Məhkəmə qərarları › İş №2(103)-3687/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3687/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3687/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icraatın dayandırılması, işin icraatının dayandırılmasına əsas verən digər iş) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı1 və X1 Cavabdeh qarşı (Buzovna Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərardadından iddiaçıların nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun kənarında yerləşən 0,0524 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı1 istifadə hüququ RX seriyalı ******* nömrəli 01 noyabr 2016-cı il tarixli çıxarış əsasında, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsi üzərində X2 istifadə hüququ ********** nömrəli 11 noyabr 2022-ci il tarixli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Cavabdeh ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, İddiaçı1 və X3 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun kənarında yerləşən 0,0524 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı1 istifadə hüququnun qeydə alınması barədə verilmiş RX seriyalı ******* nömrəli 01 noyabr 2016-cı il tarixli çıxarışın və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Məştağa yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsi üzərində X2 istifadə hüququnun qeydə alınması barədə verilmiş ********** nömrə ilə qeydə alınmış 11 noyabr 2022-ci il tarixli çıxarışın ləğv edilmələri barədə qərar çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı1 və X4 (iddiaçılar) Cavabdeh (cavabdeh) qarşı (Buzovna Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunda Çiləgir yaşayış massivi adlanan ərazidə qanuni istifadələrində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş birmərtəbəli yaşayış evinin onun öz hesabına sökülməsi və cavabdehin ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. Birinci instansiya məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərardadı ilə işin icraatının, Cavabdeh ƏMDK DƏDRX publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, İddiaçı1 və X3 qarşı “inzibati aktların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

5. Məhkəmə hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsində baxılan iş üzrə qərar qəbul edilməyənə qədər, iddiaçıların iddia tələblərinə baxmaq mümkün deyildir.

6. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə istinad etmişdir.

7. Qərardaddan iddiaçıların nümayəndəsinin (vəkillərinin) verdiyi şikayət məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, Xəzər rayonunun Buzovna qəsəbəsində, Buzovna-Maştağa yolunda, Çiləgir yaşayış massivi adlanan ərazidə iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsində Gədəbəy rayonunun Qalakənd kənd sakini Cavabdeh tərəfindən inşa edilmiş 5x4,5 metr ölçülü bir mərtəbəli tikilinin onun öz hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılması xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə xahiş edilmişdir. Xəzər rayonunun Buzovna qəsəbəsində, Buzovna- Maştağa yolunda, Çiləgir yaşayış massivi adlanan ərazidə aralarında qohumluq münasibətləri olan iddiaçıların istifadəsinə verilmiş 0,02 ha və 0,0524 ha torpaq sahələri vardır. Həmin torpaq sahələri bitişikdir. Artıq xərc çəkməmək məqsədilə torpaq sahələri eyni hasarla əhatələnmişdir. Torpaq sahəsinin iddiaçıların daimi istifadəsinə verilməsi barədə Dövlət Reyestrindən onlara ********** saylı xx.xx.2022-ci il tarixli və ********** saylı, xx.xx.2016-cı il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Məlum pandemiya dövründə iddiaçılar aşkar etmişlər ki, Gədəbəy rayonu, Qalakənd kənd sakini Cavabdeh tərəfindən sözügedən torpaq sahəsində qanunsuz olaraq 5x4,5 metr ölçülü birmərtəbəli ev inşa edilmişdir. İşin hazırlıq mərhələsində keçirilmiş tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- №10/5488 saylı rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, 0.0524 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə tərtb edilmiş A seriyalı 104556 №-li "torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar kameral şəraitdə araşdırılan zaman naturada təqdim edilən torpaq sahəsinin hüdudları daxilində yerləşən, 5x4,5m. ölçüdə, 1 mərtəbədən ibarət yaşayış evinin 18 kv.m. hissəsinin qeyd edilən 0.0524 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı cavabdeh iddiaçıların qanuni istfadəsində olan torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici və ya hüquqtəsdiqedici sənədin nə əslini, nə də təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Torpaq sahəsinə və tikiliyə dair hüquqmüəyyənedici və ya hüquqtəsdiqedici sənədin olmaması cavabdehin iddiaçıların torpağa sahiblik hüququna dair Dövlət Reyestrindən verilmiş çıxarışların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi üçün subyektiv hüququnun olmadığını təsdiq edən ciddi əsasdır; MPM-nin həmin müddəalarından görünür ki, mülki işin icraatının dayandırılması barədə vəsatətləri qanunverici məhkəmə baxışına hazırlıq mərhələsində həll edilməli vəsatətlər sırasına aid etmişdir. Mübahisələndirilən qərardad isə məhkəmə baxışına hazırlıq icraatı başa çatdıqdan sonra, işin yekunlaşdırılması mərhələsində, yəni məhkəmə baxışı zamanı verilməklə yalnız icraatı əsassız yubatmaq məqsədi ilə verilmişdir; Cavabdehin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısından da görünür ki, həmin iddia ərizəsi mülki iş üzrə qətnamə qəbul edilməsi ərəfəsində tələsik, mülki işin icraatını yubatmaq və əngəlləmək məqsədi güdərək məhkəməyə qədər icraat qaydasında cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestrinə müraciət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 184.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir. Mülki işin icraatının əsassız olaraq dayandırılması iddiaçıların qanunla qorunan hüquqlarının davamlı olaraq pozulmasına və ədalət mühakiməsinin obyektivliyinin şübhə altına alınmasına gətirib çıxaran faktorlardır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərardadın qəbul edilməsi iddia ərizəsi verildikdən 11 ay sonra, işin mahiyyəti üzrə qətnamə qəbul edilmə ərəfəsində baş vermişdir.

Apellyasiya baxışı

9. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.

11. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Apellyasiya baxışının həddi

12. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

13. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, yuxarıda qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.

14. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

15. Kollegiyanın qənaətinə görə, Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsində müvafiq iddianın qaldırılmış olması hazırda baxılan iş baxımından belə bir asılılıq yaratmır.

16. Xüsusilə nəzərə alınmalıdır ki, daşınmaz əmlakdan istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış şəxslərin hüquqmüəyyənedici sənədlərinin mübahisələndirilməsi, onların öz əmlaklarından istifadə, habelə istifadələrinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququnu aradan qaldırmır.

17. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıların iddia tələblərinə baxılarkən, cavabdehin inşa etdiyi tikilinin onların istifadələrinə ayrılmış sahədə yerləşib-yerləşmədiyi, cavabdehin həmin sahəni zəbt edib-etmədiyi məsələlərinə də qiymət veriləcəkdir (verilməlidir).

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-125/2024 saylı iş üzrə 16 aprel 2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar