Məhkəmə qərarları › İş №2(103)-3685/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3685/2025

13.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3685/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-659/2024 nömrəli qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 659/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evindən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılmaları, məhkəmə xərcinin iddiaçıya aid edilməsi, iş üzrə məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

3. Qətnamə ilə razılaşmayan cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə, MPM-in 2 saylı əlavəsinə uyğun verilmədiyindən və dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz əlavə edilmədiyindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

4. Cavabdehlərin nümayəndəsi və vəkili yenidən apellyasiya şikayəti ilə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunan nöqsanlar aradan qaldırılmadan verildiyi üçün geri qaytarılmışdır.

5. Daha sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlərin hamısı qətnamədən narazı qalsalar da, yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, digər cavabdehlər hesab etmişlər ki, Cavabdeh1 (Cavabdeh4 oğlu, Cavabdeh2 qardaşı, Cavabdeh3 əri) hər üç şəxsin inzibati aktla qanuni nümayəndəsi olduğundan onun tərəfindən tərtib edilib məhkəməyə təqdim edilən apellyasiya şikayəti onlara da şamil ediləcəkdir. Digər cavabdehlər də eyni hüquqi əsaslarla mübahisəli məhkəmə aktının ləğv olunmasını istəyirlər. Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayətinin məzmunundan digər cavabdehlərin də bu şikayəti müdafiə etməsi, adlarının apellyator qismində qeyd olunması üçün qrafaların ayrılması cavabdehlərin hamısının məhkəmə aktından şikayətçi olmalarını göstərir. Hal-hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatına ərizəçilərin apellyasiya şikayəti olmadan daxil olmuşdur. Hər üç ərizəçinin asan imzası olmadığından, barələrində qəbul edilən məhkəmə aktının hansı hüquqi nəticə yarada biləcəklərini sonradan (onlara izah edildikdən sonra) bildiklərindən dərhal sonra hüquqşünasla müqavilə bağlamış və apellyasiya şikayətinin tərtib olunmasında onlara yardım edilmişdir. Bütün bunların nəzərə alınaraq hər üç ərizəçinin apellyator qismində tanınmasını, onların apellyasiya şikayəti üçün nəzərdə tutulan müddətin buraxılmasının üzürlü hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 659/2024 nömrəli qərardadı ilə həmin məhkəmənin 2(007)-659/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

8. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili qərardaddan şikayət verərək onun ləğv edilməsini və müddətin bərpasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət prosessual müddətin bərpa edilməsi barədə ərizəyə uyğun əsaslandırılmışdır.

10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-659/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarından aydın olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-659/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məxsus elektron kabinetə yerləşdirilmişdir.

16. İşdə olan etibarnamələrdən görünür ki, cavabdehlər nümayəndə Vəkil2 onlara verilmiş bütün hüquqlardan istifadə etməyi, ona aid olan mülki işləri aparmağı, məhkəmə aktlarını və sənədlərini almaq, məhkəmə aktlarından şikayəti verilməsi və imzalanması, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar etmişlər.

17. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə qətnamə mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada təqdim edilmiş, hazırki apellyasiya şikayətləri isə qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra daxil olmuşdur.

18. Kollegiya qeyd edir ki, digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin onlara da şamil ediləcəyini düşünmələri və ya asan imzalarının olmaması, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə əsas vermir. Yuxarıda da qeyd olunduğu kimi, digər cavabdehlər də vəkil ilə təmsil olunmuş, vəkilin məhkəmə aktından şikayət vermək səlahiyyəti olmuş, lakin o, yalnız Cavabdeh1 adından apellyasiya şikayəti vermiş və şikayətə yalnız onun adına tərtib edilmiş order əlavə etmişdir.

19. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-659/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar