Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3656/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ASC "xxxx" Bankına qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2182/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən cavabdeh ASC "xxxx" Bankın nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan işçi İddiaçı ilə işəgötürən ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı müddətsiz əmək müqaviləsi əsasında ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsinə işə qəbul edilmişdir.
2. İş materiallarına İddiaçı əmək kitabçasının surəti əlavə edilmişdir.
3. İş materiallarında olan ASC "xxxx" Bankın xx.xx.2025-ci il tarixli XB-Kİ- 6.1.2025-001 nömrəli əmrinə əsasən müəyyən edilir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
4. Əmrin əsasını İddiaçı, F.H.İbrahimin yazılı izahatları ..... təşkil edir.
5. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, mübahisə üzrə mediasiya təklifi barədə bildiriş xx.xx.2025-ci il tarixdə göndərilmiş, xx.xx.2025-ci il tarixdə çatdırılmışdır.
6. İş materiallarında olan ASC "xxxx" Bankın xx.xx.2025-ci il tarixli BO-XO- 4.2.2025- 004XB-K1-6.1.2025-001 nömrəli əmrinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmr yeni redaksiyada verilmiş, əmrin hazırlanmasında texniki xətaya yol verilməsi əsası ilə əmrin əsasından İddiaçı, F.H.İbrahimin yazılı izahatları sözlərinin çıxarılması qərara alınmışdır. Əsas kimi Bankı “Xaçmaz” filialının direktoru M.C.Əliquliyevin xidməti məktubu .... əlavə edilmişdir.
7. İş materiallarında olan ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X2 İdarə Heyətinin sədrinə ünvanlanmış məktubundan qeyd edilmişdir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı xx.xx.2024cü il tarixdə Bankın kassasını bağlanmasını gecikdirməsi və kassanı 19:45-də bağlaması barədə izahat verməkdən imtina etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh ASC "xxxx" Bankına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 dekabr 2022-ci il tarixdə cavabdeh xxxx ilə İddiaçı arasında bağlanmış XB-K1 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh ASC-nin Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı işlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmiş, kollektivdə həmişə müsbət işçi olaraq fərqlənmiş, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini daim vaxtında və vicdanla icra etmiş, işlədiyi dövrdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. xx.xx.2024 tarixdə iş yerində İddiaçıla filialın kiçik referenti Firuzə İbrahimi arasında kiçik insident olmuş, lakin insident dərhal həll olunmuş, işçilərin birbirilərinə qarşı şikayəti olmamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə İddiaçı Baş ofisdən dəvət olunaraq onunla söhbət aparılmış, yaxşı işçi olması diqqətinə çatdırılaraq bir daha iş yoldaşı ilə arasında belə bir hadisəyə yol verməməsi tapşırılmış və məsələnin bitdiyi, işinə davam edə biləcəyi bildirilərək prosedur tələbi səbəbi ilə izahat verməsi tələb olunmuş, İddiaçı isə hər şeyin yolunda getdiyini düşünərək onların diktəsi ilə F.İbrahimi ilə aralarında kiçik insident olması, hazırda aralarında heç bir kinin (mübahisənin) olmadığı barədə izahat vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə hər iki ildən bir əmək müqaviləsi yeniləndiyindən həmin tarixdə yenidən onunla əmək müqaviləsi bağlanılmış və yeni əmək müqaviləsi üzrə əmək haqqına 20 manat əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə son iş günündə baş ofisdən və filial direktorundan işdən çıxarıldığını eşitmiş, iş gününün sonunda kadrlar şöbəsinin işçisi Anar adlı şəxs imzalaması üçün iddiaçının elektron poçt ünvanına öz xahişi ilə işdən çıxma ərizəsini göndərmiş və imzalayıb geri göndərməyi tələb etmiş, İddiaçı isə bundan imtina etmişdir. Sonra kassanın İddiaçı Daşqın adlı işçiyə təhvil verilməsi tələb edilmiş, kassa Daşqınla birgə sayılaraq təhvil verilmişdir. Günün sonunda kassanı Daşqın adlı işçi, direktor və baş mühasib bağlamışlar. xx.xx.2025-ci tarixdə İddiaçı işə gəlib 1 saat işlədikdən sonra filial direktoru yanına çağıraraq ərizəsini öz xoşu ilə yazmasını tələb etmiş, F.İbrahimini də 10 gündən sonra işdən çıxardacaqlarını bildirmişdir. İddiaçı isə nə özünün, nə də Firuzənin işdən çıxarılmasının tərəfdarı olmadığını bildirmişdir. Sonra kassadan çıxmağı tələb olunmuş, lakin iddiaçı filialı iş gününün sonunadək tərk etməmiş, mətbəxdə və zalda gözləmiş, iş günün sonunda ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığı bildirilmişdir. Beləliklə də səbəbsiz yerə iddiaçının 12 illik ideal karyerasına və işgüzar nüfuzuna xələl gəlmişdir. Nəticə etibarı ilə cavabdeh müəssisənin (işəgötürənin) xx.xx.2025-ci il tarixli, XB-Kİ-6.1.2025-001 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, ya xud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Lakin, hazırkı mübahisə üzrə heç bir əsaslandırılmış əmr mövcud deyil. Ümumiyyətlə iddiaçının hansı pozuntuya yol verdiyi, onun yol verdiyi pozuntunun müəssisədə işin və ya xidmətin normal ahəngini hansı şəkildə pozduğuna dair əmrdə heç bir cümlə (əsaslandırma) mövcud deyil hazırkı mübahisə üzrə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmrdə isə işçinin yol verdiyi pozuntuların Əmək Məcəlləsinin 71-ci maddəsinə uyğun olaraq müəssisədə işin və ya xidmətin normal ahəngini hansı şəkildə pozmasına dair heç bir əsaslandırma və ya sübut yoxdur. Xitam əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilsə də işçinin yol verdiyi pozuntunun nədən ibarət olması, onun işdən çıxarılma səbəbinin izahı verilməmiş, beləliklə də AR Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilmiş əsasların hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İddiaçı haqlı olaraq işə bərpa olunma tələbi ilə müvafiq dövlət qurumlarına şikayət etməyə başlamış, həmçinin, təşkil edilmiş mediasiya prosesində cavabdeh təşkilatın nümayəndəsi “işçinin kassanı gec bağladığı üçün işdən azad edildiyini” şifahi olaraq bildirmiş, lakin əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq əmrdə bu əsaslandırma öz əksini tapmamışdır. İddiaçıla F.İbrahiminin arasında baş vermiş kiçik mübahisə zamanı qeyd edilən maddədə göstərilən əsaslardan heç biri baş verməmişdir. Məhz elə bu səbəbdən də işəgötürən dərhal bir bəhanə ilə çıxış etmək məcburiyyətində qalmış, mediasiya prosesində İddiaçı işdən çıxarılma səbəbi cavabdeh təşkilatın nümayəndəsi tərəfindən iş yerində baş vermiş kiçik mübahisə kimi deyil, həmin hal təhrif olunaraq “İddiaçı tərəfindən kassanın gec bağlanması” kimi diqqətə çatdırılmışdır. Amma alınmış izahatdan da aydın görünür ki, izahat iki şəxsin arasında yaranmış mübahisədən dolayı alınmış, izahatda işçi qarşısında kassanı gec bağlaması ilə bağlı heç bir sual qoyulmamış və izahatda ümumiyyətlə bu məsələyə toxunulmamışdır. İşəgötürən heç bir səbəb olmadan sadəcə gətirdiyi bəhanə ilə işçini işdən azad etməklə AR ƏM-nin 69-cu maddəsinin (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 1-ci bəndinin də tələbini pozmuşdur. Belə ki, AR ƏM-nin qeyd edilən maddəsinin 1- ci bəndində qeyd edilir ki,“İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər”. Yəni, həmin maddə işçinin öz daxili iradəsi əsasında işdən çıxma barədə ərizə verilməməsinin mümkünlüyünü özündə ehtiva edir. Lakin, hazırkı mübahisə üzrə işəgötürənin təyin etdiyi filial rəhbəri və həmin rəhbərə bilavasitə tabe olan kadrlar şöbəsinin əməkdaşı iddiaçını işdən çıxma barədə ərizə yazmağa məcbur etmiş, iddiaçı bundan imtina etdikdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişlər. İddiaçı əvvəllər də fərqli banklarda işləmiş, işlədiyi dövrdə barəsində nəinki heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmiş, hətta xəbərdarlıq belə almamış və kollektiv arasında böyük hörmət qazanmışdır. Sonuncu iş yeri olan "xxxx" Bankı ASC-nin Xaçmaz filialında işlədiyi dövrdə də xəbərdarlıq almamış, barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmiş və həmişə filialın müdiri tərəfindən işinin peşəkarı kimi tanınmışdır. 2023-cü ildə İqtisadıyyatın Tənzimlənməsi ixtisası üzrə dövlət hesabına magistraturaya daxil olmuş, Bankda yerdəyişmə olmadığından təhsilini dayandırmaq məcburiyyətində qalmış və bu barədə heç bir şikayəti olmamışdır. Himayəsində anası və 2 yaşında olan azyaşlı uşağı vardır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə İddiaçı cavabdeh ASC "xxxx" Bankına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi, cavabdeh xxxxn İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025- 001 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq cavabdeh xxxx tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “e” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 83-cü maddəsinin 1-ci bəndinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 186-cı maddəsinin (əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) 3-cü bəndinə maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh ASC "xxxx" Bankın nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini belə əsaslandırmışdır ki, guya iddiaçı tərəfindən ƏMnin 70-ci maddəsinin ç) bəndi və onunla əlaqədar 72-ci maddəsində sadalanan hallar mövcud olmamışdır və cavabdeh tərəfindən həmin normada nəzərdə tutulmuş halların baş verməsi sübuta yetirilməmişdir. Halbuki, ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X2 İdarə Heyətinin sədrinə ünvanlanmış xidməti məktubunda bildirilmişdir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə Bankın kassasının bağlanmasını gecikdirməsi və kassanı 19:45-də bağlaması barədə izahat verməkdən imtina etmişdir. Qeyd edilən fakt yalnız Filial müdirinin xidməti məktubu ilə deyil, məhkəməyə təqdim edilmiş video görüntülərlə də təsdiq edilir. Lakin məhkəmə, cavabdehin həmin arqumentinə münasibət bildirərək belə nəticəyə gəlmişdir ki: “Sözügedən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, kassanın bağlanma vaxtına dair hər hansı qanuni əsas və ya cavabdeh bankın daxili qaydası mövcud deyildir.” İddiaçı tərəfindən yol verilmiş və müvafiq qaydada sübut olunmuş həmin pozuntuya münasibətdə məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, İddiaçı ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, işçi öz əmək funksiyasını Azərbaycan Respublikasının qüvvədə olan əmək və banklar haqqında qanunvericiliyinə, bankdaxili qaydalara, bu Əmək Müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan vəzifə təlimatına uyğun olaraq həyata keçirir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycan Respublikası Mərkəzi Bankının 14 sentyabr 2021-ci il tarixli, 24/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”-nın 2.1.1-ci bəndinə əsasən, axşam kassası – iş günlərində əməliyyat günü bitdikdən sonra, qeyri-iş günlərində isə müəyyən edilmiş iş rejimi çərçivəsində pul saxlancı açılmadan kassa əməliyyatlarını həyata keçirən kassadır. Həmin Qaydanın 2.1.7-ci bəndinə əsasən, əməliyyat günü – kredit təşkilatının daxili qaydaları ilə iş günü ərzində müştərilərə xidmət göstərilən vaxtdır. Həmin Qaydanın gündüz kassası – əməliyyat günü ərzində kassa əməliyyatlarının həyata keçirildiyi kassadır. Həmin Qaydanın 5.15-ci bəndinə əsasən, əməliyyat günü tamamlandıqdan sonra kassirlər (əməliyyatçı-kassirlər) ABİS (avtomatlaşdırılmış bank informasiyasistemləri)-də bütün mədaxil və məxaric əməliyyatları əsasında formalaşmış “Gün ərzində kassa dövriyyələri haqqında hesabat arayışı”nda olan yekun məbləği faktiki qalıq ilə tutuşdururlar. Həmin Qaydanın 5.17-ci bəndinə əsasən, kənarlaşma aşkar olunmadıqda, kassir (əməliyyatçı-kassir) “Gün ərzində kassa dövriyyələri haqqında hesabat arayışı” ABİS-də təsdiqləyir və kassa qalığını kassa sənədləri ilə birlikdə kassa müdirinə “Qəbul edilmiş və təhvil verilmiş nağd pulun və digər qiymətlilərin uçotu kitabı”nda imzalatdırmaqla təhvil verir (kitabın elektron formada aparıldığı hal istisna olmaqla). Kassa müdiri həmin arayış(lar)ı ABİS-də təsdiq etdikdən sonra onların əsasında ABİS-də formalaşmış “Gün ərzində kassa dövriyyələri haqqında ümumi arayış”ı (Əlavə 4) təsdiqləyir. Hazırkı işdə iddiaçı tərəfindən əmək müqaviləsinin 3.1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi (əmək funksiyalarını banklar haqqında qanunvericiliyinə, bankdaxili qaydalara uyğun həyata keçirmək) yerinə yetirmədiyi sübuta yetirilmiş (Bankın Xaçmaz filialının direktoru X2 İdarə Heyətinin sədrinə ünvanlanmış xidməti məktubla və videogörüntü ilə) və bununla da əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsası ilə xitam verilməsi tamamilə qanuni olmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, (a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ... f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək Əmək Məcəlləsinin 10-cu maddəsində işçinin əsas vəzifələri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın təmin edilməsinin “kassanın bağlanma vaxtına dair hər hansı qanuni əsas və ya cavabdeh bankın daxili qaydası mövcud deyildir” kimi dəlillə əsaslandırması əsaslı olmamışdır. Məhkəmə qətnaməsində mübahisə predmeti olan əmrə sonradan düzəliş edilməsinə şübhə ilə yanaşılması və həmin düzəlişin mübahisə üzrə mediasiya prosedurası başladıqdan dərhal sonra edilməsi faktına istinadən qeyd edilən səhvin texniki səhv olmasının ağlabatan olmadığı barədə məhkəmənin gəldiyi nəticə də əsassızdır. Belə ki, əmrin tərtib edilməsi zamanı yolverilmiş texniki səhvin mediasiya prosesindən əvvəl, yaxud sonra aşkar edilməsi ilə iddianın əsaslılığı arasında hər hansı səbəb-nəticəəlaqəsi yoxdur. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki,əmrin ilkin redaksiyasında da əsas kimi, Bankın Xaçmaz filialının direktoru Mübariz Əliquliyevin xidməti məktubuna istinad var idi. Kassanın gec bağlanması (iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi) işin mübahisələndirilməyən hallarına aiddir və özü tərəfindən də etiraf edilir, həmçinin müvafiq video-görüntü ilə də təsdiq edilir. Bundan əlavə, məhkəmə, əmək müqaviləsi tərəflərinin bərabərliyinin “formal” olmasına, “işəgötürənin üstün (güclü) tərəf” olmasına istinad edərək, “sübutetmə yükü baxımından” iddiaçının versiyasını həqiqi hesab edərək, belə qənaətə gəlmişdir ki , “işçi İddiaçı iş yoldaşı olan F.H.İbrahimlə aralarında yaranmış xırda konfliktə görə məhz iş yerinin rəhbərliyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq işdən çıxarılmışdır.” Halbuki, istinad edilən “xırda konflikt” əslində “ASC"xxxx" Bankının etik davranış qaydaları”nın 6.3cü və 6.7-ci maddələrinin tələblərini kobud şəkildə pozulması olmuşdur ki, həmin hadisə ilə bağlı iddiaçının əmək müqaviləsinə xitam verilməmiş, ASC "xxxx" Bankının xx.xx.2024cü il tarixli, XB-K1-xx.xx.2024-003 saylı Əmriilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Həmin hadisə ilə bağlı iddiaçı özünün verdiyi izahatda yol verdiyi pozuntunu etiraf etmiş və əmək qanunvericiliyinə uyğun olaraq tənbeh edilmişdir. Göründüyü kimi, iddiaçının sonradan yol verdiyi başqa xarakterli pozuntu - əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsinə görə əmək müqaviləsinə xitam verilməsinin isə bundan əvvəl mövcud olmuş və töhmət elan edilməsi ilə yekunlaşmış hadisəyə heç bir aidiyyəti yoxdur. Əmək mübahisəsinə baxılması da Mülki Prosessual Məcəllənin 8 və 9-cu maddələrində təsbit edilmiş “hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi”, “çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini” təsbit edən prosessual normaları əsasında həyata keçirilir. Bu baxımdan iddiaçının üzərinə düşən sübutetmə yükünün cavabdehin üzərinə qoyulması, yəni iddiaçının əmək müqaviləsinə xitam verilməsinin “əsl səbəbinin”, iddiaçının bildirdiyi səbəb - “iddiaçı və iş yoldaşı olan F.H.İbrahimlə aralarında yaranmış xırda konflikt” olmadığını sübut etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması yuxarıda istinad edilən maddi normalarla yanaşı prosessual normaların da pozulması aşkardır ki, bu barədə dəlillər şikayətin növbəti bölməsində şərh verilir. Şərh edilənlərdən də göründüyü kimi, - iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi faktı mövcud olmuş, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmiş, bununla bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinəəsasən əmək müqaviləsinə xitamverilmişdir; - iddiaçı tərəfindən onun əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş hal etiraf edilmiş, cavabdehin hər hansı qərəzli münasibəti sübuta yetirilməmişdir. Bank xidməti fəaliyyətinin, xüsusilə də nağd pul əməliyyatları aparan kassa xidməti bölməsinin fəaliyyətinin xüsusi diqqət və məsuliyyət tələb etməsini sübut etməyə ehtiyac yoxdur. Belə olan halda, nağd pulların mədaxili və məxarici, saxlanması, uçotu kimi əməliyyatlara məsul olan işçinin (iddiaçının) kassanı vaxtında bağlamamaqla, yuxarıda istinad edilən müqavilə və Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”-nın tələblərini pozduğu aşkardır və iddianın əsassız olduğunu birmənalı təsdiq edir. Apellyasiya şikayətinin 6-cı bölməsində də qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi əmək müqaviləsi tərəflərinin bərabərliyinin “formal” olmasına, “işəgötürənin üstün (güclü) tərəf” olmasına istinad edərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin “əsl səbəbi” kimi“ iş yerinin rəhbərliyi ilə şəxsi münasibətlər zəminində” olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutetmə yükü düzgün bölüşdürülməmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin pozulması və nəticə etibarıilə əsassız və qanunsuz qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Hazırkı işdə iddianı təmin edən birinci instansiya məhkəməsi, iddiaçının müqavilə öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən sübutlara (kassanın gec bağlandığını əks etdirən videogörüntülərə və Filial müdirinin xidməti məktubuna, həmçinin iddiaçının özünün kassanın gec bağlamasını etiraf etməsinə) əhəmiyyət vermədən, iddiaçının heç nə ilə təsdiq olunmayan dəlilini- onun guya, “işyerinin rəhbərliyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq işdən çıxarılması” dəlilini əsas götürməklə, iddianın əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, xüsusilə də iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş onun əmək müqaviləsi ilə öhdəliklərini yerinə yetirmədiyi ilə bağlı faktiki halları lazımınca aydınlaşdırmamışdır. Hazırkı işdə birinci instansiya məhkəməsi “müəyyən edilmiş” kimi təqdim edilən hal-işçinin “əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğu” hal əslində isə sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr- iddiaçının əmək müqaviləsinə guya, iddiaçı ilə digər işçi arasında baş vermiş konfliktlə bağlı “iş yerinin rəhbərliyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq işdən çıxarılması” nəticəsi işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçı ilə digər işçi arasında baş vermiş konflikt üzrə iddiaçının verdiyi izahatda yol verdiyi pozuntu etiraf edilmiş və ona töhmət elan edilməsi ilə nəticələnmiş, əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş hal isə yalnız Filial müdirinin xidməti ərizəsi ilə deyil, həm də video görüntülərlə təsdiq edilmiş pozuntu olmuşdur ki, bu hər hansı “şəxsi münasibətlərə” görə əmək müqaviləsinə xitam verilməsini istisna edən faktdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, aşağıda qeyd edilənlər baxımından apellyasiya şikayəti tamamilə əsassız olduğundan təmin edilməməli və e-2(004)-2182/2025 saylı mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmalıdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X2 İdarə Heyətinin sədrinə ünvanlanmış xidməti məktubunda bildirilmişdir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə Bankın kassasını bağlanmasını gecikdirməsi və kassanı 19:45-də bağlaması barədə izahat verməkdən imtina etmişdir. Cavabdehin bu mövqeyi ilə bağlı bildirir ki, həmin təqdimat formal olaraq – işdən çıxarma əmrinin verilməsi üçün əsas (zəmin) yaratmaq üçün verilmişdir. Belə ki, İddiaçı izahat verməkdən imtina heç bir aktla rəsmiləşdirilməmiş, onun izahat verməkdən imtinasını təsdiq edən heç bir sənəd təqdimata əlavə edilməmişdir. Həmçinin, iddia ərizəsində də qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixdə iddiaçı filial direktorundan işdən çıxarıldığını eşitmiş, iş gününün sonunda kadrlar şöbəsinin işçisi Anar adlı şəxs imzalaması üçün iddiaçının elektron poçt ünvanına “öz xahişi ilə işdən çıxma ərizəsi”ni göndərmiş və imzalayıb geri göndərməyi tələb etmiş, İddiaçı isə bundan imtina etmişdir. Sonra Xaçmaz filialının direktoru M.Əliquliyev İddiaçı kassanın müəssisənin kredit şöbəsinin əməkdaşı Tapdıqov Daşqın adlı işçiyə təhvil verilməsi tələb etmiş, kassa D.Tapdıqov, müəssisə müdiri M.Əliquliyev və digər baş mühasib Sona adlı işçinin iştirakı ilə birlikdə sayılaraq D.Tapdıqova təhvil verilmişdir. Beləliklə də həmin gün, yəni xx.xx.2024-cü il tarixində günün sonunadək kassanın açarları və kassadakı pullar sayılaraq yuxarıda sadalanan işçilərə təhvil verildiyindən günün sonunda İddiaçı kassanı bağlamaq imkanı ümumiyyətlə olmamışdır. Yəni, kassa bağlananadək artıq İddiaçı öz vəzifəsindən faktiki olaraq kənarlaşdırılmışdır. Göründüyü kimi təqdimatda qeyd edilən pozuntu ümumiyyətlə iddiaçı tərəfindən törədilməmiş, kassa filial müdirinin göstərişi ilə filialın digər işçisinə təhvil verildiyindən iddiaçı həmin günün sonunda kassanı bağlamaq səlahiyyətindən məhrum olmuşdur. Eləcə də iddiaçı pozulmuş hüquqlarının bərpa məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayətlə müraciət etmiş və onun müraciətinin araşdırılması nəticəsində də cavabdehin təqsirli əməlləri öz təsdiqini tapmış və iddiaçıya pozulmuş hüquqları bərpa edilməyəcəyi təqdirdə məhkəmə müraciət etmək hüququ olması bildirilmişdir. Bütün bu hallar Yasamal Rayon Məhkəməsi tərəfindən hərtərəfli araşdırılaraq məsələyə düzgün hüquqi qiymət verilmiş və iddiaçının xeyrinə qətnamə çıxarılmışdır. Göstərilənlərlə yanaşı, iş materiallarında Kassanın bağlanma saatına dair hüquqi norma və konkret daxili qayda yoxdur. Cavabdeh tərəf Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə istinad etsə də, bu maddələrin tətbiqi üçün konkret hüquq pozuntusu, intizam və ya iş ahənginə ciddi zərər, əmək funksiyasının kobud pozulması halları sübuta yetirilməlidir. Lakin kassanın saat neçədə bağlanmalı olduğu Bankın daxili normativ aktlarında göstərilməmişdir. Təkcə "əməliyyat gününün sonu" anlayışı ilə əmək funksiyasının pozulmasını sübut etmək mümkün deyil. Digər tərəfdən Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli Qaydası da yalnız prosedur müəyyən edir, lakin kassa bağlanmasının konkret saatı və onun pozulmasının hüquqi nəticələri göstərilmir. Qanunvericilikdə “gec bağlama” anlayışı hüquqi pozuntu kimi təsbit olunmamışdır. Bu səbəbdən kassanın guya 19:45-də bağlanması da pozuntu sayıla bilməz. Həmçinin, Əmək Məcəlləsinin 71.2 və 72-ci maddələrinə əsasən, 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün aşağıdakılar tələb olunur: - Pozuntu qəsdən və ya kobud səhlənkarlıqla edilməlidir; - Pozuntu nəticəsində: İşin normal ahəngi pozulmalı və ya işəgötürənin və ya əmək kollektivinin qanuni maraqlarına ziyan dəyməlidir. Hazırkı mübahisə üzrə isə kassanın bağlanması bankın ümumi işinə maneə yaratmamış, əksinə kassa günün sonunda təhvil verilmiş, əməliyyat yekunlaşdırılmışdır. Heç bir zərər faktı sübuta yetirilməmiş, işin normal gedişatına təsir göstərən nəticə ortaya çıxmamışdır. İşəgötürən səbəb-nəticə əlaqəsini sübut edə bilməmişdir. Kassanın bağlanmasının sübutu və "etiraf" iddiası manipulyasiyadır. Cavabdeh kassanın gec bağlanmasını etiraf olunmuş fakt kimi təqdim etsə də iddiaçının izahatı kassanın gec bağlanması ilə bağlı deyil, yalnız işçi ilə münasibət barədədir. Heç bir video-görüntü məhkəməyə təqdim edilməmiş və ya texniki ekspertiza ilə təsdiq olunmamışdır. Məhkəmənin qətnaməsində də bu dəlilin sübut kimi yararsız olduğu qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının № 24/1 nömrəli “14” sentyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın 5.1-ci bəndinə əsasən, bu Qaydanın müvafiq olaraq 4.1-ci və 4.3-cü bəndləri ilə müəyyən edilmiş pul saxlancı və seyf (bundan sonra birlikdə işləndikdə - pul saxlancı) təşkilatın bölməsinin pul saxlancı inzibatçıları tərəfindən əməliyyat gününün əvvəlində və sonunda ən azı iki açarla açılıb-bağlanılır. Açarların biri pul saxlancı inzibatçısı kimi təşkilatın bölməsinin kassa müdirinə, digəri isə təşkilatın rəhbərinə və ya onun müvəkkil etdiyi digər vəzifəli şəxsə təhkim edilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, pul saxlancı inzibatçısı müəyyən səbəblərə (xəstəlik, məzuniyyət, ezamiyyət və s.) görə vəzifələrini icra edə bilmədikdə, pul saxlancının açarı təşkilatın rəhbərinin sərəncamverici aktına əsasən pul saxlancında olan qiymətlilərin qalıqları yoxlanılmaqla digər əməkdaşa təhvil-təslim aktı tərtib olunmaqla verilir. Həmin qaydanın 5.6-cı bəndinə əsasən, bu Qaydanın 5.5-ci bəndi istisna olmaqla pul saxlancı inzibatçısı tərəfindən ona təhkim edilən pul saxlancı açarının digər pul saxlancı inzibatçısına və ya başqa şəxslərə verilməsi qadağandır. Hazırkı mübahisə üzrə filialın kassasının açarlarından biri İddiaçı, digər isə filial müdirində olmuşdur. xx.xx.2024-cü il tarixdə filial direktoru M.X3 müəyyən etdiyi qaydaların tələblərini pozaraq iddiaçıdan kassadakı pulları və kassasının açarlarını kredit şöbəsinin əməkdaşı Daşqın Tapdıqova təhvil verməyi tələb etmişdir. İddiaçı isə işdən çıxarıldığını düşünərək məcburiyyət qarşısında qalaraq kassası həmin əməkdaşa təhvil vermişdir. Eləcə də iş materiallarında olan ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X2 İdarə Heyətinin sədrinə ünvanlanmış məktubundan qeyd edilmişdir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə Bankın kassasını bağlanmasını gecikdirməsi və kassanı 19:45-də bağlaması barədə izahat verməkdən imtina etmişdir. Cavabdeh müəssisədə “əməliyyatlar günü” saat 17:00da bitsə də, dəfələrlə saat 17:00-dan sonra da kassaya mədaxil əməliyyatları həyata keçirilmiş və günün sonunda (məs: saat 19:00-da, 21:00-da və ya başqa saatlarda) bankın kassası bağlanarkən kassanın sayılması həyata keçirilmişdir. Bu hal nə Mərkəzi Bankın müəyyən etdiyi qaydalara, nə də cavabdeh bankın daxili qaydalarına zidd hal deyil və pozuntu hesab edilmir. Beləliklə də əslində təqdimatda qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə kassanın 19:45- də bağlaması intizam pozuntusu kimi qiymətləndirilə bilməz və burada heç bir intizam xətasının tərkibi yoxdur. Texniki səhv iddiası etibarsız və hüquqa ziddir Cavabdeh apelyasiya şikayətində iddia edir ki, əmrin əvvəlki redaksiyasında “izahatlara əsaslanma” texniki səhv olub. Lakin, nəzərə alınmalıdır ki, işdənçıxarma əmri formalaşmış iradənin rəsmi ifadəsidir, “texniki səhv” adı ilə bu iradənin sonradan dəyişdirilməsi məhkəməni və prosesi çaşdırmaq məqsədi daşıyır. Əgər pozuntu “kassanı gec bağlamaq” idisə, bu, ilkin əmrdə göstərilməli idi. Mediasiya prosesindən sonra dəyişiklik edilməsi sübutların manipulyasiyasıdır və bu, ədalətli məhkəmə araşdırması prinsipinə ziddir (Konstitusiyanın 60-cı maddəsi). Cavabdeh müəssisənin xx.xx.2025-ci il tarixli əmri də öz qanunsuz əməllərini pərdələmək məqsədilə verilmişdir. Belə ki, elektron məhkəmə sistemində əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025- ci il tarixli əmr xx.xx.2025-ci il tarixdə verilmiş işdənçıxarma əmrinə düzəliş edilməsi məqsədilə verilmişdir. Belə ki, həmin əmrə əsasən, guya xx.xx.2025-ci il tarixdə verilmiş işdənçıxarma əmrinin redaksiyasında “İddiaçı və F.H.İbrahiminin yazılı izahatları” sözləri texniki səhv nəticəsində verilmişdir. Bu səbəbdən də xx.xx.2025-ci il tarixli əmrlə xx.xx.2025-ci il tarixdə verilmiş işdənçıxarma əmrindən həmin sözlər çıxarılmışdır. Göstərilənlərdən bu nəticəyə gəlirik ki, xx.xx.2025-ci il tarixli işdən çıxarma əmrinin verilməsinə əsas Xaçmaz filialının direktoru M.Əliquliyevin xx.xx.2025-ci il tarixli təqdimatı olmuşdur və İddiaçı həmin təqdimat əsasında işdən çıxarıldığından əmrinin redaksiyasında “İddiaçı və F.H.İbrahiminin yazılı izahatları” sözləri texniki səhv nəticəsində verilmişdir. Əslində isə bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, iddia ərizəsində də qeyd etdiyimiz kimi İddiaçı işdən çıxarılması sırf ona qarşı olan qərəzli münasibətdən irəli gəlmişdir. Belə ki, xx.xx.2024 tarixdə iş yerində İddiaçıla filialın kiçik referenti Firuzə İbrahimi arasında kiçik insident olmuş, lakin insident dərhal həll olunmuş, işçilərin birbirlərinə qarşı şikayəti olmamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə İddiaçı Baş ofisdən dəvət olunaraq onunla söhbət aparılmış, yaxşı işçi olması diqqətinə çatdırılaraq bir daha iş yoldaşı ilə arasında belə bir hadisəyə yol verməməsi tapşırılmış və məsələnin bitdiyi, işinə davam edə biləcəyi bildirilərək prosedur tələbi səbəbi ilə izahat verməsi tələb olunmuş, İddiaçı isə hər şeyin yolunda getdiyini düşünərək onların diktəsi ilə F.İbrahimi ilə aralarında kiçik insident olması, hazırda arlarında heç bir kinin (mübahisənin) olmadığı barədə izahat vermişdir. Yəni, əslində xx.xx.2025-ci il tarixdə verilmiş işdənçıxarma əmrində heç bir texniki səhvə yol verilməmişdir. Həqiqətən də əmrin verilməsi əsası kimi çıxış edən İddiaçı izahatı alınmış və həmin izahat əsasında iddiaçı işdən çıxarılmışdır. Sonradan cavabdeh “ağıllanaraq” həmin izahat əsasında İddiaçı işdən çıxarılmasının qanunsuz olduğunu anlamış, onun işdən çıxarılmasına hüquqi don geyindirmək və iddiaçının kobud pozuntuya yol verdiyi mənzərəsini yaratmaq üçün formal olaraq xx.xx.2025-ci il tarixli təqdimat tərtib etmiş və sonradan guya texniki səhvi aradan qaldırmaq üçün xx.xx.2025-ci il tarixli əmr vermişdir. Göründüyü kimi bütün bu sadalanan hallar cavabdehin qanunsuz əməllərini pərdələmək məqsədilə atdığı hüquqazidd addımları aşkar şəkildə göz önünə çıxarır. İşçiyə törətdiyi pozuntuya görə töhmət intizam tənbehi verilmişdisə, yenidən eyni pozuntuya görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyri-qanunidir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı əvvəlki “etik davranış pozuntusuna” görə töhmət intizam tənbehi almışdır. Cavabdehin bu mövqeyi ilə bağlı bildirir ki, həmin pozuntu ilə bağlı artıq intizam tənbehi tətbiq edilib, bu isə intizam xətasına görə intizam tənbehinin tətbiq edilməsi prinsipinin yekunlaşmasını bildirir (ƏM, 187.3-cü maddə). Sonradan həmin və ya ona yaxın epizodlarla əlaqəli olaraq əmək müqaviləsinə xitam verilməsi “ikiqat cəzalandırma” deməkdir. Töhmətlə yekunlaşan bir intizam pozuntusunun sonradan “kassanın gec bağlanması” adı altında təqdim edilməsi yalnız qərəzin nəticəsidir. İşəgötürənin sübutetmə yükü yerinə yetirilməmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 8 və 9-cu maddələrinə istinad edilmişdir. Lakin MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf tələblərini əsaslandıran sübutlar təqdim etməlidir; İşəgötürən, əmək müqaviləsinə xitam üçün qanuni əsasların mövcudluğunu sübut etməli idi; Bütün versiyalar ehtimal xarakterlidir, sübuta yox, fərziyyəyə əsaslanır; Birinci instansiya məhkəməsi bu əsasla sübutların natamamlığını əsas götürərək iddianı təmin etmişdir ki, bu, hüquqa tam uyğundur. Göründüyü kimi ASC "xxxx" Bankı tərəfindən təqdim edilmiş arqumentlər hüquqi cəhətdən zəif, qeyri-dəqiq və sübutsuzdur. İşəgötürənin davranışları əsaslandırılmış hüquqi prosedur yox, subyektiv qərəz və təzyiq elementləri daşıyır. Əmək Məcəlləsinin 70-ci və 72-ci maddələrinin tətbiqi üçün zəruri şərtlər mövcud deyil, nəticədə əmək müqaviləsinə xitam əsassız olmuşdur. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni, əsaslandırılmış və faktiki vəziyyətə uyğun olmuşdur. Apellyasiya şikayətinin 6-ci bəndində cavabdeh qeyd etmişdir ki, əmək münasibətlərində tərəflərin bərabərliyi formal xarakter daşıyır – bu, qanunvericilikdə və məhkəmə təcrübəsində tanınmış prinsipdir. Əmək Məcəlləsinin 2-ci maddəsində qeyd edilsə də ki, tərəflərin hüquq bərabərliyi prinsipi mövcuddur, lakin bu bərabərlik formal xarakter daşıyır, çünki işəgötürənin kadr, texniki, hüquqi və maliyyə resursları, işçiyə nisbətən inkarolunmaz üstünlük təşkil edir; işəgötürən əmək müqaviləsinin şərtlərini müəyyən edən, işçinin fəaliyyətini qiymətləndirən, intizam tənbehi tətbiq edən, əmək müqaviləsinə xitam verən subyektdir; AR Konstitusiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli Qərarında açıq şəkildə göstərilmişdir ki, əmək münasibətlərində formal bərabərlik olsa da, faktiki münasibətlərdə işəgötürən dominant tərəf hesab olunur və bu halda məhkəmənin müdaxiləsi hüquqi tarazlığı təmin etmək baxımından zəruridir. Ona görə də birinci instansiya məhkəməsinin iddiaçının faktiki zəif mövqeyini, işəgötürənin isə mövcud resursları ilə sübutlar təqdim etmə qabiliyyətini nəzərə alaraq sübutetmə yükünü işəgötürənin üzərində saxlaması hüquqa tam uyğundur. Həmçinin, MPM-in 77.1-ci maddəsinin tətbiqi əmək hüququ sahəsində kontekstual yanaşma tələb edir. Doğrudur, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, tərəflər iddialarını və etirazlarını sübut etməlidirlər. Lakin bu norma ümumi mülki hüquq münasibətlərinə aiddir. Əmək mübahisələrində isə Konstitusiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən sübutetmə yükünün balanslaşdırılması tətbiq edilir. Bu, xüsusilə aşağıdakı hallarda vacib sayılır: Əgər işəgötürən əmək müqaviləsinə xitam vermişsə, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən bu xitamın zəruriliyini və əsaslılığını sübut etmək işəgötürənin vəzifəsidir; İşəgötürən bu sübutetmə vəzifəsindən azad edilə bilməz, əks halda bu, zəif tərəf olan işçinin hüquqlarının pozulması ilə nəticələnər. Bu yanaşma Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq “ədalətli mühakimə” prinsipinin tələblərinə tam uyğundur və Avropa Məhkəməsinin “Danilenkov və digərləri Rusiyaya qarşı” (2009) işində də vurğulanmışdır. Kassanın gec bağlanması – sübut edilməmiş, qiymətləndirilməmiş iddiadır. Apellyasiya şikayətində iddia edilir ki, kassanın gec bağlanması videogörüntü ilə təsdiqlənir. Lakin həmin görüntülər məhkəməyə təqdim edilməmişdir, təqdim edilibsə belə, ekspertiza ilə dəstəklənməmişdir; kassanın bağlanması vaxtı ilə bağlı heç bir akt, protokol, şahid izahatı mövcud deyil; iddiaçının “kassanı gec bağlaması” onun tərəfindən etiraf edilməmişdir, əksinə, həmin gün kassanı təhvil verdiyini bildirib və bu da iş materiallarında təsdiq olunur. Buna görə birinci instansiya məhkəməsi bu faktın sübuta yetirilmədiyi barədə qərar qəbul etməkdə haqlı olmuşdur və MPM-in 88-ci maddəsinin tələblərini pozmamışdır.“Şəxsi münasibətlər zəminində” xitam verilməsi fərziyyə deyil, məntiqi nəticədir. İddiaçının işdən çıxarılma prosesi aşağıdakı ardıcıllıqla baş vermişdir: 1. İş yoldaşı ilə insident yaşanır; 2. Sonradan mərkəzi ofisə çağırılaraq izahatı alınır və heç bir intizam məsuliyyətinə cəlb edilmədiyi ona bildirilir; 3. Ardınca təzyiqlə işdən çıxma barədə ərizə yazması tələb olunur; 4. Ərizədən imtina etdikdə, “kassanı gec bağlama” bəhanəsi ilə əmək müqaviləsinə xitam verilir; 5. Bu bəhanə əmrdaxili sənədlərdə əsaslandırılmır, mediasiya prosesi başlayandan sonra “əmrdə yol veirlmiş texniki səhvin düzəldilməsi barədə” yeni əmr verilir və köhnə əmrdə düzəliş edilir. Bu gedişat obyektiv olaraq məhkəməyə əsas verir ki, işçiyə qarşı qərəzli münasibət olub və bu səbəblə əmək müqaviləsinə xitam verilib. Bu, fərziyyə deyil, sübutlardan çıxarılan hüquqi nəticədir. Avropa Məhkəməsinin yanaşması: Formal sübutlar yox, obyektiv və tam araşdırma. Apellyasiya şikayətində istinad edilən Van de Huk Niderlanda qarşı işdə Avropa Məhkəməsi qeyd edir ki, milli məhkəmələr təqdim edilmiş dəlilləri hərtərəfli və obyektiv araşdırmalıdır. Bu isə o deməkdir ki Məhkəmə təkcə təqdim olunan sənədlərin varlığı ilə yox, onların etibarlılığı, uyğunluğu və kontekstdə qiymətləndirilməsi ilə qərar verməlidir; birinci instansiya məhkəməsi bunu etmiş, əmrin texniki manipulyasiya olduğunu, sübutların zəif və qeyri-kafi olduğunu müəyyən etmişdir; Məhz bu səbəbdən işəgötürənin verdiyi təqdimat və təqdim etdiyi sübutlara faktiki qiymət verilməmişdir. Hazırkı mübahisə üzrə sübutlar məhkəmə tərəfindən hərtərəfli və obyektiv araşdırılmış, məhkəmə baxışı çəkişmə prinsipinin tələblərinə uyğun olaraq həyata keçirilmiş və nəticədə haqlı tərəf olan İddiaçı xeyrinə ədalətli qətnamə qəbul edilmişdir. Beləliklə də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar tamamilə absurd və əsassızdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, apelyasiya şikayətinin rədd edilməsi və e- 2(004)-2182/2025 saylı mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
17. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
18. 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir.
19. Maddə 71.2 bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
20. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
21. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəməninqanuni qüvvəyə minmişqətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
22. Maddə 83.1-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
23. 186. 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər.
24. Əmək Məcəlləsinin 186-cı maddəsinin (əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İş materiallarından görünür ki, işçi İddiaçı ilə işəgötürən ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı müddətsiz əmək müqaviləsi əsasında ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsinə işə qəbul edilmişdir. ASC "xxxx" Bankın xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmrinə əsasən ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin əsasını İddiaçı, F.H.İbrahimin yazılı izahatları ..... təşkil edir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən mübahisə üzrə mediasiya təklifi barədə bildiriş xx.xx.2025-ci il tarixdə göndərilmiş, xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. ASC "xxxx" Bankın xx.xx.2025-ci il tarixli BO-XO-4.2.2025-004XB- K1- 6.1.2025-001 nömrəli əmrinə əsasən mübahisə predmeti olan xx.xx.2025-ci il tarixli XB-Kİ6.1.2025-001 nömrəli əmr yeni redaksiyada verilmiş, əmrin hazırlanmasında texniki xətaya yol verilməsi əsası ilə əmrin əsasından İddiaçı, F.H.İbrahimin yazılı izahatları sözlərinin çıxarılması qərara alınmışdır. Əsas kimi Bankı “Xaçmaz” filialının direktoru M.C.Əliquliyevin xidməti məktubu .... əlavə edilmişdir. ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X2 İdarə Heyətinin sədrinə ünvanlanmış məktubuna əsasən ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı xx.xx.2024cü il tarixdə Bankın kassasını bağlanmasını gecikdirməsi və kassanı 19:45-də bağlaması barədə izahat verməkdən imtina etmişdir.
35. Kollegiya xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli əmrə münasibətdə hesab edir ki, mübahisə predmeti olan əmrin əsaslılığı sübuta yetirilməmişdir. Mübahisə predmeti olan əmrə sonradan düzəliş edilməsi və işin faktiki əsasını təşkil edən halların (izahatlar) əmrdən çıxarılmasının texniki səhv olması ağlabatan deyildir. Nəzərə alınmalıdır ki, kadr resursu geniş olan işəgötürən qismində bankın mübahisə predmeti olan əmrə işin faktiki hallarına uyğun “xəta”nı səhvən daxil etməsi, mübahisə üzrə mediasiya prosedurası başladıqdan dərhal sonra əmrə düzəliş etməsi anlaşılan deyildir. Əmrin ilkin versiyası bəlkə də işçi barədə hər hansı intizam tədbirinin tətbiq edilməsinə əsas ola bilsə də, sonraki versiyası işçinin intizam məsuliyyətini tam aradan qaldırır. Bu o deməkdir ki, prezumpsiya olaraq iddiaçının iddia ərizəsində göstərdiyi faktiki xüsusatlar həqiqətə uyğundur, bunun əski işəgötürən tərəfindən sübuta yetirilmir.
36. Kollegiya apellyasiya şikayətinin sübut etmə yükünün cavabdehin üzərinə qoyulması” dəlilinə münasibətdə hesab edir ki, AR Mülki-Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda əmək müqaviləsinə xitam üçün qanuni əsasın mövcudluğunu sübutetmə vəzifəsi işəgötürənin üzərinə düşür. Belə ki, əmək müqaviləsinin tərəfi kimi formal olaraq bərabər olmasına baxmayaraq, faktiki münasibətlər, işəgötürənin üstün səlahiyyətləri (sərəncam hüququ, texniki, maddi, maliyyə, kadr imkanlarının üstünlüyü və s.) baxımından işçi və işəgötürən bərabər deyildir, işəgötürən üstün (güclü) tərəfdir. İşçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan cavabdehin üzərindədir.
37. Cavabdeh işçinin işdən çıxarılmasının əsası qismində xx.xx.2024-cü il tarixdə kassanın bağlanmasını gecikdirməsini göstərsə də, kassanın bağlanma vaxtına dair hər hansı qanuni əsas və ya cavabdeh bankın daxili qaydası mövcud deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 29 dekabr tarixinin ilin sonuncu iş günü olması nəzərə alınmaqla son maliyyə əməliyyatlarının işçi tərəfindən icra edilməsi iş vaxtından artıq işləyən işçinin mənafeyinə uyğun olmasa da bankın mənafeyinə uyğundur. Kassanın gec bağlanması halı mövcud olmuşdursa da, bu o deməkdir ki, işçi iş vaxtından artıq işləmiş və işəgötürən qarşısında əmək funksiyalarını müqavilədə nəzərdə tutulmuş iş saatından artıq yerinə yetirmişdir. Kassanın gec bağlanmasının işəgötürənin hansı qanuni maraqlarına ciddi zərər vurması, nəticədə Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən dispozitiv şərtlərin yaranması barədə cavabdeh tərəfindən heç bir ağlabatan mülahizə bildirilməmişdir. İddiaçı ümumiyyətlə kassanı gec təhvil verməsi xüsusatını qəbul etməməklə bildirir ki, əslində ona rəhbərlik tərəfindən işdən çıxarılacağı bildirildiyindən və təhvil-təslim tələb edildiyindən o, kassanı həmin gün saat 17 radələrində təhvil vermişdir.
38. Məhkəmə onu da nəzərə almışdır ki, işçi barədə əvvəllər hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Məsələ əgər kassanı gec bağlamaqdırsa da, işəgötürən ilk dəfə baş vermiş bu hala görə hansı səbəbə digər tənbeh tədbirlərini (xəbərdarlıq, töhmət, şiddətli töhmət və s.) deyil, ən ağır tənbeh tətbiq etməsinin zəruriliyi nə əmrdə, nə də məhkəmə iclaslarında əsaslandırmamışdır. Əgər kassanın gec bağlanması işəgötürənin mənafeyinə ciddi zərər vura bilərsə, bununla bağlı kassir məsuliyyət daşıyan kimi, digər vəzifəli şəxslər də məsuliyyət daşımalıdırlar. Əgər pozuntu varsa da, subyektlərə (rəhbərlik, işçilər) fərqli münasibətlərin sərgilənməsi subyektlərin qanun qarşısında bərabərliyi prinsipinə uyğun olmamaqla diskriminasiyaya səbəb ola bilər.
39. Kollegiya apellyasiya şikayətinin işçinin izahat verməkdən imtina etməsi hissəsinə münasibətdə hesab edir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X2 İdarə Heyətinin sədrinə ünvanlanmış məktubunda bir cümlə ilə işçinin izahat verməkdən imtina etdiyini qeyd etsə də, bu barədə digər işçilərin iştirakı ilə hər hansı akt tərtib edilməmiş, faktla bağlı (əgər baş vermişdirsə) digər işçilərin izahatları alınmamış, izahat verilməməsinin səbəbləri qeyd edilməmiş, iddiaçı olan işçiyə izahat verməsi barədə işəgötürən tərəfindən təklif edilməsi sübuta yetirilməmişdir.
40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh xxxxn İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmri ləğv edilməli, İddiaçı vəzifəsinə işə bərpa edilməli və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq cavabdeh xxxx tərəfindən İddiaçı ödənilməlidir.
41. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, cavabdehin iddiaçını heç bir qanuni əsas olmadan işdən azad etməsi iş materiallarında olan sübutlarla tam təsdiq edilir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh ASC "xxxx" Bankın nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin e- 2(004)-2182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.