Məhkəmə qərarları › İş №2(103)-3692/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3692/2024

25.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3692/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Ofisi, Cavabdeh1 və Cavabdeh2 qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X15, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Ofisi, Cavabdeh1 və Cavabdeh2 qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-356/2024 nömrəli 12 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ölüm haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir.

2. xx.xx.2021-ci il tarixli 2V-405 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə xx.xx.1980-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh1 mirasdan ½ hissədə pay almalı, xx.xx.1980-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi X17 olsa da, onun xx.xx.2021ci il tarixdə vəfat etməsi ilə əlaqədar nəvəsi Cavabdeh2 mirasdan ½ hissədə pay almalıdır.

3. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş 2V-405 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147.7 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,037520 ha torpaq sahəsindən ona düşən hissəni Cavabdeh1 bağışlamışdır.

4. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi 196 saylı 147.70 kv.m olan yaşayış sahəsi xüsusi mülkiyyət əsasında Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir.

5. Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu Fuad Səfərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli x/o 574/23 saylı məktubda göstərilmişdir ki, xx.xx.1994-cü ildə ölmüş atası X4 atası X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı müraciətə cavab olaraq, Bakı şəhəri 7 saylı notariat ofisində vərəsələr Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 sayla reyestrdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən müraciətin təmin edilməsi imkan xaricindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamənin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi; 20 iyul 1980-ci ildə vəfat etmiş babası məhrum X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, ev 1 (yeni qaydalarla Ruhulla Axundov küçəsi 196) ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V- 405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 əmisi, Cavabdeh2 isə bibisi qızı olmaqla, hər ikisi ata xətti ilə yaxın qohumlarıdır. Mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, ev 1 (yeni qaydalarla Ruhulla Axundov küçəsi 196) ünvanında yerləşən fərdi yaşayış evi ata xətti ilə babası X8 məxsus olmuş və babası ölənə kimi bu evdə yaşamışdır. O da bu evdə anadan olmuş, burada böyümüşdür və hazırda da bu evdə yaşayır. Baba və nənəsinin yanında qalan övladı atası X11 olmuşdur. Birgə yaşadıqları babası mərhum X16 1980-ci ildə, onun həyat yoldaşı olan nənəsi mərhum X18 1992-ci ildə, atası mərhum X11 isə 1994-cü ildə vəfat etmişdir. Onlardan sonra da o, bu evdə yaşamaqda davam etmişdir. Göründüyü kimi babasının vəfatından sonra, ondan miras qalmış adı çəkilən fərdi yaşayış evində nənəsi, ondan sonra da atası ilə o, birgə yaşadıqlarından, miras əmlakı faktiki olaraq qanun üzrə vərəsələrdən atası ondan sonra da onlar qəbul etmiş olur. İndiyə kimi də həmin evlə bağlı digər vərəsələrin ona qarşı tələbləri olmamışdır. Çünki vaxtında babası onlar üçün hər şərait yaratmışdır, özlərinin ayrıca ev-eşikləri vardır. Lakin bu yaxınlarda əmisi Cavabdeh1 ona qarşı evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmış və tələbini evin onun mülkiyyətində olduğu ilə əsaslandırmışdır. Bununla bağlı məsələyə aydınlıq gətirilməsi zamanı məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına babasından miras qalmış adı çəkilən fərdi yaşayış evinə dair Bakı şəhər 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vərəsəliklə bağlı iş ondan gizlin həyata keçirilmişdir. Halbuki, Cavabdeh2 miras qoyanın nəvəsi olaraq, miras açılandan sonra qanun üzrə vərəsə olan anası mirası qəbul etməmişdən vəfat etmiş və vərəsəlik irsi transmissiya ilə ona keçmiş, onunla qanun üzrə eyni hüquqlu vərəsədir. Əslində babası bu evi övladlarından atası mərhum X1 və bunu bütün qohumlar həmçinin cavabdehlərin özləri də bilir. Atası miras payından imtina etməmişdir. Digər vərəsələrdən fərqli olaraq miras əmlakı faktiki qəbul etmişdir. Lakin nə qədər ki, bu barədə vəsiyyətnamə yoxdur, onda bütün qanun üzrə vərəsələrin hüququ miras əmlaka görə qorunmalıdır və cavabdehlə onlardan başqa vərəsələrin olduğunu bildikləri halda bu barədə notariusa məlumat verməli idilər. Notariat ofisində cavabdehlərin onlardan başqa vərəsələrin olmadığını bildirilmişdir. Lakin Cavabdeh2 onlardan başqa da vərəsə olaraq onun mövcudluğu barədə notariat ofisinə bildirdiyini deyir. Bu halda cavabdeh 7 saylı notariat ofisi qanun üzrə vərəsələrdən biri olaraq onun da notariat işinə cəlbi üçün tədbir görməli idi. Əks təqdirdə axtarışı nəticəsiz qaldığı halda miras əmlakdan ona çatası pay hissəsini açıq saxlamalı idi.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 mart 2024-cü il tarixli 2(003)-356/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 2V-405 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli evin mülkiyyətçisi X16 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Daha sonra onun arvadı X18 1992-ci il tarixdə, iddiaçının atası X11 isə 1994-cü il tarixdə vəfat etmişdir. İddiaçının əmisi Cavabdeh1 və bibisinin ölümü ilə irsi transmissiya əldə edən bibisi qızı Cavabdeh2 notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin, iddiaçı da atasının ölümündən sonra irsi transmissiya hüququ olduğu halda notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bununla da müəyyən edilir ki, iddiaçının da miras əmlakda pay hüququ vardır.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehin vəkilinin iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəsi və cavabdehlərə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına uyğun olmadığı üçün əsassızdır.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 özünə düşən hissəni Cavabdeh1 bağışlasa da, İddiaçı özünə düşən payı hər hansı şəxsə bağışlamamış, mirasın qəbul edilməsi hüququndan imtina etməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına,“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Konstitusiyanın 29, Mülki Məcəllənin 1145, 1146, 1151.1, 1151.2, 1243.2, 1252, 1322, 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin 527, 528, 529, 532, 533, 552, 553, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, Qara Qarayev prospekti 96, 29-da qeydiyyatdadır, həmin ev atasına məxsus olmuş, orada yaşamış, nikaha daxil olmuş həmin nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2008ci il təvəllüdlü X12 olmuş, bir müddət sonra tərəflər arasında nikah pozulduqdan sonra mübahisəli evdə yaşamışdır. Təqdim edilən “Abonentin Saldosu”ndan və hesabdan çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, ev 1 üzrə **********00010 saylı abobent kodu üzrə xx.xx.2019-cu il tarixdə quraşdırlmış qaz sayğacının işlənməsi onun adına rəsmiləşmişdir. Təqdim edilən "xxxx" ASC-nin Abunə haqqında sənəddən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, ev 1 üzrə **********20001 kod üzrə işıq istifadə onun adına rəsmiləşmişdir. xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışla bağlı evə baxış keçirən mühəndislər gələrkən də iddiaçı mübahisəli evin onun adına rəsmiləşəcəyini bilmişdir. İddiaçı atasının qəbul etmədiyi, babasından qalan miras əmlakı tələb etməkdə haqlı olmadığından, irsi transmissiya halı mövcud olmadığından, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmadan verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiada haqlı olmadığından, baxılan mübahisə üzrə iddiaçının iddia tələbində qeyd etdiyi halları sübut edilmədiyindən, iş üzrə hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən uzun müddət ərzində (2 ilə yaxın) bununla bağlı mübahisə açmayaraq bu hüququ itirdiyindən, hərəkətsizliyi ilə bu hüququn vaxtından əvvəl xitamına səbəb olmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Digər Cavabdeh2 da apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

20. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (1964-cü ildə qəbul edilmiş)

21. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

22. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

23. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

24. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

25. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.

26. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

27. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.

28. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir.

29. Maddə 562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.

37. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlsə də, prosessual pozuntuya yol verdiyi üçün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamə ləğv edilməlidir.

38. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində “Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamənin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi; 20 iyul 1980-ci ildə vəfat etmiş babası məhrum X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, ev 1 (yeni qaydalarla Ruhulla Axundov küçəsi 196) ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək ərizə vermiş və “Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir.

40. Daha sonra isə yenə ərizə verərək, “Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, 20 iyul 1980-ci ildə vəfat etmiş mərhum X3 miras qalmış ünvan 1 (yeni qaydalarla Ruhulla Axundov küçəsi 196) ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Birinci instansiya məhkəməsinin 13 fevral 2024-cü il tarixli iclas protokolundan görünür ki, məhkəmə iclasında iddiaçı sonuncu - Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, 20 iyul 1980-ci ildə vəfat etmiş mərhum X3 miras qalmış ünvan 1 (yeni qaydalarla Ruhulla Axundov küçəsi 196) ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinə dair dəqiqləşdirmə ərizəsini təqdim etmiş, həmin ərizə müzakirə olunmuş və qəbul edilmişdir. Buna baxmayaraq məhkəmənin qətnaməsində həmin ərizə qeyd edilməmiş, ondan əvvəlki ərizə üzrə (Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi) tələb həddində baxılmış və qətnamə qəbul edilmişdir.

42. Odur ki, məhkəmənin qətnaməsi ləğv edilməlidir.

43. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili qeyd etdi ki, iddia tələbləri “Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə” qətnamə çıxarılmasından ibarətdir.

44. Hazırki qətnamə ilə həmin iddia tələbi yoxlanılaraq, münasibət bildirilməlidir.

45. Kollegiya hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməlidir.

46. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi X16 olmuşdur və sonuncu xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Daha sonra onun arvadı X18 1992-ci il tarixdə vəfat etmişdir. X19 Qurban, Sabir, Salman (iddiaçının atası), Süleyman, Rəhman (cavabdeh), Şahnisə, Zeynəb, Sona (digər cavabdehin anası) və Azada adlı uşaqları olmuşdur.

47. İddiaçının atası X11 isə 1994-cü il tarixdə vəfat etmişdir.

48. İş materiallarında olan Buzovna qəsəbə nümayəndəliyinin müavini və qonşular tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, iddiaçı 1974cü ildən 2006-cı ilə qədər və 2008-ci ildən bu günkü günə qədər Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, ev 1 ünvanında, yəni mübahisəli evdə yaşayır.

49. 2019-cu ilin sentyabr ayında Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etmiş, özündən başqa vərəsə kimi yalnız X9 göstərmişdir.

50. X2 eyni vaxtda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etmiş, özündən başqa vərəsə kimi yalnız Cavabdeh1 göstərmişdir.

51. Notariat Ofisinə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2019-cu il sentyabr tarixi üçün verilmiş arayış təqdim edilmişdir ki, həmin arayışda da göstərilmişdir ki, X16 vəfat edən zaman onun aşağıdakı ailə üzvləri olmuşdur: X18 (vəfat edib), X17, X14 (qeydiyyatdan çıxıb).

52. X14 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə göstərilmişdir ki, atası X5 xx.xx.1980-cı il tarixli vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat ofisinə ərizə verməklə qəbul etməmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

53. X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür və nəticədə Cavabdeh1 və Sona Qulamovanın ölümü ilə irsi transmissiya əldə edən Cavabdeh2 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.

54. Göründüyü kimi Cavabdeh1 notariat ofisinə müraciət edərək, miras qoyanın ondan başqa vərəsəsi kimi yalnız X13 göstərmiş, digər vərəsələr barəsində isə məlumat verməmişdir.

55. Eyni qaydada da X17 ondan başqa vərəsə kimi yalnız Cavabdeh1 göstərmişdir.

56. Qanunvericiliyin tələbinə görə vərəsələrin dairəsini yoxlamaq notariusun vəzifəsi olduğu halda, notarius vərəsələrin dairəsini yoxlamadan, miras əmlaklara dair yeganə vərəsə kimi yalnız Cavabdeh1 və X10 ölümü ilə əlaqədar irsi transmissiya əldə edən Cavabdeh2 hesab edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Digər vərəsələr miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən cəlb edilməmiş və bununla da onların hüquqları pozulmuşdur.

57. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, buna görə də etibarsız hesab edilməlidir. Şəhadətnamə etibarsız sayıldığından, onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarış da ləğv edilməlidir.

58. Kollegiya onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında sərgilənən hüquqi mövqeyin (Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşməsi barədə) hazırki tələbə aidiyyəti yoxdur, çünki hazırki işdə miras əvvəlki Mülki Məcəllənin dövründə açılmışdır və mübahisəyə də həmin Məcəllənin normaları tətbiq olunmalıdır.

59. Cavabdehin iddia müddəti ilə bağlı ərizəsinə qiymət verən Kollegiya qeyd edir ki, əvvəla, bu məsələ həm işə birinci instansiya məhkəməsində baxılarkən, həm də apelyasiya şikayətində qeyri-müəyyən şəkildə səsləndirilmişdir: “...iş üzrə hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən uzun müddət ərzində (2 ilə yaxın) bununla bağlı mübahisə açmayaraq bu hüququ itirdiyindən...”. Yəni, konkret olaraq hansı tələbə hansı müddətin (iddia və ya kəsici) tətbiq edilməli olması ilə bağlı açıqlama yoxdur.

60. Kollegiya hesab edir ki, hazırki iddia üzrə əsas tələb qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasından ibarət olduğundan və bu tələbi irəli sürən iddiaçının subyektiv hüququ miras, yəni mülkiyyət hüququna, daha doğrusu mülkiyyətin müdafiəsinə əsaslandığından, hazırki tələbə iddia müddəti tətbiq oluna bilməz, çünki mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri üzrə iddia müddəti şamil edilmir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-356/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 2V-405 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və onun əsasında Cavabdeh1 verilmiş xx.xx.2021-ci il tarixli çıxarış (dövlət qeydiyyatı) ləğv edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar