Məhkəmə qərarları › İş №2(103)-3655/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3655/2024

25.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3655/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “evə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-370/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həyat yoldaşıdır və sonuncu hazırda ona qarşı nikahın ləğvi tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı üç uşaqları var. Daimi pasport qeydiyyatları Lerik rayonunun Xanagah kəndinə olsa da, hamısı uzun illərdir ki, ünvan 2 ünvanda yaşayırlar. Cavabdeh məhkəmədə nikahın ləğvi barədə iddia qaldırdıqdan sonra onu və üç uşağını evdən qovaraq onları evlərinə buraxmır. Baxmayaraq ki, həmin evdə uzun illər o, uşaqları ilə birlikdə yaşamışdır, evi tikib təmir etmişlər, birgə təsərrüfatı idarə edərək evin dağılmasının qarşısını almışlar. İstər onun, istərsə də uşaqlarının geyim paltarları, məişət əşyaları oradadır. Hazırda havalar soyuyub, lakin cavabdeh onları yaşadıqları evə buraxmır, evə köçmələrinə süni şəkildə maneçilik törədir. Hazırda digər bir yaşayış yerləri olmadığından müvəqqəti olaraq üç uşağı ilə qardaşının evində qalmağa məcburdur. Lakin onların da evlərində yaşamaq özünə və üç uşağına çox çətindir, valideynləri və qardaşı ailəsi ilə birlikdə yaşadıqlarından şərait acınacaqlıdır, nə evi almağa, nə də kirayə qalmağa maddi imkanı yoxdur. Cavabdeh isə son 4 ay ərzində aliment ödəməmişdir, son günlər poçt vasitəsi ilə cəmi 9 manat aliment ödəmişdir. Uşaqların kitab-dəftərləri də mübahisəli evdədir. Yaşadıqları ev özbaşına tikilidir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və hazırda cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdən qovularkən cehiz və məişət əmlakları, uşaqlarının geyim və şəxsi istifadə əşyaları həmin evdə saxladığından həmin evdə uşaqları ilə birlikdə digər şəxslərlə bərabər şərtlər daxilində yaşamaq niyyətinin olmasını bir daha göstərir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşadıqlarından onların da həmin şərtlər daxilində bu evdə yaşamaq imkanı müəyyən edilməlidir. Bunun əksi olan yanaşma, yəni iddiaçının evdə yaşaması evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, ona və uşaqlarına münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Lakin mübahisəli ev mülkiyyət hüququ ilə heç kəsə məxsus olmadığından, uzun illər həmin evdə yaşadığından iddia tələbi əsaslı olmaqla yanaşı həm də ədalətli və qanunidir.

3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-370/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddianın təmin edilməsi, İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh istifadəsində olan ünvan 3 ünvanda yerləşən tikiliyə köçürülmələri və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, iddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra ailəsinə (iddiaçının) məxsus Lerik rayonu, Xanəgah kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və həmin fərdi yaşayış evində uşaqlar ilə birlikdə yaşayış yeri qeydiyyata alınmışdır. Lerik Rayon Məhkəməsinin qətnaməsi ilə onunla İddiaçı arasında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan uşaqların anasının yanında qalması müəyyən edilmişdir. Bundan sonra, iddiaçı könüllü olaraq uşaqlarla birlikdə qardaşına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv, 1-ci küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinin iddiaçıya və ona hər hansı hüquqi bağlılığı, hər hansı formada aidiyyəti olmamışdır. Mübahisə edilən fərdi yaşayış evinin tikintisi atası X6 tərəfindən aparılmış və mübahisəli mənzilin tikintisinə qoyulmuş bütün vəsait atasına aid olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə iddia tələbinə münasibətdə tətbiq etməli maddi hüquq normasını səhv təfsir etməklə maddi hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi işi təhlil və maddi hüquq normalarını tətbiq edərkən hüquqi ilk növbədə qeyd olunan özbaşına tikilinin kimə aidiyyəti olduğunu, daha çox hansı şəxsə bağlı olduğu və həmin tikintinin inşasında hansı şəxsin rolunun olmasını müəyyən etməli idi. İddiaçının mübahisə edilən fərdi yaşayış evi ilə hər hansı qaydada əlaqəsi olmamış, tikintisində iştirak etməmiş və daimi olaraq qeyd olunan ünvanı yaşayış məqsədi ilə seçməmişdir. Bundan əlavə özbaşına tikili atası Əmənov RəhmanAğaxan oğluna aiddir və həmin özbaşına tikili onunla bağlıdır. Bu səbəbdən məhkəmə iddiaçını hər hansı özbaşına tikiliyə dair köçürmə qərarı verərkən onun həmin tikiliyə dair hüquqi və digər bağlılığını müəyyən etməli idi. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə istinad edərkən hazırkı mübahisəli münasibətə hansı oxşar maddi hüquq normasına istinad etdiyini qeyd etməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinə etiraz təqdim etməklə izahatında əlavə olaraq bildirdi ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehə məxsus olmuş, lakin evə köçən zaman həmin ünvanda yarıtikili 1 otaqlı ev olmuş, sonra birgə nikah dövründə həmin evi birlikdə genişləndirərək 4 otaqlı tam yararlı hala gətirmişlər, həmin evin tikilməsi və təmir olunmasında həmçinin atası və qardaşı da köməklik etmişdir. Birgə nikah dövründə artırmalar etməklə ümumilikdə 4 otaq tikmişlər, hazırda ev yaşayış üçün tamamilə yararlı vəziyyətdədir, cavabdeh nikah müddətində onu döymüş, evin maddi təminatına hər hansı bir köməklik etməmişdir. Özü xadiməliklə məşğul olur. Onu və uşaqlarını zorla evdən çıxarmışlar, hazırda uşaqları ilə kirayələrdə, orda-burda qalır, köçmək istədiyi evi halal zəhməti ilə tikmişlər, cavabdeh onu evdən məcburi çıxartmış, qovmuşdur, cavabdeh onu döyməsinə görə inzibati həbs olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

7. Məhkəmə kollegiyası cavabdehin ərizədə göstərdikləri ilə bağlı mötəbər sübut təqdim etməməsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər rəsmi xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar.

9. Doğum haqqında şəhadətnamələrdən məlum olur ki, onların birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı üç uşaqları var.

10. xx.xx.2011-ci il tarixdə X10 Bakı şəhəri Qaradağ rayon İHB-nin xx.xx.2000-ci il tarixli 249 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün ayrılmış Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsinə dair sadalanan səlahiyyətləri iddiaçının qardaşı X1 etibar etmişdir.

11. X2 öz növbəsində xx.xx.2012-ci il tarixdə həmin torpaq sahəsinə dair səlahiyyətlərin icra edilməsini Cavabdeh etibar etmişdir.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid X2 ifadəsində bildirdi ki, Səidə onun bacısıdır. 2011-ci ilin fevral ayında X4 torpaq almışdır. 2012-ci ilin oktyabr ayının 3-də 1,5 sot torpaq sahəsini Varisə satmışdır. Bacısı torpaq satılanda ailəli idi. Evi Varis inşa etmişdir. Evin tikilməsinə maddi cəhətdən köməklik etmişdir. Uşaqlar həmin evdə yaşamışlar. Dəfələrlə bacısıgili qonaq etmişdir.

13. Qaradağ Rayon Məhkəməsinin 3(002)-2402/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından məlum olur ki, Cavabdeh ünvan 4 ünvanında arvadı İddiaçı döyərək ona fiziki ağrı yetirməsinə görə İnzibati xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir (i/v 32-34). Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

17. 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

18. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

19. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, aparılmış araşdırmalarla, müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon İHB-nin xx.xx.2000-ci il tarixli 249 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün ayrılmış Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən 600 km. torpaq sahəsində tərəflərin birgə nikahları dövründə ev inşa edilmişdir. Tərəflər həmin evdə yaşamaqla, birgə təsərrüfat aparmışlar. Evdəki əşyalar, eləcə də, övladları və özlərinə məxsus şəxsi əşyaları, paltarları və s. hazırda da həmin evdədir. Uşaqlar həmin evdən təhsil aldıqları məktəbə getmişlər. Sonradan tərəflər arasında münasibətlər kəskinləşmiş, iddiaçı və övladları mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq çıxarılmışdır. Mübahisə edilən tikili hazırda özbaşına tikilidir.

37. Göründüyü kimi, mübahisəli ev tərəflərin birgə nikah dövründə inşa edilmiş və evin tikintisində iddiaçının cavabdeh ilə eyni qaydada əməyi və məsrəfinin olduğu müəyyən edilmişdir.

38. Özbaşına tikililərin (ev və ya mənzil) inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi ilə bağlı oturuşmuş məhkəmə təcrübəsi mövcuddur.

39. Bəllidir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan şəxsləri həmin tikiliyə köçürmək barədə qətnamə qəbul edə bilər.

40. Məhkəmə Kollegiyası qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan əsassız məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər.

41. Belə ki, bu halın mövcudluğu, yəni özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarılması və digər bu kimi hərəkətlər hər bir halda mübahisə edən tərəflərin maraqlarının mütənasibliyi baxımından qiymətləndrilməlidir. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni əgər məhrumedənin mənzilə digərinə münasibətdə üstün hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir.

42. Cavabdeh apellyasiya şikayətində mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv, 1-ci küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinin iddiaçıya və ona hər hansı hüquqi bağlılığı, hər hansı formada aidiyyəti olmamasını, həmin evin tikintisinin atası X6 tərəfindən aparılmasını və mübahisəli mənzilin tikintisinə qoyulmuş bütün vəsaitin atasına aid olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

43. Halbuki MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Həmçinin mülki iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixdə X10 Bakı şəhəri Qaradağ rayon İHB-nin xx.xx.2000-ci il tarixli 249 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün ayrılmış Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsinə dair sadalanan səlahiyyətləri iddiaçının qardaşı X1 etibar etmişdir. X2 öz növbəsində xx.xx.2012-ci il tarixdə həmin torpaq sahəsinə dair səlahiyyətlərin icra edilməsini Cavabdeh etibar etmişdir.

46. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.

47. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

48. Beləliklə, iddiaçı azyaşlı övladları ilə birgə köçürülməsini tələb etdiyi evə münasibətdə cavabdehlə eyni hüquqa malik olduğundan rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

49. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-370/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar