Məhkəmə qərarları › İş №2(103)-3661/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3661/2022

01.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3661/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-518/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ "Geofizika və Geologiya İdarəsi"ndən vergisi kimi tutulan məbləğin 732,42 manatın ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR Geofizika və Geologiya İdarəsinin 07.2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq yaşa görə əmək pensiyasına çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublikası Komitəsinin (ANQSİHİRK) 22.04.2009-cu il tarixli 57/06-19ə saylı birgə Əmr-Qərarında göstərilmişdir ki, "Bu əmrqərar verildiyi tarixdən, habelə 22.05.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir". Həmin əmr-qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən əmək haqqının beş misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci “Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası" maddəsinin 4-cü hissəsinə əsasən "işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir". Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən "Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları" maddəsinin 6-cı hissəsinə əsasən Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. İşdənçıxma ilə bağlı SOCAR tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onlardan qanunsuz tutulmuş məbləğlər artıq geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi İdarələri isə məhkəmə araşdırmalarını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği sabiq işçilərə qaytarmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-518/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsindən İddiaçı xeyrinə 732,42 (yeddi yüz otuz iki manat, 42 qəpik) manat tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanladığı ərizəsinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçıya ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxarma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti verilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Qeyd etmək lazımdır ki, fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Repsublikası Vergi Məcəlləsinə əsaslanaraq, qeyd edilir ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İddiaçı iddia tələbində həmin məbləği səhv olaraq işdənçıxma müavinəti kimi göstərmiş və iddia tələblərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əsaslandıraraq, ona ödənilmiş orta əmək haqqının beş misli məbləğindən gəlir vergisinin tutulmasının qanunsuz olduğu qənaətinə gəlmişdir. İşdənçıxma müavinətinin hüquqi mahiyyəti, onun müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işdənçıxarma müavinəti işçiyə, yalnız onunla bağlanmış əmək müqaviləsi, həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin “c” və “ç” bəndlərinə və 74-cü maddəsinin “a” və “c” bəndinə əsasən, ləğv edildiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, ödənilir. Odur ki, işçinin işdənçıxma müavinətini almaq hüququ, onun işəgötürənlə olan əmək münasibətlərinə yuxarıda göstərilən əsaslarla xitam verildikdə yaranır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, işçi ilə işəgötürən arasında əmək müqaviləsinə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayının və ştatların ixtisarı ilə əlaqədar xitam verildikdə, ödənilən işdənçıxma müavinəti gəlir verigisindən azad olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, ARDNŞ-nin və ANQSİHİRK-nin 03.07.2012-ci il tarixli 81/14-29 ə nömrəli birgə əmr-qərarına əsasən iddiaçıya orta əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir, bu səbəbdən, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. İddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 (beş) misli məbləğindən gəlir vergisinin guya qanunsuz tutulmasının iddia etməsinin heç bir qanuni əsası yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsində birbaşa göstərilməmiş hər hansı digər ödəniş növlərinin gəlir vergisindən azad edilməsi yalnız vergidən azad olunmuş belə gəlirlərin siyahısına əlavə etmək yolu ilə mümkündür. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunverici orqan sayılan Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətlərinə aiddir. “İddiaçıya ödənilən pul vəsaiti müavinət deyilsə, bu ödənişin hansı ödəniş növü olduğu” ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 8-ci fəslində (Fiziki şəxslərin gəlir vergisi) öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən, muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir, vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər gəlirlərə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Bu maddənin normasından göründüyü kimi, iddiaçıya ödənilmiş vəsait muzdlu işlə əlaqədar ödəməyə aiddir. Eyni zamanda, iddiaçıya müstəsna hal kimi orta aylıq əmək haqqının 5 misli məbləğində pul vəsaitin ödənilməsinə əsas olmuş ARDNŞ-nin və ANQSİHİRK-nin 03.07.2012-ci il tarixli 81/14-29ə nömrəli əmr-qərarının mahiyyəti işəgötürənlə razılaşma bağlayan işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarətdir. Geofizika və geologiya İdarəsi kommersiya təşkilatı olduğu üçün işdən azad olan işçilərə ödənilmiş sözügedən orta aylıq əmək haqqının beş misli məbləğləri İdarənin kommersiya fəaliyyətindən əldə olunan mənfəətdən ödənilir. Geofizika və geologiya İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş əmək müqaviləsinin ləğv edilməsi və orta aylıq əmək haqqının ödənilməsi barədə ərizədən, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdən və ərizə ilə müraciət etmiş işçi ilə fərdi qaydada bağlanmış orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı razılaşmadan göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi onun ərizəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq, işçinin öz təşəbbüsünə əsasən 30.07.2014-cü il tarixdən ləğv edilmişdir. Bu səbəbdən, orta aylıq əmək haqqının ödənilməsi ilə bağlı sözügedən razılaşmanın bağlanmasından xeyli müddətin 7 il 3 ay keçməsinə baxmayaraq, iddiaçı tərəfindən “müavinətin tam ödənilməsi” tələbi üzrə iddianın verilməsi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsi AR Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissələrini əsassız tətbiq etmişdir. Belə ki, işlə əlaqədar AR Vergi Məcəlləsinin 98.1-ci maddəsi tətbiq edilməli idi. Bununla yanaşı, məhkəmə Vergi Məcəlləsinin 102.1.4-cü maddəsini səhv təsvir etmişdir, çünki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi işçilərin sayının azaldılması və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, 69.3cü maddə ilə müəyyən edilmiş əsasla ləğv edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddia tələblərindən kənara çıxmışdır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı heç də əmək müqaviləsinin ləğv olunması əsasının dəyişdirilməsi tələbini irəli sürməmişdir. Bu səbəbdən də hakim iddia tələblərindən əsassız olaraq kənara çıxmışdır. Bundan başqa cavabdehin nümayəndəsi heç də əmək müqaviləsinin 70-ci maddəsinin “b” bəndi ilə müəyyən olunmuş əsas ilə ləğv edilməsi barədə izahat verməmişdir. İşəgötürən və işçi arasında fərdi qaydada bağlanmış sözügedən orta əmək haqqının 5 misli məbləğində olan birdəfəlik müavinətin ödənilməsi ilə bağlı razılaşma əmək münasibətlərindən irəli gəldiyi üçün, həmin razılaşma və ya onun ayrı-ayrı şərtləri ilə bağlı yaranan mübahisələrin həlli zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normaları tətbiq edilməlidir. İddia ərizəsində qeyd olunan orta aylıq əmək haqqı məbləğində müavinət iddiaçının bank hesabına 2014-cü ilin 30 iyul tarixində köçürülmüş və həmin vaxtdan onun sözləri ilə deyilsə, hüquqlarının pozulduğunu bilirdi. Göründüyü kimi, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyənləşdirilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iş üzrə iddia müddətinin ötürülməsi faktına hüquqi qiymət verməli idi. 2014-cü ildə əmək münasibətlərinə xitam verilərək müvafiq müavinət alan iddiaçıya elə həmin vaxt ödənilmiş məbləğin vergiyə cəlb olunması məlum olduğundan məhkəmə iddia müddətini tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi ziddiyyətli nəticəyə gəlmişdir, belə ki, bir tərəfdən iddiaçının öz təşəbbüsü (xahişi) ilə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işdən azad olunduqlarını təsdiq edir, digər tərəfdən isə tamamilə başqa normaları – AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsini, 70-ci maddəsinin “a” və “b” bəndlərini əsas gətirərək iddiaçıya ştatların ixtisarı ilə bağlı işdənçıxarma müavinətinin ödənilməli olduğunu bildirir. Birinci instansiya məhkəməsi, əmək müqaviləsi AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilən işçilərə işdənçıxarma müavinətinin ödənildiyini göstərməyinə baxmayaraq, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verilmiş iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik maliyyə vəsaitinin işdənçıxarma müavinətinin olmasını güya məhkəmə baxışında tədqiq edildiyi, həmin müavinətdən gəlir vergisi tutulmalı olmaması, müavinətin tam şəkildə ödənilməli olması barədə səhv və əsassız qənaətə gəlmişdir. Bu vəsaitin işdənçıxarma müavinəti olmasını heç bir maddi hüquq norması ilə təsdiq edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 25.08.1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22.07.2014-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxaması ilə əlaqədar onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək kitabçasında aparılmış qeyddən görünür ki, yaşa görə təqaüdə çıxması müqaviləyə xitam verilərkən təminatlar ARDNŞ-nin ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməlidir. İş materiallarında olan İddiaçı haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı 2014-ci ilin iyul ay üzrə əmək haqqı, müavinat və son haqq-hesabı 5029,69 manat təşkil etmiş, yekun ödənilən məbləğ 4096,68 manat təşkil etmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 732,42 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinin 05.10.2021-ci il tarixli “Mediasiya prosesindən imtina haqqında” məktubunda qeyd edilmişdir ki, bağlanmış əmək müqaviləsinə xitam verilərkən ödənilmiş pul vəsaiti müavinət adlansa da, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən gəlir hesab edilir. Bu səbəbdən mediasiya prosesindən imtina etmişlər. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət etmiş və 50 manat məbləğində mediator xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinin arayışından görünür ki, İddiaçı 2014-cü ilin iyul ayı üzrə əmək haqqı və son haqq-hesab vəzifə maaşı 734,29 manat, ARDNŞ yemək xərci 60 manat, kompensasiya 380,40 manat, ARDNŞ-ANQSİHİRK 5 misli kompensasiya 3855 manat təşkil etmiş və 732,42 manat gəlir vergisi tutulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, cavabdehin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş əmək kitabçasının və arayışdan görünür ki, cavabdeh təşkilatda işləmiş İddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Aparılmış araşdırmalar nəticəsində İddiaçı müavinət ödənilən zaman, həmin müavinət məbləğinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulmuş güzəşt tətbiq edilərək ödənilmiş müavinətin 3855 manat hissəsi vergi bazasına aid edilmişdir. İddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 732,42 manat manatı iddiaçıya qaytarılmalıdır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş razılaşmada da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Cavabdeh isə apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxarma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti verilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxarma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul müavinətinin verilməsi qərara alınmış və həmin məbləğ hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Göründüyü kimi cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı və işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyində işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində ödəniş edilməsi mahiyyəti etibarı ilə məhz müavinat olmuşdur, hazırki mübahisəni tənzimləyən xüsusi sahə kimi Əmək Məcəlləsinin 175.4-cü maddəsinin tələbinə görə də növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddia müddətinin ötürülməsini qeyd etsə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iddia müddəti məsələsinə apellyasiya mərhələsində qiymət verilə bilməz. Belə ki, həmin maddənin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırda isə cavabdeh tərəfindən nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etsə də, məhkəmə qərarı çıxarılanadək iddia müddəti ilə bağlı hər hansı müraciəti olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 732,42 manat (yeddi yüz otuz iki manat, qırx iki qəpik) olmaqla beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin hazırki qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-518/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar