Məhkəmə qərarları › İş №2(103)-3683/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3683/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3683/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-4006/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X9 X4 Cəmiyyəti Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 20750 ABŞ dolları məbləğində əsas borc, 13568,77 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 34318,77 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan Az **-HT-*** dövlət qeydiyyat nişanlı, “Honda Civic” markalı minik avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə, əksik qalan borc məbləğinin cavabdehdən tutulub “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 4006/2019 saylı qətnaməsi ilə iddia müddəti keçdiyinə görə iddia rədd edilmiş, ipoteka predmeti olan avtomobil ipotekadan azad edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarını səhv təfsir etmiş, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Çünki xx xxxx 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin 14.2-ci bəndində göstərilir ki, tərəflər bu müqavilə üzrə vəzifələrini tam həcmdə icra etdikləri andan öhdəliklərinə xitam verilir. İşin hallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda məhkəmə iddia müddətini tətbiq etməli deyildi. Eyni zamanda məhkəmə heç bir əsas olmadan, qanunvericiliyin heç bir maddəsinə istinad etmədən sadəcə cavabdehin verdiyi ərizə əsasında iddia müddətini tətbiq edib iddia ərizəsini təmin etməyərək cavabdehə məxsus ipoteka predmeti olan minik avtomobilini ipotekadan azad etmişdir. “İpoteka haqqında” Qanunda ipotekaya xitam verilməsi halları göstərilmişdir. Həmin kredit müqaviləsinə görə də ipoteka qoyan ipoteka saxlayanla bağladığı müqaviləyə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, dəbbə pulunu, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini və həmçinin öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanları ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədədir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, qeyd olunan kredit müqaviləsi üzrə o faktiki olaraq kredit götürməmiş, o, kredit müqaviləsinə imza etsə də, krediti onun tanışı olan başqa şəxs götürmüşdür. Bununla belə, o hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İşdə olan sübutlarla müəyyən olunur ki, “xxxx” ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 678 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % dərəcəsi ilə 22 ay müddətinə 20750 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2013-cü il tarixli 678 saylı ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan Az **-HT-*** dövlət qeydiyyat nişanlı, “HONDA CİVİC” markalı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh aid problemli aktivlərlə bağlı müvafiq sənədlərin təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh “xxxx” ASC-yə 20750 USD əsas borcu, 13568,77 USD faiz borcu vardır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli məxaric orderindən müəyyən olunur ki, cavabdeh 20521 USD məbləğində pulu qəbul etmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə «xxxx» BOKT QSC tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdehin aylıq ödənişləri 812,15 ABŞ dolları olmaqla xx.xx.2015-ci il tarixədək qaytarması razılaşdırılmışdır. “xxxx” ASC ilə «xxxx» BOKT QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ «xxxx» BOKT QSC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin son icra müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. İddia ərizəsi isə xx xxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda hazırki tələblə iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı xx xxx 2015-ci il tarixdə başlanmış və xx xxx 2018-ci il tarixdə bitmişdir. Beləliklə, iddiaçı xx xxxx 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin “kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam icra etmədiyinə görə iddia müddəti tətbiq edilə bilməz” dəlilinə münasibətdə qeyd edir ki, kredit müqaviləsindən irəli gələn tələblərlə bağlı iddia müddətinin üç il olması və kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən sonra başlanması Mülki Məcəllədə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında birmənalı olaraq təsbit olunmuşdur. İddiaçı təşkilatı məhkəmədə təmsil edən İddiaçı MMC ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək göstərmişdir ki, “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh aid sənədlər xx xxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx” QSC-yə verildiyindən, habelə adı çəkilən banklar arasında tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 10000-dən çox kredit portfeli təhvil verildiyindən, həmin kredit portfellərinin fiziki olaraq bir-bir təhlil edilməsi və məhkəmədə iddia qaldırılması müəyyən zaman aparır və borclular tərəfindən bu haldan kütləvi olaraq sui-istifadə edilməsi ilə nəticələnir. Buna görə də iddiaçının nümayəndəsi iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi ərizəsinə əsasən iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının nümayəndəsinin ərizəsində göstərilən hal iddia müddətinin üzrlü səbəbdən ötürülməsi halı kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi əsasına görə iddianı rədd etməklə yanaşı, ipoteka predmeti olan avtomobili ipotekadan qanunsuz azad etməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Məhkəmə qətnaməsinə əsasən kredit müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində ipotekaya xitam verilməsi əsaslarından biri kimi nəzərdə tutulmasa da, birinci instansiya məhkəməsi prosessual qənaət prinsipi baxımından gələcəkdə lüzumsuz yerə iddia qaldırılmaması və vaxt itkisinə yol verilməməsi məqsədilə ipoteka predmeti olan avtomobili ipotekadan azad etməkdə haqlı olmuşdur. Belə ki, ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Hazırkı iş üzrə iddia müddəti keçdiyinə görə iddia tələbi rədd edildiyindən, kreditor gələcəkdə heç bir halda borcludan kredit müqaviləsi üzrə öhdəliyinin icrasını tələb edə bilməyəcəkdir. Kredit müqaviləsindən irəli gələn əsas öhdəlik üzrə gəəcəkdə tələb irəli sürülə bilmədiyindən, ipoteka müqaviləsindən irəli gələn əlavə öhdəlik üzrə də tələbin irəli sürülməsi istisna edilir. Odur ki, avtomobil üzərində ipoteka yüklülüyünün qalması borcluya təsir vasitəsi olmaqdan başqa heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 4006/2019 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, qətnamənin nəticə hissəsində qeyd edilmiş “iddia təmin edilsin” cümləsi texniki səhv kimi qəbul edilərək qətnamədən xaric edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» BOKT QSC-nin adından çıxış edən İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 4006/2019 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 4006/2019 saylı qətnaməsinin nəticə hissəsində qeyd edilmiş “iddia təmin edilsin” cümləsi qətnamədən xaric edilsin. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar