Məhkəmə qərarları › İş №2(103)-3671/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3671/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3671/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Azərbaycan Republikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətini geri qaytaran birinci instansiya məhkəməsi göstərmişdir ki, apellyasiya şikayətində qəbul edilmiş qətnamənin Bakı şəhər Ərazi İdarəsinin maraqlarına hansı formada toxunması kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir. Bununla yanaşı, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2). Nəzərdən qaçırmaq olmaz ki, birinci instansiya məhkəmələrinin, ümumiyyətlə isə bütün məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə həmin şəxslərin dairəsinin qanunla məhdudlaşdırılması qətiyyən təsadüfi olmayıb, ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik prinsiplərinə əsaslan düşünülmüş bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktını mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənlik prinsipi ilə daban-dabana ziddiyyət təşkil etmiş olardı. ƏMDK-nin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin hazırkı iş üzrə 357.1-ci maddədə nəzərdə tutulmuş şikayət vermək hüququ olan şəxslər sırasına aid olmadığı mübahisəsizdir. Belə ki, o, hazırkı mülki işdə tərəf və ya üçüncü şəxs olmamışdır. Belə olan halda onun Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən şikayət vermək hüququnun (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunan digər şəxs) olub-olmaması araşdırılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Yeri gəlmişkən, qeyd edilməlidir ki, eyni qayda apellyasiya instansiya məhkəməsinin məhkəmə aktlarını mübahisələndirmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimat verilməsi üçün müraciət etmək istəyən və işdə iştirak etməyə cəlb olunmayan şəxslərə münasibətdə də tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 357.2-ci və 403.2-ci maddələrinin müqayisəli təhlilindən də aşkar şəkildə bu nəticə hasil olur. Hazırkı mülki işlə bağlı qeyd olunanlardan da açıq-aşkar göründüyü kimi qəbul olunmuş qətnamə üzrə ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi yuxarıda sadalanan maraqlı şəxslər kateqoriyasına aid deyil – bu şəxslərin dairəsinə düşmür, bundan başqa, qəbul edilmiş həmin qətnamə onun hər hansı hüquq və vəzifələrinə toxunmur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə, analoji işlərdə məhkəmə qətnaməsi ilə hansısa icra orqanına müəyyən (müvafiq şəhadətnamənin verilməsi, paylara müvafiq çıxarışın verilməsi və s.) hərəkətin edilməsinin həvalə olunması da həmin orqanların bu qətnamələri mübahisələndirmələri üçün əsas ola bilməz. Çünki məhkəmə qətnaməsində belə bir göstərişin olub-olmamasından asılı olmayaraq, müvafiq icra orqanı həmin hərəkətləri həyata keçirməyə qanuna əsasən borcludur. Məsələn, oturuşmuş məhkəmə praktikasına görə mirasın qəbul edilməsi faktını müəyyən edən məhkəmələr bir qayda olaraq qətnamənin nəticə hissəsində müvafiq şəhadətnamənin verilməsinin notariat orqanına həvalə olunması barədə də göstəriş qeyd edirlər. Və yaxud başqa bir misal, ər-arvadın daşınmaz əmlakdakı paylarını müəyyən edən məhkəmələr bir sıra hallarda daşınmaz əmlakın reyestr xidmətinə müəyyən etdiyi paylara müvafiq yeni çıxarışın verilməsinə dair vəzifə həvalə edirlər. Qüvvədə olan qanunvericiliyə görə miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi notariat orqanının, daşınmaz əmlakla bağlı hüquqların qeydə alınması isə müvafiq icra orqanının-daşınmaz əmlakın dövlət reyestr xidmətinin ərazi idarələrinin vəzifəsidir. Belə olan halda aydın olur ki, məhkəmə qərarlarında müvafiq göstərişlərin qeyd edilib-edilməməsindən asılı olmayaraq, həmin məhkəmə aktlarından irəli gələn hərəkətlərin müvafiq icra orqanları tərəfindən, həm də mütləq qaydada yerinə yetirilməsi qanunun tələbidir. Demək ki, məhkəmə aktlarındakı göstərişdən asılı olmayaraq, həmin orqanlar məhkəmə aktlarından irəli gələn müvafiq hərəkətləri etməyə borcludurlar. Bununla belə, hazırkı mülki işdə olduğu kimi, bir sıra başqa işlərdə də bunun üçün subyektiv hüquqların və qanuni əsasların olmamasına baxmayaraq, həmin qurumlar tam əsassız yerə məhkəmə aktlarını mübahisələndirirlər ki, bu da dövlət resurslarının izafi yerə itirilməsinə, eləcə də (onsuz da iş yükü çox olan) məhkəmələrin lüzumsuz yerə əlavə yüklənməsinə gətirib çıxarır ki, bu isə öz növbəsidə ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirir. Bir sıra məhkəmə qərarlarında bu cür göstərişlərin qeyd olunmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu hal dövlət hakimiyyət orqanı kimi məhkəmələr tərəfindən pozitiv öhdəliklərinin icrası kimi qəbul olunmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi hazırkı qətnamədən şikayət vermək üçün Mülki Prosessual Məcəllənin 357-ci maddəsində göstərilmiş şəxslər sırasına daxil olmadığından və həmin qətnamə onun hər hansı hüquq və vəzifələrinə toxunmadığından, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur, qərardad əsaslı və qanuni, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-364, 398, 400, 403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar