarixdən xx.xx.2021-cü il tarixədək müddət üçün ona əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Həmin qərardaddan tərəfindən şikayət verilsə də, Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4705/2021 saylı qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Həmin qərardaddan tərəflərindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardadda qeyd edilmişdir: "Göründüyü kimi, əmək qanunvericiliyi məhkəmə qətnaməsi ilə məcburi iş buraxma üçün ödənilməli olan əmək haqqı ilə işçiyə dəymiş zərəri fərqləndirir. Zərərin ödənilməsi ilə bağlı işçinin iddiası olduğu təqdirdə məhkəmə qətnamə çıxarır. Həmin zərərə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı da aid edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək yalnız məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir, iddiaçının əmək müqaviləsinin müddəti bitdikdən sonra işləmədiyi müddətin orta əmək haqqının zərər kimi cavabdehdən tutulması ilə bağlı isə qətnamə qəbul edilməmişdir." Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadında da vurulmuş zərərlə bağlı ayrı iddia qaldırılmalı olduğu qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehin qanunsuz əməlləri nəticəsində işsiz qalmış və zərərə məruz qalmışdır. Həmin tarixlər üçün yığılmış əmək haqqının məbləği 13.500 manatdır. Həmin məbləğ cavabdeh tərəfindən ona vurulan ziyandır.

3. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.942 manat məbləğində vurulmuş maddi zərər, 15.000 manat məbləğində mənəvi zərər, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək düşən məzuniyyət haqqı 2000 manat və dövlət rüsumu üçün ödənilmiş 195 manat məbləğində pulun Cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qanunsuz əməllərinə görə səbəb olduğu məhkəmə mübahisələrinə görə onun əlavə xərcləri də olmuşdur. Belə ki, bu məhkəmə mübahisələri zamanı onun yol xərci, poçt xərci, kağız və çap işlərinə görə xərc, vəkillər və atasına verdiyi etibarnamələr üçün xərc, telefon danışıqları üçün xərclər də düşünür ki, cavabdehdən tələb edilməlidir. Eyni zamanda bildirmək istəyir ki, "xxxx" MMC tərəfindən onun əmək müqaviləsi saxtalaşdırıldığı üçün bununla bağlı Nəsimi rayon Polis İdarəsinə və müvafiq Prokurorluğa müraciət etmişdir. Göründüyü kimi bütün bu hüquq mübahisələri zamanı onun kifayət qədər əlavə xərcləri olmuşdur. Belə ki, vəkillər və atası üçün verdiyi etibarnamələr, poçt xərcləri ilə bağlı müəyyən qəbzləri saxlasa da, yol xərci və telefon danışıqları üçün edilən xərclərin qəbzlərini saxlamaq mümkün olmamışdır. Əlavə xərclərin siyahısı aşağıdakılardır: 1. Yol xərci- 2500 manat; 2. Poçt xərci- 600 manat; 3. Telefon danışıqları xərci- 700 manat; 4. Vəkillər və atasına verdiyi etibarnamələr üçün xərc- 42 manat; 5. Kağız və çap işlərinə görə xərc- 600 manat. Bununla yanaşı bildirmək istəyir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 4 ilə yaxın müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalmıdır. Məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Bütün bu proseslərin içində onunla yanaşı mübarizə aparan atası Vəlizadə Tahir xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, atasının vəfat etməsinin əsas səbəbi cavabdehin qanunsuz əməlləri nəticəsində dərin stres və mənəvi sarsıntı keçirməsidir. Atasının hər dəfə ona dediyi "hələ mən həyattayam, bunlar belə edirlər, mən olmasam, Allah bilir, nələr edərlər" cümlələri onun məhz bu stres və mənəvi sarsıntıdan rəhmətə getməsinin göstəricisidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X11 Xidmətinin verdiyi sənəd də bu nüansı bir daha təsdiq edir. Belə ki, xx.xx.2023-cü il tarixində o, atası və digər ailə üzvləri ilə birgə "xxxx" MMC-də olmuş və MMC-nin rəhbərliyi və əməkdaşlarının onlarla saymazyana danışması və hədə-qorxu gəlməsi nəticəsində atası özünü pis hiss etmiş və onlar məcbur qalıb X11 çağırmışdırlar. Ona dəyən mənəvi zərərin həcmi 15.000 manatdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-634/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən nümayəndənin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 11,5 manat məbləğində pul və 0,06 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun tutularaq İddiaçı xeyrinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 386.1, 1096, 1097.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 47.2, 76.1, 76.2, 77.1, 80, 81, 82.3, 88, 121.1, 217.3, 217.4, 218.1, 357.1, 403.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti və mülahizə verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslanlandırılmış və əlavə olaraq göstərilmişdir ki, Əmək Məcəlləsinin 179.2-ci maddəsində işçinin iş yeri və əmək haqqının saxlanılması halları müəyyən edilmişdir. Həmin hallardan biri kimi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etmək nəzərdə tutulmuşdur. İddiaçı fərdi əmək mübahisəsinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdiyi üçün onun orta əmək haqqının saxlanılması labüd idi. Həmin normanı cari işə tətbiq etsə, anlaşılır ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə iddiaçının orta əmək haqqı saxlanılmalı və işəgötürən tərəfindən tam şəkildə ödənilməli idi. Əmək qanunvericiliyi məhkəmə qətnaməsi ilə məcburi iş buraxma üçün ödənilməli olan əmək haqqı ilə işçiyə dəymiş zərəri fərqləndirir. Zərərin ödənilməsi ilə bağlı işçinin iddiası olduğu təqdirdə məhkəmə qətnamə çıxarır. Həmin zərərə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı da aid edilir. İşdən görünür ki, daha öncəki məhkəmə işinə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək yalnız məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir, iddiaçının əmək müqaviləsinin müddəti bitdikdən sonra işləmədiyi müddətin orta əmək haqqının zərər kimi cavabdehdən tutulması ilə bağlı isə qətnamə qəbul edilməmişdir.” Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadında da vurulmuş zərərlə bağlı ayrı iddia qaldırılmalı olduğu qeyd edilmişdir. Əmək Məcəlləsinin 195-ci maddəsinin “a” bəndi də İddiaçı hüquqlarının qorunmasının labüdlüyünü daha da artırır. Belə ki, 195-ci maddə işəgötürənin işçiyə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıdığı halları sadalayır. Həmin hallardan biri kimi əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi öz əksini tapmışdır. Xüsusilə vurğulamaq yerinə düşər ki, iddiaçının qanunsuz formada işdən azad edilməsi ilə bağlı Cavabdeh MMC-nin direktoru X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş, iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılaraq şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (anası) X2 verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

10. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 125, hissə 7. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən və apellyasiya şikayəti yalnız iddianın təmin edilməyən hissəsindən verildiyindən instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. Kollegiya hesab edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

27. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir.

28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarındakı məhkəmə aktlarından göründüyü kimi tərəflər arasında daha öncə bir sıra məhkəmə mübahisələri olmuş və onlar bir-birilərinə bağlı olmaqla iddiaçının işə bərpası, o cümlədən ondan doğan tələblərinin məhkəmə müdafiəsindən irəli gəlmişdir. İddiaçı həmin mübahisələrin 2 ildən çox müddətə davam etməsi və cavabdeh tərəfindən proseslərin süni formada uzadıldığını qeyd etsə də, kollegiya hesab edir ki, göstərilən dəlil əsassız olmaqla hazırki iddia tələbinin təmin olunması üçün əsas hesab oluna bilməz.

29. Belə ki, məlum olduğu kimi mülki prosesdə məhkəmə iclasları çəkişmə prinsipinə uyğun aparılır və hər bir tərəfin həmin proseslər gedişatında qəbul edilən qərarları qanunvericilikdə müəyyən edilmiş qaydada mübahisələndirmək, özünü müdafiə etmək, arqumentlər irəli sürmək və ümumilikdə, məhkəmə müdafiəsindən istifadə etmək hüquqları vardır.

30. Hazırki iş üzrə cavabdeh olan "xxxx" MMC də qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etmiş və çəkişmə prinsipindən irəli gələrək öz müdafiəsini qurmağa çalışmışdır və işin bir neçə instansiyada mübahisələndirilməsinin müəyyən vaxt alması təbii bir prosesdir. Lakin bu hal o demək deyildir ki, cavabdeh bunu məhz iddiaçıya hansısa zərər vurmaq məqsədi ilə etmişdir və onun hərəkətləri ilə iddiaçıya hansısa birbaşa və real zərər dəyməmiş, həmin hərəkətlərlə mövcud nəticə arasında hər hansı səbəbli əlaqə olmamışdır.

31. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı özü də həmin işlər üzrə qanunvericiliklə ona tanınmış hüquqlardan istifadə edərək narazı qaldığı məhkəmə aktlarını bir neçə dəfə mübahisələndirmiş və öz dili ilə desək, özü də həmin proseslərin uzanmasında bir növ iştirak etmişdir. Halbuki iddiaçının əsaslandırmasına istinad etsək, o özü də bu proseslərin qısa müddətdə yekunlaşması üçün qəbul edilən aktlardan şikayət verməz və bununla da ona daha çox zərər vurulmasına şərait yaratmazdı. Lakin iddiaçının öz hüquqlarından istifadə edərək narazı qaldığı məhkəmə aktlarından şikayət verməsi, işin həllində maraqlı olmasında heç bir hüquqazidd əməl olmadığı kimi cavabdehin də eyni məsələ ilə bağlı günahlandırılması və onun bu hərəkətlərlə iddiaçıya zərər vurmasının iddia edilməsinin heç bir qanuni və hüquqi əsası yoxdur.

32. İddiaçı daha sonra öz apellyasiya şikayətində və iddia ərizəsində qeyd etmişdir ki, məhkəmə prosesləri əsassız olaraq 2 ilə yaxın müddətə uzadıldığına görə işsiz qalmışdır. Buna münasibətdə kollegiya qeyd edir ki, iddiaçı onunla bağlanılan əmək müqaviləsinin hər bir halda 3 aylıq müddətə bağlanıldığını və işəgötürənin bu müddəti uzatmaq niyyətində olmadığını bilmişdir. Həmçinin 2 ilə yaxın müddətə uzanan proseslər sırf işə bərpa tələbinə dair deyil, həmçinin məcburi işburaxma dövrünə görə ödənilməli olan pul vəsaiti və bundan doğan digər tələblərdən ibarət olmuş, lakin iddiaçı həmin müddət çərçivəsində başqa işə qəbul olunmaq üçün hər hansı addımlar atmamışdır.

33. İddiaçı birinci instansiya məhkəməsinin iclasında bir çox yerə iş üçün müraciət etdiyini, lakin heç bir müəssisə tərəfindən işə qəbul edilmədiyini bildirsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır.

34. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

37. Digər tərəfdən kollegiya qeyd edir ki, iddiaçının əmək müqaviləsinə hələ 2021-ci ildə sınaq müddətindən keçməməsi əsası ilə xitam verilmişdir və həmin əsas şəxsin yeni iş tapa bilməsinə hər hansı çətinlik törətməməklə əmək qanunvericiliyində bununla bağlı hər hansı məhdudiyyət mövcud deyildir.

38. Kollegiya apellyasiya şikayətinin digər dəlillərini də əsassız hesab edərək və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı yol, telefon danışıqları və kağız və çap işlərinə görə xərcləri ilə bağlı qəbzləri, yəni hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, apellyasiya şikayəti bu hissələrdə də rədd edilməlidir.

39. Daha sonra kollegiya iş materiallarına əlavə edilmiş poçt xərcləri ilə bağlı qəbzlərinə münasibətdə hesab edir ki, iddiaçı fərqli müəssisələrə və dövlət orqanlarına müraciət edərək, sadəcə qanunvericiliklə ona verilmiş hüququndan istifadə etmişdir və yuxarıda da qeyd edildiyi kimi şəxsin öz hüquqlarından istifadə etməsi nə onun ziyanına, nə də əlavə olaraq xeyrinə tövsif oluna bilməz. İddiaçının müxtəlif dövlət orqanlarına müraciət etməsi hansısa zərurətdən irəli gəlməmiş və sadəcə bu hüquqlarının realizəsi ilə baş tutmuşdur.

40. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının vəkillər və atasına verdiyi etibarnamələr üçün 42 manat məbləğində xərcinin əvvəlki məhkəmə proseslərinin nəticəsində verdiyi iddianın təmin olunan hissəsinə mütənasib olan 11.50 manat hissəsinin cavabdeh alınaraq iddiaçıya ödənilməsi, qalan hissənin isə iddiaçının özünə aid edilməsi ilə bağlı mövqeyi də əsaslı olmuşdur və həmin hissədə hansısa əlavə araşdırmaya zərurət yoxdur.

41. Həmçinin kollegiya iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək düşən məzuniyyət haqqı olan 2000 manat pulun cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, iddiaçı cavabdehin qanunsuz hesab edilmiş əmri əsasında yalnız müqavilə müddəti olaraq müəyyən edilmiş üç aylıq müddət ərzində ödənilməli olan əmək haqqından məhrum olmuş və həmin vəsaitlərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, o cümlədən müvafiq olaraq hesablanmış məzuniyyət pulunun ona ödənilməsi məsələsi artıq məhkəmənin qanuni qüvvəsini almış qətnamələri ilə həll olunmuş, həmin vaxtdan sonrakı dövr üçün isə dəymiş zərərin tələb edilməsinə hər hansı hüquqi əsasın olmadığı kollegiyanın yuxarıdakı mövqeyinə əsasən müəyyənləşdirilmişdir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

44. Kollegiya qeyd edir ki, iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı hissəsi təmin edilmədiyindən onunla əlaqədar olan mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbinin də təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir.

45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

47. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

5. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-634/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar