Məhkəmə qərarları › İş №2(103)-3657/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3657/2022

11.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3657/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(001)-1166/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilmiş onunla əmək müqaviləsinə xitam verilməsinə dair 02.10.2020ci il tarixli 86 nömrəli əmrin ləğv edilməsi, onun sürücü vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 14.05.2010-cu ildən 01.10.2015-ci ilə kimi 73 saylı Yol İstismar İdarəsində sürücü, 01.10.2015-ci ildən 02.10.2020-ci ilə kimi 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü işləmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. İşlədiyi müəssisənin rəhbəri 30.09.2020-ci il tarixdə ona digər sürücülər kimi idarə etdiyi avtomobillə cəbhə bölgəsinə getməli olmasını demiş, o, anasının xəstə olduğundan anasına dərman alması, evdəkilərlə halallaşması üçün 2 gün vaxt verilməsini xahiş etmişdir. 02.10.2020-ci ildə MMC-nin rəisi Elşən Cəfərov ona zor işlədib hədə-qorxu gələrək ərizə yazıb işdən çıxmasını ondan tələb etmiş, ərizə verməyəcəyi halda onu vətən xaini elan edib həbs etdirəcəyi ilə hədələmişdir. O, 4 uşağının taleyini fikirləşib ərizə yazmış, ərizəni yazan kimi, yəni 02.10.2020-ci il tarixdə onunla dərhal əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. O, bu hədəqorxunun təsirindən özünə gələn kimi dərhal Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin sədrinə müraciət etmiş, lakin işdən öz ərizəsi ilə çıxması barədə sənədi təqdim edən MMC onu işə qaytarmaqdan imtina etmişdir. Məhkəməyə müraciət etmək üçün müddəti də bu səbəbdən ötürmüşdür. Ona qarşı qərəzli, hədə-qorxu gəlmək istəyi o dərəcədə şiddətli olmuşdur ki, direktor onun əmək kitabçasını belə ona verməkdən imtina etmiş nəhayət çox saylı müraciətindən 1 il 1 gün sonra, yəni 03.11.2021-ci il tarixdə o, əmək kitabçasını imza edib rəsmi olaraq götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(001)- 1166/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən 02.10.2020ci ildə yazdırılan ərizədə guya əmək münasibətlərinə elə 02.10.2020-ci il tarixdə də xitam vermək istəyinin olması qeyd edilib, əslində ərizənin bu formada yazılması onu bir daha göstərir ki, həmin ərizə tərəfindən könüllü olaraq yazılmayıb və əmək münasibətlərinə onun tərəfindən xitam verilməsi üçün heç bir təşəbbüs göstərilməyib. İşəgötürən əmək qanunvericiliyinin tələblərinə zidd olaraq əmək kitabçasını işdən çıxarıldıqdan 1 il 1 aydan sonra özünün 03 noyabr 2021-ci il tarixli ərizəsindən sonra təqdim edib, yəni həmin dövrdə işdən ayrılmağı ilə bağlı təşəbbüsü olsaydı əmək kitabçasını da dərhal götürüb başqa bir işə keçərdi. Şahid ifadələri nəzərə alınmamışdır. Adları çəkilən şahidlər, həm də şahid qismində dindirilmiş digər şəxslər işəgötürənlə onun arasında mübahisənin yarandığını, münasibətlərin korlandığını, anasının xəstə olması ilə əlaqədar əlavə vaxt istədiyini təsdiqləyiblər. Belə olan halda onun könüllü olaraq 02.10.2020-ci il tarixdə gəlib əmək müqaviləsinə xitam vermək istəyi barədə təşəbbüsü fakt olaraq əsaslı görünmür və belə hal baş verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etmədiyini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Elşən Cəfərova ünvanladığı 02.10.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı 02.10.2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş edir. 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin 02.10.2020-ci il tarixli 86 saylı əmrindən müəyyən olunur ki, sürücü İddiaçı ilə 02.10.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 02.10.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi İddiaçı ilə 14.05.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əsası ilə 02.10.2020-ci il tarixdə xitam verilmiş, bu barədə məlumat 02.10.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İddiaçı məxsus ******* seriyalı əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 14.05.2010-cu il tarixli 14 saylı əmrlə 73 saylı YİM-ə ehtiyat sürücü vəzifəsinə işə qəbul edilmiş, 02.10.2020-ci il tarixli 86 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 02.10.2020-ci il tarixdən öz xahişi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sürücüsü vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri A.Səfixanlının İddiaçı ünvanladığı 02.08.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, araşdırma zamanı İddiaçı ərizəsində əmək münasibətini dayandırmaq istədiyi günü göstədirdiyindən ərizəsi nəzərə alınaraq MMC-nin 02.10.2020-ci il tarixli 86 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilərək onunla əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının ödənilməsi, ərizəsində qeyd olunan xüsusatların öz təsdiqini tapmadığı İddiaçı bildirilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İddiaçı ünvanladığı 22.04.2021-ci il tarixli M-3/09-2708 saylı məktubdan müəyyən olunur ki, İddiaçı 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-dən əsassız olaraq işdən azad olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı təkrar müraciəti üzrə aparılan araşdırma zamanı müraciətində qeyd olunan xüsusatların öz təsdiqini tapmadığı, onunla 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC arasında əmək münasibətlərini tənzimləyən sənədlərə baxış keçirilərkən işdən azad edilməsi barədə ərizəsi əsasında cəmiyyətin 02.10.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası ƏMnin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İddiaçı ünvanladığı 23.07.2021-ci il tarixli M-3/02-5270 saylı məktubdan müəyyən olunur ki, İddiaçı 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-dən əsassız olaraq işdən azad olunmasına dair Azərbaycan Respublikası Prezidentinə və Birinci vitse-prezidentinə ünvanladığı təkrar müraciətinə baxılaraq pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin İddiaçı 2021-ci ilin mart ayında ünvanladığı məktubdan müəyyən olunur ki, əmək kitabçasını 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin inzibati binasına yaxınlaşaraq təhvil ala bilməsi, razılığı olduğu halda əmək kitabçasını poçt vasitəsi ilə ünvanına göndərilməsinin təmin ediləcəyi İddiaçı təkrar bildirilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin əməkdaşları A.B.Məmmədova, N.A.Əlizadə, B.Ə.Abbasov, S.A.Cəfərova və H.H.Həsənov tərəfindən tərtib edilmiş 05.10.2020-ci il tarixli aktdan müəyyən olunur ki, həmin müəssisədə sürücü işləmiş İddiaçı 05.10.2020-ci il tarixdə əmək kitabçasının ona verilməsinə dair müraciət etmiş, əmək kitabçası və əmək kitabçasının qeydiyyat jurnalı ona təqdim olunsa da, İddiaçı əmək kitabçasını götürməkdən imtina etmiş, səbəbini müəssisənin ərazisinə və sexlərinə buraxılmaması ilə izah etmişdir. X2 Xidməti Bakı şəhər İdarəsinin 21.01.2022-ci il tarixli **********1 saylı məktubundan müəyyən olunur ki, 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyinin Bakı şəhər İdarəsinə ünvanladığı məktubda və əlavə olunmuş sənədlərdə İddiaçı əmək müqaviləsinə onun yazılı ərizəsinə uyğun olaraq 02.10.2020-ci il tarixli 86 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi və 378,38 manat məbləğində son haqq-hesabının həmin gün kart hesabına köçürüldüyü bildirilmiş, müəssisənin təqdim etdiyi sənədlərdən İddiaçı əmək kitabçasının ona təqdim edilsə də qəbul etməkdən imtina etdiyi və bu barədə müvafiq akt tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru E.Ağayevin 27.08.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Malik Ağayevin və digər şəxslərin ərizəsində göstərilən hallar təsdiqini tapmadığından, yəni araşdırılmış xüsusatlarda cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə və aidiyyəti şəxslərə məlumat verilməsi qərara alınmışdır. Binəqədi rayon prokurorluğunun müstəntiqi R.Gülməmmədlinin 13.01.2022-ci il tarixli qərarından müəyyən olunur ki, C-11-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdən azad olunma barədə çıxarılmış əmr əsaslıdır. Kollegiya hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İş materiallarında olan 02.10.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı 02.10.2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı işdən azad olunması barədə ərizəni MMC-nin direktorunun hədə-qorxusu nəticəsində məcbur olub yazmasını bildirsə də bu hal həm birinci instansiya məhkəməsinin araşdırması zamanı, həm də apellyasiya baxışında öz təsdiqini tapmamış, iddiaçı öz dəlilini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı könüllü ərizə verməklə işdən azad olunmuş və bunun qarşılığında son-haqq hesabını almışdır. Söhbət könüllü (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilməsindən gedir ki, bununla bağlı da cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının vətən xaini kimi məsuliyyətə cəlb edilə biləcəyi hədəsi altında ərizə yazmasına dair dəlili ilə bağlı sübutları araşdırıb bu dəlilin əsassız olması qənaətinə gəlir, işəgötürənin işçini vətən xaini elan etmək, bu barədə hər hansı bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa iddiaçı və bu halı təsdiq edəcək sübut növü olaraq iddiaçının vəsatəti əsasında dindirilən, cavabdehlə bağlanmış əmək müqavilələrinə xitam verilmiş şahidlərdən bir hissəsi hərbi əməliyyatlara cəlb edilməyən iddiaçının 30.09.2020-ci il tarixdə işəgötürəndən ona 2 gün vaxt verilməsini xahiş etməsini, iddiaçının hədə-qorxu nəticəsində ərizə yazması barədə məlumatın iddiaçının özünün sözlərindən onlara məlum olmasını, şahidlərin digər hissəsi isə MMC-nin direktorunun iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra bu barədə iddiaçıya deyil, onlara deməsini bildirmişlər. İşəgötürəndən iki gün vaxt istəyən iddiaçı 02.10.2020-ci il tarixdə öz təşəbbüsü ilə əmək münasibətlərinə xitam verməsinə dair ərizə yazarkən öz iradə ifadəsinə uyğun qərar vermişdir. İddiaçı iddia etdiyi kimi ərizə yazmağa məcbur olmuş olsaydı ərizəni iki gündən sonra deyil, elə 30.09.2020-ci il tarixdə yaza bilərdi. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi, cavabdehin isə ddia müddətinin tətbiq edilməsi barədə ərizələrini əsassız hesab etməkdə haqlı olmuşdur, belə ki, iddia müddətinin bərpasından yaxud tətbiqindən o halda söhbət gedə bilər ki, iddia tələbi əsaslı olsun. İddianın özü əsaslı deyilsə, onun irəli sürülməsi üçün buraxılmış müddətin bərpa edilməsi, yaxud da iddianın rədd olunması üçün iddia müddətinin tətbiq edilməsinə də zərurət qalmır. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2022 saylı iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar