Məhkəmə qərarları › İş №2(103)-366/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-366/2021

19.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-366/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsivəkili Vəkil2, Cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «faktın tanınması və sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(006)-2317/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «faktın tanınması və sığorta ödənişinin verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “SKN Electrical Services” şirkətinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən filialı ilə 13 iyun 2016-cı il tarixdə 04 saylı podrat müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə (VÖEN N:**********) məşğul olan fiziki şəxs olaraq, elektrik usta vəzifəsində şirkət tərəfindən ona tapşırılan müxtəlif mürəkkəb işləri icra etmişdir. İddiaçı “SKN Electrical Services” şirkəti ilə işləməyə başladıqdan dərhal sonra Cavabdeh2 Sığorta şirkəti ilə 01 iyul 2016-cı il tarixli, ATE 16041217 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari Sığorta müqaviləsi” bağlamışdır. 13 iyun 2016-cı il tarixdə 04 saylı podrat müqaviləsinin tələbləri çərçivəsində cavabdeh “SKN Electrical Services” şirkətində işə başladıqdan bir müddət sonra, yəni 07 noyabr 2016-cı il tarixdə podrat müqaviləsinə əsasən iddiaçı vəzifələrinə aid edilmiş işi icra edərkən, iş yerində yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda bədbəxt hadisə baş vermiş və iddiaçı ağır bədən xəsarətləri almışdır. Bu bədbəxt hadisə iddiaçı ilə birlikdə “SKN Electrical Services” şirkətində işləyən iş yoldaşlarının gözü qarşısında baş vermişdir. Bütün bu zaman çərçivəsində cavabdeh iddiaçıya heç bir maliyyə yardımı etməmişdir. Cavabdeh iddiaçıya yardım etməməyinin əsası kimi bildirmişdir ki, xəsarət almağına səbəb olan iş müqaviləyə əsasən ona tapşırılmış vəzifədən kənar iş olub, ümumən həmin işi görməyi üçün ona heç bir tapşırıq verilməyib və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı cavabdeh heç bir məsuliyyət daşımır. Bu səbəbdən də iddiaçı öz maliyyə imkanları hesabına müalicə olunmuşdur. Belə ki, iddiaçı baş vermiş istehsalatda bədbəxt hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən sonra ağır vəziyyətdə həkimə müraciət etmiş və həkim tərəfindən bir müddət ardıcıl müalicə olunmuşdur. Lakin ardıcıl müalicə olunmağına baxmayaraq, müalicələri heç bir nəticəsi verməmiş və iddiaçı bu səbəbdən 07.12.2016-cı il tarixdə bel nahiyyəsindən əməliyyat olunmuşdur. Bu əməliyyatdan sonra da bir neçə ay mütəmadi müalicə olunmasına baxmayaraq, sağlamlığı bərpa olunmamışdır. Yəni hazırda fiziki cəhətdən işləmə iqtidarında deyildir. Bu səbəbdən faktiki olaraq heç yerdə işləyə bilmir. İddiaçı yaranmış vəziyyətlə bağlı ona düşən sığorta pulunun ödənilməsi ilə bağlı Cavabdeh2 Sığorta şirkətinə rəsmi müraciət etmişdir. Cavabdeh2 SŞ iddiaçının müraciətinə rəsmi cavab vermişdir ki, istehsalatda bədbəxt hadisə baş verən zaman xəsarət almağı barədə 01 iyul 2016-cı il tarixli, ATE 16041217 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari Sığorta müqaviləsi”nə əsasən “sığortalı” kimi tərtib olunmuş aktı və yaxud hadisədə xəsarət alan şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi faktının olmasına dair məhkəmə qərarı təqdim olunmalıdır. İddiaçı cavabdeh “SKN Electrical Services” şirkətinə müraciət edərək, istehsalatda bədbəxt hadisə baş verən zaman tərtib etdiyi aktın ona verilməsini xahiş etmişdir. Ancaq bu müraciətindən sonra ona məlum olmuşdur ki, cavabdeh onunla işlədiyi dövrdə, podrat müqaviləsinin tapşırığını icra edərkən yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda baş vermiş bədbəxt hadisə barədə qanunla nəzərdə tutulmuş qaydada heç bir akt tərtib etməmiş, ölümcül bədən xəsarətləri almağı ilə yekunlaşan istehsalatda baş vermiş bədbəxt hadisə və almış olduğu bədən xəsarətləri barədə heç bir dövlət orqanına məlumat verilməmişdir. Bu qanunsuzluqları azmış kimi, cavabdeh qanunvericiliyin digər vacib tələblərini də pozmuşdur. Belə ki, cavabdeh 13 iyun 2016-cı il tarixli 04 saylı podrat müqaviləsinin ilk səhifəsini dəyişdirərək, müqavilə əsasında ona vəzifə kimi təyin edilmiş və xəsarət almağına səbəb olmuş şərtləri müqavilənin bəndlərindən tamamən çıxarmışdır. Buna baxmayaraq, 13 iyun 2016-cı il tarixli 04 saylı podrat müqaviləsinin əslinin bir nüsxəsi iddiaçıda qalmışdır. Müqavilənin iddiaçıda qalan nüsxəsində isə hər bir şərt tam ətraflı yazılmışdır. Bu səbəbdən də, iddiaçı dəfələrlə cavabdeh “SKN Electrical Services” şirkətinə müraciətlər etmişdir ki, 07 noyabr 2016-cı il tarixdə iş yerində yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda baş vermiş bədbəxt hadisə və baş vermiş hadisədə iddiaçının ağır bədən xəsarətləri alması barədə müvafiq akt tərtib etsin, lakin cavabdeh bunu könüllü etmir. Cavabdeh şirkət 07 noyabr 2016-cı il tarixdə iş yerində yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda baş vermiş bədbəxt hadisəni gizlətməməli, bu hadisənin iddiaçının şəxsi istəyi ilə müqavilədən kənar vəziyyətdə işlər görən zaman baş verməsi kimi görsənməsi üçün podrat müqaviləsinin şərtlərini dəyişməməli və hadisə barədə müvafiq orqanlara məlumat verməli idi. Lakin, cavabdeh qanunun qeyd edilən tələblərini hər cəhətdən pozmuşdur. Əgər icbari sığorta olmasaydı, o zaman işəgötürən şəxsən məsuliyyət daşıyardı. Lakin, iddiaçının vəziyyəti tamam fərqlidir. Belə ki, iddiaçı icbari sığorta olunmağına baxmayaq, istehsalatda baş verən bədbəxt hadisə barədə heç bir akt tərtib edilməyib. Yəni, hazırda iddiaçı cavabdeh “SKN Electrical Services” şirkətinə qarşı iddia qaldıra bilmir. Çünki Cavabdeh2 Sığorta şirkəti ilə 01 iyul 2016-cı il tarixli, ATE 16041217 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari Sığorta müqaviləsi” bağlamış və bu səbəbdən də sığortaçı iddiaçıya ödəniş etməlidir. Lakin, cavabdeh baş verən bədbəxt hadisə faktını inkar edib heç bir akt tərtib etmədiyindən Cavabdeh2 SŞ iddiaçıya ödəniş etməkdən imtina etmişdir. Ancaq pul silinmə barədə məlumatlar eşitmişdir. Göstərilənlərə əsasən cavabdeh “SKN Electrical Services” şirkətinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən filialı ilə iddiaçı arasında bağlanmış 13.06.2016-cı il tarixli, 04 saylı podrat müqaviləsinə əsasən 07 noyabr 2016-cı il tarixdə iş vaxtı, iş yerində vəzifələrini icra edərkən “yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda bədbəxt hadisə”, yəni sığorta hadisəsi faktının baş verməsinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmaqla sığorta haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, vəzifə saxtakarlığı, dələduzluq, mülki iş üzrə sübutların saxtalaşdırılması, korrupsiya əməllərinin əlamətləri ilə bağlı cavabdehlərin barəsində xüsusi qərardad çıxarmaqla Baş Prokurora məlumat verilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli 2(006)-2317/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, işçilərin səhhətinin pozulması hallarına əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçinin aldığı xəsarətlər və sair hallar daxildir. Bundan əlavə, iddianı rədd edərkən məhkəmə, nəzərə almamışdır ki, müqavilədə görüləcək işlərin ifadə olunması üslubu sığorta hadisəsinin baş verməsi faktının müəyyən edilməsinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, həm “ATE 16041217” nömrəli müqavilənin 13-cü bəndində, həm də qanunvericilikdə (MPM-nin 935 maddəsi, “İcbari sığortalar haqqında” Qanunun 21-ci maddəsi) sığorta ödənişinin verilməsindən imtina üçün nəzərdə tutulmuş hallar hazırki mülki işdə mövcud deyildir. “Bədbəxt hadisə faktının müəyyən edilməsinə dair ərizədə qeyd edilən tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının iş yerlərində istehsalat qəzası baş verməmişdir” ifadəsi hər hansı sübutla əsaslandırılmamışdır. Şahidlərin ifadələri sığorta hadisənin istehsalatda baş verməsini təsdiq edir. Lakin məhkəmədə dindirilmiş şahidlər hadisənin baş verdiyi tarixi dəqiq xatırlamadıqlarına görə ifadələrdə tarixi yanlış bildirmişlər və bu səbəbdən məhkəmə onların ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. İşə baxmış hakim digər 3 şahidi dindirməkdən imtina etmiş və bunun səbəblərinə aydınlıq gətirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.08.2019–cu il tarixli, 2(103)- 11022/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.02.2020-ci il tarixli, 2(102)-722/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəinə etiraz edərək, onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili X2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçının 07.11.2016-cı il tarixdə iş yerində vəzifəsinin icrası zamanı istehsalatda bədbəxt hadisə baş verməsi nəticəsində xəsarət alması faktı müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin sözügedən işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı məzmunda olmuşdur: “Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə İddiaçı 07.11.2016-cı il tarixdə iş yerində işin icrası zamanı xəsarət alması faktının olub-olmamasını müəyyən etməli (istehsalatda bədbəxt hadisə), bundan sonra iddiaçı ilə şirkət arasında münasibətlərin podrat, yaxud əmək münasibətləri olmasına hüquqi qiymət verməli, nəticədən asılı olaraq 1-ci cavabdeh olan şirkətin (podrat müqaviləsinin 5.2-ci bəndi), yaxud da sığortaçı olan 2-ci cavabdehin məsuliyyət məsələsini həll etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq, həmçinin iş materiallarındakı sübutların məcmusuna qiymət verərək kollegiya hesab edir ki, İddiaçı verdiyi şikayət qismən təmin olunmalı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsində təkrar apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə tibbi ekspertizasının 26.02.2021-ci il tarixli 181/KES saylı rəyi ilə müəyyən edilmişdir ki: 1.Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı 13.09.2016-cı il tarixdə «Diaqnoz» Tibb Mərkəzində aparılmış instrumental müayinə zamanı onda «L4-L5 diskdə dural kisəni sıxan sirkulyar qabarma. L5-S1 diskdə dural kisəni sıxan (3mm) arxa-mərkəzi protruziya»nın olduğu müəyyən edilmişdir. Bununla da, aparılmış sonrakı müayinələrdə onurğa sütununda olan patoloji dəyişikliklər öz təsdiqini tapmışdır. Mövcud olan patoloji vəziyyətlə əlaqədar 07.12.2016-cı il tarixdə «ATU-nun Tədris-Cərrahiyyə Klinikası»nda «L5 soldan hissəvi laminoektomiya» cərrahiyyə əməliyyatı icra edilmişdir. 2.İddiaçı 07.11.2016-cı il tarixdə qərardadın təsviri hissəsində göstərilən şəraitdə, yəni istehsalatda xəsarət alması ilə əlaqədar hər hansı bir təsdiqləyici sənəd olmadığı üçün onda onurğa sütununda mövcud olmuş patoloji dəyişikliyi onurğa sütununun travması ilə əlaqələndimək mümkün deyildir.

3. İddiaçı onurğa sütununda əvvəllər mövcud olan patoloji dəyişikliklər xroniki xarakter daşıyır və tibbi göstəriş əsasında ona «L5 soldan hissəvi laminoektomiya» cərrahiyyə əməliyyatı icra edilmişdir. Ə.Rəhimovun 07.11.2016-cı il tarixdə istehsalatda xəsarət alması ilə əlaqədar tibb müəssisəsinə müraciət etməməsini nəzərə alaraq, həmin patologiyanın travma hesabına kəskinləşməsini təyin etmək mümkün deyildir. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş 02.07.2021-ci il tarixli 206 saylı arayışdan məlum olur ki, İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən klinikaya birinci dəfə 02.06.2016-cı il tarixdə chek-up müayinədən keçmək üçün göndərilmişdir və aparılan müayinələrin nəticələrinə əsasən elektrik vəzifəsinə 1 il müddətinə işə yararlı rəyi verilmişdir, lakin 07.12.2016-cı il tarixində AR SN Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında L5-S1 fəqərələrarası disk yırtığı səbəbilə əməliyyat olunduğuna görə, 11.01.2017-ci il tarixində təkrarən klinikaya yönəldilmişdir və bu dəfə elektrik vəzifəsinə 02.06.2017-ci il tarixinədək məhdudiyyətlə (10 kq-dan artıq ağırlıq qaldırmamaq şərti ilə) işə yararlı hesab edilmişdir. Həmin arayışa əlavə edilmiş və ingilis dilində 02.06.2017-ci il tarixdə tərtib edilmiş «işə yararlılığa dair tibbi sertifikat» və 11.01.2017-ci il tarixdə tərtib edilmiş «xəstəlikdən sonrakı vəziyyətə dair tibbi sertifikat»larda müayinə olunan İddiaçı SKN şirkətində elektrik vəzifəsində işlədiyi göstərilmiş, işə götürən təşkilat kimi SKN şirkəti qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsində qeyd edilən tarixdə "SKN Electrical Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının iş yerlərində istehsalat qəzasının baş verməməsi ilə əsaslandırdığı, iddia tələbinin rədd edilməsinə dair nəticəsi işin hallarına uyğun olmamışdır. Belə ki, işdə olan şahid ifadələri ilə təsdiq edilmişdir ki, iddiaçının qeyd etdiyi işdə olarkən xəsarət alması ilə nəticələnmiş hadisə cavabdeh "SKN Electrical Services Limited” şirkətinin Azərbaycan filialında baş vermişdir. İddiaçının işdə olarkən xəsarət aldığı tarix barədə şahidlər Vəli Nəsirov 2016-cı ilin mart ayını, Sakit Kazımov isə 07.05.2016-cı il tarixi qeyd etməsi ilə bağlı məhkəmə kollegiyası, baş vermiş hadisədən uzun müddət keçməsi ilə bağlı onların hadisənin baş vermə gününü unuda biləcəklərinin mümkün olmasını nəzərə alaraq, şahidlərin hadisənin tarixi barədə verdikləri məlumatı işin hallarına uyğun saymır. Bununla yanaşı, belə bir hadisənin "SKN Electrical Services Limited” şirkətinin Azərbaycan filialı tərəfindən işlərin görülməsi zamanı baş verməsi hissəsində məhkəmə kollegiyası şahid ifadələrini mötəbər sayır və hesab edir ki, iddiaya qiymət verilərkən həmin ifadələr işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymtləndirilməlidir. Bundan başqa, hadisənin baş verməsini cavabdeh "SKN Electrical Services Limited” şirkətinin Azərbaycan filialı da inkar etməmiş, iddia tələbinə etirazını hadisənin baş verməməsi ilə deyil, iddiaçı ilə şirkət arasında əmək münasibətlərinin yaranmaması, iddiaçının işi mülki müqavilə əsasında icra etməsi ilə əsaslandırmışdır. İşin qeyd edilən hallarını, eyni zamanda iddiaçıya təyin edilmiş diaqnozla uzun müddət müalicədən kənar qalmasının ağlabatan olmadığını, 07.12.2016-cı il tarixdə bel nahiyəsindən əməliyyat olunduğunu nəzərə alaraq, hadisənin onun öhdəliklərinin icrasını dayandırdığı 07.11.2016-cı il tarixdə baş verdiyinə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır. Məhkəmə tibbi ekspertizasının 26.02.2021-ci il tarixli 181/KES saylı rəyi ilə müəyyən edilmişdir ki, 13.09.2016-cı il tarixə iddiaçıda «L4-L5 diskdə dural kisəni sıxan sirkulyar qabarma olmuş, aparılmış sonrakı müayinələrdə onurğa sütununda patoloji dəyişikliklərlə əlaqədar 07.12.2016-cı il tarixdə cərrahiyyə əməliyyatı icra edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin tibb sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və iddiaçının onurğa sütununda olan patoloji dəyişikliklərin 13.09.2016-cı il tarixdən sonrakı dövrdə yaranmasını işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının istehsalatda xəsarət alması ilə əlaqədar hər hansı bir təsdiqləyici sənəd olmadığı üçün ekspertin onda onurğa sütununda mövcud olmuş patoloji dəyişikliyi onurğa sütununun travması ilə əlaqələndirə bilməməsini iddianın bütövlükdə rədd edilməsi üçün əsas saymır. Belə ki, məhkəmə kollegiyası iddiaçının 13.09.2016-cı il tarixdən 07.11.2016-cı il tarixədək cavabdeh "SKN Electrical Services Limited” şirkətinin Azərbaycan filialında öhdəliklərini hər hansı irad olmadan qüsursuz icra etməsini, səhhətinə zərər vura biləcək hər hansı digər hadisənin baş verməsinin təsdiq edilməməsini, sadalanan patoloji dəyişikliklərin özü-özündən yaranıb inkişaf etməsinin mümkün olmamasını nəzərə alaraq, patoloji dəyişikliklərin 07.11.2016-cı il tarixdə işdə baş vermiş hadisə nəticəsində əmələ gəlməsini işin hallarına uyğun sayır. Bundan başqa, tərəflər arasında 1 il müddətinə bağlanmış podrat müqaviləsinin “Ödəniş haqqı” bölməsində qeyd edilmişdir ki, “işə sərf edilən hər saata görə 4,09 manat haqq ödənilir və ümumi ödəniş məbləği hər ay üzrə “İcraçı”-nın təqdim etdiyi işlənmiş saatların uçotu əsasında aşağıdakı hal nəzərə alınmaqla müəyyən edilir: 3.1. Gündəlik işin 10 saat müddəti üçün hər saatın haqqı 10-a vurulmaqla; 3.2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işlədikdə hər işlənmiş gün üçün əlavə ödəniş nəzərdə tutulmamışdır. 3.3 – Əlavə olaraq 3.1-ci bənddə göstərilən müddətdən artıq işə görə saat hesabı olaraq 4,10 manat xidmət haqqı hesablanıb ödəniləcək”. İddiaçının əmək şəraitinin şərtləri, əməyin mühafizəsi, sosial və digər şərtləri, təminatlar göstərilmişdir (Müqavilənin giriş hissəsi, 2.1, 52-5.4-cü bəndləri) Tərəflər arasında bağlanmış və podrat müqaviləsi adlandırılan 13.06.2016-cı il tarixli müqavilənin məzmunu və şərtləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-44-cü maddələrində göstərilən hallara uyğundur. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsinə xas olmayan, əmək münasibətlərini əks etdirən müddəalar əks olunmuşdur. Bundan başqa, cavabdeh "SKN Electrical Services Limited” şirkətinin Azərbaycan filialı iddiaçını da əmək münasibətində olduğu işçiləri ilə yanaşı tibbi müayinəyə göndərmiş, bu zaman onu işçisi olaraq təqdim etmiş, müayinə xərclərini işəgötürən olaraq özü ödəmişdir. Sadalanan bu hallar iddiaçı ilə şirkət arasında münasibətlərin podrat deyil, əmək münasibətləri olmasını təsdiq edir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 07.11.2016-cı il tarixdə cavabdeh təşkilatda öhdəliklərinin icrası zamanı xəsarət almışdır. İddiaçı ilə cavabdeh "SKN Electrical Services Limited”şirkətinin Azərbaycan filialı arasında münasibətlər əmək münasibətləri olsa da, bu münasibətlər müddətli podrat müqaviləsinin bağlanması ilə pərdələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.7-ci maddəsinə əsasən məhkəmə bədbəxt hadisə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. Həmin Qanunun 9.2.2-ci maddəsinə əsasən sığortaçının sığorta ödənişinin bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək vəzifəsi vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalandığından, ona 07.11.2016-cı il tarixdə işdə baş vermiş istehsalatda bədbəxt hadisə ilə bağlı ödənişin verilməsi "xxxx" SŞ ASC-yə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə sığortalı şəxsə sığorta hadisəsi nəticəsində sığorta məbləğinin ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 02 iyul tarixli 289 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmiş Qərarda müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir. Məhkəmə kollegiyası bununla yanaşı, onu da qeyd etməyi zəruri sayır ki, müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində iddiaçının peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı olmadığından, hazırkı vəziyyətdə iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmaqla sığorta haqqının ödənilməsini tələb etmək hüququ yaranmamışdır. Kollegiya izah edir ki, iddiaçı sığorta hadisəsi baş verməsi təsdiq edildikdən sonra sığorta məbləğinin hesablanması və ödənilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan tələblərinə və tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçıya müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası eyni zamanda belə hesab edir ki, işə baxılarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxmadığından birinci instansiya məhkəməsi, iddia tələbini vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, vəzifə saxtakarlığı, dələduzluq, mülki iş üzrə sübutların saxtalaşdırılması, korrupsiya əməllərinin əlamətləri ilə bağlı cavabdehlərin barəsində xüsusi qərardad çıxarmaqla Baş Prokurora məlumat verilməsi hissəsində rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 07.11.2016-cı il tarixdə cavabdeh "SKN Electrical Services Limited” şirkətinin Azərbaycan filialıda öhdəliklərinin icrası zamanı xəsarət aldığından və sonuncu ilə iddiaçı arasında münasibətlər əmək münasibətləri olsa da, bu münasibətlər podrat müqaviləsinin bağlanması ilə pərdələndiyindən, eləcə də iddiaçının sığorta ödənişini almaq hüququ hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, bununla da birinci intansiya məhkəməsinin iddia tələbini iddiaçının 07.11.2016-cı il tarixdə iş yerində vəzifəsinin icrası zamanı istehsalatda bədbəxt hadisə baş verməsi nəticəsində xəsarət alması faktının müəyyən edilməsi hissəsinə dair qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, qətnamə həmin hissədə qismən apellyasiya qaydasında ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2317/2019 saylı iş üzrə 16.05.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 07.11.2016-cı il tarixdə iş yerində vəzifəsinin icrası zamanı istehsalatda bədbəxt hadisə baş verməsi nəticəsində xəsarət alması faktı müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar