Məhkəmə qərarları › İş №2(103)-3675/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3675/2020

03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3675/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Cəmilə Böyük Ağa qızının və xx.xx.2008-ci il təvəllüdlü Quliyev İslam Böyük Ağa oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi həcmində alimentin, uşaqların onun himayəsində olduqları 57 ay ərzində saxlanılmaları xərclərinə görə hər ay 700 manat olmaqla cəmi 39900 manatın, məhkəmə xərclərinə görə 340 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ki, tərəflərin nikahı Yasamal Rayon Məhkəməsinin 2(004)-417/2014 saylı xx.xx.2014-cü il tarixli qətnəməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Cəmilə Böyük Ağa qızı və xx.xx.2008-ci il təvəllüdlü Quliyev İslam Böyük Ağa oğlu yetkinlik yaşına çatanadək analarının himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsinin həmin qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti də Azerbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Uşaqlar faktiki olaraq 2014-cü ilin yay aylarının sonunadək iddiaçının yanında olmuş, dərs ili başlanması ərəfəsində anaları onları da götürüb evdən getmişdir. Uşaqlar analarının himayəsində olduğu qısa dövr ərzində cavabdeh uşaqlarına qayğı göstərməmiş, onları dayə ümidinə qoymuş iddiaçı isə uşaqlarla ancaq məktəbdə tənəffüz vaxtlarında görüşə bilmişdir. Görüş və telefonla danışdıqlar vaxtlarda uşaqlar atalarından onları öz yanına aparmağı xahiş və tələb etmişlər. xx.xx.2015-ci il tarixdə, dərs gününün sonunda uşaqlarla məktəbdə görüşərkən uşaqlar ataları ilə gedəcəklərini bildirmiş, iddiaçı da bu barədə sms vasitasi ilə cavabdehə xəbər verərək uşaqları öz yanına aparmışdır. Həmin gün cavabdeh tərəfindən uşaqların oğurlanıb aparılması barədə polisə şikayət verilmiş, ancaq cavabdehin bu iddiası öz təsdiqini tapmamış və uşaqlar analarının yanına qayıtmaqdan imtina etmişlər. Bundan sonra iddiaçı uşaqların onun himayəsinə qaytarılması barədə məhkəməyə müraciət etmiş və məhkəmə proseslərində müvafiq səlahiyyətli orqanlar tərəfindən verilmiş rəylərdə və uşaqların məhkəmə iclaslarında psixoloqun iştirakı ilə dindirilmələrində verdiyi ifadələrlə onların ataları ilə qalmaq istədikləri, analarının himayəsində olduqları müddətdə onun tərəfindən onlara əzab-əziyyət verilməsi və ataları ilə ünsiyyətdə olmağa imkan verməməsi öz təsdiqini tapmışdır. Bütün bu mübahisələr dövründə uşaqların bütün xərcləri iddiaçı tərəfindən qarşılanmasına baxmayaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borc olaraq yığılmış və uşaqlar cavabdehin himayəsində olmadığı halda o, həmin məbləğin ödənilməsini israrla tələb etmişdir. Məsələni sülh yolu ilə həll etmək mümkün olmadığı üçün iddiaçı aliment borcunun silinməsi və alimentin ləğv olunması tələbinə dair məhkəmədə iddia qaldırmış, həmin iddia Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il qətnaməsi ilə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə formal olaraq yaranmış və hazırki qətnamə qanuni qüvvəsini alanadək formal olaraq yaranacaq aliment borcunun silinməsi, İddiaçı uşaqları yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment öhdəliyindan azad edilməsi qət edilmişdir. Həmin qətnamədan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş iddia tələbi qismən təmin edilərək İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 416/2014 saylı qətnaməsi ilə bağlı yığılmış aliment məbləğinin xx.xx.2015-ci il tarixdən yaranmış aliment borcu hissəsini ödəməkdən, eləcə də, uşaqların analarına verilməsi barədə məhkəmə qətnaməsi icra olunan tarixədək yaranacaq aliment borcunu ödəməkdən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Yuxarıda qeyd edilən məhkəmə qərarları ilə təsdiq olunur ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlar xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Cəmilə Böyük Ağa qızı və xx.xx.2008-ci il təvəllüdlü Quliyev İslam Böyük Ağa oğlu 2015-ci ilin aprel ayından iddiaçının himayəsindədir və onların bütün xərcləri iddiaçı tərəfindən ödənilir. Nəzərə alınsa ki, 5 ilə yaxın, yəni 57 aydır ki, uşaqlar iddiaçının himayəsindədirlər və bu müddət ərzində cavabdeh tərəfindən onlara bir manat da olsun pul xərclənməmişdir. Halbuki cavabdeh xarici şirkətdə, BP X6 Azəri Platformasının saytshedeli (Central Azeri site sheduler) vəzifəsində çalışır və aylıq əmək haqqı 2500-3000 manatdan yuxarıdır. Cavabdeh uşaqların onun himayəsində olduğu 18 ay üçün iddiaçıdan ödənilməmiş aliment borcunu tələb edir, özünün isə əgər aylıq əmək haqqının 1/3 hissəsi məbləğində aliment öhdəliyi daşıyardısa hazırda ödənilməmiş aliment borcu 60000 manatdan çox edərdi. İddiaçı isə hesab edir ki, uşaqların onun himayəsində olduqları dövr üçün onun tərəfındən uşaqların saxlanılması üçün çəkdiyi xərcdən, hər uşaq üçün hər ay minimum 350 manat ödənilməlidir. Bu hesabla xx.xx.2015-ci ildən bu iddia qaldırılanadək olan müddətdə, yəni 57 ay üçün hər ay 700 manat olmaqla 39900 manat məbləğində vəsaitin cavabdehdən tələb etməsi üçün hüquqi əsaslar mövcuddur və həmin məbləğ cavabdeh tərəfındən ödənilməlidir. Eyni zamanda cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək har ay əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulması müəyyən edilməlidir. Ona görə də, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Cəmilə Böyük Ağa qızının və xx.xx.2008-ci il təvəllüdlü Quliyev İslam Böyük Ağa oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi həcmində alimentin, uşaqların iddiaçının himayəsində olduğu 57 ay ərzində saxlanılması xərclərinə görə hər ay 700 manat olmaqla cəmi 39900 manatın, məhkəmədə iddia qaldırılması üçün vəkillik qurumuna ödənilmiş 310 manatın və dövlət rüsumu üçün ödənilmiş 30 manatın tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, apellyasiya şikayətində hər şey təfsilatı ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı izahatı təhrif edilmişdir. Belə ki, iddiaçı izahatında alimentin ona deyil uşaqlara lazım olduğunu qeyd etsə də, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, guya iddiaçı ümumiyyətlə alimentə ehtiyacının olmadığını bildirmişdir. Qətnamə ilə uşaqların ananın yanında qalması müəyyən olunsa da, uşaqlar anaları ilə qalmaqdan qətiyyətlə imtina edir. Hazırda uşaqlar ataları ilə birlikdə yaşayır və əlavə sübuta ehtiyac yoxdur ki, uşaqların saxlanması üçün nə qədər xərc tələb olunur və həmin xərci də ata təkbaşına çəkir. Cavabdeh özü aylıq qazancının 1/3 hissəsinin uşaqlar üçün tutlmasını arzuladığını bildirsə də, birinci instansiya məhkəməsi həmin hissədə də, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbinə etirazda hər şey təfsilatı ilə qeyd edilmişdir. İdiaçının nümayəndəsinin qeyd etdikləri barədə isə göstərdi ki, Cavabdeh iddiaçıya təklif etmişdir ki, əgər uşaqlarla görüşməyə şərait yaradarsa qazancının 1/3 hissəsinin aliment kimi tutulmasına etiraz etmir. Lakin bu günə qədər iddiaçı nəyinki cavabdehin uşaqlarla görüşməsinə şərait yaratmır, hətta hər vəclə buna maneə olur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6054/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşağın himayədə saxlanılması barədə ilkin iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı qarşı yetkinlik yaşına çatmayan uşaqların alınaraq himayəyə qaytarılması barədə qarşılıqlı iddiasının təmin edilərək, xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş Quliyeva Cəmilə Böyük Ağa qızının və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş Quliyev İslam Böyük Ağa oğlunun ataları İddiaçı alınaraq anaları Cavabdeh himayəsinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1604/2016 saylı xx.xx.2016cı il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6054/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsi, iddiaçı Quliyev Böyükağa İslam oğlunun ilkin iddiasının təmin edilərək, Cavabdeh xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş Quliyeva Cəmilə Böyük Ağa qızı və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş Quliyev İslam Böyük Ağa oğlunun atalarından alınaraq onun himayəsinə qaytarılması barədə qarşılıqlı iddiası təmin edilməyərək, tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş Quliyeva Cəmilə Böyük Ağa qızının və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş Quliyev İslam Böyük ağa oğlunun ataları İddiaçı himayəsində qalması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3708/16 saylı xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1604/16 saylı qətnaməsinin ləğv edilməsi, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8849/2016 saylı xx.xx.2016cı il tarixli qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-125/18 saylı xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə formal olaraq yaranmış və hazırki qətnamə qanuni qüvvəsini alanadək formal olaraq yaranacaq aliment borcunun silinməsi, Quliyev Böyüka Ağa İslam oğlunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 416/2014 saylı xx.xx.2014-cü il qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Cəmilə Böyük Ağa qızının və xx.xx.2008-ci il təvəllüdlü Quliyev İslam Böyük Ağa oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10563/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti qismən təmin edilərək, həmin iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2014 saylı qətnaməsi ilə bağlı yığılmış aliment məbləğinin xx.xx.2015-ci il tarixdən yaranmış aliment borcu hissəsini ödəməkdən və eləcə də, uşaqların analarına verilməsi barədə məhkəmə qətnaməsi icra olunan tarixədək yaranacaq aliment borcunu ödəməkdən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1457/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10563/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 100.1.-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.3.-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktı ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Cəmilə Böyük Ağa qızının və xx.xx.2008-ci il təvəllüdlü Quliyev İslam Böyük Ağa oğlunun anaları Cavabdeh himayəsində yaşamaları qət edilsə də, həmin məhkəmə aktı icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin iddiaçı övladlarının saxlanması üçün hər ay 700 manat xərc çəkməsini, bu xərclərə görə 39900 manatın sərf etməsini iddia etsə də, həmin vəsaitin xərclənməsini təsdiq edən hər hansı bir sübutunu nə birinci instansiya məhkəməsində, nədə apellyasiya icraatı zamanı təqdim edə bilməməklə yanaşı, özünün də aliment öhdəliyi ilə bağlı yaranan borcunu icra etməsini, məhkəmə aktı ilə üzərinə qoyulmuş vəzifənin, yəni yetkinlik yaşına çatmayan övladlarının analarının himayəsinə verilməsi üçün gördüyü tədbirlərlə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya icraatı zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçının iddia tələblərində övladlarının saxlanması üçün cavabdehdən tələb etdiyi vəsaitə ehtiyacı yoxdur. Belə ki, iddiaçı izahatında cavabdehdən tutulacaq vəsaitə onun ehtiyacının olmamasını, həmin vəsaitin övladlarının adına açılacaq hesabda toplanmasını bildirmişdir. Bundan başqa iddiaçı cavabdehin mübahisənin sülh yolu ilə həll edilməsi təklifini də, dəyərləndirməyərək bir daha qanuni qüvvəsini alan məhkəmə aktının icrasını təmin etmək, cavabdehin valideynlik hüquqlarının həyata keçirilməsində yaratdığı maneələrin aradan qaldırmaq niyyətinin olmamasını nümayiş etdirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Belə ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulmalı olduğundan (AM-nin 75.4-cü mad.), araşdırma zamanı cavabdehin uşaqlarını saxlamaqdan yayınması öz təsdiqini tapmadığından, əksinə bu vəzifələrini icra etmək üçün məhkəməyə müraciət edən cavabdehin pozulmuş hüquqları məhkəmə aktı ilə bərpa olunsa da, bu günədək qanuni qüvvəsini alan məhkəmə aktı icra olunmadığından iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar