Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3676/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2 və X10 qarşı “ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27R000004592 saylı və xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmaları üzrə Cavabdeh2 öhdəliyinin təmin olunması üçün cavabdeh Bank ilə cavabdeh Sadət Kərimova arasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 61 saylı fərdi yaşayış evinin ipoteka qoyulmasına dair bağlanmış “İpoteka müqaviləsinə” və həmin əmlakların ipoteka ilə yüklülüyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 001L000095 saylı “Kredit xətti müqaviləsinə” xx.xx.2014cü il tarixdə 95 saylı “Sazişlə” edilmiş dəyişikliyə əsasən 239 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh2 Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27R000004592 saylı “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 250.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin “Kredit razılaşmasına” və “Ödəniş planına” xx.xx.2016-cı il tarixli 27R000004592SA saylı “Sazişlə” dəyişiklik edilmişdir. Bundan başqa, “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh2 cavabdeh Bank ilə bağladığı xx.xx.2015-ci il tarixli, 027R********** saylı “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin “Kredit razılaşmasına” və “Ödəniş planına” xx.xx.2016-cı il tarixli, 027R**********S saylı “Sazişlə” dəyişiklik edilmişdir. Bundan başqa, “Kredit xətti müqaviləsi” üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh Bank ilə cavabdeh Sadət Kərimova arasında xx.xx.2011-ci il tarixdə 04M000001118 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 61 saylı fərdi yaşayış evi, dəyəri 140.000 manat müəyyən edilməklə, Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh Sadət Kərimova ilə iddiaçı arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən, həmin fərdi yaşayış evi iddiaçıya hədiyyə edilmişdir. Hazırda evin mülkiyyətçisi iddiaçıdır. İddiaçı ilə cavabdeh Bank arasında ipoteka müqaviləsi bağlanmamışdır. Hazırda Cavabdeh2 Banka borcunun qalmadığı bildirir. Lakin Bank buna dair heç bir sənəd təqdim etmir. Cavabdeh2 Banka borcunun qalıb-qalmaması halı müəyyən edilərək ipoteka ilə yüklü edilmiş qeyd edilən daşınmaz əmlakın “İpoteka müqaviləsinə” xitam verilməsi məsələsinə baxılmalıdır. Bundan əlavə, cavabdeh Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27R000004592 saylı “Kredit razılaşmasına” (həm də “Ödəniş planına”) və xx.xx.2015-ci il tarixli, 027R********** saylı “Kredit razılaşmasına” (həm də “Ödəniş planına”) xx.xx.2016-cı il tarixində ipoteka qoyan – Sadət Kərimovanın və iddiaçının məlumatı və razılığı olmadan dəyişikliklər edilmiş və onların hüquqi vəziyyəti ağırlaşdırılmışdır. Cavabdeh Bankın bu hərəkəti qanunsuz olduğu üçün həmin “İpoteka müqaviləsinə” xitam verilməlidir. Digər tərəfdən, ipoteka predmeti olan fərdi yaşayış evinin sahəsi 198 kv.m olduğu halda, iddiaçıya hədiyyə edilmiş fərdi yaşayış evinin sənəd üzərində sahəsi 319 kv.m, faktiki sahəsi 1.500 kv.m, 2023-cü ilə olan bazar qiyməti minimum 800.000 manatdır. Fərdi yaşayış evinin 12 sot olan torpağının belə qiyməti 120.000 manatdır. Qeyd edilən fakt da nəzərə alınaraq həmin “İpoteka müqaviləsinə” xitam verilməlidir. b) cavabdeh tərəfin iddiaya münasibəti barədə məlumat
3. Cavabdeh Bankın iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə cavabdeh Sadət Kərimova tərəfindən iddiaçıya ipoteka ilə yüklü vəziyyətdə qalmaq şərti ilə bağışlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışa” əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasının təminatı üçün ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-570/2020 saylı iş üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnamə ilə ipoteka predmetinə tutma yönəldilmişdir. Hazırda həmin qətnamənin icrası tədbirləri həyata keçirilməkdədir. Bank ilə iddiaçı və cavabdehlər arasında məhkəmə çəkişmələri 2019-cu ildən davam edir. Ailə üzvü olan, iş üzrə ipoteka qoyan, həmçinin Bankın iddiası üzrə cavabdehlərdən biri kimi prosesə cəlb edilmiş hazırki iş üzrə iddiaçı ötən müddət ərzində davam edən məhkəmə çəkişmələrindən guya xəbərsiz olması qətiyyən ağlabatan deyildir. Buna görə də, onun iddiası əsassız hesab edilməli və rədd olunmalıdır.
4. İş üzrə digər cavabdehlər birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan daşınmaz əmlakın mülkiyyətçisinin dəyişməsi ipotekanın xitamına səbəb olmur. İpotekanın xitam edilməsi üçün qanunda müəyyən edilmiş hallar hazırkı iş üzrə müəyyən edilmir. Bundan başqa, iddiaçı tərəf Cavabdeh2 ilə cavabdeh Bank arasında olan öhdəliyə xitam verildiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı, Cavabdeh2 cavabdeh Banka borcunun qalmamasının sübut edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və Bankdan sənədlərin götürülməsi barədə vəsatətlər versə də, Rayon Məhkəməsi vəsatətləri təmin etməyərək iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, əsassız olaraq iddianın sübuta yetirilməməsi qənaətinə gəlmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaya etirazın məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
10. İş üzrə digər cavabdehlər və apellyator – iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən (iş № 2(004)-570/2020) görünür ki, cavabdehlər Cavabdeh2, X2, X4, X11, X9 və İddiaçı müştərək qaydada 27R000004592 saylı kredit razılaşması üzrə 152.608,93 ABŞ dolları əsas borc, 45.206,05 ABŞ dolları faiz borcu, 1.500 ABŞ dolları cərimə olmaqla, cəmi 199.314,98 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə 12.318,07 ABŞ dolları əsas borc, 7.278,90 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 19.796,97 ABŞ dolları, ümumilikdə 219.111,95 ABŞ dolları (ödəniş günə müəyyən ediləcək məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, tutma ilkin satış qiyməti 100.000 manat müəyyən edilməklə X3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 62.000 manat müəyyən edilməklə X7 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilinə yönəldilərək, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2, X2, X4, X11, X9 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra X1 rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evindən və X12 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilindən çıxarılması və ipoteka predmetlərinin boşaldılması qət edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən (iş № 2(103)-180/2022) görünür ki, həmin qətnamə ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından (iş № 2(102)-5953/2022) görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. Məhkəmə bildirir ki, MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
16. Bu səbəbdən də Məhkəmə MPM-in 82.3-cü maddəsinin tələbindən çıxış edərək hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli qətnamə ilə müəyyən edilmiş hallar yenidən sübut edilmədən hazırki işin mübahisəsiz halları kimi qəbul edilməlidir.
17. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edilməzdən əvvəl baş vermiş və iddiaçı tərəfin istinad etdiyi dəlillər – 2017-ci ildə ipoteka predmetinin ona bağışlanması və onunla Bank arasında “İpoteka müqaviləsinin” bağlanmaması; ipoteka predmetinin sahəsi ilə bağlı dəlillər; “Kredit razılaşmasına” ipoteka qoyanın razılığı olmadan vəziyyətini ağırlaşdıran onun üçün əlverişsiz dəyişikliklərin edilməsi halları hazırki iş üzrə araşdırılaraq, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən fərqli hal kimi müəyyən edilə bilməz. Bildirildiyi kimi, qanunvericiliyin qadağanedici norması qüvvədədir və məhkəmələr üçün icrası məcburidir. Hazırki iş üzrə İddiaçı Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)- 570/2020 saylı mülki iş üzrə cavabdeh qismində mübahisənin tərəfi olmuş, hazırda qeyd etdiyi dəlilləri həmin iş üzrə irəli sürmək və qəbul edilmiş xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsini mübahisələndirmək hüququna malik olmuşdur.
18. Odur ki, iddiaçının qeyd edilən dəlilləri araşdırılmadan əsassız hesab edilir.
19. İddiaçının hazırki iş üzrə araşdırılmalı olan yeganə dəlili öhdəliyin icrası ilə əlaqədar ipotekaya xitam verilməsi ilə bağlıdır.
20. Bu səbəbdən də Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə görə, ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir
21. İddiaçı bildirir ki, Cavabdeh2 hazırda Banka ödənilməli olan borcu yoxdur. Yəni əsas öhdəliyə xitam verildiyi üçün ipotekaya da xitam verilməlidir.
22. Cavabdeh Bank isə iddiaçının bu dəlilinə etiraz edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icra edilmədiyini, qətnamənin icrası ilə əlaqədar hazırda məcburi icra tədbirlərinin həyat keçirildiyini bildirir.
23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
25. Hazırkı mübahisədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin tam icra edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
26. İddiaçı, Cavabdeh2 Banka borcunun qalıb-qalmaması ilə bağlı məhkəməmühasibatlıq ekspertizası təyin edilməsini və Bankdan bu barədə məlumat və sənədlərin götürülməsini tələb edir. Halbuki qətnamənin icra edilməsi ödənişi təsdiq edən sənəd və ya qətnamənin icrasını həyata keçirən orqanın (icra məmurunun) icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə təsdiq edilə bilər. Bunun üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yoxdur.
27. Digər tərəfdən hazırki iş üzrə tərəf olan Bank qətnamənin icra edilmədiyini bildirir. Bankın verdiyi bu məlumatın ayrıca sorğu verilərək götürülməsinə ehtiyac yoxdur.
28. Məhkəmə bir daha vurğulayır ki, hazırda işin araşdırılan halı Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra qətnamə ilə tutulmalı olan məbləğlərin icra edilib-edilməməsi ilə bağlıdır. Bunun üçün məhkəməmühasibatlıq ekspertizası keçirilməsi və ya Bankdan sənədlərin götürülməsi zərurəti yoxdur. Rayon Məhkəməsi iddiaçının işin baxılma vaxtının əsassız uzanmasına səbəb ola biləcək əhəmiyyətsiz vəsatətlərini rədd etməklə düzgün qənaətə gəlmişdir.
29. Məhkəmə həmçinin bildirir ki, iddiaçının tələbi həm də “İpoteka müqaviləsinə” xitam verilməsi ilə bağlıdır.
30. Əsasları ipotekaya xitam verilməsinin əsasları ilə eynilik təşkil edən iddiaçının bu tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində göstərilən ipotekaya xitam verilməsinin əsasları, eyni zamanda ipoteka müqaviləsinə xitam verilməsinin də əsaslarını təşkil edir. Hər iki tələbdə iddiaçının çatmaq istədiyi hüquqi mənafeyi və bunun üçün söykəndiyi faktiki və hüquqi əsaslar eynidir.
31. Belə olan halda, Rayon Məhkəməsi iddiaçının müzakirə edilən tələbini də eyni əsaslarla rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. g) apellyasiya baxışının nəticəsi
32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsinin iddianı rədd etməklə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
37. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.