Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3653/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsini və Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKTB mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1906/2025 saylı, 14 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: 02 mart 1998-ci il tarixli, 040127 nömrəli orderə əsasən X6 və ailə üzvlərinə ünvan 1 ünvanında ümumi sahəsi 12,17 kv/metr olan, 1 otaqlı ev verilmişdir.
2. X11 18 yanvar 2011-ci ildə ölmüşdür.
3. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 11 yanvar 2011-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi, Bakı şəhəri, 7-ci Mkr/n, ev 31, mənzil 5-də yaşayan arvadı İddiaçıdır və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak AB 142152 nömrəli, xx.xx.2008-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, mühərrik: 0198502, ban: 0197654, 1971-ci il buraxılışlı, **-DF-*** dövlət nömrə nişanlı Vaz-2101 markalı minik avtomobilindən ibarətir.
4. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 106 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, 25 nömrəli arayışda göstərilib ki, 1965-ci il təvəllüdlü Cavabdeh1 məcburi köçkün kimi 1992-ci ildən ailəsi X8 və Cavabdeh5 ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr/n, ərazisində yerləşən 31 saylı evin 5 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiada göstərib ki, 02 mart 1998- ci il tarixli 040127 nömrəli orderə əsasən ev 31, 7 mkr, mənzil 5, 12,17 kv.metr 1 otaqlı ev verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının 1 noyabr 2022-ci il tarixli çıxarışında Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının 13 fevral 1998-ci il 1 nömrəli protokolu təsdiq edilir. Mənzilin icarədarı X7r. X5 ailəsi 3 nəfərdən ibarət olmaqla, onlardan daimi qeydiyyatda olanlar o, X11 və X2r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə və ASAN xidmət mərkəzlərinə ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli müraciətində ünvan 3 ünvanda yerləşən mənzil mərhum X5 adına olmuş, lakin həmin mənzilə dair mülkiyyət hüququ onun ölümünə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və göstərilənlərlə əlaqədar olaraq ev 31, 7 mkr, mənzil 5 ünvanında yerləşən mənzilə dair mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş edilmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1906/2025 saylı, 14 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanından çıxarılmaları qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, 02 mart 1998-ci il tarixli, 040127 nömrəli orderə əsasən X6 və ailə üzvlərinə ünvan 1 ünvanında ümumi sahəsi 12,17 kv/metr olan, 1 otaqlı ev verilmişdir. X11 18 yanvar 2011-ci ildə ölmüş və bununla bağlı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən isə 11 yanvar 2011-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi, Bakı şəhəri, 7-ci Mkr/n, ev 31, mənzil 5-də yaşayan arvadı İddiaçıdır və o, miras əmlakdan irs almalıdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər 11 saylı notariusunun Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə və ASAN xidmət mərkəzlərinə ünvanlandığı 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanda yerləşən mənzil mərhum X5 adına olmuş, lakin həmin mənzilə dair mülkiyyət hüququ onun ölümünə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərlə əlaqədar olaraq ünvan 6 ünvanında yerləşən mənzilə dair mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi xahiş edilmişdir. Hazırda isə iddiaçının tələbinin əsası odur ki, ünvan 1 ünvanına dair çıxarışın alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına ölçü işlərinin aparılması üçün cavabdehlər tərəfindən maneələrin yaradılmasıdır. Bununla bağlı, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə, məcburi köçkün statusuna malik olan cavabdehlərin iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı hazırda ərindən ona miras qalmış əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuş, eləcə də qeyd edilən mənzilə dair sənədlərin rəsmiləşdirilməsində çətinliklər çəkir. Qeyd edilməlidir ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətində olmasa da, onun həmin əmlaka dair mülkiyyət hüquqları ilə bağlı gözləntisi mövcuddur, və məhz cavabdehlərin həmin mənzildə yaşamaları bu hüquqarın qeydə alınmasında maneələr yaradır. Cavabdehlərin mübahisə predmeti olan əmlak üzərində hər hansı hüquqları yoxdur və onların iddiaçıya məxsus olan əmlakda mülkiyyətçinin iradəsinin əleyhinə qalması, hüquqi əsaslar olmadan oradan istifadə və çıxmaqdan imtina etmələri, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, qətnamə tamamilə əsassız və qanunsuzdur. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmənin qətnaməsində göstərdikləri cavabdehlər Cavabdeh1 ailə üzvləridir. Qətnamədə qeyd edilən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ailə həyatı qurmuş və mübahisə edilən mənzildə yaşamır. Eyni zamanda məhkəmənin qətnamədə qeyd etdiyi digər Cavabdeh2 isə soyadı Abbasovadır. Göründüyü kimi məhkəmənin həmin mübahisə edilən mənzildə yaşamayan cavabdehlərin, eləcədə cavabdeh kimi göstərilən Qasımova (əslində Abbasova) Sevinc Əli qızının soyadının düzgün qeyd edilməməsi məhkəmənin işə necə “obyektiv” yanaşmasının bariz nümunəsidir. Məhkəmə qətnamə qəbul edərkən Cavabdeh1 (bundan sonra cavabdeh) hüquqlarını heçə saymış, onun və ailə üzvlərinin məcburi köçkün olmalarını, həmçinin əlavə yaşayacaq mənzillərinin olmamasını nəzərə almamışdır. Belə ki, cavabdeh iddiaçının mənzilini zəbt etməmiş, 1992-ci ildə məcburi köçkün kimi həmin mübahisə edilən mənzilə ailəsi ilə birlikdə yerləşdirilmişdir. İddiaçının mərhum həyat yoldaşı X11 isə sözügedən mənzilə orderi 1998-ci ildə əldə etmişdir. İddiaçı qeyd edilən mənzilə mülkiyyət hüququnu belə qanunla müəyyən edilmiş qaydada qeydiyyata aldırmamışdır. Cavabdehin iddiaçının iddia etdiyi mənzili hər hansı formada əldə etmək kimi bir niyyəti yoxdur. Cavabdeh məhkəmə iclası zamanı da məhkəmənin diqqətini çatdırımışdır ki, onun və ailə üzvlərinin mənzillə təmin olunacağı təqdirdə mənzildən çıxacaqdır. İşdə olan və eyni zamanda məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsi tərəfindən verilən məlumata əsasən cavabdeh və onun ailəsi məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Belə olduğu halda cavabdeh və onun ailəsi harada yaşamalıdırlar? Binəqədi rayon məhkəməsi qətnamə qəbul edərkən cavabdeh və onun ailəsinin hüquqlarını kobudcasına pozmuşdur. Həmçinin məhkəmə qətnamə qəbul edərkən iddiaçının hüquqlarının pozulması qənaətinə gəlmiş, lakin iddianı təmin edərkən isə məcburi köçkün olaraq cavabdeh və onun ailə üzvlərinin (digər cavabdehlər) hüquqlarının qorunması istiqamətində hər hansı əsaslandırmanı həyata keçirməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 17-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (Qaçqınlar vəməcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin) vəzifəsi olduğu halda belə həmin orqanı üçüncü şəxs qismində işə cəlb etməyərək məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvlərinin mənzillə təmin edilməsi məsələsini təmin etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırki qətnamə məcburi köçkün olan cavabdehin hüquqlarını və qanuni mənafelərini kobud surətə pozaraq qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Məhkəmə iddia ərizəsinə baxarkən hüquqi müstəvidə düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdir.
11. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1 və 139-1.1.11 Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Maddə 91.1 və 91.1.5. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri aiddir: Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:
Maddə 8.0. və 8.0.11. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə qətnamənin X1 aid hissəsi üzrə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik onun etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
25. Qətnamədən cavabdehlərdən yalnız Cavabdeh1 öz adından apellyasiya şikayəti verib, digər cavabdehlər isə qətnaməni mübabahisələndirməyib. Deməli, digər cavabdehlərin adından apellyasiya şikayəti vermək səlahiyyəti olmadığından qətnamə yalnız Cavabdeh1 aid hissədə yoxlanılır.
26. Əvvəla, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin gözlənilən mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaqdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilə gözlənilən mülkiyyətçisi olduğundan cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır. 27.Bundan əlavə, Mülki Məcəllənin 139-1.1 və 139-1.1.11-ci və eyni məzmunlu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0. və 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisə predmeti olan mənzil(otaq) iddiaçının və qızının da adı qeyd olunmaqla mərhum ərinə order əsasında verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün isə həmin order əsas hesab olunur. İddiaçının əri sağ olsa idi həmin order mənzilin onun adına mülkiyyət hüququ əsasında qeydə alınması üçün əsas idi. İddiaçının da order adına olan şəxsin qanun üzrə vərəsəsi olması hər hansı bir mübahisə doğurmur.
28. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırki iddia tələbini irəli sürməyə iddiaçının subyektiv hüququ vardır. Çünki iddiaçı vərəsə kimi ən azından qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququndan istifadə edib. Bunu ona qadağan etmək olmaz. Başqa sözlə, order adına olan şəxsin qanun üzrə vərəsəsi olması ona hazırkı iddia ilə məhkəməyə müraciət etməyə əsas verir.
29. Cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 ailə qurması ilə əlaqədar faktiki olaraq mübahisə predmeti olan mənzildə yaşamaması o demək deyil ki, onlar faktiki olaraq mənzil üzərində olan sahiblikdən imtina edib. Başqa sözlə, nə qədər ki, onların həmin mənzildən məcburi çıxarılmasını təsbit edən qətnamə yoxdu, demək ki, onların istənilən vaxt həmin mənzilə qayıtmaları və faktiki olaraq istifadə və sahiblik etməni davam etdirmələri istisna olunmur.
30. Bundan əlavə, digər Cavabdeh2 soyadının Abbasova olması da şikayəti əsaslı etmir. Çünki soyadın fərqli olması heç nəyi dəyişmir. Üstəlik iddiaçı rəsmi dövlət orqanının məlumatında Sevinc Əli qızının soyadını Qasımova kimi qeyd etmişdir.
31. Bundan başqa, cavabdehin məcburi köçkün statusunda olması və əlavə mənzilinin olmadığını bəyan etməsi şikayəti əsaslı etmir. Çünki bu hal cavabdehə hüquq müəyyənedici sənəd əsasında mənzil əldə etmiş iddiaçının hesabına öz mənzil problemini həll etmək üçün əsas vermir. Onsuz da iddiaçı otuz ilə yaxın müddətdə cavabdehin ona məxsus mənzili tərk edəcəyi günü gözləyib. Cavabdehin harada yaşamalıdır sualına da iddiaçı yaxud məhkəmə cavab verməli deyil. Çünki bu sual düzgün ünvana verilmir. Ona görə də nə iddiaçı, nə də məhkəmə cavabdehin hüquqlarını, üstəlik kobud şəkildə poza bilməzdi. Cavabdehin 1992-ci ildən mübahisəli mənzildə məskunlaşması, iddiaçı tərəfə orderin isə 1998-ci ildə verilməsi də heç nəyi dəyişmir. Çünki mənzilin qanunla müəyyən edilmiş qaydada iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmaması cavabdehə həmin mənzildə qalması üçün hansısa imtiyaz vermir. Əvvəllər Azərbaycan Respublikasının 20 faizə yaxın ərazisi, o cümlədən Ağdam rayonunun müəyyən əraziləri işğal altında idi. Azərbaycan Respublikasının işğal altında olan bütün əraziləri artıq 5 ilə yaxındır ki, Vətən müharibəsindəki qələbə nəticəsində azad olunub. İşğal olunmuş ərazilərə, o cümlədən Ağdam rayonuna minlərlə insanlar ən müasir şəraitli mənzillərlə təmin olunaraq köçürülüb və bu proseslər sürətlə bu gün də davam etdirilir. Bu cür vəziyyətdə istər-istəməz apellyasiya şikayətində göstərilən dəlillər barədə düşünmək belə hüquqdan sui-istifadə xarakteri daşıyır. Yəni cavabdehin hazırkı iddiaya etirazı və qətnamədən apellyasiya şikayəti verməsi hüquqdan sui-istifadə xarakteri daşıdığına dəlalət edir. Çünki bu cür davranış vicdanlılığın tələb etdiyi tərz, yəni hərəkət sayılmır. Ən azından ona görə ki, cavabdeh 30 ilə yaxın müddətdə iddiaçının mülkiyyət hüququnu pozdğunun fərqində olmalı idi. Ancaq olmur, yaxud bilərəkdən olmaq istəmir, üstəlik qətnaməni hüquqa uyğun hesab etmir, qətnamənin ləğv, iddianın isə rədd edilməsini arzulayır. Əlbətdə ki, bu hərəkət hüquqdan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə edilmə sayılır ki, o da yolverilməzdir.
32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1906/2025 saylı, 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1906/2025 saylı, 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.