Məhkəmə qərarları › İş №2(103)-3696/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3696/2023

05.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3696/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «torpaq sahəsinin boşaldılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarına əsasən X15 ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına dair şikayəti əsasında aparılan araşdırma zamanı Cavabdeh1 hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

2. Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 046 nömrəli, 20 avqust 2007-ci il tarixli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində Topxana küçəsi 711-də yerləşən 2500 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli 15 ünvanında yaşayan İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunmuş və torpağın dəyəri Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsi təmin olunmuşdur.

3. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Sabunçu rayonu, X4 xəzinəsinə 6800 manat haqq ödənilmişdir.

4. X5 xx.xx.2001-ci il tarixli ərizəsindən görünür ki, o, Moskvada yaşadığından bağ sahəsinə qulluq edə bilmir. 0.12 hektar torpaq sahəsini yaxın tanışı Cavabdeh1, qalan 0.12 hektarını X9 adına rəsmiləşdirilməsini xahiş etmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********14 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ masssivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 711/856 nömrəli bağ sahəsinin üzərində olan tikililərlə istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında bağlanmış xx.xx.1988-ci il tarixli, 13356 nömrəli müqavilə İdarənin arxivində mövcuddur.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin onun mülkiyyətinə və sahibliyinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiada göstərilir ki, ünvan 3 ünvanında yerləşən 0.25 ha. torpaq sahəsi Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 046 №-li qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün əvəzi ödənilməklə onun mülkiyyətinə ayrılmışdır. Onun torpaq sahəsi Bilgəh Bələdiyyəsi tərəfindən ona təklif edilərkən bildirilmişdir ki, içərisində tikili olan və hasara alınmış həmin torpaq sahəsi bağ sahələrinin icarəyə verilməsi haqqında xx.xx.1988-ci il tarixli 13356 №-li müqavilə əsasında X11 icarəyə verilmiş və bağ sahəsi 71 1/856 nömrə altında bağ sahəsi kimi qeydə alınmışdır. Lakin bağın icarəçisi Q.İ.Ağacanova 1990-cı illərdən sonra icarə haqqını ödəmədiyindən və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən onun bağ sahəsindən istifadə hüquqlarına xitam verilmiş və daha sonra Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Bağlar İdarəsi ləğv edildikdən sonra, torpaq sahəsi bələdiyyə torpaqlarına aid edildiyindən Bilgəh Bələdiyyəsinin sərəncamına verilmişdir. Bir gün bağ sahəsinə gedəndə aldığı bağda Cavabdeh1 və X14 məskunlaşaraq oranı zəbt etdiklərinin şahidi olmuşdur. Həmin şəxslərə bağ sahəsinin boşaldılmasını təklif etdikdə, onlar buna etiraz edərək etirazlarının əsası kimi “bağın əvvəlki sahibinin qızı olan Svetlana Maksimovna tərəfindən torpaq sahəsinin onlara bağışlanması” hallarına əsaslanmışdır. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 046 No li Qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün əvəzi ödənilməklə onun mülkiyyətinə verildiyi üçün, o, mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə bu hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilmir. Odur ki, onun mülkiyyətində olan torpaq sahəsinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehlərin hərəkətlərinə son qoyulmaqla, cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsinə dair hər hansı hüquqlarının olmaması hesab edilməsini və torpaq sahəsindən çıxarılmalarını tələb etməkdə çıxarılmalarını tələb etməkdə haqlıdır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2023 saylı, 15 fevral 2023cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 046 nömrəli, 20 avqust 2007-ci il tarixli qərarı ilə iddiaçıya fərdi yaşayış evin tikilməsi məqsədi ilə Bilgəh qəsəbəsi Topxana küçəsi 711 ünvanında 2500 kv.m torpaq sahəsi ayrılması nəzərdə tutulsada, qeyd edilən torpağın yerləşmə sexmi və eskiz planı mülki işin materiallarına əlavə edilmədiyindən, torpaq sahəsinin harda yerləşməsi, həmin torpaq sahəsinin sərhədləri məhkəməyə məlum olmadığından cavabdehin həqiqətən məhz iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə etməsi sübuta yetirilə bilməmişdir. Bundan başqa, iddiaçı Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 046 nömrəli, 20 avqust 2007-ci il tarixli qərarı ilə ona fərdi yaşayış evin tikilməsi məqsədi ilə Bilgəh qəsəbəsi Topxana küçəsi 711 ünvanında 2500 kv.m torpaq sahəsi ayrılmış olduğunu irəli sürsədə məhkəmənin vermiş olduğu sorğudan məlum olar ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə X18 rayonu Bilgəh Bələdiyyəsinin İddiaçı torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli 046 saylı qərarı aşkar edilməmişdir. Başqa sözlə, Bələdiyyə tərəfindən iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmış olsaydı mütləq təqdim olunmalı bələdiyyə aktları kimi həmin qərar inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilərdi.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 046 №-li Qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün əvəzi ödənilməklə iddiaçının mülkiyyətinə verildiyi üçün o, mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə bu hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilmir. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. O, mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehlərin hərəkətlərinə son qoyulmaqla cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsinə dair hər hansı hüquqlarının olmaması hesab edilməsini və torpaq sahəsindən çıxarılmalarını tələb etməkdə çıxarılmalarını tələb etməkdə haqlıdır. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qanunun tələblərinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

11. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmiş və etiraz bununla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi Bakı şəhəri, Bilgəh bağlar sahəsində yerləşən "711" saylı bağ sahəsidir və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021- ci il tarixli, **********14 nömrəli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,25 hektar torpaq sahəsi olan 711/856 nömrəli bağ sahəsinin üzərində olan tikililərlə istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında xx.xx.1988-ci il tarixində 13356 nömrəli müqavilə bağlanmışdır. X1 Svetlana Maksimovnanın xx.xx.2001-ci il tarixli ərizəsindən göstərir ki, o, Moskvada yaşadığından bağ sahəsinə qulluq edə bilmir. 0.12 hektar torpaq sahəsini yaxın tanışı Cavabdeh1, qalan 0.12 hektarını isə X7 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı tərəfdən göstərilən həmin torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən ona xx.xx.2007-ci il tarixində verilməsi barədə məhkəməyə təqdim etdiyi sənədlər saxtadır. Ümumiyyətlə, iddiaçı ilə Bilgəh Bələdiyyəsi arasında göstərilən tarixdə müqavilə bağlanmamışdır. Bilgəh Bələdiyyəsinin 046 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə Bilgəh qəsəbəsi, Topxana küçəsi, dalan 15 ünvanında yerləşən, 25 hektar torpaq sahəsinin ayrılması barədə qərarın təqdim etsə də, qeyd edilən torpağın yerləşmə sxemi və eksiz planını məhkməyə təqdim edə bilmədi. Çünki, həmin torpağın yerləşmə sxemi və eksiz planı yoxdur. Ona görə də iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi və Bakı şəhəri Bilgəh bağları sahəsində yerləşən "711" saylı bağ sahəsi ilə üst-üstə düşməsini sübut edə bilmədi. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 20 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin İddiaçı torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli 046 saylı qərarı aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Bilgəh Bəldiyyəsinin Bakı şəhəri 7 saylı Vəkil Bürosunun sorğusuna cavab məktubundan görünür ki, Bilgəh Bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərın Arxiv İdarəsinin xx.xx.2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli Bilgəh Bəldiyyəsinin Bakı şəhəri 7 saylı Vəkil Bürosunun sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri Bilgəh bağları sahəsində yerləşən "711" saylı bağ sahəsinin bələdiyyə vergisi hal-hazırki dövrə qədər Cavabdeh1 tərəfindən ödənilir. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 7 saylı Vəkil Bürosunun sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri Bilgəh bağları sahəsində yerləşən "711" saylı bağ sahəsinin dövlət və yaxud bələdiyyə mülkiyyətinə aid olması barədə ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətlə əlaqədar olaraq bildirirk ki, elektron kadastr məlumatına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsi bağ massivində yerləşməklə dövlət mülkiyyətindədir. Göstərilən torpaq sahəsi keçmiş X6 və İstismarı Birliyinə məxsus olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə X8 və İstismarı Birliyi ləğv edilərək Dövlət Əmlakının İdarəetmə Komitəsinə verilibdir. Göründüyü kimi, göstərilən bağ sahəsi Bələdiyyə torpaq sahəsinə aid olmadığına görə Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən iddaçıya verilə bilməzdi. Çünki, həmin bağ sahəsi dövlət mülkiyyətindədir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil2 ayrıayrılıqda apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, sonuncu məhkəmə iclasında isə iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

16.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:

Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

25. Belə ki, mülki iş apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etmişdir ki, hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin mülkiyyət növü, yəni dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olması və hansı şəxsin yaxud qurumun sahibliyində yaxud istifadəsində olduğu, kateqoriyası və təyinatı və digər məsələlər barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis(mühəndis, ekspert) rəyi alınmalıdır.

26. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini yoxlanılmaqla iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə ona görə belə hesab etdi ki, qeyd olunan suallar üzrə məhz 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi(mühəndisi, eksperti) rəy verilməlidir. Çünki, müəyyən edilməsi tələb edilən hallara dair məlumatlar, yəni daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə dair arxiv məlumatları, digər zəruri sənədlər və məlumatlar yalnız qeyd olunan İdarədə mövcud olduğundan mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazini və sərhədləri də ancaq o İdarə (mühəndisi, eksperti)tərəfindən müəyyən edilir. Hazırki işdə verilə biləcək və analoji işlərdə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylərdən açıq-aşkar bəlli olur ki, bu rəylər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi rəyi olduğu kimi köçürməklə tərtib olunur. Bunun başqa cür olması da mümkün deyil. Çünki, Məhkəmə Ekspertiza Mərkəzində sırf bu növdə ekspertiza keçirilmir və bu sahədə xüsusi biliyə malik ekspertlər fəaliyyət göstərmir, eləcə də torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları yoxdur. Bu cür vəziyyətdə ekspertizanın keçirilməsinin həm də Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi yalnız bu xarakterli işlərə baxılması müddətinin süni surətdə uzadılmasına və digər neqativ hallara səbəb olur ki, nəticədə də ədalət mühakiməsinin maraqları zərər görmüş olur. Əlbətdə ki, gələcəkdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin ərazi idarələrindəki olan torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları Məhkəmə Ekspertiza Mərkəzində də olacağı təqdirdə yəqin ki, bu sahədə yeni ekspertiza növü yaranacağı istisna olunmur.

27. Bununla yanaşı, ölkə prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertiza fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimləmə məsələləri tam həllini tapdıqdan sonra özəl məhkəmə ekspertizası institutunun tətbiqi mükün olacaqdır. Lakin bu işlər başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən, bəzən də əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə etməklə müxtəlif məsələlərlə bağlı rəy verilir və məhkəmə də həmin rəyi mötəbər sübut kimi qəbul edərək yekun nəticəyə gəlir. Lakin qeyd olunduğu kimi bu cür sənədlərin özəl məhkəmə ekspertizası yaxud mütəxəssis rəyi kimi qəbul olunması mötəbər olması və bu cür sənədlərin məhkəmə icraatı çərçivəsində istifadə olunması, başqa sözlə sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Xüsusən də torpaq mübahisələri ilə bağlı bu cür rəylərin sübut növü kimi qəbul edilməsi ümumiyyətlə qəbuledilməzdir. Çünki, əgər dövlət qurumu olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yuxarıda qeyd olunduğu kimi torpaq sahələrinə dair arxiv sənədləri və torpaqlara dair elektron kadastr məlumatları yoxdursa, demək, hansısa MMC-də bu cür sənəd və məlumatların olması da mümkün sayılmır. Bununla bağlı, Ədliyyə Nazirliyinin məhkəmələrə ünvanlanmış rəsmi müraciəti də mövcuddur.

28. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-36356/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.25 ha olsa da, faktiki olaraq 0.2697 ha təşkil edir (əlavə torpaq sahəsi 0.0197 ha). Faktiki olaraq 0.2697 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur. Qeyd olunan Bilgəh qəsəbəsi, Topxana küçəsi 711 saylı (ünvan şərtidir) sahəyə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən üst-üstə düşmə olub-olmamasını araşdırmaq mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan ərazi Bilgəh bağ massivi 711 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Göstərilən sahə "yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir..

29. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin qeyd olunan rəyi ilə də mübahisəli torpaq sahəsinin Bilgəh bağ massivindəki 711 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu təsdiq edilmişdir. Demək ki, heç bir halda Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 046 №-li yaxud hər hansı digər qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün əvəzi ödənilməklə iddiaçının mülkiyyətinə verilə bilməzdi. Ən azından həm də ona görə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 711/856 nömrəli bağ sahəsinin üzərində olan tikililərlə istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında xx.xx.1988-ci il tarixində 13356 nömrəli müqavilə bağlanmışdır. X1 Svetlana Maksimovnanın xx.xx.2001-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindədə göstərib ki, o, Moskvada yaşadığından bağ sahəsinə qulluq edə bilmir, 0.12 hektar torpaq sahəsini yaxın tanışı Cavabdeh1, qalan 0.12 hektarını isə X7 adına rəsmiləşdirilməsini xahiş edir.

30. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin Bilgəh Bələdiyyəsi tərəfindən ona ayrılmasına dair məhkəməyə təqdim etdiyi sənədlərin də həqiqi olması açıq-aşkar şübhə doğurur və iddiaçı ilə Bilgəh Bələdiyyəsi arasında göstərilən tarixdə müqavilə bağlanması da inandırıcı və ağlabatan deyildir. Birincisi ona görə ki, əgər həqiqətən də iddiaçıya qeyd olunan ərazidə torpaq sahəsi ayrılmışdırsa 15 ilə yaxın müddətdə bu torpaq sahəsinə hansı səbəbdən sahiblənməməsinə dair məhkəməyə ciddi arqument irəli sürməli idi, ancaq bu barədə heç adi fikir də bildirmir. Eyni zamanda, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 20 yanvar 2023-cü il tarixli məktubundada Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin iddiaçıya torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli 046 saylı qərarının aşkar edilmədiyini təsdiq etmişdir. İkincisi, Bilgəh Bəldiyyəsi xx.xx.2023-cü il tarixli Bakı şəhəri 7 saylı Vəkil Bürosunun sorğusuna cavab məktubundada Bilgəh Bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərın Arxiv İdarəsinin xx.xx.2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edildiyini göstərmişdir və eyni tarixli digər məktubunda isə Bakı şəhəri Bilgəh bağları sahəsində yerləşən "711" saylı bağ sahəsinin bələdiyyə vergisinin hal-hazırki dövrə qədər Cavabdeh1 tərəfindən ödənildiyini göstərmişdir. Üçüncüsü, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 7 saylı Vəkil Bürosunun sorğusuna cavab məktubundada Bakı şəhəri Bilgəh bağları sahəsində yerləşən "711" saylı bağ sahəsinin dövlət və yaxud bələdiyyə mülkiyyətinə aid olması barədə ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətlə əlaqədar olaraq elektron kadastr məlumatına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin bağ massivində yerləşməklə dövlət mülkiyyətində olduğu qeyd olunmuşdur. Göründüyü kimi, göstərilən bağ sahəsi Bələdiyyə mülkiyyətində olmadığından heç bir halda Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən iddaçıya da verilə bilməzdi. Ən azından həmin bağ sahəsi dövlət mülkiyyətində olduğu üçün Bələdiyyə mülkiyyətində olması birbaşa istisna olunur.

31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda torpaq sahəsi əldə edilməsinin qanunvericiliyin imperativ tələblərinə uyğun xüsusi prosedur qaydalara uyğun həyata keçirilməli olması və hüquqdan pis niyyətlə sui-istifadə etməyin qadağan olunması institutkfhsysy yaranmasına da zərurət və əsas olmazdı.

32. Şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar