Məhkəmə qərarları › İş №2(103)-3658/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3658/2025

15.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3658/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-319/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) X12 qızıdır. Azərbaycan Respublikası Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarına əsasən kollektiv bağçılıqbostançılıq üçün Goradil damazlıq repreduktor təsərrüfatına ayrılmış torpaq sahəsindən 0,06 ha torpaq sahəsi X9 adlı şəxsə verilmişdir. xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən X2 rayonu, Göradil kəndində 902 kv.m torpaq sahəsində yerləşən 28,2 kv.m ölçüdə 1 otaqdan ibarət yaşayış evini (bağ evini) 15.000.000 manata X3. Bundan sonra Abşeron rayonu, Goradil kəndi ərazisində yerləşən 0,0922 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Goradil Bələdiyyəsinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixli Hərracın yekun protokoluna əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli bağışlanma müqavilələrinə əsasən Cavabdeh2 tərəfindən bu, habelə X20 tərəfindən 0,0451 ha torpaq sahəsi Cavabdeh1 bağışlanmış və həmin sahələr birləşdirilərək, cəmi 0,1373 ha olan torpaq sahəsinə xx.xx.2015-ci il tarixdə sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və bu ev (429,9 kv.m) üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra həmin torpaq sahəsi (0,1373 ha) və onun üzərində yerləşən (429,9 kv.m) fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə X13 bağışlanmış və xx.xx.2023-cü il tarixdə bu əmlak üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı onun vərəsəsi olaraq ondan miras qalmış əmlakdan irs almışdır.

2. Hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlara əsasən “X22 Müəssisəsi (VÖEN: **********) Cavabdeh1 tərəfindən təsis olunmuş və bügünədək təsisçi dəyişikliyi baş verməmişdir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu).

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X12 mülkiyyətində olan Abşeron Rayonu, Gorədil kəndi ərazisində yerləşən 1 otaqlı bağ evinə onun 1/6 hissədə miras payının, birgə nikah dövründə Cavabdeh2 məxsus olan müstəqil “Vəfa” çoxsahəli kiçik müəssisəsinə ½ hissədə X12 payının, həmin paya nisbətdə onun 1/3 hissədə miras payının müəyyən olunması, Abbasov Tofiq vəfat etdiyi xx.xx.2023-cü il tarixdən “Vəfa” çoxsahəli kiçik müəssisəsinin fəaliyyətindən əldə olunmuş gəlirlərin 1/6 hissəsinə onun miras payının tanınması və həmin məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, X18 vəfat etdikdən sonra cavabdehlər ona müraciət edərək miras əmlaklardan imtina etməsini təklif etmişlər. O, təkliflə razılaşmayaraq mirasın qəbulu barədə ərizə ilə 9 saylı Notariat ofisinə müraciət etmişdir. Notariatın apardığı araşdırma nəticəsində X12 adına 3 avtomobil, 2 daşınmaz əmlak aşkar olunmuş və avtomobillərə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, onun hər üç avtomobilə ayrılıqda 1/6 hissədə payı müəyyən olunmuşdur. Qalan iki daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlər Cavabdeh2 tərəfindən notariata təqdim olunmadığından, həmin hissədə müvafiq şəhadətnamə təqdim olunmamışdır. Daha sonra Cavabdeh2 bu iki daşınmaz əmlakdan birinin – Bakı, şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 5, 74 saylı mənzilin hüquqmüəyyənedici sənədini notariata təqdim etmiş və bundan sonra müvafiq şəhadətnamə ilə onun həmin miras əmlaka 1/6 hissədə payı müəyyən olunmuşdur. Lakin 9 saylı notariat ofisinə 1 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Abbasov Tofiqin mülkiyyətində olduğu bildirilən Abşeron Rayonu, Gorədil kəndi ərazisində yerləşən 1 otaqlı bağ evi üzrə paylar müəyyən olunmamışdır. Həmin əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim olunması üçün aidiyyatı üzrə Abşeron ərazi idarəsinə müraciət olunmuş, lakin mühəndislər əraziyə baxış keçirə bilmədikləri üçün bu mümkünsüz olmuşdur. Yeni qeydiyyat sənədinin əldə olunması ondan asılı olmayan səbəbdən mümkün olmasa da, əmlakın dövlət qeydiyyatının olması qeydiyyat idarəsi tərəfindən təsdiq olunduğu üçün hesab edir ki, bu miras əmlakına onun 1/6 hissədə miras payı tanınmalıdır. Bundan başqa Abbasov Tofiqin birgə nikah dövründə həyat yoldaşı Cavabdeh2 adına təsis etdikləri müstəqil “Vəfa” çoxsahəli kiçik müəssisəsi də var və “Altın Su” adı altında ozonlaşdırılmış su satışı ilə məşğul olur. Birgə nikah dövründə əldə edildiyindən hər biri ilk olaraq ½ hissədə həyat yoldaşının payı hesab olunmuş, qalan hissə vərəsələr arasında bölünmüşdür. “Vəfa” çoxsahəli kiçik müəssisəsinə də ½ hissədə Abbasov Tofiqin payı tanınmalı, ona çatası paya 1/3 hissədə onun vərəsə kimi payı tanınmalıdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdən hesablanmaqla həmin müəssisə üzrə əldə olunmuş gəlirlərin 1/6 hissəsinə də onun payı tanınmaqla həmin məbləğ cavabdehlərdən tutularaq ona ödənməlidir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 319/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X8).

6. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd etmişdir ki, Abşeron rayonu, Göradil kəndində 902 kv.m torpaq sahəsində yerləşən və 28.2 kv.m ölçülü 1 otaqdan ibarət bağ evi ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçı həmin bağ evinin atası X12 mülkiyyətində olduğunu iddia edərək, 1/6 hissədə miras payı tələb etsə də, həmin daşınmaz əmlakın X12 adına rəsmiləşdirilməsinə dair ilkin qeydiyyat sənədləri mövcud deyildir. İddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sübut kimi məhkəməyə təqdim edilmədiyindən və bu barədə verilən sorğular əsasında da heç bir məlumat əldə edilmədiyindən, iddiaçının Abşeron rayonu, Göradil kəndində yerləşən 1 otaqlı bağ evinə dair iddiası əsassızdır və rədd edilməlidir.

7. Məhkəmə iddia tələbinin müstəqil “Vəfa” çoxsahəli kiçik müəssisəsinə miras payının tanınması hissəsində qeyd etmişdir ki, müstəqil “Vəfa” çoxsahəli kiçik müəssisəsinin Nizamnaməsinə əsasən müəssisənin təsisçisinin Cavabdeh1 olması öz əksini tapır. Yəni həm iddiaçının əsasının qeyri-düzgünlüyündən, həm də X12 müəssisədə təsisçi və pay hüququ olmadığından, İddiaçı həmin əmlak üzərində miras payı tələb etməkdə də haqlı deyildir.

8. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, X12 vəfat etdiyi tarixdən “Vəfa” çoxsahəli kiçik müəssisəsinin fəaliyyətindən əldə olunmuş gəlirlərin 1/6 hissəsinə iddiaçının miras payının müəyyənləşdirilməsi də müəssisəyə miras payının tanınmasından asılı olduğundan və həmin hissədə tələb rədd edildiyindən, cavabdehlərdən gəlirin onun xeyrinə tutulması hissəsində də tələb təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, 60-cı, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü, 45-ci, 47-ci, 1133-1134-cü, 1146-cı, 1151-ci, 1159-cu, 1162-ci, 1243-cü, 1246-cı, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119-cu, 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən, iddiaçının mərhum atasından miras kimi qalan mübahisəli əmlaka pay hüququna sahib olduğu və bu əmlaka da atasının mülkiyyətinin etibarlı dövlət qeydiyyatı ilə aparıldığının mübahisəsiz olduğu halda, bu payın tanınmasının təmin olunmaması barədə qənaətə gəlinə bilməzdi. Məhkəmə mübahisəli əmlakın onun atası tərəfindən əldə olunması və onun adına dövlət qeydiyyatına olması halının mübahisəsiz olmasına baxmayaraq, bunu aydınlaşdırmamış, hər hansı qiymət verməmişdir. “Vəfa” çoxsahəli kiçik müəssisəsinin təsisçisi və gəlirləri barədə sorğu edilməsi istənilsə və bu məhkəmə tərəfindən təmin olunaraq sorğu olunsa da, ancaq gəlirlər barədə məlumat əldə edilmiş və məhkəmə bununla kifayətlənmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər; 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır; 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar; 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər- arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə dair deyildir; 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, Cavabdeh1 (bundan sonra 1-ci cavabdeh) iddiaçının qardaşı, digər Cavabdeh2 (bundan sonra 2-ci cavabdeh) isə anasıdır. İddiaçının atası xx.xx.2023cü il tarixdə vəfat etmiş və bundan sonra iddiaçı atasından miras qalmış əmlakdan pay almış, bununla bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırda iddiaçı Abşeron rayonu, Gorədil kəndində yerləşən 1 otaqlı bağ evinin də atasının mülkiyyətində olduğunu, habelə atasının 2-ci cavabdehlə birgə nikahda olduğu dövrdə sonuncunun adına “Vəfa” çoxsahəli kiçik müəssisəsini təsis etdiyini, atasının bu şirkətin də birgə mülkiyyətçisi olduğunu iddia edir və həmin miras əmlaklar, habelə şirkətin gəliri üzərində onun payının müəyyən edilməsini və buna uyğun olaraq cavabdehlərdən pulun tutulmasını tələb edir.

22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

23. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

24. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

25. Bu baxımdan iddiaçı ilk növbədə istinad etdiyi əmlakların da atasının mülkiyyətində (anası ilə ümumi birgə mülkiyyətində) olmasını və həmin əmlakların miras aktivinə daxil olmasını sübut etməli idi. Belə ki, vərəsəlik institunun mahiyyəti hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsini ifadə etdiyi halda vəsiyyətnamə ilə müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi halda isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini özündə ehtiva edir. Miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Bu baxımdan hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyər miras qoyanın sağlığında onun əmlakı olmalıdır.

26. Lakin iddiaçı öz mövqeyini, o cümlədən atasının öldüyü məqamədək iddia etdiyi bu əmlaklardan hər hansı birinin onun mülkiyyətində (ümumi birgə mülkiyyətində) olduğunu sübuta yetirə bilməmişdir. Aparılmış araşdırma zamanı da belə bir hal müəyyən edilməmişdir.

27. Belə ki, xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən iddiaçının atası həqiqətən də X6 məxsus olmaqla Abşeron rayonu, Göradil kəndində 902 kv.m torpaq sahəsində yerləşən 28,2 kv.m ölçüdə 1 otaqdan ibarət yaşayış evini (bağ evini) 15.000.000 manata almışdır.

28. Bundan sonra həmin torpaq sahəsi (artıq 0,0922 ha ölçüdə) üzərində Goradil Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixli Hərracın yekun protokoluna əsasən isə 2-ci cavabdehin adına özgəninkiləşdirilmiş və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli bağışlanma müqavilələrinə əsasən isə 2-ci cavabdeh tərəfindən bu torpaq sahəsi, iddiaçının atası X20 tərəfindən isə 0,0451 ha ölçüdə torpaq sahəsi 1-ci cavabdehə bağışlanmış və həmin sahələr birləşdirilərək, cəmi 0,1373 ha olan torpaq sahəsinə xx.xx.2015-ci il tarixdə sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və bu ev (429,9 kv.m) üzərində də 1-ci cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən əmlak (torpaq sahəsi evlə birlikdə) bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən 1-ci cavabdehin qızı X10 mülkiyyətindədir.

29. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 9 saylı notariat ofisinə və Vəkil1 ünvanladığı müvafiq olaraq xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda xx.xx.2004-cü il tarixli müqaviləyə istinadən Abşeron rayonu, Göradil kəndi ərazisində yerləşən 1 otaqlı evin iddiaçının atasının adına qeydiyyatdan keçdiyi və hazırda adında olduğu göstərilmişdir.

30. Məsələyə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən göndərilmiş sorğuya cavab olaraq isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda 28ci bəndin məzmununa uyğun cavab verilmiş və bu məktubda (eyni qurumun 29-cu bənddə göstərilən məktubları ilə müqayisədə tarix etibarı ilə sonuncu məktub) iddiaçının atasının adında Abşeron rayonu, Göradil kəndi ərazisində yerləşən 1 otaqlı evin olduğu artıq göstərilməmişdir. Həm bu hal, həm də iddiaçının atasının və anasının mülkiyyətlərində olmaqla Abşeron rayonu, Göradil kəndində yerləşən torpaq sahələrini 1-ci cavabdehə bağışlaması, bundan sonra birləşdirilmiş (0,1373 ha) həmin torpaq sahəsi üzərində 2015ci ildən sonra 1-ci cavabdeh tərəfindən yeni fərdi yaşayış evinin inşa edilməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının atasının vəfat etdiyi xx.xx.2023-cü il tarixə onun mülkiyyətində belə bir əmlak olmamışdır.

31. Hər bir halda, iddiaçının atasının mülkiyyətində Abşeron rayonu, Göradil kəndi ərazisində hər hansı başqa torpaq sahəsinin olduğu müəyyən edilmir. Mülkiyyətində olan torpaq sahəsini də 1-ci cavabdehə bağışlamışdır. İstisna deyil ki, həmin 1 otaqlı baş evi 2015-ci ildən sonra sökülmüş və 1-ci cavabdeh tərəfindən yeni fərdi yaşayış evi məhz onun yerləşdiyi yeri də əhatə etməklə inşa edilmişdir. Bu baxımdan həmin əmlak hüquqi nəticə etibarı ilə tam məhv edilmiş, nəticədə iddiaçının atası bu əmlaka mülkiyyət hüququnu itirmişdir. Göstərilənlər öz növbəsində iddiaçının bu əmlakla bağlı irəli sürdüyü tələbin və buna uyğun olaraq verilmiş hazırki apellyasiya şikayəti üzrə dəlillərin əsassız olduğunu təsdiq edir və onların rədd edilməsini şərtləndirir.

32. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna istinadən qeyd edir ki, həmin müəssisə iddiaçının atası və anası tərəfindən deyil, qardaşı olan 1-ci cavabdeh tərəfindən təsis edilmiş və bugünədək təsisçi dəyişikliyi baş verməmişdir. Bu baxımdan məhkəmə kollegiyası həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının bu tələblə də bağlı dəlillərini əsassız hesab edir.

33. Məhkəmə kollegiyasının bu mövqeyi vərəsə kimi həmin müəssisənin gəlirlərində də iddiaçının payının tanınmasını və buna uyğun olaraq cavabdehlərdən hər hansı məbləğin iddiaçının xeyrinə tutulmasını istisna edir.

34. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 319/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar