Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3647/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Cavabdeh1 apellyasiya şikayəti vermə müddətin bərpa olunmasına dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7712/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7712/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərcin əvəzi olaraq 17144,34 manat, iddiaçının əldə edə biləcəyi gəlirdən məhrum olma ilə əlaqədar 4701,8 manat olmaqla, ümumilikdə 21846,14 manat məbləğində pulun Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilməsi, 155,54 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh1 MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 MMC Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 7712/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-7712/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 1767/2025 nömrəli qərardadına əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(011)-7712/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya Şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılmasının səbəbi dövlət rüsumunun tam məbləğdə (96 manat əksik ödəmə olmuşdur) ödənilmədiyi göstərilmişdir. Lakin, tərəflərindən Apellyasiya Şikayəti verilən zaman şikayət qəbul olunmuş, mümkünlüyü yoxlanılaraq iş Apellyasiya Məhkəməsinə göndərilmişdir. Rüsumun tam ödənilməməsi məhkəmə tərəfindən yoxlanılıb, onlara vaxtında məlumat verilsəydi, dərhal dövlət rüsumu tərəflərindən ödənilərdi. Apellyasiya Şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadından məlumatları olmamışdır. Yalnız İcra şöbəsindən zəng olunaraq, pulun ödənilməsi tələb olunduqda xx.xx.2025-ci il tarixdə onlara məlum olmuşdur ki, Apellyasiya Şikayətləri qeyri-mümkün hesab edilərək, iş məhkəməyə geri qaytarılmışdır. Bu barədə məhkəmə tərəfindən onlara heç bir məlumat verilməmişdir. Lakin bildirmişlər ki, dövlət rüsumunun tam ödənilməməsi texniki səbəblərlə əlaqədar olub və sonradan məbləğin tam ödənilməsi təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7712/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət vermiş, şikayəti onunla əsaslandırmışdır ki, o hüquqi savadsızlığından bunları vaxtında edə bilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1046/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 7712/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-nin elektron kabinetinə yüklənmişdir. Cavabdeh1 MMC xx.xx.2025-ci il tarixində məhkəmənin e-2(011)- 7712/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1767/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 7712/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Həmin qərardad xx.xx.2025-ci il tarixində Cavabdeh1 MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixində mülki iş Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. Xətai Rayon Məhkəməsinin e-2(011)-7712/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin Xətai Rayon Məhkəməsinin e-2(011)-7712/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2025-ci il tarixində Cavabdeh1 MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 MMC Xətai Rayon Məhkəməsinin e-2(011)- 7712/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdehin qətnamədən verdiyi ilkin apellyasiya şikayəti məhkəmə tərəfindən qaytarılmasına və bundan xəbərdar olmasına baxmayaraq sonuncu həmin dövrdə qərardadın və ya qətnamənin yenidən mübahisələndirilməsi istiqamətində prosessual hərəkət etməmiş, 3 ay keçdikdən sonra qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Sonuncu müddəti ötürməsində üzrlü hal kimi şikayətin geri qaytarılmasından məlumatsız olması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Odur ki, yuxarıda sadalanan normaları rəhbər tutaraq kollegiya hesab edir ki, ərizəçinin istinad etdiyi dəlillər müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7712/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3647/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3647/2025
04.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver