Məhkəmə qərarları › İş №2(103)-3684/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3684/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3684/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi ilə, İddiaçı D Cavabdeh qarşı "pul tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(008)-1960/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı D Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh gömrük ödənişləri və cərimə üzrə olan 1.025.573,84 rubl (gömrük ödənişləri – 972.561,52 rubl, cərimə (penya) – 98.012,32 rubl) borcun D xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ünvan 1 ünvanda yaşayan Cavabdeh 1.025.573,84 rubl məbləğində gömrük ödənişlərinin və peniyaların ödənilməsi ilə əlaqədar Dağıstan Gömrüyünün qarşısında borcludur (gömrük ödənişləri – 972.561,52 rubl, cərimə (penya) – 98.012,32 rubl). Cavabdeh xa qarşı qeyd edilən borc məbləği “Hyundai Coupe” markalı, 2007 istehsal ili, indensifıkasiya nömrəsi (VİN) KMHHN61FP8U269764, qeydiyyat nömrəsi **-LS-*** olan avtomobilin müvəqqəti idxal müddətinin pozulması ilə əlaqədar yaranmışdır. 29.08.2017-ci il tarixdə cavabdeh x 29.08.2017-ci il tarixli sərnişin gömrük deklarasiya əsasında Rusiya Federasiyasının ərazisində 29.08.2018-ci ilə qədər müvəqqəti qalma müddəti üçün Gömrük İttifaqının ərazisinə “Hyundai Coupe” markalı, istehsal ili 2007-ci il, indensifıkasiya nömrəsi (VİN) KMHFİN61FP8U269764, qeydiyyat nömrəsi **-LS-*** olan nəqliyyat vasitəsi gətirmişdir. Təyin edilmiş müddət ərzində nəqliyyat vasitəsi çıxarılmamış, müvəqqəti gətirmə müddətini uzatmaq üçün Cavabdeh gömrük orqanlarına müraciət etməmişdir. X4 ərazisinə daxil olarkən Cavabdeh nəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi qaydaları ilə tanış olmuş və gömrük orqanı tərəfindən müəyyən edilmiş müvəqqəti idxal müddəti ərzində nəqliyyat vasitəsinin çıxarılmadığı halda, həmçinin Gömrük İttifaqının ərazisində nəqliyyat vasitəsinin idarəetməsini və ya üzərində sərəncamların ayrı şəxslərə verildiyi üçün məsuliyyətin daşınması barədə xəbərdar edilmişdir. Gömrük nəzarəti zamanında D “Maqaramkent” Gömrük postunda nəqliyyat vasitələrinin müvəqqəti gətirilmə müddətlərinə riayət edilməsinin yoxlamasında müəyyən olunmuşdur ki, müvəqqəti gətirilmiş “Hyundai Coupe” markalı, 2007 istehsal ili, indensifıkasiya nömrəsi (VİN) KMHHN61FP8U269764, qeydiyyat nömrəsi **-LS-*** avtomobilin çıxması barədə məlumat yoxdur. Belarus Respublikasının Minsk Mərkəzi Gömrüyün TP-02/13172 saylı 26.09.2018-ci il tarixli məktubuna əsasən, Belarus Respublikasının Gömrük Komitəsinin Mərkəzi Məlumat Bazasında (21.09.2018-ci il tarixdəki vəziyyətə görə), Qazaxstan Respublikasının Gömrük Xidmətinin 37-01-20/04353 saylı 26.09.2018-ci il tarixli məktubuna əsasən, Qazaxstan Respublikasının gömrük orqanlarınin Milli Məlumat Bazasında, X2 gömrük ərazisində yuxarıda göstərilən nəqliyyat vasitəsi ilə bağlı müvəqqəti idxal haqqında və ya digər gömrük əməliyyatları barədə məlumatın tapılmaması bildirilmişdir. Gömrük ödənişlərin və peniyaların ödənilməsi üzrə borcların alınması məqsədi ilə, D gömrük postunun 10801060/101019/TCLP-029 qərarı və Cavabdeh sənədlər əsasında hesablanmış 1.009.109 rubl, məbləğində (qalıq- 972.561,52 rubl, peniya 81.548 rubl) gömrük ödənişinin ödənilməsi 24 oktyabr 2019-ci il tarixli 10801000/U2019/0000471 nömrəli tələbnamə onun qeydiyyatda olduğu Azərbaycan Respublikası, ünvan 2 ünvana göndərilmiş, hal-hazıra qədər 10801000/U2019/0000471 saylı 24 oktyabr 2019-cu il tarixli gömrük ödənişlərinin ödənilməsi barədə tələbnamə Cavabdeh tərəfindən könüllü olaraq icra edilməmişdir. Qeyd edilən təlimat normalara müvafiq olaraq, D tərəfindən gömrük ödənişləri və cərimələr hesablanmış və hesabata görə gömrük ödənişləri üzrə olan borclara görə 19.11.2019-cu il tarixədək cərimə miqdarı 98.012,32 rubl hesablanmışdır. Minsk şəhərində 22 yanvar 1993cü il tarixdə bağlanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın 20 maddəsinə əsasən (həmin Konvensiya RF-da 10.12.1994-cü ildə, Azərbaycan Respublikasında isə 11 iyul 1996-cı ildə qüvvəyə minmişdir) yaşayış yeri Razılığa gələn tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin razılığa gələn tərəflərin məhkəmələrinə təqdim edilir, hüquqi şəxsə qarşı iddialar isə onların idarəedici orqanı, nümayəndəsi, yaxud da filialı olan Razılığa gələn tərəfin məhkəmələrinə təqdim edilir. Həmin Konvensiyanın 13-cü maddəsinə əsasən Razılığa gələn tərəflərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada səlahiyyətli müəssisə, yaxud da öz çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, razılığa gələn bütün digər tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilir. Razılığa gələn tərəflərdən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər, Razılığa gələn digər tərəflərin ərazilərində rəsmi sənəd kimi sübutedici qüvvəyə malikdir. Məhkəmədən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh gömrük ödənişləri və cərimələr üzrə olan 1.025.573,84 rubl (gömrük ödənişləri – 972.561,52 rubl, cərimələr (penya) 98.012,32 rub) borcun tutularaq, D xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(008)- 1960/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(008)- 1960/2020 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə cavabdeh Rusiya Federasiyasının Belqorod şəhərinin nəzdində olan Severdlovsk rayon məhkəməsinin 2-1115/2020 saylı 12 may 2020-ci il tarixli qərarını da təqdim etsə də, lakin məhkəmə bu qərarda işə baxan hakimin gəldiyi nəticəyə hüquqi qiymət verməmiş, ümumiyyətlə öz qətnaməsində həmin qərarın mövcudluğuna münasibət bildirməmişdir. Halbuki iddia tələbinin təkzib edilməsi üçün Rusiya Federasiyasının Belqorod şəhərinin nəzdində olan Severdlovsk rayon məhkəməsinin 2-1115/2020 saylı 12 may 2020-ci il tarixli qərarını sübut kimi iş materiallarına əlavə edilməsi üçün hakimə təqdim etmişdir. İşə baxan hakim isə məqsədli şəkildə onun təqdim etdiyi qərarı sübut əhəmiyyət kəsb edən dəlil kimi iş materiallarına əlavə etməmiş, bu barədə öz qətnaməsində ümumiyyətlə əsaslandırma aparmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı D nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, 24.10.2019-cu il tarixli 10801000/U2019/0000471 saylı gömrük ödənişlərinin ödənilməsi və ya tam ödənilməsi barədə gömrük orqanının aktının surətindən görünür ki, “Hyundai Coupe” markalı, 2007 istehsal ili, indensifıkasiya nömrəsi (VİN) KMHHN61FP8U269764, qeydiyyat nömrəsi **-LS-*** olan nəqliyyat vasitəsi ilə əlaqədar Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin vaxtında çıxarılmadığına görə gömrük rüsumları və cərimələrin məbləği 1.009.109,63 rubl müəyyən edilmişdir. 24.10.2019-cu tarixli 22-32/17506 saylı gömrük ödənişlərinin ödənilməsinə dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən müvəqqəti gətirilmiş nəqliyyat vasitəsinin çıxarılmaması və təyin edilmiş müddət ərzində ödəniş öhdəliklərinin yetirilməməsi ilə əlaqədar olan borcu gömrük ödənişləri, cərimələr 1.009.109,63 rubl təşkil edir. Gömrük ödənişinin hesablanması haqqında arayışdan görünür ki, 19.11.2019-cu il tarixə Cavabdeh tərəfindən müvəqqəti gətirilmiş nəqliyyat vasitəsinin çıxarılmaması və təyin edilmiş müddət ərzində ödəniş öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar olan borcu - gömrük ödənişləri üzrə 927.561,52 rubl, cərimə 98012,32 rubl olmaqla, ümumilikdə 1.025.573,84 rubl təşkil edir. Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali-Qafqaz Gömrük İdarəsi D tərəfindən Cavabdeh (Azərbaycan Respublikası, ünvan 3 ünvana) gömrük ödənişlərinin ödənilməsi barədə tələbnamə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Rusiya Federasiyasının Belqorod şəhərinin nəzdində olan Sverdlovsk rayon məhkəməsinin 2-1115/2020 saylı 12 may 2020-ci il tarixli qərarının surətindən görünür ki, Belqorod şəhər Administrasiyasının iddiası üzrə “Hyundai Coupe” markalı, 2007 istehsal ili, indensifıkasiya nömrəsi (VİN) KMHFİN61FP8U269764, qeydiyyat nömrəsi **-LS-*** olan nəqliyyat vasitəsi sahibsiz elan edilərək, qeydiyyat reyestrindən çıxarılmış və Rusiya Federasiyasının Belqorod vilayətinin Belqorod şəhər Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Qeyd edilənlərə bağlı birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, Cavabdeh idarə etdiyi “Hyundai Coupe” markalı, 2007 istehsal ili, indensifıkasiya nömrəsi (VİN) KMHHN61FP8U269764, qeydiyyat nömrəsi **-LS-*** olan nəqliyyat vasitəsi ilə 29.08.2017-ci il tarixdə X3 Federasiyasının ərizəsinə daxil olarkən, avtomobili bir il müddət ərzində X2 gömrük ərazisindən çıxarılmasına, əks tədqirdə nəqliyyat vasitəsinə görə gömrük ödənişinin tutulacağına dair qaydalarla tanış edilməsinə baxmayaraq, güzəşt müddəti müəyyən edilmiş vaxt ərzində Cavabdeh nəqliyyat vasitəsini Gömrük İttifaqının ərazisindən çıxarmamış, müddətin uzadılması və ya yol-nəqliyyat hadisəsi barədə Gömrük İttifaqına daxil olan gömrük orqanına müraciət (məlumatlandırmamış) etməmiş, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük rüsumunu ödəməmişdir. Bununla da, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin Gömrük İttifaqı ərazisindən çıxarıla bilməməsinə dair dəlili ilə bağlı məhkəmə vurğulamişdır ki, cavabdeh qeyd edilən faktla bağlı iddiaçıya məlumat verməli olduğu halda bunu etməmişdir. İddiaçı, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyasının 20-ci maddəsinin tələbinə uyğun olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilən mübahisəsiz hallardan görünür ki, Cavabdeh 29 avqust 2017-ci il tarixdə idarə etdiyi “Hyundai Coupe” markalı, 2007 istehsal ili, indensifıkasiya nömrəsi (VİN) KMHHN61FP8U269764, qeydiyyat nömrəsi **-LS-*** olan nəqliyyat vasitəsi ilə 29.08.2017-ci il tarixdə X3 Federasiyasının ərizəsinə daxil olmuş, həmin vaxt avtomobilin bir il müddət ərzində X2 gömrük ərazisindən çıxarılmasına, əks tədqirdə nəqliyyat vasitəsinə görə gömrük ödənişinin tutulacağına dair qaydalarla tanış edilmiş, güzəşt müddəti müəyyən edilmiş vaxt ərzində Cavabdeh nəqliyyat vasitəsini Gömrük İttifaqının ərazisindən çıxarmamışdır. Həmçinin, cavabdeh müddətin uzadılması və ya yol-nəqliyyat hadisəsi barədə Gömrük İttifaqına daxil olan gömrük orqanına müraciət (məlumatlandırmamış) etməmiş, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük rüsumunu ödəməmişdir. İddiaçı hesab etmişdir ki, bununla Cavabdeh üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməmiş və bununla da iddia ərizəsində qeyd edilən öhdəlikləri yaranmışdır. Cavabdeh isə avtomobilin RF-nın Belqorod şəhərində 31 avqust 2017-ci il tarixdə qəzaya uğrayaraq yararsız hala düşdüyünü və xüsusi dayanacağa yerləşdirildiyini, Belqorod şəhər administrasiyasının iddiası əsasında Belqorod şəhəri Sverdlovsk rayon məhkəməsinin 12 may 2020-ci il tarixli qərarı ilə həmin avtomobilin sahibsiz elan edilərək Belqorod şəhər Bələdiyyəsinin mülkiyyətinə verildiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı münasbiətlərin yarandığı zaman qüvvədə olmuş X4 Məcəlləsinin 358-ci maddəsinin 6-cı bəndinə istinad etməklə səhvə yol vermişdir. Belə ki, həmin Məcəllə 01 yanvar 2018-ci ilə qədər qüvvədə olmuşdur və həmin tarixdən etibarən X1 Gömrük Məcəlləsi ilə əvəz edilmişdir. Həmin Məcəllənin 457-ci maddəsində şəxsi istifadə üçün nəzərdə tutulmuş mallarla bağlı keçid müddəaları nəzərdə tutulmuşdur. Bu keçid müddəalarına əsasən: 1) Gömrük bəyənnaməsi və (və ya) buraxılışı bu Məcəllə qüvvəyə minənədək gömrük prosedurları altına yerləşdirmədən həyata keçirilmiş və bu Məcəllənin qüvvəyə mindiyi vaxt gömrük nəzarəti altında olan, şəxsi isttifadə və təchizat üçün nəzərdə tutulmuş mallara münasbiətdə hazırkı Məcəllə qüvvəyə mindiyi tarixdən etibarən bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərə riayət edilməlidir; 2) Bu maddənin 1-ci bəndində nəzərdə tutulan kateqoriya mallar üzrə ödənilməli olan, lakin icra (ödəmə) müddəti bu Məcəllə qüvvəyə minənədək çatmayan gömrük rüsumlarını, vergiləri, xüsusi, antidempinq və kompensasiya rüsumlarını ödəmək vəzifəsi, həmin öhdəlik müddəti çatdıqda hazırkı Məcəllə ilə nəzərdə tutulmuş qaydada, müddətdə və həcmdə ödənilir və (və ya) bu Məcəlləyə müvafiq olaraq xitam verilir. Qeyd edilən keçid müddəalarından göründüyü kimi, hazırkı mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olmuş Məcəllə deyil, hazırda qüvvədə olan Gömrük Məcəlləsi tətbiq edilməli idi. 01 yanvar 2018-ci ildən qüvvəyə minmiş X1 Gömrük Məcəlləsinin Məcəllənin 264cü maddəsinin 1-ci bəndinə əsasən xarici fiziki şəxslər tərəfindən İttifaqı üzv olmayan dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin şəxsi istifadə üçün İttifaqın gömrük ərazisinə müvəqqəti idxalına 1 ildən çox olmayan müddətdə yol verilir. Həmin maddənin 5-ci bəndinə əsasən şəxsi məqsədlər üçün müvəqqəti idxal edilmiş nəqliyyat vasitələri bu nəqliyyat vasitələrinin İttifaqın gömrük ərazisində müvəqqəti olma müddəti başa çatanadək, həmin nəqliyyat vasitəsinin İttifaqın gömrük ərazisindən aparılması, sərbəst dövriyyəyə buraxılması və ya digər məqsədlər üçün bu maddəyə müvafiq olaraq və həmin nəqliyyat vasitəsinin məhkəmənin qərarı əsasında müsadirə edilməsi və ya üzv dövlətin mülkiyyətinə (xeyrinə) verilməsi, yaxud göstərilən nəqliyyat vasitələrinə münasibətdə bu Məcəllənin 8-ci maddəsinin 7-ci bəndinin 14-cü alt bəndində nəzərdə tutulan öhdəliklərin yaranması halları istisna olmaqla, gömrük qaydasında bəyan edilməlidir. Üzv dövlətin qanunvericiliyinə uyğun olaraq, şəxsi istifadə üçün müvəqqəti gətirilmiş nəqliyyat vasitəsinin götürülməsi və ya onun üzərinə həbs qoyulması halında, bu nəqliyyat vasitəsinə münasibətdə müvəqqəti idxal müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 14-cü maddəsinin 1-ci bəndinə əsasən İttifaqın gömrük ərazisinə gətirilən mallar İttifaqın gömrük sərhədini keçdiyi andan gömrük nəzarəti altında olurlar. Bu maddənin 7-ci bəndinin 8-ci alt bəndinə əsasən bu maddənin 1-ci bəndində göstərilən və bu Məcəllənin 210 və 218-ci maddələrinə əsasən ittifaqın malları hesab edilməmiş mallar aşağıdakı hallar baş verənədək gömrük nəzarəti altında hesab edilirlər: - Gömrük orqanı tərəfindən üzv dövlətin gömrük tənzimlənməsinə dair qanunvericiliyinə uyğun olaraq bu malların qəza, qarşısıalınmaz qüvvənin təsiri və ya normal daşınma və ya saxlama şəraitində təbii aşınma nəticəsində geriyədönməz şəkildə itirilməsi ilə əlaqədar olaraq həmin malların məhv olması faktı gömrük orqanı tərəfindən müəyyən edilərsə. Həmin Məcəllənin 268-ci maddəsinin 5-ci bəndinə əsasən şəxsi istifadə üçün İttifaqın gömrük ərazisinə gətirilən (gətirilmiş) və sərnişin gömrük bəyənnaməsi qaydasında bəyan edilməli olan (beynəlxalq poçt göndərişləri ilə göndərilən və şəxsi istifadə üçün nəzərdə tutulan mallar istisna olmaqla) mallar üzrə gömrük rüsumlarının və vergilərin ödənilməsi öhdəliyi aşağıda göstərilən hallarda aradan qalxır: - Müvəqqəti idxal üzrə gömrük proseduru başa çatanadək gömrük orqanı tərəfindən üzv dövlətin gömrük tənzimlənməsinə dair qanunvericiliyinə uyğun olaraq bu malların qəza, qarşısıalınmaz qüvvənin təsiri və ya normal daşınma və ya saxlama şəraitində təbii aşınma nəticəsində geriyədönməz şəkildə itirilməsi ilə əlaqədar olaraq həmin malların məhv olması faktı gömrük orqanı tərəfindən müəyyən edilərsə. İşin hallarından və qeyd edilən qanunvericilik aktlarının müddəalarından belə nəticəyə gəlmək olur ki, cavabdeh 29 avqust 2017-ci ildə özünə məxsus olmuş “Hyundai Coupe” markalı, 2007 istehsal ili, indensifıkasiya nömrəsi (VİN) KMHFİN61FP8U269764, qeydiyyat nömrəsi **-LS-*** olan nəqliyyat vasitəsini X1 gömrük ərazisinə gətirdikdən 3 gün sonra həmin avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşdükdən sonra 31 avqust 2017-ci il tarixdə ** BZ ***411 saylı protokol əsasında üzərinə həbs qoyularaq xüsusi duracağa yerləşdirilmiş, bununla da həmin avtomobilin müvəqqəti idxalı müddəti dayanmışdır. Bundan sonra isə həmin avtomobil məhkəmənin qərarı əsasında sahibsiz elan edilərək onun üzərində dövlətin mülkiyyət hüququ tanınmışdır. Bununla da, cavabdehin həmin avtomobili şəxsi istifadə üçün Rusiya Federasiyası ərazisinə müvəqqəti apararkən gömrük orqanları qarşısında üzərinə götürdüyü öhdəliklər aradan qalxmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(008)- 1960/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar