Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3672/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: “işdənçıxarma müavinətin tam ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-868/2025 saylı 11 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. SOCAR-ın “Azneft” İB-nin “Neft Daşları NQÇİ” ilə İddiaçı arasında imzalanmış 19 yanvar 2024-cü il tarixli Razılaşmanın 1.1-ci bəndində qeyd edilmişdir ki, işəgötürənlə bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədi ilə müraciət edir.
2. “Azneft” İB tərəfindən verilmiş arayışda və haqq-hesab vərəqəsində qeyd edilmişdir ki, İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş müavinətdən 5666,39 manat gəlir vergisi tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 7.024,68 manat pulun "Azneft” X2 və Qazçıxarma İdarəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işəgötürənlə bağlanmış razılaşmaya əsasən müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 24765,55 manat müavinət ödənilməlidir. Lakin müavinət ödənilən zaman cavabdeh qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-868/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmaq (69-cü maddəsinin 3-cü hissəsi) istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında 19 yanvar 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 24.765,55 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. Vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır.
5. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər qarşılıqlı razılıq ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəlmişlər. İşə baxılan zaman iddiaçının razılaşma imzalanarkən şirkət tərəfindən təzyiqlərə məruz qalması halı və yaxud ödənilən vəsaitdən gəlir vergisinin tutulmasının etibarsız hesab edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək 68, 75 və 175-ci maddələrinə; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1, 98.1 və 102.1.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-868/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edəək qeyd etmişdir ki, İddiaçı neft daşlarında ən yüksək - 15 dərəcəli xidmət rəisi vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixli razılaşmaya görə əmək müqaviləsinə xitam verildiyi halda 24.765 manat məbləğində müavinət göndərilməli idi. Məhkəməyə təqdim olunmuş arayışa görə, orta aylıq əmək haqqının hesablanmış hissəsinin 5 misli elə 24.765 manat təşkil edir, ona birdəfəlik müavinət verilibdir, ancaq, müxtəlif vergi və digər tutulmalarla birgə həmin müavinətdən 7.024 manat kəsilmişdir. Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən işçiyə ödənilən birdəfəlik müavinətlər gəlir vergisindən azaddır. Həmçinin Əmək Məcəlləsinin 175.4-cü maddəsinə görə işdənçıxma müavinəti və qanunvericiliyə müvaviq əsasən vergi tutulmayan digər ödənişlərdən vergi tutulmasına yol verilmir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
16.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 17.3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 18.68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 19.75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 20.77-ci maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. 21.175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
22.2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. 23.98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 24.102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
25.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 26.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 27.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 15 aprel 2024-cü il tarixli Qərarına görə, Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.İşin faktiki hallarından görünən odur ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmaq (69-cü maddəsinin 3cü hissəsi) istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında 19 yanvar 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. 31.Göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə onun öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 24.765,55 manat birdəfəlik müavinət hesablanmış və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. 32.Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin qaydaları xüsusilə Vergi Məcəlləsi əsasında tənzimlənir və xüsusi tənzimlənən bu münasibətlərə də Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinin geniş və qeyrimüəyyən təsfirinin tətbiqi yolverilməzdir. 33.Belə ki, vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. 34.İşdənçıxarma müavinətinin hansı hallarda və miqdarda ödənilməsi isə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə də dəqiq tənzimlənmişdir. Həmin maddəyə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. 35.Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. 36.Bundan başqa qeyd edilməlidir ki, tərəflər qarşılıqlı razılığı ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəlmişlər. İşə baxılan zaman iddiaçının razılaşma imzalanarkən şirkət tərəfindən təzyiqlərə məruz qalması halı və yaxud ödənilən vəsaitdən gəlir vergisinin tutulmasının etibarsız hesab edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Beləliklə, iddiaçı istinad etdiyi razılaşmaya əsasən ödəniləcək müavinətin vergiyə cəlb olunacağına dair məlumatlı olmuşdur. 37.Qeyd edilənlərə əsasən də cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntusuna yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. 38.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Ona görə də apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. 39.Beləliklə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-868/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Günay Axundova