Məhkəmə qərarları › İş №2(103)-3684/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3684/2022

17.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3684/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X3rşı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8288/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" X3rşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, 9 nömrəli Bakı Peşə liseyi rəhbərinin onunla əmək müqaviləsinin ləğvi haqqında 03.09.2019-cu ıl tarixli 100/27 №-li əmrinin etibarsız hesab edilərək, ləğv edilməsini; Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində eyni yaxud oxşar xarakterli işə bərpa edilməsini; 04.09.2019-cu il tarixdən hesablanmaqla məcburi işburaxma dövrünün bütün ayları üçün orta aylıq əmək haqqını əsas götürülməklə ona pul məbləğinin ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunsuz əsasla, qanunun səhv tətbiq edilməsi ilə işdən çıxarılmışdır. Belə ki, o, 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidənhazırlanma təhsilinin tam kursunu bitirərək, “Azərbaycan dili və ədəbiyyatı müəllimi" ixtisasına yiyələnmişdir. Təhsil sahəsində ilkin əmək təcrübəsi aşağıdakı kimi olmuşdur: 01 aprel 2010-cu il tarixindən etibarən 9 nömrəli Bakı Peşə liseyində şagird istehsalat təlimatçısı vəzifəsində işə başlamış; 30 noyabr 2011-ci il tarixindən etibarən fəaliyyətini arxiv işçisi və əlavə dərs saatlarında müəllim kimi davam etdirmiş; ştatın ixtisarı ilə əlaqədar 15 noyabr 2016-cı il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş; 10 dekabr 2016-cı il tarixdə sosial məzuniyyət yerinə kimya laborant vəzifəsinə təyin edilmiş; 18 iyul 2019-cu il tarixdə sosial məzuniyyət yerinə kimya laborant vəzifəsindən azad edilmiş və laborant vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində işində pozuntu olmamış, müdiriyyət tərəfindən ona heç bir tənbeh verilməmişdir. Daha sonra məlumat yayıldı ki, işlədiyi 9 nömrəli Bakı Peşə liseyi ləğv edilir və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə (“müəssisə ləğv edildikdə") əsasən 03.09.2019-cu il tarixli 100/27 №-li əmrlə xitam verilmişdir. Lakin işsiz qaldığına görə iddiaçı elə həmin gün - 03.09.2019- cu il tarixdə 9 nömrəli Bakı Peşə liseyinin hüquqi varisi (Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) ilə (01/16 №-li əmr) müddətli - 3 ay müddətinə yenə laborant vəzifəsində işləmək haqqında əmək müqaviləsi bağlayası, bu müddət bitəndən sonra da işi tərk etməli olmuşdur. 21.01.2020-ci il tarixində əmək müqaviləsinin müddəti bitməsi əsası ilə 13 №-li əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. 9 nömrəli Bakı Peşə liseyinin iddiaçı ilə bağladığı əmək müqaviləsinə “müəssisə ləğv edildikdə" əsası ilə 03.09.2019-cu il tarixli 100/23 №-li əmrlə xitam verilməsi qanunsuzdur. Belə ki, bu yaxınlarda iddiaçı vəkil vasitəsilə əvvəl işlədiyi 9 nömrəli Bakı Peşə liseyinin hansı əsasla ləğv edildiyini sorğu etmişdir. Verilmiş 02.08.2021 - ci il tarixli cavabdan iddiaçıya məlum olmuşdur ki, 9 nömrəli Bakı Peşə liseyi ləğv edilməmiş, 6 nömrəli Bakı Peşə liseyi ilə birləşmiş və əsasında digər adla təhsil müəssisəsi (Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) yaranmışdır. Bu isə müəssisənin birləşmə şəkilində yenidən təşkil edilməsi deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Mülki Məcəllənin 59.1-ci maddəsinə görə, müəssisənin ləğvi onun birdəfəlik xitamını nəzərdə tutur. Müəssisənin ləğvinə səbəb bir qayda olaraq iqtisadi səmərəsizlik olduğundan, ləğv edilən müəssisənin işçilərinin əmək müqavilələri işəgötürən tərəfindən sürətli və sadələşdirilmiş qaydada ləğv edilə bilir. Əmək müqavilələrinin ləğvi zamanı işçilərin təminatları minimuma endirilir. Nəhayət, hüquqi şəxsin ləğvində hüquq varisliyi olmur. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Bu zaman ləğvetmə komissiyası (təsviyəçi. ləğvedici) təyin edilir, Mülki Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 6 və 9 nömrəli Bakı Peşə liseyləri əsasında digər təhsil müəssisəsinin yaradılması, prosesin necə adlandırlmasından asılı olmayaraq, hüquqi mahiyyətcə hüquqi şəxslərin birləşməsidir. Hətta yeni hüquqi şəxsin başqa adla adlandırılması, rəhbərliyin dəyişməsi də bu hüquqi mahiyyəti dəyişmir. Yeni yaranmış müəssisə iddiaçının işlədiyi əvvəlki müəssisənin binasında yerləşir, iddiaçının tutduğu vəzifə ləğv edilməyib. İddiaçının pedaqoji stajı da bu günədək kəsilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə Əmək Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikasının müvafiq qanunları da daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə əmək münasibətləri ilə bağlı münasibətlər, əgər ailə və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin ləğvi əsası ilə xitam verilməsi, o cümlədən, bu səhv qərarı yumşaltmaq üçün müvəqqəti olaraq, 3 aya iddiaçının yenidən işə götürülməsi də qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı 03.09.2019-cu il tarixli 100/27 №-li əmrin ləğv edilməsini və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində eyni yaxud oxşar xarakterli işə bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək, bildirmişdir ki, 6 və 9 №-li Peşə Litseyləri ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016cı il tarixli 405 №-li Qərarı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. İddiaçının işlədiyi 9 №-li Peşə Liseyi ləğv olunduğuna görə, onunla cavabdeh arasında mövcud olmuş əmək münasibətlərinə son qoyulmuş, onunla bağlanmış əmək müqaviləsinə 03 sentyabr 2019-cu il tarixli əmrlə xitam verilmişdir. Bundan sonra iddiaçı yeni təsis olunmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müraciət edərək, onu həmin qurumda işə qəbul edilməsini xahiş etmişdir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən iddiaçının müraciəti nəzərə alınmış və onunla müddətli əmək müqaviləsi bağlanılmış, iddiaçı laborant vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd olunan müddət bitdikdən sonra isə onunla bağlanmış əmək müqaviləsinə müvaviq əmrlə xitam verilmişdir. Göründüyuü kimi, iddiaçı və 9 nömrəli Peşə Liseyi arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmin əmr qanunidir. İddiaçının dəlilləri müzakirə olunan hissədə əsassızdır və təmin edilməməlidir. Bundan başqa, iddiaçının iddia tələbi iddia müddətinin buraxılması əsası ilə də rədd edilməlidir. Çünki, iddiaçı pozulmuş hesab etdiyi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı bildirir ki, mübahisəli əmr ona təqdim edilməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə 2021-ci ilin oktyabr ayında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı özünün iddia ərizəsində də qeyd edir ki, 03 sentyabr 2019cu il tarixdə onun işlədiyi müəssisə ləğv edildiyinə görə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, işsiz olduğuna görə işə qəbulla bağlı yeni yaradılmış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müraciət etmiş və o, həmin mərkəzdə işə qəbul olunmuş və bir müddət orada işləmişdir. Göründüyü kimi, iddiaçı hazırda ləğv edilməsini tələb etdiyi əmrin verildiyi gün, yəni 03.11.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilirdi. Lakin bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Hətta ərizə ilə müraciət edərək, onu yeni yaranmış müəssisədə işə qəbul edilməsini xahiş etmişdir. Bunlardan başqa, cavabdeh Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təqdim etdiyi cədvəldən görünür ki, iddiaçının adına olan əmək kitabçası və əmr 05.06.2020-ci il tarixdə iddiaçıya təqdim olunmuş, iddiaçı da həmin tarixdə əmək kitabçasını və əmri cədvələ imza edərək qəbul etmişdir. Belə olan halda Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbi baxımından hesab edilməlidir ki, iddiaçı hüququnun pozulmasını ən geci 05.06.2020-ci il tarixdə (ən tezi isə 03.09.2019-cu il tarixdə) aşkar etmiş, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddətinin axımı həmin vaxtdan başlanmış və 1 aydan sonra bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə, təxminən 3 ildən artıq müddət keçdikdən sonra 2021-ci ilin oktyabr ayında müraciət etmişdir. Yuxanda qeyd olunduğu kimi müddətin ötürülməsi halı iddianın rədd olunması üçün əsasdır. Belə olan halda isə mübahisələndirilən əmrin qanuni olub-olmaması ilə bağlı iddiaçının dəlillərinin mahiyyəti üzrə yoxlanılmasına zərurət qalmır. Çünki, “Stanyo Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 07.07.2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddiaçı işdən azad olunduqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində müvafiq tələblə məhkəmə müraciət etməmiş, müddəti ötürmüşdür, ötürülmüş müddət isə həddindən artıq uzundur və buna hər hansı səbəblə haqq qazandırmaq mümkün deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8288/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 03.09.2019-cu il tarixli, 100/27 saylı əmr qəbul edilən zaman hüququnun pozulmasını bilmirdi və bundan yalnız 2020-ci ildə müddətli əmək müqaviləsinin vaxtı bitdikdən sonra xəbər tutmuşdur. Məhkəmə tərəfindən iddiaçının bu arqumenti qəbul edilərək, iddia müddəti iddiaçı öz hüququnun əmək kitabçası alındığı 05.06.2020-ci il tarixdə bilmişdir və iddia müddətinin hesablanması bu tarixdən başlanmalıdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında özünün əmək hüququnun pozulduğunu 2020-ci ildə bildiyini demişdir. Lakin məhkəmə əsassız olaraq əmək hüququnun məhz bu şəkildə, yəni əmək müqaviləsinin ləğvi əsasını düzgün göstərilməməklə, birləşmə faktını ləğv kimi təqdim edərək, pozulmasını Peşə Təhsili üzrə Dövlət Agentliyinin 02.08.2021-ci il tarixli, 00-25-294/18 saylı cavab məktubunu alandan sonra bilmişdir. İddia müddəti məhz bu tarixdən hesablanmalıdır. 11 oktyabr 2021-ci ıl tarixdə mediasiya prosesi başa çatmış və mediator arayışı verilmişdir. 14.12.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçının iddia müddətinin bərpa edilməsinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizədə iddiaçının iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Lakin bu belə deyil. Ərizədə ilk növbədə iddia müddətinin buraxılmamış hesab edilməsi xahiş edilmişdir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı hüququnun pozulduğunu, yəni müəssisənin ləğv edilmədiyini, yalnız yenidən qurulduğunu 2021-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin verdiyi cavabdan sonra bilmişdir. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti məsələsində birinci instansiya məhkəməsi hüququn pozulmasının əmrin verilməsi faktının özü ilə deyil, onun maddi hüququn tələblərini pozmasına görə qanunsuz əsasa söykəndiyinə görə baş verdiyindən ibarət olduğunu, iddiaçının bunu ancaq 2021-ci ildə rəsmi yazılı cavab almasından sonra bildiyini, bunun yazılı sübutla təsdiq edildiyini nəzərə almamışdır. İddiaçı ilk dəfə bu barədə 2020-ci ilin may ayında hansı mənbədən bilə bilərdi? Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında həyəcanlı vəziyyətdə verdiyi izahat zamanı “ləğv”, “birləşmə” və s. ifadələrdən qaydasız olaraq istifadəsinə formal yanaşaraq, yetərsiz sübutla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi iddiaçının məktəbin ləğv edilməsi deyil, qoşulması ya birləşməsi formasında yenidən təşkil edildiyini 2020-ci ildə bildiyini səhv olaraq sübut edilmiş hesab etmişdir. Bunun üşün yetərsiz sübut - şifahi izahatla kifayətlənmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 03.09.2019-cu il tarixli, 100/27 saylı əmr əsasında 9 nömrəli Bakı Peşə Liseyində laborant vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 03.09.2019-cu il tarixli, 01/16 saylı əmr əsasında 04.09.2019-cu il tarixdən Peşə Təhsili üzrə X2 və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə İddiaçı arasında müddətli müqavilə bağlanmış və o, laborant vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra 21.01.2020-ci il tarixli, 13 saylı əmrlə laborant vəzifəsində işləyən İddiaçı ilə 21.01.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtı bitdikdə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ******* nömrəli əmək kitabçasını 05.06.2020-ci il tarixdə qeydiyyat kitabına imza etməklə qəbul etmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin 02.08.2021-ci il tarixli, 00-25- 294/18 saylı cavab məktubundan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 13.07.2021-ci il tarixdə sorğu ilə müraciət etmiş və sorğusuna cavab olaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil nazirinin 27.08.2019-cu il tarixli, F-509 nömrəli əmri ilə 6 nömrəli Bakı Peşə Liseyinin və 9 nömrəli Bakı Peşə Liseyinin bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, 14.12.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçının iddia müddətinin bərpa edilməsinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən ərizədə göstərilənləri buraxılmış müddətin bərpa edilməsi üçün əsas hesab etmir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı 03.09.2019-cu il tarixli, 100/27 saylı əmrdən əmək kitabçasını 05.06.2020-ci il tarixdə imza etməklə qəbul etdiyi an xəbərdar olduğunu bildirsə də, bu hallar iddiaçını qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi andan-05.06.2020-ci il tarixdən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, işin materialları ilə müddət keçəndən sonra əmrin mübahisələndilməsi üçün buraxılmış müddətin bərpasına əsas ola biləcək obyektiv halların mövcudluğu öz təsdiqini tapmır. İddiaçının ərizədə müddətin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 02.08.2021-ci il tarixli, 00-25-294/18 saylı cavab məktubunun tarixindən hesablanmalı olması barədə dəlili, haqlı olaraq məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. Göründüyü kimi iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşki edir, belə olan halda isə apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8288/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar