Məhkəmə qərarları › İş №2(103)-3670/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3670/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3670/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (dəymiş maddi zərərin əvəzinin ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1349/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə 2821.60 manat məbləğində zərər, 3601.50 manat cari borc, 28.40 manat yeni tarifə keçidlə əlaqədar olmaqla, ümumilikdə 4429.70 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası üçün çəkdiyi 300 manat vəkil xərci, 68.30 manat dövlət rüsumunun, ümumilikdə isə 4798 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə iddiası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1349/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh 1025.9 manat məbləğində dəymiş zərər, ödənilmiş 40 manat məbləğində dövlət rüsumu və 100 manat vəkil xərcinin İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1; “Qaz təchizatı haqqında” qanunun 6.2; Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9-cu bəndlərinə istinadən qeyd edilmişdir ki, məhkəmə ilk növbədə iddia tələbinin xx.xx.2016-ci il tarixli, ******* saylı akt əsasında 95 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən akt mülki iş materiallarına əlavə edilmədiyindən iddia tələbi sözügedən akta münasibətdə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 227.4 manat pulun və xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 972 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu aktlara münasibətdə də təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı tələbinin xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* saylı aktlarda sayğacın çıxış plasmas borusuna kənar təsir nəticəsində yaranmış zədə sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin oluna bilməz. Bundan başqa məhkəmə digər aktlar əsasında hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan, 0115846, 0112222, 0113910, ******* və ******* saylı aktlarda hesablanmış cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə 0115846, 0112222, ******* saylı aktlarla hesablanmış cərimənin şişirdilmiş sayır. Belə ki, qeyd olunan aktda itirilmiş qazın həcmi 7310, 1360, 7820 kubmetr olduğu müəyyən olunmuşdur. 7310, 1360, 7820 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda aktlar üzrə dəymiş ziyanın məbləği 73.10 manat, 136 manat və 78.2 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 0115846, 0112222, 0113910, ******* və ******* saylı aktlara əsasən 1240.1 manat həcmində təmin edir. Bundan başqa məhkəmə iddia tələbinin 3601.50 manat cari borcun və 28.40 manat yeni tarifə keçidlə əlaqədar yaranmış borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş saldodan görünür ki, cavabdehin 2020-ci il sonu üçün 1017.30 manat sərfiyyat borcu 8.80 manat isə yeni tarif keçidi ilə əlaqədar yaranmış borcu, 2021-ci ilin sonu üçün isə 761.9 manat sərfiyyat borcu 19.60 manat isə yeni tarif keçidi ilə əlaqədar borcu olduğundan iddia tələbi sərfiyyat borcuna nisbətən qismən 1807.60 manat hissədə təmin edilməlidir (1017.30+8.80+761.9+19.60=1807.6). Lakin iddia ərizəsinin məzmumundan da görünür ki, iddiaçı qeyd edilən borc məbləğlərindən ümumilikdə 2021.80 manat ödədiyindən qeyd edilmiş ödəniş cavabdehin aktlar və sərfiyyat borclarının cəmindən çıxılmalı, yerdə qalan hissədə iddiaçıya ödənilməlidir (1240.10 manat aktlar üzrə borc+1807.60 manat sərfiyyat borcu-2021.40 ödəniş=1025.90manat).

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda – xx.xx.2016-ci il tarixli ******* saylı akt əsasında 95 manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 146.2 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 272 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 156.20 manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 227.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 196.8 manat olmaqla, cəmi 2821.60 manat ziyan məbləği hesablanmışdır; - Abonent saldosundan məlum olur ki, Cavabdeh 2022-ci ilin fevral ayı üçün 4429.70 manat məbləğində borcu var; - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, D-4588 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir (iş.səh. 13, 16, 21, 32, 35, 38, 46, 23, 25). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1349/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21; Mülki Prosessual Məcəlləsinin 77, 88, 97, 202, 217.1; Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 6.2-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə istinadən qeyd edilmişdir ki, aktlar təbii qazdan qanunsuz istifadə edildiyinə dair əsaslardır. Məhkəmə, aktların surətinin abonentə verilməməsini, abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir. İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz gedə bilməz. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmamışdır. Hakim təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə lazımi qaydada əsaslandırılmamışdır. Məhkəmə akt üzrə, sərfiyyat üzrə və yeni tarifə keçid üzrə borcları hesablayarkən yanlışlığa yol vermişdir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və iddiaçı tərəfindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 63, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4, 7, 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 4, 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadən hesab edir ki, iddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.

9. Belə ki, cavabdehin pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, təqdim edilən aktlarla bir neçə illər öncə iddia edilən pozuntuların iddiaçı tərəfindən cavabdehin aktlarla və yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən iddiaçının şikayətinin (iddiasının) dəlillərinə qiymət verilməsi isə suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. İddiaçının (vəzifəli şəxslərinin) tərtib etdiyi aktlarının nəticəsiz qalması, bu aktların davamlı olaraq bir neçə il ərzində cavabdehin iştirakı olmadan tərtib edilməsi və sonrakı aktın tərtibi zamanı ondan öncəki aktın mövcudluğu, onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş aktların hər biri üzrə peşəkar struktur təsisata malik olan iddiaçı (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən sübutetmə vəzifələrinə formal yanaşılmışdır (aktların tərtib edilməsində cavabdehin və ya iddiaçıya aidiyyəti olmayan digər şəxslərin iştirakı təmin edilməmiş, foto-video çəkilişin aparılması və onların müvafiq qeydiyyatı bu aktlarda təsbit edilməmiş, talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). Cavabdehin mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqa zidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və iddiaçının iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları müəyyən edilmir.

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə əsasən: 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

11. Qanunun 6-4-cü maddəsinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

12. Qanunun 13-cü maddəsinə əsasən: 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 10. Müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

13. Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

16. Kollegiya hesab edir ki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri (iddianın əsassızlığı və şikayət üzrə tələblər nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.

17. Həmçinin izah edilməlidir ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1349/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar