Məhkəmə qərarları › İş №2(103)-3692/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3692/2022

06.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3692/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2015/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 23 aprel 2011-ci il tarixli yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 66800 manat ödədiyi və tikilərək təhvil verilməli olan Yasamal rayonu, Xiyabani küçəsi ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda həmin mənzilin sahibliyinə və istifadəsinə verilməsi Cavabdeh MTK-ya həvalə edilməsi və mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK ilə 23 aprel 2011-ci il tarixdə yaşayış sahəsi haqqında müqavilə bağlayaraq ünvan 1ndə tikilməkdə olan yaşayış binasına dair pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Göstərilən kooperativ binasının 2-ci mərtəbəsində, binanın 2 saylı girişi, 4 otaqdan ibarət 122 nömrəli 167 kv.m yaşayış sahəsinin tikintisi haqqında müqavilənin şərtlərini tam icra edərək almışdır. 23 aprel 2011- ci il tarixdə Cavabdeh MTK tərəfindən verilmiş “Maliyyə arayışı”na əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2 girişi, 2- ci mərtəbəsində yerləşən ümumi sahəsi 167 kv.m olan yaşayış sahəsindən ibarətdir. Eyni zamanda yaşayış sahənin ümumi dəyəri 66800 manat göstərilir. Əlavə edilən sənədlərdən də göründüyü kimi Cavabdeh MTK-nın 23 aprel 2011-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunur ki, müqaviləyə əsasən 66800 manat onun tərəfindən ödənilmişdir. Yəni aralarında bağlanmış müqavilə şərtləri onun tərəfindən yerinə yetirilmiş, ödəniş tam şəkildə aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, faktiki olaraq ona məxsus olan yaşayış sahəsindən istifadə edə bilmir. Belə ki, mübahisəli yaşayış sahəsinin istifadəsinə maneçilik yaradılaraq, ora daxil ola bilmir. Bu səbəbdən də onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2015/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edən zaman iddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli müqaviləyə və xx.xx.2011-ci il tarixli maliyyə arayışına istinad etmişdir. Eyni zamanda sözügedən mənzillə bağlı nə Ağır Cinayətlər Məhkəməsində, nə də Korrupsiya İdarəsində zərərçəkmiş kimi heç kimin ərizəsi olmadığı halına istinad etmişdir. Halbuki həmin mənzil 2013-cü il tarixində xx.xx.2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə ilə Cavabdeh MTK tərəfindən ona satılmışdır. xx.xx.2013-cü il tarxili maliyyə arayışına əsasən də mənzilin tam satış məbləğini, yəni 62 000 (altmış iki min) manat məbləğində pulu Cavabdeh MTK-ya ödəmişdir. 2013-cü il tarixindən də həmin 122 saylı mənzildə yaşayır. Mübahisəli mənzil fərdi müəyyən edilən əşyadır və təqdim etdiyimi sübutlardan da göründüyü kimi, mübahisəli mənzil onun mülkiyyətinə verilib. Belə olan halda iddiaçının həmin mənzili cavabdehdən geri tələb etmək hüququ aradan qalxıb. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Cavabdeh MTK-nın dələduzluqda təqsirləndirilən keçmiş rəhbərlərinin aparılan cinayət işində sözügedən 122 saylı mənzilə üzrə dələduzluq edilməsi ilə bağlı ittiham elan edilməmiş, 122 saylı mənzilə dair müqavilə və maliyyə arayışına cinayət işinin materiallarında rast gəlinməmişdir. Ağır Cinayətlər Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin soruğusuna cavab olaraq ünvanladığı məktubunda yuxarıdakı faktların qeyd olunması, özlüyündə 122 saylı mənzil ilə bağlı dələduzluq halının baş verməməsinə və mənzilin sadəcə İddiaçı Satılmasına dəlalət etmir. Çünki MTK ilə əlaqəli şəxslər olan X1 və X2 Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-61/2021 nömrəli cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir. Məhkəmə baxışının davam etdirilməsi o deməkdir ki, iş üzrə yeni hallar ortaya çıxa bilər və Yasamal Rayon Məhkəməsi bu faktı gözdən qaçırmışdır. Daha sonra, Mənzil Tikinti Kooperativləri ilə bağlı ümumi praktikaya əsasən, MTK-ların bir mənzili bir neçə şəxsə satması halına çox rast gəlinir və "xxxx" MTK-nın, onun rəhbər şəxslərinin barəsində davam edən cinayət işinin olması halında birinci instansiya məhkəməsi sadəcə iş materialları ilə kifayətlənməməli və hətta 122 saylı mənzilə baxış keçirməli idi. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, 122 saylı mənzilin komendantı iddiaçıya mənzilə daxil olmağa icazə verməmiş və məhkəmə sənədi tələb etmişdir. Buradan belə nəticə çıxır ki, İddiaçı məhkəmə baxışından əvvəl həmin mənzildə olmuş, mənzilin başqa şəxsə satıldığını bilmiş, lakin bu halı məhkəmədən gizlətmişdir. Öz qətnaməsində iddiaçının həmin mənzildə olmasını qeyd edən məhkəmə də bu faktı gözdən qaçırmış, komendantın onu niyə içəri daxil olmağa imkan yaratmaması halını ətraflı araşdırmamışdır. Beləcə də açıq şəkildə Maraqlı şəxs hüquqlarına toxunan bir məhkəmə qərarı qəbul edilmişdir. İddianın mahiyyəti "mənzilə dair maneələrin aradan qaldırılması"ndan ibarət olduğu üçün işə baxan birinci instansiya məhkəməsi bu maneələrin həqiqətən də mövcud olmaqla onun kim və ya kimlər tərəfindən yaradılmasını təsdiq edən sübutlara qiymət verməli idi. Bunun üçün isə iddia qaldırılanda cavabdehin nümayəndəsinin iştirakı təmin edilməklə mənzilin faktiki kimin sahibliyindən olub-olmaması, mənzildə təmir-işlərinin aparılmasını, aparıldığı təqdirdə kimin və ya kimlərin tərəfindən bunun həyata keçirilməsini araşdırmalı və müəyyən edilmiş hallara qanunvericiliyə uyğun surətdə hüquqi qiymət verilməli idi. Məhkəmə bu məlumatı mübahisəli mənzilə baxış keçirməklə də, əldə edə bilərdi. Cavabdeh bildirir ki, iddiaçıya həmin mənzilin ona satıldığını, tərəfindən təmir aparılaraq orada yaşadığını deyiblər. İddiaçı qəsdən bununla bağlı məhkəməyə məlumat verməyib. Bununla yanaşı, iddiaçının müqaviləsindəki tarixin onunla bağlanan müqaviləyə münasibətdə daha əvvələ aid olması hələ həmin müqavilənin daha əvvəl bağlanmasına dəlalət etmir. Bu hal, mötəbər sübutlarla təsdiq edilməlidir. Bütün qonşular, ən əsası isə, Yeni Yasamal MTK bu mənzilin ona satıldığını, 2013-cü ildən bu mübahisə çıxan dövrədək hər hansı şəxsin həmin mənzillə bağlı hər hansı tələb irəli sürmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunulan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli mənzili təhvil alıb, oranı təmir etdirərək orada yaşayır. Onunla MTK arasında müqavilə bağlanmamışdan qabaq mənzilin sahibi V.Məmmədov MTK-ya ərizə yazaraq mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin vaxtdan da mənzildə yaşayır və iddiaçının həmin mənzilə hər hansı aidiyyatı olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və çıxışında qeyd etmişdir ki, mübahisəli mənzillə bağlı digər məhkəmədə eləcə də korrupsiyaya qarşı mübarizə baş idarəsində hər hansı araşdırma olmamış, eləcə də həmin mənzillə bağlı zərərçəkən tanınmamışdır. Maraqlı şəxs adını çəkdiyi şəxsin isə mənzilə dair müqaviləsinin saxta olub-olmaması da məlum deyil. Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş Vidadi Məmmədov eləcə də Ceyhun Nağıyevin mübahisəli mənzilə dair bağladıqları müqavilələrdə onların imzaları olmamışdır. Eyni zamanda mübahisəli mənzilin Vidadi Məmmədova, Ceyhun Nağıyevə və Maraqlı şəxs satılan zaman mənzili dəyəri arasında kifayət qədər fərqlər olmuşdur. Hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 23 aprel 2011-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən müqavilənin ümumi məbləği 66800 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 23 aprel 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan mənzili üçün İddiaçı şirkətə 66800 manat məbləğində pul ödəmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X9 tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 23 aprel 2011-ci il tarixli müqavilə və maliyyə arayışına əsasən, Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv/m sahəsi olan mənzilin pulu (X3 iştirakı ilə) alıcı tərəfindən tam ödənilmişdir. Həmin vaxt sözü gedən MTK-da o, təchizat üzrə icraçı direktor vəzifəsində işləyirmiş. Müəssisənin rəhbərliyi, o, alıcı İddiaçı və X5 ilə birlikdə baxış keçirmişlər. Mənzil alıcı tərəfindən bəyənildiyinə görə 66800 manat ödəyərək müqavilə əsasında almışdır. İş materiallarında olan Ağır Cinayətlər Məhkəməsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 26 fevral 2021-ci il tarixli, 2(004)-2015/2021 nömrəli sorğuya verilmiş cavabdan görünür ki, sorğuda qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1 - ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-61/2021 nömrəli cinayət işi üzrə ünvan 4 ünvanında Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 167 m2 olan, 122 saylı mənzil üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən hər hansı şəxsə qarşı cinayət törədilməsinə dair ittiham elan edilməmiş, sorğuda qeyd olunan İddiaçı məhkəmənin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış, eləcə də məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısına şahid olaraq da əlavə edilməmişdir. ünvan 4 ünvanında Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 167 m2 olan, 122 №-li mənzilə dair vətəndaş İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış hər hansı müqaviləyə, eləcə də həmin mənzilə dair maliyyə arayışı və ya ödəniş qəbzlərinə cinayət işinin materiallarında rast gəlinməmişdir. Eyni zamanda bildirilmişdir ki, X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. 29,178.3.2, 308.2, 313 və 320.1 -ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-61 /2021 nömrəli cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir və yekun məhkəmə aktı qəbul edilməmişdir. Bununla belə iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv/m sahəsi olan mənzilə dair X7 ilə 02 mart 2010-cu il tarixli Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən mənzilin dəyəri 83500 manat müəyyən edilməklə mənzil Cavabdeh MTK mənzili C.Nağıyevə təhvil verməyi, sonuncu isə müəyyən edilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 02 mart 2010-cu il tarixli arayışa əsasən isə müəyyən edilir ki, mənzilin dəyəri 83500 manat C.Nağıyev tərəfindən ödənilmişdir. Bundan sonra X7 ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək həmin mənzilin X6 adına sənədləşməsinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv/m sahəsi olan mənzilə dair X8 ilə 02 mart 2010-cu il tarixli Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən mənzilin dəyəri 113560 manat müəyyən edilməklə mənzil Cavabdeh MTK mənzili V.Məmmədova təhvil verməyi, sonuncu isə müəyyən edilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 02 mart 2010-cu il tarixli arayışa əsasən isə müəyyən edilir ki, mənzilin dəyəri 113560 manat V.Məmmədov tərəfindən ödənilmişdir. 06 dekabr 2013-cü il tarixli ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək V.Məmmədov sözügedən mənzili satmaq qərarına gəldiyini bildirmiş və mənzilin Maraqlı şəxs adına rəsmiləşdirilməsini xahiş etmişdir. Daha sonra mübahisəli mənzilə dair Maraqlı şəxs ilə Cavabdeh MTK arasında 06 noyabr 2013-cü il tarixli müqavilə bağlanmaqla Cavabdeh MTK həmin mənzili Maraqlı şəxs təhvil verməyi, Maraqlı şəxs isə mənzilin dəyəri olan 62000 manatı ödəməyi öhdəsinə götürmüşdür. 06 noyabr 2013-cü il tarixli arayışa əsasən isə müəyyən edilir ki, mənzilin dəyəri 62000 manat Maraqlı şəxs tərəfindən ödənilmişdir. Göründüyü kimi Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv/m sahəsi olan mənzil ilk olaraq X4 adına rəsmiləşdirilmiş, həmin andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. X8 da öz növbəsində həmin mənzilin Maraqlı şəxs adına rəsmiləşdirilməsini xahiş etmiş və mənzil Maraqlı şəxs adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfin izahatına münasibətdə qeyd edir ki, Vidadi Məmmədov, Ceyhun Nağıyev və Maraqlı şəxsnın mübahisəli mənzilə münasibətdə müqavilə bağlanan zaman mənzilin dəyərinin fərqli olması, müqavilə azadlığına əsaslanır, belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin qeyd edilməlidir ki, iddiaçı müqavilələrdə imzaların olmamasına istinad etsə də adıçəkilən şəxslər mənzilin digər şəxsin adına rəsmiləşdirilməsini xahiş etməklə müqaviləni bəyənmələri anlamına gəlir, çünki Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlara müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv/m sahəsi olan mənzilə dair V.Məmmədovun adına olan müqavilə qüvvədə olduğu vaxtda həmin mənzilin Maraqlı şəxs adına rəsmiləşdirilməsini xahiş etmiş və mənzilə dair Maraqlı şəxs ilə müqavilə bağlanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Kollegiya iddiaçıya onu izah edir ki, o cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödədiyi vəsaitin geri ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2015/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK ilə bağladığı 23 aprel 2011-ci il tarixli yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 66800 manat ödədiyi və tikilərək təhvil verilməli olan Yasamal rayonu, Xiyabani küçəsi ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda həmin mənzilin sahibliyinə və istifadəsinə verilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi və mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar