Məhkəmə qərarları › İş №2(103)-3646/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3646/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3646/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehiştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh, azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü Sevinc Əliyeva, xx.xx.2015-ci il təvəllüdlü Nəzrin Əliyeva və xx.xx.2017-ci il Amal Əliyevlə birlikdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 24 nömrəli evin, 30 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və qeydiyyatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh, iddiaçının oğlu ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə girməklə, 2012-ci ildən sözügedən mənzildə birgə yaşamışlar. Birgə nikahlarından üç övladları olmuşdur. Lakin birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan, azyaşlı uşaqların mənafelərini nəzərə almadan onların qeydiyyatdan çıxarılması və mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul etmişdir. Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayanlar, valideynlərindən birinin yanında qeydiyyatda olmalıdırlar. Cavabdehi məhkəmə qaydasında qeydiyyatdan çıxardıqdan sonra, onun heç yerdə qeydiyyatı yoxdur. Belə olan təqdirdə, azyaşlı uşaqlarının da qeydiyyatında problemlər yaranır. Məhkəmə iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iddiaçının oğlu ilə boşandıqdan sonra 2019-cu ilin sentyabr ayında mənzili tərk etmiş və ona məxsus əşyalarını götürmüşdür. Hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instnasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 24, 30 saylı mənzil xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Cavabdeh, xx.xx.2012-ci il tarixdə iddiaçının oğlu Zamin Əliyevlə nikaha girərək həmin mənzilə gəlin köçmüşdür. Bu nikahdan xx.xx.2013-cü ildə Sevinc Əliyeva, xx.xx.2015-ci ildə Nəzrin Əliyeva və xx.xx.2017-ci ildə Amal Əliyev adlı uşaqları doğulmuş, 2019-cu ilin sentyabr ayında Cavabdeh uşaqları ilə birlikdə mübahisəli mənzili tərk etmişdir. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqların Cavabdeh yanında qalması qət edilmişdir. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, Seriya MA, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Pirallahı Rayon Məhkəməsinin 2(094)-398/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, cavabdehin uşaqları ilə birlikdə mübahisəli mənzili tərk etdiyini, hazırda başqa ünvanda yaşadığını bildirərək, istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə, uşaqları ilə birlikdə kirayədə yaşadığını, mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılmalarının onun və azyaşlı uşaqlarının mənafeyinə zidd olduğunu bildirərək, iddiaya etiraz edir. Kollegiya mübahisənin hüquqi həlli bağlı qeyd edir ki, Cavabdeh, İddiaçı oğlu Zamin Əliyevlə xx.xx.2012-ci il tarixdə nikaha girərək, 2019-cu ilin sentyabr ayına kimi sözügedən mənzildə yaşadığından mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulamışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Baxılan işdə isə Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını İddiaçı tələb etmək hüququ yoxdur. Çünki, həmin Məcəllənin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansışərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin, tərəflər arasında mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən, Cavabdeh mübahisəli məznildən istifadə hüququ yoxdur. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-25/2020 saylı iş üzrə xx xxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar