Məhkəmə qərarları › İş №2(103)-3645/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3645/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3645/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-813/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azəriqaz İB-in təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli aktından görünür ki, **********00000 nömrəli abonent İddiaçı mənzilində təbii qazdan sayğacdan kənar qeyri-qanuni stifadə etməsi faktı aşkarlanmışdır. Azəriqaz İB-in xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2024-cü il tarixli akta əsəsan, itirilmiş qaz sərfiyyatı 36720 m3 hesablanmışdır. Azəriqaz İB tərəfindən İddiaçı adına tərtib olunan saldodan müəyyən olunur ki, abonentə 2024-ci il üçün tərtib olunan aktlara görə 4406,40 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 4406,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən həyət evi iddiaçıya məxsusdur. Həmin evə **********00000 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, onun adına olan **********00000 saylı abonent hesabında 4406,40 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan və ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən ona aydın oldu ki, guya onun tərəfindən sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş, 36720 kubmetr qaz itkisi müəyyən edilərək onun hesabına 4406,40 manat dəymiş zərər məbləği yazılmışdır. xx.xx.2024-cü il tarixli, ******* saylı aktla razı deyil. Çünki o heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Borc məbləğləri qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Göründüyü kimi, əgər Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən əsassız və şişirdilmiş dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, qazın mövcud alqı-satqı müqaviləsində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin həmin müqavilənin 5.1-ci və 5.2-ci bəndlərində göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə qaydaları" - na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydalan”-nın tələblərinə, cavabdehlə onun aralarında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Belə olduğu halda qanunvericiliyin müəyyən etdiyi imkanlardan istifadə edərək bir müqavilə tərəfinin digər tərəfə münasibətdə məcburetmə tədbirlərin tətbiq edilməsi mümkünsüz olur və məcburetmə aktının etibarsızlığını, bunun əsasında isə pul tələbinin əhəmməyyətsizliyini təsdiq edir. Qeyd olunur ki, “Qazdan istifadə qaydaları”-na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən, istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən, istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Bundan başqa, hesab edir ki, məhkəmə işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını nəzərə alaraq, iddiaçı olaraq onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən evində olan qaz sayğacı üzrə Cavabdeh aktı əsasında məcburetmə tədbirinin tətbiq olunması, bu üsulla vurulmuş zərərin birtərəfli qaydada hesablanması və mülki-prosessual qanunla, habelə icra haqqında qanunvericiliklə tənzimlənən metodlardan kənar maliyyə-pul sanksiyasının tətbiq edilməsi yolverilməz sayılmalı, Cavabdeh qanuna zidd hərəkətlərinə son qoymalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, uşağı xəstəxanada olduğundan o evdə olmadığı dövrdə ona akt tərtib edilərək cərimə hesablanmışdır. Təbii qazdan kənar xəttə dair şəkildə qeyd edilən boru onun evinə aid deyil. Bu məsələ aradırılmadan ona qanunsuz olaraq cərimə yazılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-813/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı hesablanmış 4406.4 (dörd min dörd yüz altı manat, qırx qəpik) manat olan borcun silinməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya hesablanmış 4406.40 manat bocun yaranmasına əsas olan xx.xx.2024-cü il tarixli ******* nömrəli akt xx.xx.2022ci il tarixdən sonraki dövrdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilməsinə dair sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən həmin akt üzrə hesablanmış cərimə silinməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 360-cı maddələrinə, “Qaz təchizatı haqqında” qanunun 6.2, 13.8-1-ci maddələrinə, Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-813/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 4406,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirdikləri qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Bildirirlər ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçının yaşadığı ünvanda sayğacdan kənar qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeydiyyatsız qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu və s.). Birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsaydı iddia tələbini rədd edərdi. Belə ki, iddiaçının yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halı aşkar edilən zaman Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Odur ki, Məhkəmənin gəldiyi hazırki nəticə göstərilən prosessual hüquq normalarının pozulmasıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəflərindən təqdim olunan sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi mötəbər olmayan sübutlara istinad etməklə səhv nəticəyə gələrək, iddia tələbini təmin etmişdir. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, eyni zamanda da iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan təmin etmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Göstərilənlər və Məhkəmənin yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tətbiqində yol verdiyi pozuntular həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iCavabdehnə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.2 Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.6 Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Maddə 4.7 Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9 İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən, **********00000 nömrəli abonent İddiaçı məxsus sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyinin aşkar olunması qeyd edilmişdir. Kollegiya qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq cavabdeh sayğaca müdaxilə halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tərtib etdiyi tələbnaməyə əsasən, tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-813/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar