Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3653/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun, övladları xx.xx.2008-ci il təvəllüdlü Cansu və xx.xx.2010-cu il təvəllüdlü Əlican ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal qəsəbəsində yerləşən 59 “V” saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan 2007-ci ildə ailə qurmuşlar. Onların 2 övladları var: xx.xx.2008-ci il təvəllüdlü Cansu və xx.xx.2010-cu il təvəllüdlü Əlican. İddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ailə qurduqdan sonra bir müddət kirayədə yaşamışlar. Daha sonra isə onlar faktiki nikah dövründə, yəni xx.xx.2012-ci il tarixdə yuxarıda qeyd edilən ünvanda yerləşən özbaşına tikili olan evi almış və ora köçmüşlər. İddiaçı və uşaqlar həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Uşaqlar həmin evin yaxınlığında yerləşən orta məktəbdə təhsil alırlar. Son vaxtlar iddiaçı ilə cavabdehin münasibətləri pozulmuşdur. Bu səbəbdən də, iddiaçı cavabdehə qarşı “nikahın pozulması, nikahın pozulmasından sonra uşaqların ananın yanında saxlanılması və aliment tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən də cavabdeh iddiaçını və uşaqları həmin evdən zorla çıxarmışdır. Hazırda onlar kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Kirayə götürdüyü mənzildə yaşamaq olduqca çətindir, orada normal şərait yoxdur, ev çox kiçikdir. Onlar orda daimi yaşaya bilməzlər. Kirayə götürdüyü evdən övladlarının məktəbə gedib-gəlməyi çətin olacaq, bu isə onların təhsilindən yayınmasına gətirib çıxara bilər. Bundan əlavə nəzərə alınmalıdır ki, iddiaçının və uşaqlarına məxsus bütün əşyalar mübahisəli evdə qalmışdır. Mübahisəli ev “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmasa da, evə dair bələdiyyənin alğı-satqı sənədi var. Hazırkı şəraitdə cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçı və övladlarının da həmin şərtlər daxilində evdə yaşamaq hüquqları vardır. Mübahisəli evdən öz iradələrindən asılı olmayan səbəbdən çıxmaları onların həmin evdə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. b) cavabdehin iddiaya qarşı etirazı barədə məlumat
3. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, fərdi yaşayış evini iddiaçı ilə rəsmi nikaha girənədək öz vəsaiti hesabına 2012-ci ildə əldə etmişdir. İddiaçı ilə rəsmi nikaha 2017-ci ildə daxil olmuş, 2022-ci ildə nikahları pozulmuşdur. İddiaçı mübahisəli fərdi yaşayış evini könüllü tərk etmiş, cavabdeh ona eyni ünvanda yerləşən fərdi yaşayış evinin arxasında yerləşən 3 otaqlı fərdi yaşayış evini təklif etmiş, lakin iddiaçı qəbul etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə çoxsaylı əmlaklar, o cümlədən avtomobil, torpaq sahələri, fərdi yaşayış evi verilmişdir. Bu səbəbdən də, iddia əsassız hesab edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının özünün mülkiyyətində və istifadəsində özünün və övladlarının yaşayış yeri ilə təmin edə biləcək daşınmaz əmlaklar mövcuddur. İddiaçının mülkiyyətində və istifadəsində daşınmaz əmlakların olmasına baxmayaraq, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya 3 otaqlı normal şəraitli fərdi yaşayış evi təklif edilmiş, lakin iddiaçı heç bir ağlabatan əsas göstərmədən həmin təklifi rədd etmişdir. Həmçinin iddiaçı mübahisəli fərdi yaşayış evinin məhz onun səyi, zəhməti ilə əldə edildiyini iddia etsə də, həmin faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəmə iclasında tərəflərin verdikləri izahatları ilə təsdiq edilmişdir ki, hazırda istər iddiaçının, istərsə də, cavabdehin mülkiyyətində və ya istifadəsində olan əmlaklar məhz cavabdehin səyi, zəhməti nəticəsində əvəzli qaydada əldə edilmişdir. Eyni zamanda hazırki iş üzrə iddiaçının istifadəsində və ya mülkiyyətində olan əmlaklar, yəni Quba rayonu, Təngəaltı kəndində yerləşən 4 otaqlı, 59,6 kv.m sahəsi olan fərdi yaşayış evi, “Kia Cerato” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən 2 fərdi yaşayış evi də məhz cavabdeh tərəfindən alınaraq iddiaçının faktiki istifadəsinə və mülkiyyətinə verilmişdir. Buna görə də hesab edilməlidir ki, iddiaçının istifadəsində və ya mülkiyyətində kifayət qədər yaşayış sahəsi olduğundan, həmçinin iddiaçı tələblərinin əsası kimi göstərdiyi halları mötəbər sübutlarla təsdiq olunmadığından iddia tələbi təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi işin faktiki hallarını tam və düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə cavabdehlərin iştirakı olmadan baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddianın əsaslı olub-olmamasına hüquqi qiymət vermək üçün ilk növbədə iddiaçının, mübahisəli yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ qazanıb-qazanmaması yoxlanılmalıdır.
12. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-02/2-1080/2024 saylı məktubdan görünür ki, mübahisəli evə dair “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyat aşkar edilməmişdir.
13. İş üzrə tərəflər də verdikləri izahatlarında həmin evin “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi qeydiyyata alınmadığını bildirirlər.
14. İddiaçı evin bələdiyyə sənədi ilə alqı-satqısının müəyyənləşdiyini, hazırda hüquq müəyyənedici sənədlərinin olmadığını və bu səbəbdən özbaşına tikili sayıldığını bildirir. Cavabdeh də evin özbaşına tikili olduğunu bildirir. İşə baxmış Rayon Məhkəməsi göstərilənlərə əsasən evin özbaşına tikili olduğu qənaətinə gəlmişdir.
15. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
16. Göründüyü kimi, evin özbaşına tikili hesab edilməsi aşağıdakı üç şərtin ən azı birinə cavab verməsi kifayətdir: - Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməsi; - Lazımi icazələr almadan inşa edilməsi; - Tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi.
17. Binəqədi Rayon M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 76 №-li qərarından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə ərazisindən (hazırki iş üzrə tərəf olmayan) X1 alğı-satqı yolu ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır.
18. İş üzrə tərəflərin mövqeyindən aydın olur ki, mübahisəli ev həmin torpaq sahəsində, yəni Gözəl Məmmədovaya məxsus torpaq sahəsində inşa edilmişdir. İş üzrə tərəflər həmin evi özləri inşa etdirməmişər. Ev 2012-ci ildə dəyəri ödənilməklə alınmışdır. Gözəl Məmmədova ilə cavabdeh arasında “Alğı-satqı müqaviləsi” bağlanmamışdır. Gözəl Məmmədova hazırki iş üzrə cavabdehə notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli və xx.xx.2051-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir.
19. Həmin etibarnamədən görünür ki, Abdullayeva (Məmmədova) Gözəl Məhərrəm qızı həmin torpaq sahəsinin istifadəsi ilə bağlı bütün səlahiyyətləri xx.xx.2012-ci il tarixdən xx.xx.2051-ci il tarixədək cavabdehə etibar etmişdir.
20. Məhkəmə bildirir ki, həmin etibarnamə əmlak üzərində sərəncam verilməsini deyil, Gözəl Məmmədovanın özünə məxsus hüquqların həyata keçirilməsinin digər şəxsə cavabdehə etibar edilməsini təsdiq edir. Daşınmaz əmlaka mülkiyyət hüququnun alğı-satqı yolu ilə başqasına keçməsi üçün əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmalı və alğı-satqı notarial qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməlidir. Lakin qeyd edilən hallar baş vermədiyi üçün tərəflərin mübahisəli evə mülkiyyət hüququnun olmadığı müəyyən edilir.
21. Evin lazımi icazələr alınmaqla inşa edilməsi və (və ya) tikinti norma və qaydalarına riayət edilməklə inşa edilməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyi üçün də evin özbaşına tikili olmadığı qənaətinə gəlmək üçün əsas müəyyən edilmir.
22. Bu baxımdan qəbul edilməlidir ki. Rayon Məhkəməsi mübahisəli evin özbaşına tikili olması halını düzgün müəyyən etmişdir.
23. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilidir və iş üzrə tərəflərin həmin ev üzərində mülkiyyət hüququ, habelə qanunla tanınan və qorunan hər hansı əşya hüququ mövcud deyil.
24. İşin mübahisəsiz digər halı ondan ibarətdir ki, iş üzrə tərəflər müəyyən müddət mübahisəli evdə birgə yaşamaqla ondan istifadə etmiş, hazırda isə evdə iddiaçı deyil, cavabdeh yaşamaqdadır.
25. Tərəflərin xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olması, xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2010-cu il təvəllüdlü övladlarının olması, nikahın Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi (iş №: 2(001)-3074/2022) ilə pozulması və birgə nikahdan olan uşaqların analarının (hazırki iş üzrə iddiaçı) yanında saxlanılması işin mübahisəsiz halları olmaqla mötəbər sübutlarla təsdiq olunmaqdadır.
26. İddiaçı bildirir ki, cavabdehlə 2007-ci il tarixdən faktiki nikahda olmuş, mübahisəli evə də məhz faktiki nikahda olduqları zaman 2012-ci ildə köçüb yaşamağa başlamışlar, cehiz əşyalarını həmin vaxtdan mübahisəli evə yerləşdirmiş, nikahları pozulduqdan sonra cavabdeh onu övladları ilə birgə iradəsinin ziddinə evdən çıxartmış, hazırda uşaqları ilə birgə kirayədə yaşayır, cehiz əşyaları isə mübahisəli evdə qalmışdır.
27. Cavabdeh iddiaçı ilə faktiki nikahda olması məsələsinə münasibət bildirməsə də, rəsmi nikaha daxil olmazdan əvvəl tərəflərin faktiki nikahından doğulmuş uşaqlarının doğum tarixləri tərəflərin 2007-ci ildən faktiki nikah münasibətlərində olması dəlilini təsdiq etmək üçün kifayət edən sübut sayılır. Bu zaman nəzərə alınır ki, cavabdeh tərəfindən də bu dəlilə etiraz edilməmişdir.
28. Eyni zamanda cavabdehin də izahatından bəlli olur ki, iddiaçı mübahisəli evi rəsmi nikahları pozulduqdan sonra tərk etmişdir. Cavabdehin iddiaçıya başqa ev təklif etməsini bildirməsi onun iddiaçının mübahisəli evdə yaşamasını arzu etmədiyini təsdiq edir. Nikah münasibətlərinin pozulmasından sonra cavabdehin iddiaçı ilə bir evdə yaşamaq arzusunun olmaması ağlabatan və işin hallarına uyğun gəldiyindən Məhkəmə tərəfindən işin müəyyən edilmiş faktiki halı kimi qəbul edilir.
29. Lakin cavabdehin belə bir istəyinin olmaması onu deməyə əsas vermir ki, o, iddiaçını evdən məcburi şəkildə çıxarmışdır. Cavabdeh özü də iddiaçının evi könüllü tərk etdiyini bildirir. Bu halı sübuta yetirmək vəzifəsi evdən məcburi çıxarıldığını bildirən iddiaçının üzərinə düşür.
30. Lakin iddiaçı tərəfindən mübahisəli evi tərk etmək məcburiyyətində qaldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
31. İddiaçı kirayədə yaşadığını bildirib bu halı təsdiq edən kirayə müqaviləsi təqdim etsə, yaşayış sahəsinə ehtiyacının olduğunu bildirsə də işdə olan sübutlardan müəyyən edilir ki, iddiaçının özünə məxsus başqa əmlaklar, o cümlədən yaşayış sahələri mövcuddur.
32. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, iddiaçının adına Quba rayonu, Təngəaltı kəndində yerləşən 4 otaqlı, 59.60 kv.m sahəsi olan fərdi yaşayış evi, “Kia Cerato” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 59 V ünvanı və M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, ev 7 ünvanı ilə bağlı kommunal xidmət məlumatları qrafasında “təbii qazdan istifadə qrafasında” həmin ünvanlarda sayğaclar quraşdırılmış, abonent kodu verilmiş və abonent qismində “İddiaçı” göstərilmişdir. Digər tərəfdən “sudan istifadə qrafasında” M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, ev 1/B ünvanında sayğaclar quraşdırılmış, abonent kodu verilmiş və abonent qismində “İddiaçı” göstərilmişdir.
33. Belə olan halda, Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı cavabdehlə aralarında olan rəsmi nikahın pozulmasından sonra öz yaşayış sahəsi olan mübahisəli evi himayəsində olan övladları ilə birgə könüllü şəkildə tərk edib başqa yaşayış sahəsinə köçmüşdür.
34. Hazırda iddiaçı könüllü olaraq tərk etdiyi əvvəllər cavabdehlə birgə yaşayış sahəsi kimi istifadə etdiyi özbaşına tikiliyə onun yanında saxlanılmış övladları ilə birgə köçürülməsini tələb edir. Cavabdeh isə buna etiraz edərək bu tələbin rədd edilməsini xahiş edir.
35. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının yaşayış sahəsindən istifadə etmək, həmin sahədə yaşamaq hüququ yaranmamışdır. Çünki ev özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkündür.
36. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində bildirdiyi dəlillər: onun uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşaması, orada cavabdehlə ümumi təsərrüfat aparması, iddiaçının özünə məxsus cehiz əşyaların hazırda da mübahisəli evdə yerləşməsi və sair bu kimi dəlilər iddiaçının mübahisəli yaşayış sahəsinə köçməsi üçün əsas deyil. Çünki, qanunverici ümumiyyətlə bu kimi hallar mövcud olduğu halda da özbaşına tikiliyə hər hansı hüququnun yaranmasını nəzərdə tutmamışdır.
37. İddiaçı apellyasiya şikayətində məhkəmə təcrübəsində oxşar işlər üzrə özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə barədə məhkəmə qərarlarının qəbul edildiyini, lakin Rayon Məhkəməsi tərəfindən məsələyə fərqli mövqedən yanaşılaraq iddianın əsassız olaraq rədd edildiyi qeyd edilsə də, Məhkəmə hesab edir ki, hazırki iş üzrə özbaşına tikili olan yaşayış sahəsindən məcburi çıxarılma və yaşayış sahəsinə olan ehtiyacın yalnız həmin sahə hesabına təmin edilməsi zərurəti müəyyən edilmədiyindən iddianın təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Malik olduğu faktiki halları baxımından hazırki mübahisə iddiaçının qeyd etdiyi kimi digər işlərlə tam oxşar hesab edilə bilməz.
38. Məhkəmə, əmlakın birgə nikah dövründə əldə edilməsi dəlilinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır (maddə 9.4.). Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2.). Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) (maddə 34.1.).
39. Mülki Məcəllənin tələblərinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1.). Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 225.6.).
40. Məhkəmə qeyd edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ərarvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ümumi əmlakın bölünməsi dedikdə isə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.
41. Lakin qeyd edilən şərtlər hazırki iş üzrə müəyyən edilmədiyindən birgə nikah dövründə əldə edilmiş əmlak kimi yanaşılması mümkün deyil. İddiaçının müzakirə edilən dəlilləri də əsassız hesab edilir.
42. Məhkəmə iddia tələbinin uşaqlarla bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
43. Göründüyü kimi, qanunverici, valideynin yaşayış sahəsindən istifadə etməsi hüququnun yaranmasını həmin valideynin yanında yaşayan uşağın bu kimi hüququna deyil, uşağın bu kimi hüququnu yanında yaşayan valideynin hüququna bağlayır.
44. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iddiaçının istər özünə, istərsə də uşaqlara aid subyektiv cəhətdən mübahisəli sahədən istifadə etmək, orada yaşamaq hüququ yaranmamışdir.
45. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
46. Məhkəmə apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı bildirir ki, iddiaçı özbaşına tikili olan mübahisəli sahəyə 2012-ci ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə köçmüşdür; iddiaçı artıq inşa edilmiş və yaşayış üçün yararlı vəziyyətdə olan tikiliyə köçmüşdür; iddiaçının həmin sahənin inşasında iştirakının olması sübuta yetmir.
47. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq iş üzrə tərəflər arasında mövcud olan bu mülki mübahisəni qanunun analogiya ilə tətbiq etməklə, yəni Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından həll etməkdə haqlı olmuşdur. Çünki həmin maddənin tələblərinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (maddə 30.4.).
48. Bu baxımdan müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiyanın nəticəsi
49. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən əsaslıdır və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
53. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
54. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
55. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.