Məhkəmə qərarları › İş №2(103)-3664/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3664/2025

25.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3664/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı “əmrin ləğvi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər:əmrin ləğv, işə bərpa, müddətli əmək müqaviləsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-723/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 15 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilatda daxili nəzarət və audit şöbəsində keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, müqavilə 06 oktyabr 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək bağlanır. Müqavilənin 8.2-ci bəndindən görünür ki, müqavilə müxtəlif vaxtlarda xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixədək uzadılmışdır. 15 saylı əmək müqaviləsinə 2 nömrəli Əlavəyə əsasən əmək müqaviləsi 12 iyul 2024-cü il tarixdən 12 yanvar 2025-ci il tarixədək bağlanılmışdır.

2. xx.xx.2024-cü il tarixli İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında əmrə əsasən İddiaçı töhmət elan edilmişdir. Əmrdə qeyd olunur ki, Nəsimi rayon İcra Şöbəsindən Cavabdehnə məktub daxil olmuşdur. Sözügedən məktubda xx.xx.2024-cü il tarixli icra sənədinin daxil olduğu, lakin icrası barədə hərəkət və məlumat olmadığı qeyd edilmişdir. Bununla əlaqədar olaraq araşdırma aparılmış və daxil olmuş sənədin aşkara çıxarılmaması həmçinin qeydiyyata alınmaması halı müəyyən edilmişdir. DRİ-də müvafiq sənəd dövriyyəsinin proseduruna əsasən icra məktubunu Sənədlər və müraciətlərlə iş şöbəsinin mütəxəssisi X5 tərəfindən qəbul edilmiş və şöbə müdiri İddiaçı təqdim edilmişdir. G.Seyidbəyli öz izahatında İddiaçı tərəfindən qeydiyyata alınmaması barədə təlimat verildiyini bildirmişdir.

3. 28 dekabr 2024-cü il tarixli xəbərdarlığa əsasən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitəcəyi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. 10 yanvar 2025-ci il tarixli əmrə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilsin və əmək müqaviləsinə xitam verilsin.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh 27 dekabr 2024- cü il tarixli, 3-27-119/3-15-1/2024 nömrəli və 10 yanvar 2025-ci il tarixli, İR-09 nömrəli əmrləri ləğv edilməklə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh Sənədlərlə və müraciətlərlə iş şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunması və onunla müddətsiz əmək müqaviləsi bağlanılması, İddiaçı məcburi iş buraxmaya görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı, əmək haqqının hər gecikdirildiyi gün üçün 1 faiz məbləğində ödənc, işdə olmadığı dövrdə əmək stajına, elmi dərəcəyə və s. görə işçilərə ödənilməsi nəzərdə tutulmuş əmək haqqına əlavələr, işdə olmadığı dövrdə işçilərə verilən mükafatlar, 120 manat məbləğində mediasiya xərcləri və 300 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəkil xərclərinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 06 oktyabr 2021-ci il tarixdən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra Nazirlik) Cavabdeh Daxili nəzarət və audit şöbəsinə “keyfiyyətə nəzarət üzrə mütəxəssis” vəzifəsinə işə qəbul olunmuş, 1 ay sonra Sənədlər və müraciətlərlə iş şöbəsinin fəaliyyət istiqamətlərinin təkmilləşdirmək üçün şöbə müdiri vəzifəsi ona həvalə edilmiş, həmin vaxtdan şöbə müdiri vəzifəsini də icra etməyə başlamışdır. 24 yanvar 2023-cü ildən (xx.xx.2023-cü il tarixli, İR-29 saylı əmr) iddiaçı həmin şöbənin müdiri təyin olunmuşdur. Hər iki şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq prosedurlar hazırlanmış, elektron sənəd dövriyyəsi, arxiv işlərinin təşkili, korporativ idaretmə və işgüzar yazışmalara dair səmərəliliyin artırılması istiqamətində onun tərəfindən müntəzəm təlimlər keçirilmişdir. İddiaçı, həmçinin, 2022-ci ildən 2024-cü ilin sentyabr ayına qədər Cavabdeh (bundan sonra İdarə) üzrə Məşvərət Şurasının korporativ katibi vəzifəsinə aid olan işləri aparmışdır. 2023-cü ildə şöbənin fəaliyyətinə yeniliklər edilməsi, çatışmamazlıqların aradan qaldırılması məqsəqilə Nazirliyin Sənədlər və müraiciətlərlə iş şöbəsinin komissiyası tərəfindən yoxlamalar aparılmış heç bir nöqsan halı aşkar edilməmişdir. Lakin 2023-cü ilin sentyabr ayında Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən İdarədə yoxlamalara başlanılmış, iddiaçı aidiyyəti məlumatların təmin olunması üçün koordinator kimi həmin yoxlamalarda iştirak etmişdir. 2023-cü ilin noyabr ayında yoxlama yekunlaşdıqdan sonra iddiaçıya qarşı idarənin rəhbərliyi tərəfindən birbaşa və dolayı yolla təzyiqlər başlanmışdır. Belə ki, rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən İlham Əhədov tərəfindən bu yoxlamadan sonra əmək müqaviləsində göstərilən 450 azn əlavə ödənişin verilməsi dayandırılmış və 2024-cü ilin sentyabr ayından “Daxili nəzarət və audit” şöbəsinə keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinin həvaləsinə xitam verilmişdir. Bununla yanaşı iddiaçı hər iki vəzifənin icrasına görə həmin vaxta qədər ona həvalə olunmuş vəzifə üzrə almalı olduğu əmək haqqına əlavəni almamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixində qeydiyyat nömrəsi 3-27-119/3-15- 1/2024 olan əmrlə iddiaçıya töhmət verilərək barəsində intizam tənbehi tətbiq edilmişdir. İki gün sonra isə xx.xx.2024- cü il tarixində iddiaçı ilə 12 iyul 2024-cü il tarixdə bağlanmış və 12 yanvar 2025-ci il tarixində bitməsi nəzərdə tutulan əmək müqaviləsinə xitam veriləcəyi haqqında bildiriş verilmişdir. İntizam tənbehinin tətbiq olunması ilə əlaqədar bildiririk ki, əmr şöbənin mütəxəssisi X3 xx.xx.2024-ci il tarixli izahatı əsasında tələsik verilmiş, izahatı alındıqdan 1 gün sonra işin araşdırılmaması üçün həmin işçi növbəti əmək məzuniyyətinə göndərilmişdir. İddiaçının izahatı isə xx.xx.2024-cü il tarixində alınmışdır. xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, iddiaçının izahatı bir gün sonra alındığı üçün aidiyyəti üzrə araşdırma aparılmamış və baş vermiş nöqsan üzrə onun təqsirinin olub-olmaması araşdırılmamış, iddiaçıya onun rəhbərlik etdiyi şöbəyə daxil olmuş məktubun itirilməsi əsası ilə töhmət verilmişdir. Halbuki, iddiaçıya, ümumiyyətlə, şöbə müdiri kimi həmin məktub təqdim edilməmişdir. İddiaçı izahatında işin qeyd edilən halları barədə rəhbərliyə bildirmiş, şöbənin mütəxəssisi X3 məktubu götürməsi və icra etməməsi barəsində məlumatının olmadığını göstərmişdir. Bununla yanaşı iddiaçı rəhbərliyə təqdimat verərək, ona intizam tənbehinin tətbiq edilməsi ilə bağlı halın araşdırılması üçün rəhbərlik etdiyi şöbənin işçisi X4 əmək məzuniyyətindən geri çağırılmasını tələb etmiş, lakin işəgötürən onun bu tələbini yerinə yetirməmişdir, iddiaçıya 27 dekabr 2024-cü il tarixli, qeydiyyat nömrəsi 3-27-119/3- 15-1/2024 olan əmrlə töhmət vermişdir. Bundan sonra rəhbərlik qərəzli şəkildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi haqqında bildiriş vermişdir. Bundan sonra iddiaçı məcburiyyət qarşısında qalaraq intizam tənbehinin ləğv edilməsi və əmək hüquqlarımın qorunması üçün xx.xx.2024-cü il tarixində mediasiyaya müraciət etmişdir. Həmçinin, iddiaçı işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə mediasiyaya müraciət etmiş, mübahisənin həlli mümkün olmamışdır. Cavabdeh vermiş olduğu hər iki əmrlə bağlı xx.xx.2025-ci il tarixli, 3-27-119/2-42/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3-27-119/2- 126/2025 saylı məktubları ilə mübahisənin mediasiya vasitəsilə həllindən imtina etmişdir. Məlumat üçün bildirir ki, iddiaçı kifayət qədər ixtisaslı və peşəkar mütəxəssisdir, o, “Korporativ idarəetmə və işgüzar təşkilatların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi problemləri” mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 oktyabr 2014-cü il tarixli (№ 25-K) qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş və ona 25 yanvar 2019-cu il tarixli qərarı ilə “Menecment və marketinq” kafedrası üzrə dosent elmi adı verilmişdir. Hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ("xxxx" QSC) Milli Aviasiya Akademiyasının “Menecment” kafedrasında 0,5 ştat əvəzçiliklə dosent vəzifəsində çalışaraq magisrtlərə elmi rəhbərliklə yanaşı “Avianəqliyyatda risklərin idarəedilməsi”, “Korporativ idarəetmə” və “Yerüstü nəqliyyatda əmək menecmenti” fənləri üzrə mühazirələr keçir. Həmçinin, iddiaçının ilk dəfə çalışdığı şöbədə (Daxili nəzarət və audit şöbəsi) 3 vakant vəzifə olmasına baxmayaraq, onun şöbənin fəaliyyətini təşkil etməsi, buna görə də 1 ay sonra Sənədlər və müraciətlərlə iş şöbəsinin fəaliyyət istiqamətlərinin təkmilləşdirmək üçün həmin şöbənin müdiri vəzifəsinin də ona həvalə iddiaçının işində nöqsanlar olmadığını, onun peşəkar işçi və mütəxəssis olduğunu təsdiq edir. Bununla yanaşı iddiaçı İdarənin Əmək və icra intizamı qaydalarını, Əməkdaşlar üçün etik davranış qaydalarını da hazırlayıb İdarənin əvvəlki rəhbərliyinə təqdim etmişdir. Həmin “Qaydalar” 2022-ci ildə təsdiq edilmişdir və cari ildə də bu “Qaydalar”dan istifadə olunur.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-723/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 8.Məhkəmə işin fakitiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı 06 oktyabr 2021-ci il tarixdə müddətli əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda daxili nəzarət və audit şöbəsində keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Sonradan iddiaçı şöbə müdiri vəzifəsinə keçirilmiş və müxtəlif vaxtlarda onunla bağlanmış əmək müqaviləsinin müddətləri uzadılmışdır. İddiaçı şöbə müdiri vəzifəsininin səlahiyyətlərini həyata keçirərkən işdə yol verdiyi nöqsan səbəbindən ona 27 dekabr 2024-cü il tarixdə töhmət elan edilmişdir. 15 yanvar 2025-ci il tarixdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

9. “Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh 27 dekabr 2024-cü il tarixli, 3-27-119/3-15-1/2024 nömrəli əmrinin ləğv edilməsi” üzrə iddia tələbini əsassız hesab edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışarkən Nəsimi rayon İcra Şöbəsindən Cavabdehnə daxil olan icra sənədinin icrası ilə bağlı məktub həmin şöbənin əməkdaşı Seyidbəyli Gülnar tərəfindən qəbul edilmiş və bu barədə şöbə müdiri kimi iddiaçıya məruzə edilmişdir. Lakin iddiaçı həmin sənədi bilərəkdən qeydiyyata aldırmayaraq gizlətmiş və bununla vəzifə öhdəliklərini yerinə yetirməmişdir. Bununla cavabdeh qurumun iş nizamı pozulmuşdur. İddiaçı ərizəsində G.Seyidbəylinin ərizəsi əsasında qərəzli olaraq iddiaçı barəsində töhmət verildiyini və G.Seyidbəylinin məsuliyyətdən yayınması üçün tələsik məzuniyyətə göndərilməsini qeyd etsə də, işdən görünür ki, sözügedən pozuntu barəsində iddiaçının özünün iştirakı ilə daxili araşdırma aparılmış və nəticədə iddiaçı ilə yanaşı eyni zamanda G.Seyidbəyli barəsində də intizam tənbehi tətbiq edilmişdir. Burdan belə nəticəyə gəlmək mümkündür ki, cavabdeh qurumun rəhbərliyinin iddiaçıya qarşı qərəzi və bununla əlaqədar ona töhmət elan edilməsi həqiqəti əks etdirmir.

10. Məhkəmə iddia tələbinin “10 yanvar 2025-ci il tarixli, İR-09 nömrəli əmrləri ləğv edilməklə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh Sənədlərlə və müraciətlərlə iş şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunması və onunla müddətsiz əmək müqaviləsi bağlanılması, İddiaçı məcburi iş buraxmaya görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı, əmək haqqının hər gecikdirildiyi gün üçün 1 faiz məbləğində ödənc, işdə olmadığı dövrdə əmək stajına, elmi dərəcəyə və s. görə işçilərə ödənilməsi nəzərdə tutulmuş əmək haqqına əlavələr, işdə olmadığı dövrdə işçilərə verilən mükafatların cavabdehdən tutulması” hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olaraq bağlanmış və müxtəlif tarixlərdə müqavilənin müddəti uzadılmışdır. Ümumilikdə isə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti 5 ildən az olduğuna görə tərəflər arasında əmək münasibətləri 5 ilə kimi davam etdiyindən əmək müqaviləsi öz mahiyyəti etibarilə müddətli olaraq bağlanmış hesab edilir. Beləliklə, işçi ilə sonuncu dəfə 12 iyul 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixinədək uzadılmışdır. Göründüyü kimi, həmin əmək müqaviləsi müddətli olmaqla 12 yanvar 2025-ci il tarixinədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixdə uzadıldığından və müddətli olduğundan iddiaçının onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə qabaqcadan xəbərdar edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin müddət bitdikdən sonra 12 yanvar 2025-ci il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 45.3, 45.5, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 186.1, 186.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, uzun müddətli iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə müddətli əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. “Qarşılıqlı razılığa” gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək kifayət qədər yüksək iş stajına malik olan və peşəkar işçi ilə müddətli əmək müqaviləsi bağlamış, sonra da işçinin müəssisəyə” ümumiyyətlə, daxil olmamış bir məktubu itirməsini bəhanə edərək, müqavilə müddətinin bitməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. xx.xx.2025-ci il tarixli ilkin hazırlıq iclasında da iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq cavabdehin nümayəndəsi Nümayəndə3 apardıqları daxili araşdırmanın nəticəsi olaraq İddiaçı İcra Şöbəsindən daxil olmuş məktubu qəsdən itirdiyi müəyyən edildiyi üçün rəhbərliyin əmək münasibətlərini davam etdirmək istəmədiyini, buna görə də, onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsinə görə xitam verildiyini göstərmişdir. Lakin məhkəmə həmin halı qətnamənin təsviri-əsaslandırıcı hissəsində tərəflərin izahatlarında göstərməmiş, cavabdehin nümayəndəsinin izahatı təhrif olunmuş formada verilmişdir. Halbuki, MPM-in 76.2-ci maddəsinin tələbləri baxımından tərəflərin işin halları ilə bağlı izahatları da sübutlar siyahısına daxildir və məhkəmə qeyd edilən izahatı da başqa sübutlar kimi qiymətləndirməli olduğu halda həmin halı qətnamədə qeyd etməmiş və göstərilən hala qiymət verməmişdir. Bununla yanaşı qeyd edilən izahatın qətnamədə göstərilməməsi həm də MPM-in 220.1-220.4-cü maddələrinin tələblərinin pozulması anlamına gəlir. Göstərilən hallar qətnamənin əsaslandırılmadığını və məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan aşağıdakı hallar aydınlaşdırılmamışdır: 1. İddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin əsl səbəbləri; 2. İşəgötürənin işçi ilə bağladığı əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin və AR Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarın tələblərinə müvafiq olub-olmaması; 3. Əmək müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı və iradə ifadələri prinsiplərinin gözlənilib-gözlənilməməsi; 4. İşəgötürən tərəfindən daxili araşdırma aparılarkən AR Əmək Məcəlləsinin tələblərinə riayət edilib-edilməməsi. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan aşağıdakı hallar işdə olan sübutlarla öz təsdini tapmır: 1.İşəgötürənin işçi ilə tərəflərin qarşılıqlı razılığı və iradə ifadələri prinsiplərinin gözləməklə əmək müqaviləsi bağlaması, 2.İşəgötürən tərəfindən daxili araşdırma aparılarkən AR Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə aparılması, 3.İşəgötürənin qərəzsiz olaraq əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə həmin müqaviləyə xitam verməsi. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin aşağıdakı hallarına uyğun deyil: 1) İşçinin kifayət qədər yüksək ixtisaslı və peşəkar işçi olması, 2) İşəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin və AR Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarının tələblərinə zidd olaraq tərəflərin qarşılıqlı razılığı və iradə ifadələri prinsiplərinin şərtlərini pozmaqla onunla müddətli əmək müqaviləsi bağlaması; 3) İşəgötürən tərəfindən daxili araşdırmanın qanunvericiliyin tələbləri pozulmaqla aparılması və işçiyə töhmət verildikdən bir gün sonra ondan izahat alınması, 4) İddiaçı tərəfindən İcra Şöbəsinin məktubunun qəsdən itirilməsi barədə onun əleyhinə heç bir mötəbər sübutun cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi, 5) xx.xx.2025-ci il tarixli ilkin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq cavabdehin nümayəndəsi Nümayəndə3 apardıqları daxili araşdırmanın nəticəsi olaraq İddiaçı İcra Şöbəsindən daxil olmuş məktubu qəsdən itirdiyi müəyyən edildiyindən rəhbərliyin əmək münasibətlərini davam etdirmək istəməməsi barədə izahatı və izahatda qeyd edilən hala məhkəmə tərəfindən qiymət verilməməsi, 6) İşəgötürənin hər iki əmrinin qanunvericiliyin tələblərinə zidd olması.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, izahatında qeyd etdi ki, birinci əmrə məhkəmə münasibət bildirməyib. Töhmət verilməsi və xitam verilməsi ilə bağlı əmrləri mübahisələndirirlər. xx.xx.2024-cü ildə iddiaçıya xəbərdarlıq edilib. İddiaçının aliment ödənilməsi ilə bağlı icra vərəqəsini itirməsi sübut edilməyib. İddiaçıdan başqa şöbənin əməkdaşı izahat almasını tələb edib. Daxili Nəzarət Xidməti və Həmkarlar İttifaqı izahatı ala bilərdi. Məhkəmə bu hallara münasibət bildirməyib. Rayon məhkəməsində cavabdehə sual vermişdir ki, iddiaçı aliment ödənilməsi ilə bağlı məktubun itməsinə görə azad edilib. Cavabdehin nümayəndəsi də etiraf edib ki, aliment ödənilməsi ilə bağlı məktubu qəsdən itirdiyi müəyyən edildiyindən rəhbərlik əmək münasibətlərini davam etdirmək istəməyib. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının audio yazısının səsləndirilməsi və video görüntüsünə baxış keçirilməsini xahiş edir. Bu hallar qətnamədə qeyd edilməyib. İddiaçı ilə müqavilə bağlayan zaman müddətli olub, cavabdeh Əmək Məcəlləsinin müddəalarını pozub. Qətnamə əsaslandırılmayıb və məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının tələblərinin pozmuşdur. Analoji işlərlə bağlı qərarları məhkəməyə təqdim etmişlər.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında qeyd etdi ki, 2 əmr verilib. Əmrlər əsassızdır. 2021-ci ildən işə başlamışdır. Dəvət edilərək işə düzəlmişdir. 2024-cü ilin yanvar ayında müqavilə bağlanıb. Sistemdə 3 iyunda müqavilə bitib. Amma 12 iyun bitməli idi. Həmin vaxt yenidən müqavilə bağlanıb. 8 mayda yenidən müqavilədə dəyişiklik olub, onun iştirakı təmin edilməyib. Dekabrın 1-dən iki vəzifəsi olub. Əgər qeyri-peşəkar idisə bu qədər işi necə görə bilirdi, ona necə həvalə edilirdi. İcra şöbəsindən sənəd gələndə qeydiyyatdan keçəndən sonra ona təqdim edilməli idi. Digər iş yerlərinə də icra şöbəsinin məktubu gedib və sonradan itib. Onun da günahkarı o deyil. Məktub gələndə qeydiyyata salınır, paylanır. Zərfin üzərində adı da yazılmamışdı. İkinci dəfə məktub gələndən sonra maraqlanmışdır, alimenti ödəmişdir. Ona verilən suallara cavab olaraq qeyd etdi ki, 2 tələblə bağlı iddia qaldırmışdır, 5 nəfərdən ibarət iclas oldu. Şöbə müdirləri onun işinə kölgə qoydular. İclasda çox hallar müzakirə edilib. İzahat verilməsi ondan tələb edilib, onun (iddiaçının) işçisindən onsuz izahat alınıb, sonradan ondan (iddiaçıdan) kadrlar şöbəsinin işçisi izahat istəyib. İcra şöbəsindən məktub daxil olub, işçi ona (iddiaçıya) deməyib. Başqa orqanda da məktub itib. İşçi ona məktub verməyib. Məktubu itirən odur. O, məzuniyyətə gedib, ona (iddiaçıya) amma əmr verilib. X9 Xidməti aparmalı idi. İkinci məktub gələndə o, (iddiaçı), icra şöbəsindən maraqladı. Müddətli müqavilə bağlansa da onunla sonradan müddətsiz müqavilə olacağı danışılmışdı.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, iddiaçı rəis vəzifəsində işləyəndə mükafatlar verilib,1 gün də icazə verilib ki, pedaqoji fəaliyyətlə məşğul olsun. Ona qarşı qərəz olsa idi elə yanaşılmazdı. Gülnar xanım məktubu iddiaçıya göstərib, iddiaçı deyib ki, heç kimə heç nə deyilməsin. Müddətli müqavilə bağlanılıb, iddiaçının məlumatı olub. Bilirdi ki, onunla müqavilə uzadılmayacaq. Gülnar xanıma da töhmət verilib, izahatı da alınıb. Məzuniyyətdə olduğu üçün həmin vaxt verilməyib. Məzuniyyət əmri 11 dekabrda verilib. Rəhbərlik müddət bitəndən sonra iddiaçı ilə müqaviləni uzatmaq istəməyib. Aliment ilə əlaqədar icra şöbəsi iddiaçı ilə danışıb. İkinci dəfə məktub gələndə aydın oldu ki, Gülnar xanım birinci dəfə məktubu iddiaçıya verib,o da cibinə qoyub. Barışıq mümkün deyil. İddiaçı bildirib ki, Gülnar xanım ona boş zərf verib. Bu hal protokollaşdırılmayıb. Birinci dəfə məktub gələndə iddiaçı icazə verməyib ki, qeydiyyat aparılsın. Gülnar xanıma məktubu poçtdan veriblər. Məktub məsələsi 16 dekabrda onlara (İdarəyə) aydın olub. Faktı araşdıran kimi iddiaçıya töhmət verildi. İddiaçının yoldaşı şikayətlər də edirdi. Bütün hallar nəzərə alınıb yekunda müddətli müqavilə uzadılmayıb.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: -hüquq bərabərliyinin təmin edilməsi; -mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; -maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; -əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; -əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 45.1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47. “f” bəndi- tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 73. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 186. 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187. 1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 190.1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 25.İşin halları odur ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı cavabdeh qurumda xx.xx.2021-ci il tarixdən işə başlamış, onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmiş və əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. O cümlədən, iddiaçıya işlədiyi dövrdə 27 dekabr 2024-cü il tarixli əmrlə töhmət verilmişdir. 26.Hazırda iddiaçı ona töhmət verilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş əmrləri mübahisələndirir. 27.Nəsimi rayon İcra şöbəsinin Azərbaycan Hava Yolları QSC və X15 İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay cavabdeh İddiaçı qazancının və(və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq X8 ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixli məktubla Sizə müraciət edilmiş, lakin məktubun nəticəsi barədə şöbəyə heç bir məlumat daxil olmamışdır. Şöbəyə məlumat verilməsi xahiş olunur (i.v.73). 28.İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixdə əmr verilmişdir. Əmrdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli məktubla bağlı araşdırma aparılmış, daxil olmuş sənədlərin aşkara çıxarılmaması, qeydiyyata alınmaması halı müəyyən edilmişdir. DRİ-də müvafiq sənəd dövriyyəsinin proseduruna əsasən icra məktubunu Sənədlər və müraciətlərlə iş şöbəsinin mütəxəssisi X6 tərəfindən qəbul edilmiş və şöbə müdiri İddiaçı təqdim edilmişdir. G.Seyidbəyli izahatında İddiaçı tərəfindən qeydiyyata alınmaması barədə təlimat verildiyini bildirmişdir (i.v-76). 29.X6 xx.xx.2024-cü tarixli izahatında qeyd edir ki, xx.xx.2024-cü il tarixdə poçt filialına daxil olan sənədləri qəbul etdi, sənədlərin açılması üçün şöbə müdiri İddiaçı təqdim etdi. O, açıb oxuduqdan sonra sənədin birini özündə saxlayıb digərini qeri qaytardı ki, qeydiyyata salsın. Bir məktubun səhv gəldiyini bildirdi, geri göndərmək üçün isə ona qaytarmadı. Məktubu cibinə qoydu. Dəfələrlə desə ki, sənədin qəbulunda imzası var, üzə çıxacaq. O isə məktub yoxdur, gəlməyib, heç kim bilməyəcək deyirdi. Bir neçə dəfə sənədlə bağlı zənglər daxil olmuşdur. İddiaçı yenidən əlaqə saxlayıb danışırdı (i.v.101). 30.X6 xx.xx.2025-ci tarixli izahatında qeyd edir ki, xx.xx.2024-cü il tarixli izahatına əlavə olaraq qeyd edir ki, İddiaçı İdarə rəisinin adına izahatında qeyd etdikləri həqiqətə uyğun deyil. Zərfi İddiaçı təqdim etmişdir. Zərfi açdıqdan sonra cibinə qoydu, sənədin səhv gəldiyini bildirdi (i.v.102). 31.Dövlət Raditezliklər İdarəsinin HŞ-nin müdiri Nümayəndə3, İRŞ-nin müdiri M.Məmmədova və mütəxəssis İ.Seyidova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı G.Seyidbəyovanın izahatını oxuduqdan sonra məktubun ona boş təqdim edildiyini bildirdi və ona boş məktub verildiyini vurğuladı. Ona yazılı izahat verilməsi tapşırıldı. Həmin gün izahat verməkdən imtina etdi (i.v.71). 32.Əmək qanunvericiliyinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 33.Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh idarədə sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmin şöbənin mütəxəssisi X6 izahatında İddiaçılə bağlı göndərilmiş məktubu sonuncuya təqdim etdiyini bildirmişdir. İşdə olan akta əsasən İddiaçı məktubun ona tədim edilməsini təsdiq etmiş, lakin boş olduğunu bildirmiş və yazılı izahat verməkdən imtina etmişdir. İşəgötürən əmək qanunvericiliyinə uyğun olaraq 1 ay ərzində işçiyə töhmət vermişdir.

34. Kollegiya qeyd edir ki, iddiaçı şöbənin mütəxəssisi G.Seyidbəylinin ərizəsi əsasında qərəzli olaraq onun barəsində töhmət verildiyini və G.Seyidbəylinin məsuliyyətdən yayınması üçün tələsik məzuniyyətə göndərilməsini qeyd etsə də, işdən görünür ki, sözügedən pozuntu barəsində iddiaçının özünün iştirakı ilə daxili araşdırma aparılmış və nəticədə iddiaçı ilə yanaşı eyni zamanda G.Seyidbəyli barəsində də intizam tənbehi tətbiq edilmişdir. Eyni zamanda cavabdeh müəssisənin iddiaçıya qarşı qərəzli münasibətini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 35.O cümlədən qeyd edilməlidir ki, əmək qanunvericiliyinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 36.Buna baxmayaraq iddiaçı hesab edir ki, qeyd edilən intizam tənbehi ləğv olunarsa onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmr də ləğv olunacaq. Lakin nəzərə alınmalıdır ki, iddiaçı ilə əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.

37. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olaraq bağlanmış və müxtəlif tarixlərdə müqavilənin müddəti uzadılmışdır. Ümumilikdə isə iddiaçının cavabdeh idarədə işlədiyi müddət 4 ildən az olmuşdur. 38.Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması ... prinsiplərinə əsaslanır. 39.Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 40.Qanunvericliyin istinad olunan normalarından göründüyü kimi əmək müqaviləsi bağlanan hallarından biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır (47-ci maddənin f bəndi). Məhkəmə kollegiyası hazırki işin fakitki hallarına əsasən qeyd edir ki, ilk dəfə müqavilə bağlayan zaman tərəflər bərabər imkanlara malik olub və işəgötürən tərəfindən müddətli əmək müqaviləsi ilə işə götürülməsinə işçinin etiraz etmək imkanı olsa da, bu imkanından istifadə etməyib.

41. 28 dekabr 2024-cü il tarixli xəbərdarlığa əsasən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitəcəyi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən həmin məktub xx.xx.2024cü il tarixdə təhvil alınmışdır. (i/v-70)

42. Qeyd olunanlara əsasən kollegiya apellyatorun dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilərkən qanunvericiliyin tələbləri gözlənilmiş, tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipi pozulmamış, cavabdeh tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir. 43.Kollegiya qeyd edir ki, əmrin ləvği və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi əsassız olduğundan həmin tələbdən törəmə xarakter daşıyan məcburi iş buraxmaya görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı, əmək haqqının hər gecikdirildiyi gün üçün 1 faiz məbləğində ödənc, işdə olmadığı dövrdə əmək stajına, elmi dərəcəyə və s. görə işçilərə ödənilməsi nəzərdə tutulmuş əmək haqqına əlavələr, işdə olmadığı dövrdə işçilərə verilən mükafatların cavabdehə həvalə edilməsi tələbləri də əsaslı olaraq təmin edilməmişdir.

44. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-723/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Akif İsgəndərov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar