Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3695/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş bağ sahəsinin boşaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2023-cü il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “zəbt olunmuş bağ sahəsinin boşaldılması tələbi barədə” iddiasına dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla apellyasiya şikayətini, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş “Əlavə 2” ilə müəyyən edilən formaya uyğun olmaması əsası ilə geri qaytarılmasını qərara almışdır. Cavabdeh həmin qərardaddan şikayət verməmişdir. Qərardad qüvvəyə minmişdir. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün onun tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi cavabdehə təqdim edilməmişdir. Cavabdeh həmin qətnamədən xəbər tutan kimi apellyasiya şikayəti vermiş, şikayəti xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemində adına yaradılmış elektron kabinetə yükləmişdir. Buna baxmayaraq xx.xx.2023cü il tarixdə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru cavabdeh ilə telefon əlaqəsi yaradaraq qətnamənin könüllü icra edilməsini təklif etmişdir. Bundan sonra cavabdeh Rayon Məhkəməsi ilə telefon əlaqəsi yaradaraq qətnamədən verdiyi apellyasiya şikayətinin aqibəti ilə maraqlanmış və məhkəmənin əməkdaşı cavabdehə bildirmişdir ki, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixli qərardad ilə, şikayətin MPM-ə edilmiş “Əlavə 2” ilə müəyyən edilən formaya uyğun olmaması əsası ilə geri qaytarılmışdır. Həmin qərardad da cavabdehə təqdim edilməmişdir. Apellyasiya şikayətinin qaytarılması barədə məlumatı aldıqdan sonra cavabdeh ağlabatan və qısa müddətdə yeni apellyasiya şikayətini elektron kabinetə yükləmişdir. Odur ki, cavabdeh, göstərilənlərin üzürlü səbəb kimi giymətləndirilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini və qətnamədən verilmiş şikayətin cavabdehə qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli reyestrin sürətindən görünür ki, məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “apellyasiya şikayətinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərardadı cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana xx.xx.2023cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, “apellyasiya şikayətinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərardad “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və cavabdehin vəkili (nümayəndəsi) Vəkil öz elektron kabineti vasitəsi ilə həmin qərardadla tanış olmuşdur. Həmin qərardaddan şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Həmin qərardadda göstərilən nöqsan cavabdeh tərəfindən ağlabatan qısa müddətə aradan qaldırılmamış, yeni, yəni MPM-in və MPM-ə edilmiş “Əlavə 2”-nin tələblərinə cavab verən apellyasiya şikayəti qərardadın alınmasından iki aya yaxın müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər prosessual müddətin məhz üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilməsinə əsas vermir. Buna görə də hesab edilməlidir ki, cavabdeh tərəfindən prosessual müddətin ötürürülməsi üzürlü səbəbdən baş verməmişdir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsini və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad qanunsuz və əsassızdır. Belə ki, Rayon Məhkəməsi özü tərəfindən qəbul edilmiş “apellyasiya şikayətinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərardadın cavabdehə xx.xx.2022-ci il tarixdə poçt vasitəsi göndərilməsinə istinad etsə də, qərardadın cavabdehə çatdırılıb-çatdırılmamasını, çatdırılıbsa hansı tarixdə çatdırlıdığını araşdırmamışdır. Halbuki, Rayon Məhkəməsi tərəfindən bu məsələ araşdırılsa idi müəyyən edilərdi ki, həmin qərarda cavabdehə ümumiyyətlə çatdırılmayıb. Cavabdeh, xx.xx.2022-ci il tarixli qərardaddan xəbər tutan kimi qısa müddətdə, yəni 10 gün müddətində həmin qərardadda göstərilmiş nöqsanları aradan qaldırmaqla yeni apellyasiya şikayəti vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 10-1-ci maddəsinin mənasına görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən cavabdeh apellyasiya şikayətini ilk dəfə vaxtında, yəni prosessual müddət çərçivəsində vermiş, lakin apellyasiya şikayəti MPM-ə edilmiş “Əlavə 2”-nin tələblərinə cavab vermədiyi üçün Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehə qaytarılmışdır. Həmin qərardadda göstərilən nöqsan cavabdeh tərəfindən aradan qaldırılmış və o, yeni, yəni MPM-in və MPM-ə edilmiş “Əlavə 2”-nin tələblərinə cavab verən apellyasiya şikayətini qərardadın alınmasından iki aya yaxın müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə vermişdir. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, “apellyasiya şikayətinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərardad “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və cavabdehin vəkili (nümayəndəsi) öz elektron kabineti vasitəsi ilə həmin qərardadla tanış olmuşdur. Məhkəmə bildirir ki, həmin qərardad “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsindən sonra cavabdeh tərəf yeni apellyasiya şikayətini bundan iki aya yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə vermişdir. Məhkəmə həmin müddəti yeni və MPM-in tələblərinə cavab verən apellyasiya şikayətinin hazırlanması üçün ağlabatan hesab etmir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər isə prosessual müddətin məhz üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilməsinə əsas vermir. Bununla bağlı Məhkəmə xüsusən bildirir ki, “apellyasiya şikayətinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərardadın cavabdehin vəkilinə (nümayəndəsinə) elektron qaydada xx.xx.2022-ci il tarixdə təqdim edildiyindən həmin qərardadın kağız daşıyıcıda cavabdehə poçt vasitəsilə göndərilmiş nüsxəsinin cavabdehə çatdırılıb-çatdırılmaması, çatdırılıbsa, hansı tarixdə çatdırlıması buraxılmış prosessual müddətin bərpasının müzakirəsi üçün heç bir əhəmiyyət kəsb etmir və Rayon Məhkəməsi haqlı olaraq həmin məsələni araşdırmamışdır. Göründüyü kimi, cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Prosessual müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsi apellyasiya icraatı zamanı müəyyən edilmədi. MPM-in 133.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda buraxılmış müddəti bərpa edir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad qanuni və əsaslıdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət əsassızıdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3695/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3695/2023
26.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver