Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3646/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi) “mənzilən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma və mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X16 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh1, onun nümayəndəsi və vəkili X14 iştirakları ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(008)-7411/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin 16 fevral 1998-ci il tarixli 215 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzili iddiaçıya verilmişdir. Bu barədə 17 fevral 1998-ci il tarixli 029131 saylı order tərtib olunmuşdur. 2.Həmin mənzilə Kəlbəcər rayonundan olan məcburi köçkünlər Cavabdeh1 ailə üzvləri ilə birlikdə məskunlaşdıqlarından, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər X7, Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi) “mənzilən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan övladları xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010- cu il təvəllüdlü X1 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzilindən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin 16 fevral 1998-ci il tarixli 215 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzili iddiaçıya verilmişdir. Bu barədə 17 fevral 1998-ci il tarixli 029131 saylı order tərtib olunmuşdur. Lakin, həmin mənzili Kəlbəcər rayonundan olan məcburi köçkünlər Cavabdeh1 ailə üzvləri ilə birlikdə qanunsuz zəbt etmişlər. Halbuki, onlar Sabunçu rayonunda məskunlaşmışlar. Cavabdehlər yaşayış sahələri ilə tam təmin edilmələrinə baxmayaraq, məcburi köçkün statusundan sui-istifadə edərək iddiaçıya məxsus mənzili boşaltmaqdan imtina edirlər. Lakin son vaxtlar qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı dövlətin həyata keçiridiyi siyasəti görərək belə qənaətə gəlmişdir ki, ölkə rəhbərliyi qaçqın və məcburi köçkünlərin yaşaması üçün bütün tədbirləri görmüşdür. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu Quşçuluq yaşayış massivində əlverişsiz şəraitdə kirayəlıərdə yaşayır. Dəfələrlə cavabdehlərə müraciət edərək iddiaçıya məxsus mənzildən çıxmalarını xahiş etmiş, lakin cavabdehlər bu günə kimi mənzili tərk etməmişlər. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim-Paşayeva Adilə) 11 dekabr 2019-cu il tarixli, 2(008)-7411/2019 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi təmin edilərək, cavabdehlər X15, Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X8 (xx.xx.2006-cı il təvəllüdlü) və X4 (xx.xx.2010-cu il təvəllüdlü) ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzilindən çıxarılməsı və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. 6.İş materiallarında olan xx.xx.1998-ci il tarixli, 029131 saylı Orderin surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamı əsasında X6 3 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzilindən istifadə hüququ verilmişdir. 7.İş materiallarında olan Azərbayca Respublikası Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayonu üzrə Sektorunun 246 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzilində (keçmiş qənnadı fabrikinin yaşayış binası Eldar Xəlilov 3) Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh1 (xx.xx.1978) 3 nəfər ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır və yaşayır. Cavabdeh1 ailə tərkibi Cavabdeh2 (xx.xx.1979, X9 xx.xx.2006, X4 xx.xx.2010) ibarətdir. 8.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzili Yasamal rayon İcra Hakimiyyətinin İH XDS-nin xx.xx.1998-ci il tarixli 215 saylı qərarı ilə xx.xx.1998-ci il tarixli 029131saylı order əsasında iddiaçı Məmmədova (Qurbanova) Nərminə İslam qızına 3 nəfər ailə tərkibi ilə verilmiş, lakin həmin mənzil məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt edilmişdir. 9.Məhkəmə hesab etmişdir ki, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın, məcburi köçkünlərin mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi, eyni zamanda mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malik olan İddiaçı hüquqlarını pozduğuna görə onlar mənzildən çıxarılmalı və sonuncu həmin mənzilə köçürülməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü: “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi: Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarına: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, 1993-cü ildən orada məskunlaşıb. O, orada təmirə görə 25000 manat xərc çəkmişdir. Mənzil Bakıxanovda yerləşsə də, sərəncamın Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilməsi anlaşılan deyil. İş üzrə qəbul edilmiş qərar, iş materiallarında olan sübutların obyektiv qiymətləndirilməsinə əsaslanmır, əsassız olaraq faktiki olaraq məxsus olan əmlak mülkiyyət hüququ olmayan şəxsə verilərək ailə üzvlərim oradan çıxarılmış və mülkiyyət hüquqlarım pozulmuşdur. Məhkəmə hüquq normalarını pozaraq hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili X20 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İzahatlarında əlavə olaraq qeyd etdilər ki, cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmayıb. 15.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, neçə illər bundan əvvəl cavabdehdən mənzildən çıxmasını xahiş etsələr də, cavabdeh bundan imtina etmişdir. Onun həyat yoldaşı qənnadı fabrikində işlədiyi üçün, Bakıxanovda olan mənzil onlara verilmişdir. Onlar orderin təsdiq olunmuş surətini də məhkəməyə təqdim etmişlər. Cavabdehin isə həmin mənzilə heç bir hüququ yoxdur. 16.İş üzrə digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 18.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 19.Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 20.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.Maddə 158.1.Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: -158.1.2. əmlakdan istifadə hüququ. 22.Maddə 158.4.Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 25.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 26.Maddə 387.2.2.İşdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
Apellyasiya baxışının hədləri
27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 30.Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onların iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. 31.Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehlərin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. 33.Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. 34.İş materillarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzili Yasamal rayon İcra Hakimiyyətinin İH XDS-nin xx.xx.1998-ci il tarixli 215 saylı qərarı ilə xx.xx.1998-ci il tarixli 029131saylı order əsasında iddiaçı Məmmədova (Qurbanova) Nərminə İslam qızına 3 nəfər ailə tərkibi ilə verilmiş, lakin həmin mənzil məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt edilmişdir. 35.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 36.Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 37.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 38.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (MM 158.1.2) 39.Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 40.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X13 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 41.Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. 42.Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 43.Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. 44.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiya hesab edir ki, X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(008)-7411/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, cavabdehlər X15, Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları X8 (xx.xx.2006-cı il təvəllüdlü) və X4 (xx.xx.2010-cu il təvəllüdlü) ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzilindən çıxarılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(008)-7411/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər X15, Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları X8 (xx.xx.2006-cı il təvəllüdlü) və X4 (xx.xx.2010-cu il təvəllüdlü) ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4083, 2 saylı evin 14 saylı mənzilindən çıxarılsınlar və İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev Fərrux Qasımov