Məhkəmə qərarları › İş №2(103)-3679/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3679/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3679/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2025 saylı, 7 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli “Tam kart müqaviləsi“nə əsasən, Bank cavabdehin adına ikitərəfli tam kart ödəniş kartı buraxmağı, müştərinin adına bank hesabları açmağı, cavabdeh isə tam kart vasitəsi ilə aparılan əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, ayrılmış kreditdən təyinat üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Beləliklə tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtlər barədə razılığa gəlmişlər, Cavabdeh 5 il müddətinə kredit limiti 15000 manat olmaqla tam kart verilmişdir.

2. Həmin müqavilənin 9.3-cü bəndinə görə, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir;

3. 9.3.1-ci bəndinə görə, tam kartdan istifadə qaydası və şərtləri, o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, müştərinin sərəncamı olmadan hesablardan vəsaitin silinməsi şərtləri, tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması və s.

4. xx.xx.2024-cü il tarixli arayışa əsasən 2.599,75 manat, cəmi ödənilmiş məbləğ – 4,83 manat, hesablanmış faiz (5%) – 94,79 manat, əsassız varlanmaya səbəb olan cəmi məbləğ- 2.689,71 manatdır. Hüquqi əsası olmadan xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda 998,21 manat, 202 manat, 196,95 manat, 404 manat, 404 manat, 393,90 manat, 0,69 manat olmaqla, cəmi 2.599,75 manat kart hesabının qalığından artıq məbləğdə əməliyyat olmuş, hüquqi əsası olmadan hesabdan çıxarılmış vəsaitdən xx.xx.2024-xx.xx.2024 dövr ərzində cəmi 4,83 manat ödəniş olmuşdur. "xxxx" ASC tərəfindən Cavabdeh açılmış kart hesabından istifadəsi nəticəsində texniki overdrafta yol verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 2.689,71 manat olmaqla, cəmi 2689.71 manat borcun tutulması, ödənilmiş 46.9 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********50 saylı Tam kart müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri banka ödəməyi öhdəsinə götürür. Nizami filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 2.689,71 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabında 112.79 manat olmasına baxmayaraq 1.111 manat məxaric edərək hesabından 998.21 manat artıq istifadə etmişdir. Daha sonra müştəri müxtəlif vaxtlarda hesabından vəsaitlər məxaric edərək ümumilikdə 2599.75 manat vəsaitdən artıq istifadə etmişdir. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 4.83 manat ödəniş edilmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 94.79 manat borcu mövcuddur. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 2689.71 manat borcu olmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 2689.71 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 46.9 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-45150/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2025 nömrəli, 07 aprel 2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin bank hesabı müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.

5. Cavabdehə açılmış kart hesabı üzrə kredit xəttinin limiti 50.797,39 manat olmasına baxmayaraq, cavabdeh tərəfindən hesab üzrə 53.614,57 manat məbləğində əməliyyat həyata keçirilmiş və nəticədə - 2.817,18 manat hesab üzrə borc yaranmışdır. Cavabdeh kart hesabı üzrə ona ayrılmış limitdən artıq istifadə etmiş və nəticədə texniki overdraft yaranmışdır.

6. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kart hesabında (********************) 112,79 manat vəsait olduğu halda hesabdan xx.xx.2024-cü il tarixdə 1.111 manat, xx.xx.2024-cü il tarixdə ayrıayrılıqda 998,21 manat, 202 manat, 196,95 manat, 404 manat, 404 manat, 393,90 manat, 0,69 manat olmaqla, cəmi 2.599,75 vəsait silinmişdir. Beləliklə, müştəri özünün olmayan 2.599,75 manat məbləği istifadə etmişdir. xx.xx.2024-xx.xx.2024 dövr ərzində cəmi 4,83 manat vəsait ödəniş edilmiş və ödənilmiş vəsait texniki overdraftdan silinmişdir və cavabdehə texniki overdraft krediti açılmışdır.

7. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağlanmış müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

8. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən tam kart hesabı üzrə 2.599,75 manat məbləğində limitdən artıq əməliyyat icra edilmiş və cəmi 4,83 manat ödəniş edilmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borc üzrə 2.594,92 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır.

9. Məhkəmə tərəfindən tədqiq edilən iddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 94.79 manat faiz borcu hesablanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 2.594,92 manat, faiz borcuna görə 94,79 manat olmaqla, cəmi 2.689,71 manat məbləğində pul vəsaitinin tutulması tələbi əsaslıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 954.1 və 960.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış 27,01 2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən ona istifadə etmək üçün plastik kart vermişdir. O, iddiaçıdan göstərilən pul vəsaitini almamışdır və həmin pul vəsaitindən xəbəri yoxdur. Məhkəmədə heç bir araşdırma aparmadan onun iddiaçıya 2689.71 manat əsas borcu olduğu qənaətinə gələrək tam əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı mülki iş üzrə məhkəmə iclasın vaxı və yeri barədə ona lazımi qaydada xəbərdarlıq etməmiş, onun iştirakı olmadan işi düzgün araşdırmamış və qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə heç bir araşdırma aparmadan onun iddiaçıya 2.689,71 manat əsas borcu olduğu qənaətinə gəlmişdir. İş materillarından görünür ki, tərəfindən iddiaçıya yaranmış borc barədə hesabdan çıxarış yoxdur. Buna baxmayaraq məhkəmə heç bir araşdırma aparmadan, onu məhkəməyə çağırmadan ekspertiza təyin etmədən, iddia icraatına keçmədən tam əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, tərəf apellyasiya şikayətində hər hansısa məhkəmə iclası keçirilmədən, iclasa çağırılmadan sadələşdirilmiş qaydada qətnamə çıxarıldığını qeyd edir, düzdür, onlar işi sadələşdirilmiş qaydada vermişdilər, lakin hakim tərəfindən iş iddia icraatına keçirilərək, 2 hazırlıq, 1 baxış iclası keçirilib və mütləq ki, bildiriş göndərilib, prosesin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmyaraq cavabdeh iclasda iştirak etməyib, onlar hər iki hazırlıq iclasında iştirak ediblər. Qarşı tərəf deyir ki, hesabdan çıxarış yoxdur, onlar hesabdan çıxarışı da əlavə etmişdilər iş materiallarına, həmçinin, maliyyə arayışında da orada hər bir qrafikdə hesabdan çıxarılmış məbləğlər, məbləğlərin bərpası üçün ödənilmiş məbləğlər hər biri ayrı-ayrılıqda göstərilmişdir. Hesab edir ki, ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Tərəf 1.100 məbləğində köçürmə edib, 1 manat da komissiya tutulub, hesabında 112,79 manat pul olmasına baxmayaraq köçürmə edib. Sistemdə texniki xətalar ola bilir. Tərəf görüb ki, pul köçür, daha sonra dəfələrlə 200 manat, 195 manat, 400-400 manat çıxararaq baş vermiş xətadan sui-istiifadə edir. Sadəcə, texniki xəta baş verib, sistemdə donmalar da ola bilir, bu xarici ölkələrdə də belədir. Bankda buna nəzarət edən qruplar var, təqib edirlər, şifahi xəbərdarlıq həyata keçirirlər. Bu debit kartıdır, müştəri özü pul qoyur və sonra istifadə edir. Çıxarılan məbləğ bankın hesabından köçən puldur. Hesabdan çıxarışda bütün əməliyyatlar əks olunur, əgər başqa biri pul köçürsə idi, görünərdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 25.390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 26.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 27.432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 28.441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 29.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

31. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 32.560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 33.954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 34.954.2-ci maddəsinə əsasən, bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. 35.960.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 36.960.2-ci maddəsinə əsasən, tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.

“Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərin”

37. 1.11-ci bəndində qeyd edilir ki, texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır.

38. 18.5.10-cu maddəsinə əsasən müştərinin ABB qarşısında, habelə məcburi ödənişlər və rüsumlarla bağlı dövlət qarşısında hər hansı öhdəliyi olduqda, kart hesabından və müştərinin ABB-dəki digər hesablarından ödəniş kartından/əlavə kartdan istifadə edilməklə aparılmış əməliyyatların məbləğlərini, Texniki overdraft üzrə borc məbləğlərini, ABB-nin Tariflərinə uyğun olaraq komisyon haqları Ödəniş kartından istifadə (eləcə də ABB-nin kartının ləğv edilməsi, bloklaşdırılması və.s) ilə bağlı ABB-nin çəkdiyi faktiki xərclərin məbləğlərini, Kart hesabından istifadə nəticəsində ABB-yə dəyən zərəri və bütün növ maliyyə itkilərini, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini (cashback, xallar, millər, bonuslar və s.) Müştərinin hesablarından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün Kart hesabında/Hesabda olan pul vəsaitlərini bloklaşdırmaq; Müştərinin müvafiq öhdəlikləri Kart hesabının valyutasından fərqli valyutada olduqda, Kart hesabındakı vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Kart hesabından silinir.

39. 18.5.23-cü maddəsinə əsasən texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğini artırmaq, kredit xətti mövcud deyilsə, başlanılma (Texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin etmək "xxxx" ASC-nin hüququdur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

40.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 41.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər xx.xx.2023-cü il tarixində BPM**********50 nömrəli “Tam kart” müqaviləsini bağlamaqla öhdəlik hüquq münasibətlərinə girmişlər. Belə ki, Bank cavabdehin adına ikitərəfli tam kart ödəniş kartı buraxmağı, müştərinin adına bank hesabları açmağı, cavabdeh isə tam kart vasitəsi ilə aparılan əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, ayrılmış kreditdən təyinat üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Beləliklə tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtlər barədə razılığa gəlmişlər, Cavabdeh 5 il müddətinə kredit limiti 15000 manat olmaqla tam kart verilmişdir. 45.Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kart hesabında (********************) 112,79 manat vəsait olduğu halda hesabdan xx.xx.2024cü il tarixində 1.111 manat, xx.xx.2024-cü il tarixində isə 998,21 manat, 202 manat, 196,95 manat, 404 manat, 404 manat, 393,90 manat, 0,69 manat olmaqla, cəmi 2.599,75 manat məbləğində vəsait silinmişdir. Beləliklə, müştəri özünün olmayan 2.599,75 manat məbləğindən istifadə etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halların hüquqi dəyərləndirilməsini mülki qanunvericiliyin bank hesabı müqaviləsi ilə bağlı müddəaları əsasında aparmışdır. 46.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 49.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən həm iddiaçı, həm də cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar