Məhkəmə qərarları › İş №2(103)-3659/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3659/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3659/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1835/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Dövlət Qeydiyyatı haqqında AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, **********73-05101-093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən, ünvan 2, mənzil 5 (Yeni qaydalarla: AZ1000, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

2. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilin ondan əvvəlki sahibi tərəfindən ilkin görkəminin dəyişdirərək təmir etmiş və mənzili mətbəxsiz qoymuşdur. Mətbəxsiz yaşamaq qeyri-mümkün olduğundan mənzilin əvvəlki görkəminə və layihəsinə qaytarılması üçün mühəndis müayinə, eskiz layihəsinin işlənməsinə köməklik göstərilməsini xahiş edir. Müqavilə əsasında layihə işlərinin hazırlanmasına görə ödəniş etməyə zəmanət verir.

3. İddiaçı (“sifarişçi”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“icraçı”) arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli 77-2024-BŞSRX19/13145/BTL-2024 nömrəli müqavilədən və ona 1 saylı əlavədən görünür ki, icraçı sifarişçiyə ilkin işlər, elmi-layihə işlərinə smeta-kalkulyasiyanın tərtibatı (592 manat), Elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi (1908,8 manat), Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi (939,2 manat), mühəndis müayinəsi və aktının, mühəndis-konstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpa-təmirin təşkili layihəsinin hazırlanması (1108,8 manat) xidmətlərini göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyəri olan 5367,60 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilə imzalandıqdan sonra 3 gün ərzində işin ümumi dəyərinin 50%-i məbləğində avans ödənişi, qalan hissəsi isə yerinə yetirilmiş işlərə görə təqdim olunan akta əsasən icraçıya ödənilməlidir.

4. xx.xx.2024-cü il tarixli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli 77-2024 nömrəli müqaviləyə əsasən bərpa işləri üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 3000 manat ödəniş edilmişdir.

5. xx.xx.2024-cü il tarixli FJB**********260 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına xx.xx.2024-cü il tarixli, 77- 2024 saylı müqaviləyə əsasən bərpa işləri üçün 2367,60 manat ödəniş edilmişdir.

6. xx.xx.2024-cü il tarixli qaimədən və xidmətlərin təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər biri 3 nüsxədə olmaqla eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsi sifarişçi İddiaçı təhvil verilmişdir. 7."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilə dair tərtib olunmuş 3451 nömrəli Konstruksiya bölməsinin layihəsindən görünür ki, işçi cizgiləri qüvvədə olan normalara, qaydalara və standartlara müvafiq işlənmişdir. Layihələndirmədə arakəsmələrin söküntü planı, arakəsmələrin tikinti planı, layihələndirilən arakəsmə divarın mövcud divarla birləşmə düyünü və ümumi görüləcək işlər qeyd edilmişdir.

8. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan və onun xəbərnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3 gün ərzində müqavilənin ləğv edilməsi barədə təklif göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5367,6 manat müqavilə üzrə ödənilmiş məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 74 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əmirova X3 Elmi-Təhqiqat Layihə İnstitutu MMC ilə 11 sentyabr 2024-cü il tarixində 77 saylı xidmət göstərilməsi haqqında müqavilə imzalamışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən "İcraçı" ünvan 3 ünvanında yerləşən (inv.№3451) xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı məxsus mənzildə mətbəxin olmaması səbəbindən mənzilin əvvəlki texniki pasportda göstərilmiş əsl plan həllinə uyğun olaraq mənzil daxilində normal mətbəx, hamam və sanitar qovşağının plan həlli, texniki müayinə, ölçü-eskiz- konstruksiya layihəsinin əsas müqaviləyə əsasən icraçı tərəfindən hazırlanması daxildir və konkret olaraq aşağıda yazılı başlıqları özündə ehtiva etməklə müəyyən edilmişdir. Tərəflər razılığa gəlir ki, İcraçı tərəfindən Sifarişçiyə göstərilən Xidmət(lər)ə aşağıdakılar daxildir: 1. İlkin işlər, Elmi-layihə işlərinə smeta- kalkulyasiyanın tərtibatı - 592.0 manat, 2. Elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi - 1908.8 manat, 3. Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi - 939.2 manat, 4. Mühəndis müayinəsi və aktının, mühəndis- konstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpatəmirin təşkili layihəsinin hazırlanması 1108.8 manat. Cəmi 4548.8 manat əlavə olaraq, ƏDV 18%: 818.8 manat və ümumilikdə 5367.6 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə ödəniş həyata keçirildikdən sonrakı 3 gün ərzində işlər təhvil verilməli idi. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəfindən müqavilə üzrə müəyyən edilmiş məbləğ tam şakildə ödənilmişdir. Lakin, cavabdeh bu günə kimi müqavilənin şərtlərini tam olaraq icra etməmişdir. Bütün bunlar qanunsuz olmaqla yanaşı, iddiaçının hüquqularının pozulmasıdır.

11. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin verilməsinə əsas olan və iddiaçı tərəfindən iddia olunan hal, yəni cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsinə dair dəlil hazırki etiraza əlavə etdikləri 23 oktyabr 2024-cü il tarixdə tərəflərin imza və möhürü ilə təsdiq etdikləri Xidmətlərin Təhvil-Təslim Aktı (bundan sonra Akt) ilə təzkib edilir. Aktdan göründüyü kimi, tərəflər arasında imzalanmış 77-2024- BŞSRX19/13 M5/BTL-2024 saylı xx.xx.2024-cü il tarixli layihə sənədlərinin hazırlanması müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri, yəni “ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış mənzilində Layihə sənədlərinin hazırlanması xidmətlərinin göstərilməsi” işi onlar tərəfindən icra edilmiş, iddiaçı isə göstərilmiş xidmətin dəyərini onlara ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, 2024-cü il 23 oktyabrda cavabdeh üzərinə düşən öhdəliyi icra etmiş, iddiaçı isə göstərilən xidmətin dəyərini ödəmişdir. 4 fevral 2025-ci il tarixdə, yəni müqavilənin icra edilməsindən 2 aydan çox vaxt keçəndən sonra iddiaçı görülən işin vaxtında görülməməsində ittiham edərək, ödədiyi pulun geri qaytarılması üçün onlara pretenziya ilə müraciət etmişdir. Əsl həqiqət isə iddiaçı ödədiyi məbləğin çoxluğundan narazılıqla şifahi müraciət etmişdir. Müraciəti müsbət cavablandırılmadığından hazırki əsassız iddianı qaldırmışdır. Sübutetmə vəzifəsinə görə iddiaçı öz üzərinə düşən vəzifəni, yəni öhdəliyi icra etməmələrinə dair sübutu məhkəməyə təqdim etməlidir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1835/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilərək, ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilin əvvəlki görkəminə və layihəsinə qaytarılması üçün mühəndis müayinə, eskiz layihəsinin işlənməsinə köməklik göstərilməsini xahiş edilmişdir. Bundan sonra İddiaçı (“sifarişçi”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“icraçı”) arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli 77-2024-BŞSRX19/13145/BTL-2024 nömrəli müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən, Elmi-axtarış işləri və ölçü layihələri, mövcud memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi, Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi, mühəndis müayinəsi və aktının, mühəndiskonstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpa-təmirin təşkili layihəsinin hazırlanması xidmətlərini göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyəri olan 5367,60 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bank hesabından çıxarışdan və xx.xx.2024-cü il tarixli FJB**********260 nömrəli mədaxil qəbzindən görünür, iddiaçı tərəfindən müqavilədə göstərilən məbləğ tam şəkildə ödənilmişdir. xx.xx.2024-cü il tarixli qaimədən və xidmətlərin təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər biri 3 nüsxədə olmaqla eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsi sifarişçi İddiaçı təhvil verilmişdir. İddiaçı iddia edir ki, müqavilənin birinci bəndi üzrə cavabdeh tərəfindən ilkin işlər, elmilayihə işlərinə smeta-kalkulyasiyanın tərtibatı icra olunmuş, lakin müqavilənin digər üç bəndi icra olunmamış, onun tərəfindən ödəniş tam həyata keçirilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. İddiaçı onu da qeyd etmişdir ki, cavabdeh şirkətin memarı gəlib mənzilə baxış keçirmiş, şəkillərini çəkmiş, lakin ölçü işləri aparmamışdır. Həmçinin cavabdeh işi tam təhvil verməmiş iddiaçıdan bütün ödənişi almışdır. Halbuki, iş materiallarındakı tərəflər arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli 77-2024-BŞSRX19/13145/BTL-2024 nömrəli müqavilədən görünür ki, tərəflər icraçı tərəfindən görüləcək işlər və müqavilə üzrə sifarişçi tərəfindən görüləcək işlərin hər biri üçün ödənişin məbləği və onun həyata keçirilmə forması barədə qabaqcadan qarşılıqlı razılaşma əldə etmişlər. xx.xx.2024-cü il tarixli qaimədən və xidmətlərin təhvil-təslim aktından görünür ki, cavabdeh tərəfindən eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsi iddiaçıya təhvil verilmiş, elə həmin tarixdə də (xx.xx.2024-cü il tarixli FJB**********260 nömrəli mədaxil qəbzinə əsasən) iddiaçı tərəfindən cavabdehin bank hesabına müqavilə üzrə ödəniləcək qalan məbləğ - 2367,60 manat ödəniş edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunmuş ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilə dair tərtib olunmuş 3451 nömrəli Konstruksiya bölməsinin layihəsindən görünür ki, binada ümumi görüləcək təmizlik və bərpa işlər, bərpa gücləndirmə işlərinin hansı formada aparılması, tikiləcək arakəsmə divarların hansı qaydada tikilməli olması kimi məlumatlar öz əksini tapmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmişdir. Göründüyü kimi, iddiaçı iddiasında istinad etdiyi halları əsaslandıran və onları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 406.2, 425.1, 442, 448.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işin faktiki hallarında göründüyü kimi cavabdeh müqavilənin şərtlərini lazımınca icra etməmiş, icra etdiyi sübuta yetirə bilməmişdir. Məhkəmə isə işə aid olmayan və müqavilənin şərtlərini əhatə etməyən aktı öhdəliyin icra edilməsi kimi qələmə vermişdir. Öhdəlik olduğu halda həmin öhdəlik icra edilməlidir. Lakin icra edilməli dedikdə isə (MM 442-ci maddəsi) onun formal şəkildə icra edildiyi yox, məhz müqavilə üzrə müəyyən edilmiş formada icra edilməsi ehtiva olunur. Müqavilə üzrə cavabdeh öz üzərinə 4-bəndən ibarət öhdəlik götürmüşdür: 1. İlkin işlər, Elmi-layihə işlərinə smeta- kalkulyasiyanın tərtibatı- 592.0 manat 2. Elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi –1908.8 manat 3. Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi - 939.2 manat. 4. Mühəndis müayinəsi və aktının, mühəndiskonstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpa-təmirin təşkili layihəsinin hazırlanması –1108.8 manat Lakin məhkəməmnin istinad etdiyi xx.xx.2024- cü il tarixli təhvil-təslim aktında aşağıdakı məzmunda cəmi bir bənd qeyd edilmişdir “ünvan 5 ünvanında İddiaçı məxsus yaşayış mənzilində Layihə sənədlərinin hazırlanması xidmətləri göstərilməsinə görə Sifarişçi tərəfindən icraçıya göstərilən xidmətlərin dəyəri ƏDV daxil 5367.60 manat təşkil edir”. Beləliklə aktın məzmunundan müəyyən edilir ki: 1. Həmin akt X5 Əmirova tərəfindən icraçıya göstərilən xidmətlərin dəyəri ƏDV daxil 5367.60 manat ödənildiyini icra edilməsini ehtiva edir. 2. Əgər fərz etsək ki, həmin akt görülmüş işlərin təhvil verilməsini ehtiva edir o zaman həmin işlərin siyahısında “Layihə sənədlərinin hazırlanması xidmətləri” yoxdur və heç vaxt olmamışdır. Beləliklə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı iddia tələbində qeyd edilmiş halları əhatə etmir. Lakin buna baxmayaraq məhkəmə həmin akta istinad etməklə iddia tələbini rədd etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh məhkəməyə iddiaçı tərəfindən işlərin təhvil verilməsinə dair hər hansı başqa sənəd təqdim etməmişdir. Məhkəmə ümumiyyətlə bu halları araşdırmamışdır. Müqavilənin mühüm şərtləri barədə razılığın olması vacibdir. Belə olan halda tərəflər müqavilənin mühüm şərtləri ilə razılığa gəlmələri müqavilənin məzmununda öz əksini tapmışdır belə ki, müqavilənin şərtləri aşağıdakı kimi olmuşdur: 1. İlkin işlər, Elmi-layihə işlərinə smeta- kalkulyasiyanın tərtibatı- 592.0 manat 2. Elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi – 1908.8 manat 3. Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi - 939.2 manat. 4. Mühəndis müayinəsi və aktının, mühəndis-konstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpa-təmirin təşkili layihəsinin hazırlanması –1108.8 manat. Belə olan halda məhkəmənin vəzifəsi müqavilənin şərtlərinin icra edilib edilməsini araşdırmasıdır. Lakin məhkəmə işə aid olmayan müqavilənin mühüm şərtləri ilə əhatə edilməyən və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında “Layihə sənədlərinin hazırlanması xidmətləri” müqavilənin şərtlərini icra edilmiş hesab etmişdir ki, bu da öz növbəsində cavabdeh tərəfindən müqavilə üzrə öhdəkillərinin yerinə yetirməməsini təsdiq edir. Lakin məhkəmə həmin aktı iddiaçını ziyanına təsfir etmişdir. Məhkəmə cavabdeh tərəfinədən təqdim xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmununa görə işə nə kimi aidiyyatı olubolmadığı müəyyən etməmişdir. Həmin aktın məzmununa diqqət yetirməmiş, onun məzmunun tərəflərin arasında olan münasibətə nə kimi aidiyyatı olub olmamasını müəyyən etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı təqdim edilmişdir və həmin akt iddianın təmin edilməməsinə əsas olmuşdur. Lakin məhkəmə həmin sübuta düzgün qiymət verməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 apellaysiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, təhvil-təslim aktında layihə sənədinin hazırlanması qeyd edilib, onun da nədən ibarət olduğu onlara bəlli deyil. Məhkəmə işə formal yanaşıb. Onlarda olan aktda 4 bənd yoxdur. 4 bəndli olan qaimədir. Təhvil- təslim aktını imza edəndə iddiaçı bilməyib ki, məsələ nədədir. Müqavilə üzrə heç bir hal öz əksini tapmır. Məhkəmə bu halları araşdırmalı idi. Ölçü layihələri, elmilayihə işlərinə smeta-kalkulyasiyası, müayinə aktları təqdim edilməlidir. Eskiz layihəsi, mühəndis layihəsi də yoxdur. Bunların heç biri təqdim edilməyib. Məhkəmə də bu halları araşdırmayıb. İddiaçı elmi-axtarış işinə görə pul ödəyib. Amma elmi-axtarış işi edilməyib. Elmi-axtarış işi nədən ibarətdir, onlar bilmir. Müayinə aktı yoxdur. Elmi axtarış işləri dedikdə pasporta baxış başa düşülürsə əgər buna görə ödəniş alınması ilə razı deyilər. Təmir edilib-edilmədiyini bilmir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, həm qaimədə, həm təhviltəslim aktında, həm də layihə sənədində hər bir hal öz əksini tapıb. Sənədlərdə əskiklik olsa idi qəbul edilməzdi. Memarlıq abidələri ilə bağlı 3 hissəli pasportlaşma aparılır. Binanın tarixi quruluşu, metodikası araşdırılmadan heç bir layihə təqdim edilə bilməz. Memarlar baxış keçirir və ölçü götürür. Arakəsmələrin olub-olmaması, konstruktiv dəyişikliyin olub-olmaması araşdırılır. Sonra eskiz layihəsi tərtib edilir. Müayinə aktı Nizamnaməyə əsasən vizual baxışla edilə bilər. İnsturmental baxış o zaman edilir ki,vizual baxışda çat, qüsur gözlə görünsün. Mənzildə konstruktiv dəyişiklik olmayıb. Bununla bağlı sənəd də təqdim etmişdirlər. Sənədlərin hamısı yığılmadan layihə tərtib edilə bilməz. 4 bənd üzrə hər birinə aid sənəd var. 2 nüsxəsi iddiaçıda, bir nüsxəsi də onlardadır (cavabdehdə).Sənədləri rayon məhkəməsinə təqdim etmişdirlər.

Tətbiq edilən hüquq normaları:

21. Mülki Məcəllə

Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

22. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 27.Kollegiya qeyd edir ki, tərəflər arasında muzd əsasında xidmət göstərilməsi ilə bağlı müqavilə münasibətləri yaranmışdır. 11 sentyabr 2024-cü il tarixli xidmət müqaviləsinə 1 saylı əlavədən görünür ki, icraçı sifarişçiyə ilkin işlər, elmi-layihə işlərinə smeta-kalkulyasiyanın tərtibatına görə 592 manat, elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibinə görə 1908,8 manat, eskiz layihəsinin hazırlanması, yazılarının tərtibinə görə 939,2 manat, mühəndis müayinəsi və aktının, mühəndis-konstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpatəmirin təşkili layihəsinin hazırlanmasına görə 1108,8 manat və ədv ilə birlikdə cəmi 5367,60 manat məbləğində pulun ödənilməsi və qeyd edilən xidmətin göstərilməsi ilə bağlı razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixli 77-2024 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ilkin olaraq 3000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qaimədən və xidmətlərin təhvil-təslim aktından görünür ki, cavabdeh tərəfindən eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsi iddiaçıya təhvil verilmiş, elə həmin tarixdə də (xx.xx.2024-cü il tarixli FJB**********260 nömrəli mədaxil qəbzinə əsasən) iddiaçı tərəfindən cavabdehin bank hesabına müqavilə üzrə ödəniləcək qalan məbləğ - 2367,60 manat ödəniş edilmişdir.

28. İddiaçı iddia edir ki, onun tərəfindən ödəniş tam həyata keçirilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Ona görə də müqavilə üzrə etdiyi ödənişi geri tələb edir. 29.13 mart 2025-ci il tarixli iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi bildirir ki, Müqavilənin 2 və 4-cü bəndində nəzərdə tutulan işlər görülməyib (i.v.61). Xidmət müqaviləsinə əlavənin 2-ci bəndində elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi, 4-cü bəndində mühəndis müayinəsi və aktının, mühəndis-konstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpa-təmirin təşkili layihəsinin hazırlanması nəzərdə tutulmuşdur.

30. xx.xx.2024-cü il tarixli qaimədən və xidmətlərin təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər biri 3 nüsxədə olmaqla eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsi sifarişçi İddiaçı təhvil verilmişdir (i.v.38).

31. Bundan əlavə, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunmuş ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilə dair tərtib olunmuş 3451 nömrəli Konstruksiya bölməsinin layihəsindən görünür ki, işçi cizgilərinin təsnifatı, ümumi məlimat, arakəsmələrin söküntü planı, arakəsmələrin tikinti planı, layihələndirilən arakəsmə divarın mövcud divarlarla birləşmə düyünü, izah, qeyd, ölçü öz əksini tapmışdır.

32. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiçı tərəf xidmətlərin təhvil təsliminə dair aktı imza edərək müqavilə üzrə ödənilməli olan qalıq məbləği xx.xx.2024-cü il tarixdə ödəmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə iddia verərək xidmətin tam yerinə yetirilməməsinə istinad etmişdir. Lakin iddiaçı hazırki mübahisənin nədən qaynaqlandığını əsaslandıra bilməmişdir. Apellyasiya baxışında bu halı dəqiqləşdirmək üçün iddiaçının nümayəndəsinə təmir işlərinin aparılıb-aparılmaması soruşulmuş, nümayəndə təmirin edilib-edilmədiyini bilmədiyini bildirmişdir. Sadəcə müqavilə üzrə işlərin tam yerinə yetirilməməsinə istinad edərək pulu geri tələb etmişdir. Lakin kollegiya bir daha vurğulayır ki, işdə olan sübutlarla cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə ödəliyin icra edilməsi və iddiaçı tərəfindən təhvil alınması sübut olunur. İddiaçı isə iddia tələbini sübuta yetirə bilməmişdir.

33. O cümlədən iclasın audi-video yazısına nəzər salınsa təsdiq olunur ki, cavabdeh xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktında qeyd edilən eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısını növbəti iclasda iş materiallarına əlavə edə biləcəyini təklif etsə də iddiaçının nümayəndəsi bu mərhələdə sənəd təqdim edilməsinə etirazını bildirmişdir.

34. Kollegiya isə hesab edir ki, iş materialına əlavə edilmiş Konstruksiya bölməsinin layihəsində görülməli olan xidmətlərin ümumi məcmusu - işçi cizgilərinin təsnifatı, ümumi məlumat, arakəsmələrin söküntü planı, arakəsmələrin tikinti planı, layihələndirilən arakəsmə divarın mövcud divarlarla birləşmə düyünü, izah, qeyd, ölçü öz əksini tapmışdır.

35. Ən əsası isə iddiaçı hər biri 3 nüsxədə olmaqla eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsini təhvil almasını imzası ilə təsdiq etmiş və müqavilə üzrə qalıq məbləği də ödəmişdir (i.v.38).

36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1835/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar