Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3657/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin təmir-tikinti xərclərinə sərf edilmiş pul” tələbinə dair mülki iş üzrə xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xxxx Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin təmir-tikinti xərclərinə sərf edilmiş pul tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən mənzilin təmir-tikinti xərclərinə sərf etdiyi 35.000 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “xxxx” MTK-ya müraciət edərək mənzil almaq istəyini bildirmiş, ünvan 2 ünvanda yerləşən mənzili tam qanuni əsaslarla alaraq MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli 04 saylı protokoluna əsasən onunla müqavilə bağlanılmış və mənzilin dəyərini tam ödəməyinə dair xx.xx.2016-cı il tarixli MK-01/05 saylı maliyyə arayışı təqdim edilmişdir. Daha sonra o, həmin mənzili əsaslı təmir etdirərək mənzilin dəyərini xeyli dərəcədə yaxşılaşdırmışdır. Belə ki, mənzili aldığı zaman ona məlum olmuşdur ki, həmin mənzil daima kirayəyə verildiyi üçün mənzildə sadə kosmetik təmir işləri aparılmışdır, yəni tam təmirli deyildir. Ona görə də o, məcbur olaraq şəxsi vəsaiti hesabına mənzilin əsaslı təmir işlərini görmək üçün təmirtikinti materialları almış və təmir üçün ustalara zəhmət haqqı ödəyərək mənzilin təmirinə 35000 manat vəsait sərf etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, MTK-nın məsul şəxsləri dələduzluq edərək cavabdehlərə məxsus mənzili ona satışda olan boş mənzil kimi təqdim edərək, onunla müqavilə bağlamışlar. Həmin əmələ görə təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb olunaraq, onların barəsində cinayət işi açılmış və hal-hazırda həmin cinayət işi xxxx Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Hal-hazırda mənzil cavabdehlərə məxsus olduğundan məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə o, ailəsi ilə birlikdə həmin mənzili boşaldaraq cavabdehlərə təhvil verməlidir. O, mənzili hal-hazırda olduğu vəziyyətdə almamış və mənzili əsaslı təmir edərək, onun vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmışdır. Həmin mənzil onun pasport qeydiyyatında olduğu yeganə yaşayış yeri olduğundan onun yaşamağa başqa yeri yoxdur. O, illər ərzində qazandığı vəsaiti həmin mənzilin alınmasına və onun əsaslı təmirinə sərf etmişdir. Onun sifarişi ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssisləri tərəfindən həmin mübahisəli mənzilə baxış keçirilmiş və mənzilin təmir-tikinti işlərinin qiymətləndirilməsi keçirilmişdir. Qiymətləndirmə rəyinə əsasən mənzilin təmir-tikinti materiallarına 33163 manat pul xərclənmişdir. Ona görə də hesab edir ki, onun mənzilin təmirinə xərclədiyi vəsait cavabdehlər tərəfindən ödənilməlidir. xxxx şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-809/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı, X3 və X6 qarşı “əmlak üzərində sahiblik, istifadə hüququnun tanınması, əmlakın qanunsuz sahiblikdən qaytarılmaqla, faktiki sahibliyinə, istifadəsinə verilməsinin təmin olunması, istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” barədə ilk iddia ərizəsi təmin, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “orderin ləğv edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh2 və Cavabdeh1 xxxx şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin 36-cı mənzilinə sahiblik, istifadə hüquqları tanınmaqla, İddiaçı arvadı Rəviyyə Kazımova və qızı Aida Ramizin mənzildən istifadə hüquqları itirilmiş hesab edilmiş, mənzilin İddiaçı və ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq boşaldılması və Cavabdeh2 təhvil verilməsi, eyni zamanda “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli 04 saylı protokolun, həmçinin xx.xx.2016-cı il tarixli 04 saylı protokolundan “çıxarış” sənədinin və xx.xx.2016-cı ıl tarixli MK-01/05 saylı “maliyyə arayışının” etibarsız hesab edilməsi qət edilmişdir. xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5162/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə xxxx şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-809/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdehlər tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 6295/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdehlər İddiaçı, X4 və X1 şikayəti təmin edilməmiş və xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5162/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hal hazırda o, yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(l02)-6295/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından Ali Məhkəmənin Plenumuna ərizə ilə müraciət etmişdir. xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(004)-763/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçıapelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işə baxan hakimə qarşı yazılı etiraz verdiyini və işin təxirə salınmasını xahiş etsə də, məhkəmə etiraz məsələsini həll etməmiş, özbaşınalığa yol verərək işə iddiaçının və onun vəkilinin iştirakı olmadan ilk iclasda mahiyyəti üzrə baxmış və qətnamə çıxarmışdır. Məhkəmə qərəzli olaraq iş üzrə toplanmış bütün sübutları tədqiq etməmiş, ona görə də qətnamənin nəticə hissəsində düzgün hüquqi mövqeyi əks etdirməmiş və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh icra məmuru tərəfindən tərtib olunan akta istinad etsə də, məhkəmə həmin aktın surətini tələb etməmişdir. Yalnız kosmetik dəyişiklik deyil, eyni zamanda otaqların qapıları, döşəmənin parketlə örtülməsi, eyvanın tam bərpası və sair bu kimi dəyişikliklər cavabdeh tərəfindən qeyd edilməmişdir. Əvvəlki mənzil mübahisələrində, iş üzrə qəbul olunmuş yekun qərarlarda cavabdeh özü həmin mənzili aldığı kimi kirayəyə verdiyini, mənzildən heç vaxt şəxsi istifadə etmədiyini etiraf etmişdir. Ona görə də hazırda həmin mənzildə aparılmış təmir işləri məhz iddiaçının şəxsi vəsaiti hesabına həyata keçirildiyindən cavabdehlər qanunvericiliklə bilavasitə əsassız varlanmış şəxslər hesab olunurlar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, “xxxx” Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının xx xxxx 2016-cı il tarixli 04 saylı protokolu ilə İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi və Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, m.36-da yerləşən 3 otaqlı ümumi sahəsi 110 kv.m. olan mənzil onun adına keçirilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-809/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xxxx şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 36 nömrəli mənzil üzərində sahiblik və istifadə hüquqları tanınmaqla, İddiaçı, həyat yoldaşı X2 və övladı xx.xx.1999-cu il təvəllüdlü X5 mənzildən istifadə hüquqlarını itirilmiş hesab edilməsi, mənzil İddiaçı və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq, boşaldılması və iddiaçılar Cavabdeh2 və Cavabdeh1 təhvil verilməsi; “xxxx” Mənzil Kooperativi üzvlərinin ümumi yığıncağının xx xxxx 2016-cı il tarixli 04 saylı protokolu, “xxxx” MK üzvlərinin ümumi yığıncağının xx xxxx 2016-cı il tarixli 04 saylı protokolundan “Çıxarış” sənədinin və xx xxxx 2016-cı il tarixli MK- 01/05 nömrəli “Maliyyə arayışı”-nın etibarsız hesab edilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, o, mübahisəli mənzildə əsaslı təmir işlərini görərək, mənzilin təmirinə 35.000 manat vəsait sərf etmişdir. İş üzrə birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2928 saylı, xx xxxxx 2019-cu il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda “xxxx” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 36 saylı mənzildə əsaslı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. İddiaçının apelyasiya şikayətinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvinə əsas ola bilməz. İddiaçı apelyasiya şikayətində hakimə etiraz verdiyini, lakin etiraz məsələsi həll edilmədən işə baxılıb qətnamə çıxarıldığını qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, hakimə etiraz məhkəmə qətnaməsi çıxarıldıqdan sonra məhkəmənin hakiminə təqdim edilmişdir. Bundan əlavə, iddiaçı mənzili təmir etməsini iddia etsə də, bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız təmir işlərinə dair “Qiymətləndirmə aktına” istinad etmişdir. Lakin həmin qiymətləndirmə aktı ilə mənzildə görülən işlərin kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün deyildir. Üstəlik, iddiaçı özü etiraf etmişdir ki, o, mübahisəli mənzili MTK-dan əldə edərkən həmin mənzil artıq təmirli olmuş və ayrı-ayrı şəxslərə kirayə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia üzrə sübutemə vəzifəsini bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulu təmirə xərclədiyini sübut etməli olduğu halda, bu hallarla bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(004)-763/2019 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində xxxx Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3657/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3657/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver